İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

04 iyul 2018, 18:15
İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Müşavirəni açan Prezident İlham ƏLİYEV dedi:

-Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranmışdır. Görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilmişdir. Səhər mənim Sərəncamımla məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılmışdır və komissiya öz işinə başlamışdır. Komissiya qarşısında bir neçə vəzifə qoyulmuşdur. Onların arasında əsas vəzifə məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.

Dünən axşam saatlarında enerjinin verilməsi yenidən kəsildi. Yenə də görülmüş tədbirlər nəticəsində qısa müddət ərzində enerjinin verilməsi bərpa edildi. Qeyd etməliyəm ki, mən bütün dövlət orqanlarına ciddi tapşırıq vermişdim ki, bütün dövlət orqanlarının nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, biz bu vəziyyətdən şərəflə çıxa bilək. Deyə bilərəm ki, bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində bu qəza demək olar ki, aradan qaldırıldı. Baxmayaraq ki, vətəndaşlara böyük əziyyət verildi, heç bir ağır hadisə baş verməmişdir.

Fövqəladə Hallar Nazirliyi təxliyə işlərini tez və düzgün şəkildə aparmışdır. Vətəndaşlar metrodan təxliyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyə olundu. Xilasedicilər çox uğurla fəaliyyət göstərdilər.

Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilərdi. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər.

Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur.

Nəqliyyat məsələləri tənzimləndi. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bir sözlə, hesab edirəm ki, bütün dövlət qurumları bu ağır vəziyyətdə çox çevik fəaliyyət, böyük peşəkarlıq göstərmişlər və biz bu vəziyyətdən az itkilərlə çıxa bilmişik.

Ancaq iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Onun 2500 meqavatı, qeyd etdiyim kimi, son 15 il ərzində yaradılıb. Ölkəmizin bütün bölgələrində yeni elektrik stansiyaları tikilmişdir - Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır. Bu qəza nəticəsində bu isti havada insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Ancaq bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bir daha qeyd etmək istəyirəm, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək.

Dövlət Komissiyasının sədri Yaqub Eyyubovdur və sözü ona verirəm.

x x x

Baş nazirin birinci müavini, komissiyanın sədri Yaqub EYYUBOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Məruzə edirəm ki, Mingəçevirdə yerləşən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarının birində baş vermiş qəza ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevlə iyulun 3-də səhər saat 8-də Mingəçevir şəhərinə gedərək hadisə yerində birlikdə baxış keçirdik. Baxış zamanı müəyyən olundu ki, iyulun 3-də saat 10:17 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası”nın 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən min kiloqrama qədər yağ ətrafa axmış, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, həmin kabellərin uzun illərdir istismar edilməsi yanğının intensivliyini bir qədər də artırmışdır. Eyni zamanda, qeyd edilməlidir ki, qəza baş verən vaxtda bu yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanmış, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş vermişdir. Hər iki yanğın söndürülmüşdür. Bütün bunların nəticəsində işlək vəziyyətdəki enerji blokları və hava xətlərində qəza açılışları olmuş, stansiyada gərginlik tam itmiş və respublikanın elektrik enerjisinin əsas ötürücülərindən olan birinci “Abşeron” elektrik hava xətti ilə elektrik cərəyanı verilişi tam dayanmış, stansiyanın avtomatika və idarəetmə sistemi pozulmuşdur. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın rayonlarının elektrik enerjisi təminatında fasilə yaranmışdır.

Cənab Prezident, yaranmış vəziyyət ilkin təhlil edildikdən sonra baş vermiş qəza ilə bağlı iyulun 3-də Sizin tapşırığınızla Sərəncamınızla yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilmişdir. İclasda qəzanın səbəbləri, nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər müzakirə olunmuş və bununla əlaqədar müvafiq vəzifələr müəyyən edilmişdir. İclasın sonunda - saat 19:00 radələrində enerji sistemində yenidən açılmalarla bağlı məlumat daxil olmuşdur. Yaranmış vəziyyətlə bağlı “Azərenerji” ASC-nin baş dispetçer məntəqəsinə gedərək enerji sisteminin yenidən dayanması səbəblərini araşdırmağa çalışmışıq. Dispetçerlər burada problemin aradan qaldırılması ilə məşğul olmuş və elektrik enerjisinin verilişi bərpa edildikdən sonra Sizin tapşırığınızla, ilk növbədə, xüsusi həyati əhəmiyyətli obyektlərə - xəstəxanalara, metroya, hava limanına, Neft Şirkətinə, “Gəncə Det.Al” alüminium şirkətinə və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilmişdir. İyulun 4-də saat 4 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunmuşdur. Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınmışdır.

Qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika, Fövqəladə Hallar nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft və Sənaye Universitetinin mütəxəssislərindən ibarət ekspert komissiyası yaradılmışdır. Komissiyaya rəhbərlik Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılmışdır. Komissiya işə başlamışdır, bir həftə ərzində araşdırma qurtarandan sonra nəticələr Sizə məruzə ediləcəkdir.

Cənab Prezident, icazənizlə “Azərişıq” ASC-nin elektrik təchizat sistemində baş vermiş fasilə ilə əlaqədar bir sıra dövlət müəssisələrində yaranmış vəziyyətlə bağlı aşağıdakıları məruzə etmək istərdim. Neft Şirkəti üzrə - hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcəkdir. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir.

“Azərsu” üzrə - içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olmuşdur. Əsas qurğuların mühafizəsi tədbirləri həyata keçirilmiş, təhlükəsizlik təmin edilmiş, sıradançıxmanın və subasma hallarının qarşısı alınmışdır. Elektrik kəsilməsindən dərhal sonra su təchizatı, kanalizasiya qurğuları və şəbəkə sistemlərinin işçi vəziyyəti yoxlanılmış, sıradan çıxmış hissələrin bərpası, magistral və şəbəkə xətlərinin qəzalı hissələrinin təmiri üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Anbarlardakı mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, həyati əhəmiyyətli obyektlərin dayanıqlı su təchizatının, eləcə də əhalinin minimum su təchizatının təmin olunması üçün 100-dən artıq sudaşıyan maşın cəlb edilmişdir. Hazırda regionların su təchizatı tam təmin edilmişdir, Bakı şəhərinin tələbatına uyğun olaraq şəbəkə sistemlərinin fasiləsiz su ilə təchizatı səviyyəsi 92-93 faizdir. Anbarlardakı su ehtiyatlarının həcmi isə 45-50 faizdir. Şəbəkə sistemlərinin hidravlik rejimlərinin pozulması nəticəsində baş vermiş qəzaların aradan qaldırılması, tələbata uyğun su təchizatı və su ehtiyatı iyulun 5-dək tam təmin ediləcəkdir.

Metropoliten üzrə...

Prezident İlham ƏLİYEV: Onlar bu barədə özləri danışacaqlar. Siz məsələ ilə bağlı daha nə deyə bilərsiniz. Mən onlara söz verəcəyəm, özləri danışacaqlar.

Yaqub EYYUBOV: Baş üstə cənab Prezident. Onda çıxışımın sonunda demək istəyirəm ki, “Azərişıq” ASC-nin verdiyi məlumata əsasən, hazırda respublika üzrə tələbat 3150 meqavatdır