Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin NİZAMNAMƏSİ

22 fevral 2019, 22:12

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 22 fevral tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiyalar Agentliyi (bundan sonra – Agentlik) innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (o cümlədən startapların) təşviq edilməsi, onların qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) ilə maliyyələşdirilməsi, innovasiya təşəbbüskarlığının təbliği sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən, nəzarəti və tənzimlənməni həyata keçirən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyətinin məqsədi və fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyətinin məqsədi biliyə və innovasiyaya əsaslanan iqtisadiyyat qurmaq, innovasiya mühitini yaxşılaşdırmaq, innovasiya potensialından səmərəli istifadə etmək, innovasiya fəaliyyətinin tənzimlənməsi sistemini təkmilləşdirmək, müvafiq institusional dəstək mexanizmlərini formalaşdırmaq, innovativ elmi tədqiqatların və layihələrin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması əsasında dayanıqlı inkişafı təmin etmək, innovativ inkişaf sahəsində səmərəliliyi artırmaq, sahibkarlığın və cəmiyyətin mənafeyi üçün elm əsaslı innovasiyaları təşviq etmək və müvafiq sahədə fəaliyyət göstərməkdir.

2.2. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.2.1. müvafiq sahənin inkişafını təmin etmək;

2.2.2. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak etmək;

2.2.3. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;

2.2.4. yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərmək və onların transferini təşkil etmək (həyata keçirmək);

2.2.5. müvafiq sahədə fəaliyyət üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək, yeni təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

2.2.6. innovasiyayönümlü elmi tədqiqatları, innovativ ideya və layihələri dəstəkləmək;

2.2.7. innovasiya fəaliyyətini, innovativ layihələri (o cümlədən startapları), innovasiya təşəbbüskarlığını təşviq etmək;

2.2.8. “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq;

2.2.9. Azərbaycan Respublikasının ərazisində innovativ sahibkarlığın və yüksək texnologiyaların inkişafı üçün yerli və xarici müəssisələr, dövlət, qeyri-hökumət təşkilatları və özəl təşkilatlar ilə əməkdaşlıq etmək;

2.2.10. müvafiq sahədə dövlət-özəl tərəfdaşlıq layihələrini təşkil etmək və həyata keçirmək;

2.2.11. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. ölkədə innovasiya siyasətini dəstəkləmək və onun inkişafını təmin etmək;

3.1.3. ölkədə ideyaların məhsula çevrilərək bazara çıxarılmasına xidmət edən dinamik innovativ sistemin qurulmasını təmin etmək və onu idarə etmək;

3.1.4. müvafiq sahədə investisiya mühitini təhlil etmək və onun təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.1.5. yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərmək və onların transferini təşkil etmək, bu məqsədlərlə əqdlər bağlamaq;

3.1.6. innovasiyayönümlü elmi tədqiqatlara, onların kommersiyalaşdırılmasına maliyyə və təşkilati dəstək göstərmək;

3.1.7. innovativ inkişaf ilə bağlı qlobal meyilləri təhlil etmək, müvafiq sahədə proqnozlar hazırlamaq və prioritetlər üzrə təkliflər vermək;

3.1.8. ölkədə innovasiya təşəbbüskarlığını və yaradıcılığını təbliğ etmək;

3.1.9. ölkədə innovasiya sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların beynəlxalq təşkilatlarla tərəfdaşlığını təşviq etmək və genişləndirmək;

3.1.10. ölkənin davamlı inkişaf məqsədlərindən irəli gələn məsələlərin innovativ həlli üçün dövlət sifarişləri formalaşdırmaq və onların həyata keçirilməsinə müsabiqə yolu ilə yerli icraçıları, o cümlədən startapları cəlb etmək;

3.1.11. innovasiyalarla bağlı beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılmasına dair təkliflər vermək və tədbirlər görmək;

3.1.12. innovasiya fəaliyyətini təşkil etmək və inkişaf etdirmək məqsədilə innovasiya infrastrukturunun əsas elementləri olan fondların, texnologiyalar parklarının, inkubatorların, innovasiya mərkəzlərinin, tədqiqat və araşdırma mərkəzlərinin, laboratoriyaların, texnologiya və biliklər transferi mərkəzlərinin və digər təsisatların (infrastrukturun) yaradılması ilə bağlı təkliflər vermək, onları təsis etmək, yaradılmasını maliyyələşdirmək və onların fəaliyyətində iştirak etmək;

3.1.13. rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslanan həlləri dəstəkləmək;

3.1.14. yeni nəsil innovatorların yetişdirilməsi, onların təcrübə və tədqiqat bacarıqlarının yüksəldilməsi məqsədilə müddətli, tam və ya qismən maliyyələşdirilən fərdi proqramlar üçün müsabiqələr elan etmək, bununla əlaqədar yerli və xarici təhsil müəssisələri ilə və xarici şirkətlərlə danışıqlar aparmaq;

3.1.15. müvafiq sahə ilə bağlı ali təhsil müəssisələrinin elmi tədqiqat infrastrukturunun formalaşdırılmasını tam və ya qismən maliyyələşdirmək;

3.1.16. yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası üzrə layihələri bilavasitə həyata keçirmək və ya maliyyələşdirmək;

3.1.17. innovativ layihələri araşdırmaq, onların iqtisadi səmərəliliyini, ixrac yönümlüyünü, rəqabət qabiliyyətliyini qiymətləndirmək və investisiyalar cəlb etmək;

3.1.18. innovativ layihələri (o cümlədən startapları) qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirmək;

3.1.19. ölkədə innovasiya fəaliyyətinə investisiyaların cəlb edilməsi üçün təşviqat və danışıqlar aparmaq;

3.1.20. innovativ elmi-texniki ideyaların, texnoloji və mühəndis həllərin axtarışı, tətbiqi imkanlarının yoxlanılması və müşayiət edilməsi istiqamətində tədbirlər görmək;

3.1.21. innovativ elmi-texniki ideyaların, texnoloji və mühəndis həllərin layihə mərhələsinə çatdırılmasını və onların maliyyələşdirilməsini təmin etmək;

3.1.22. innovativ layihələr (o cümlədən startaplar), innovativ məhsul və xidmətlər üzrə əqli mülkiyyət hüquqlarının qorunması və əldə edilməsi istiqamətində tədbirlər görmək, innovativ ideyaların patentləşdirilməsini və əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını dəstəkləmək;

3.1.23. müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə Agentliyin vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını təmin etmək;

3.1.24. Agentliyin vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri, müsabiqə şərtlərini və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək və bunları informasiya ehtiyatlarında açıqlamaq;

3.1.25. innovativ layihələrin, texnologiyaların, xidmətlərin, maliyyələşdirilmiş elmi tədqiqatların ictimaiyyət üçün açıq reyestrini yaratmaq və aparmaq;

3.1.26. Agentliyin maliyyələşdirilməsi hesabına həyata keçiriləcək və ya keçirilən layihələrin icrasının bütün mərhələlərində ekspertizasını aparmaq;

3.1.27. innovativ sahibkarlığın, sağlam rəqabətin və əmtəə bazarının inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında, həyata keçirilməsində, infrastrukturunun formalaşmasında iştirak etmək;

3.1.28. Agentliyin ayırdığı vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, həmin vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, maliyyələşdirilmənin dayandırılması və ayrılmış vəsaitin geri qaytarılması üçün tədbirlər həyata keçirmək;

3.1.29. yeni ideya və innovasiya fəaliyyəti subyektləri, ali təhsil müəssisələri ilə sahibkarlar arasında əlaqələndirici rolunda çıxış etmək və bu məqsədlə sahibkarlara məsləhət-ekspert xidmətləri göstərmək;

3.1.30. əməkdaşlıq etdiyi istedadlı gənclərin, gənc mütəxəssislərin və alimlərin məlumat bankını yaratmaq;

3.1.31. ali və digər təhsil müəssisələri, dövlət, qeyri-hökumət təşkilatları və özəl təşkilatlar nəzdində hüquqi şəxs yaratmadan innovasiya fəaliyyətinə başlayan şəxslər və startaplar üçün ilkin zəruri infrastruktur və əlverişli şəraitin yaradılması məqsədilə əməkdaşlıq haqqında müqavilələr və anlaşma memorandumları (niyyət protokolları) imzalamaq, həmin müqavilə və memorandumlarda (protokollarda) nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini və maliyyə vəsaitinin ayrılmasını təmin etmək;

3.1.32. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda texnoparkların idarəedici təşkilatı funksiyalarını yerinə yetirmək;

3.1.33. innovativ layihələrlə bağlı fiziki və hüquqi şəxslərə ödənişli xidmətlər (biznes strategiyalarının hazırlanması və icrasına nəzarət, risk təhlili, təlimlərin təşkili, layihələrin icrasının monitorinqinin aparılması və hesabatların hazırlanması, layihə heyətinə ixtisaslı, təlim keçmiş və təcrübəli əməkdaşların cəlb edilməsi, informasiya texnologiyaları infrastrukturu və proqram təminatı dəstəyi) göstərmək;

3.1.34. müqavilə əsasında səmərəliliyin artırılması, xərclərə qənaət edilməsi və biznes proseslərinin təkmilləşdirilməsi məqsədilə təşkilatlarda texnoloji audit aparmaq və innovasiyaların tətbiqi üzrə ehtiyacları müəyyənləşdirmək;

3.1.35. xarici istedadlı innovatorları və yüksək potensialı olan innovativ ideya sahiblərini, innovativ tədqiqatçıları ölkəyə cəlb etmək;

3.1.36. startaplara müvafiq sahə ilə bağlı beynəlxalq elmi nəşrlərlə tanışolma imkanını təmin etmək;

3.1.37. innovativ layihələrin həyata keçirilməsi üçün yüksək texnoloji infrastruktur (avadanlıq, qurğu, cihaz, alət, təchizat vasitələri və s.) əldə etmək, öz hesabına yüksəkixtisaslı işçi heyəti cəlb etmək, xərcləri qarşılamaq;

3.1.38. müvafiq sahədə elektron xidmətləri “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.39. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.40. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.41. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditdən, qrantdan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.42. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.43. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.44. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.45. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.46. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.47. innovativ layihələr çərçivəsində elmi araşdırmaların həyata keçirilməsi ilə əlaqədar təqaüd proqramları elan etmək;

3.1.48. müvafiq sahədə layihələrə informasiya dəstəyi göstərmək;

3.1.49. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. Agentliyə maliyyə vəsaiti cəlb etmək və bu məqsədlə əqdlər bağlamaq;

3.2.3. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.4. Agentliyin məqsədlərinə uyğun olan layihələrin maliyyələşdirilməsi məsələsini həll etmək;

3.2.5. birgə layihələrə cəlb olunan xarici investisiyaların qorunmasına təminat vermək;

3.2.6. fəaliyyət məqsədlərinə uyğun olaraq qiymətli kağızlar əldə etmək və onları idarə etmək, investisiya fondları və ya digər təşkilatlar yaratmaq;

3.2.7. müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə Agentliyin vəsaiti hesabına güzəştli maliyyə resurslarından istifadə imkanını genişləndirmək;

3.2.8. Agentliyin müəyyən etdiyi qaydada innovativ elmi tədqiqatları dərc etmək;

3.2.9. təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.10. vəzifələrinin icrası ilə bağlı əqdlər bağlamaq və bu cür əqdlərin icrasını təmin etmək;

3.2.11. Agentliyin vəsaiti hesabına maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlər aparmaq;

3.2.12. inkubasiya, kovörkinq, akselerasiya, mentorluq, biznes plan hazırlanması, biznesin təsis edilməsi prosedurlarının və bazar araşdırmalarının aparılması, fəaliyyətin genişləndirilməsi, investorlarla əlaqələrin qurulması, sifarişçilərin tapılması, marketinq, məsləhət, informasiya, ekspert xidmətləri göstərmək;

3.2.13. Agentliyin fəaliyyətini təbliğ etmək;

3.2.14. daxili və xarici investisiyaların müvafiq sahəyə cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək;

3.2.15. beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları), investisiya fondları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.16. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;

3.2.17. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.18. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.19. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.20. Agentliyin fəaliyyəti ilə bilavasitə əlaqədar olan konfrans, forum, seminar, sərgi və digər bu kimi tədbirlər təşkil etmək və onlarda iştirak etmək;

3.2.21. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.22. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.23. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə edilməsi

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyi İdarə Heyəti idarə edir.

4.3. İdarə Heyəti Agentliyə rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və digər iki üzvündən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi İdarə Heyətinin digər üzvü həyata keçirir.

4.5. İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

4.5.1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün təsisçiyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.2. Agentliyin inkişaf istiqamətlərinə dair Nazirliyə təkliflər vermək, strateji məqsəd və planlarını müəyyən etmək;

4.5.3. Agentliyin fəaliyyətinə nəzarət etmək;

4.5.4. Agentliyin fəaliyyətini təşkil etmək;

4.5.5. Agentliyin Aparatının strukturunu və işçilərinin say həddini təsdiq etmək üçün Nazirliyə təkliflər vermək, əməkhaqqı fondunu və işçilərin əməkhaqlarını təsdiq etmək, Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;

4.5.6. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirakı, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.7. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;

4.5.9. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.10. bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrası üzrə görülmüş işlərə dair Nazirliyin müəyyən etdiyi müddətlərdə və qaydada Nazirliyə hesabatlar təqdim etmək;

4.5.11. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;

4.5.12. Agentliyin kənar auditorunun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.13. daxili audit bölməsi yaradıldığı halda, Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.14. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.15. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;

4.5.16. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.17. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditdən, qrantdan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.18. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.19. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

4.5.20. İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin iclası ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir. İdarə Heyəti üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.7. İdarə Heyətinin sədri:

4.7.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;

4.7.3. öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.7.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.7.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.7.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.7.7. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.7.8. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;

4.7.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.7.10. Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.7.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.7.12. Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.7.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.7.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.7.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.7.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.8. İdarə Heyətinin üzvləri:

4.8.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.8.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.8.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.8.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.8.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.9. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin ilkin nizamnamə fondunun məbləği 500 000 (beş yüz min) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrinin icrası məqsədləri üçün sərəncam vermək hüququna malikdir.

5.5. Agentliyin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabatı Nazirlik Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin ləğvi və yenidən təşkili

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:12
Z.M.Əliyevin Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilsin.

İlham...

18 noyabr 2024, 15:12
SƏNƏDLƏR Sərəncamlar 18 noyabr 2024
15:10
V.İ.Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vüqar İsrayıl oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin...

18 noyabr 2024, 15:10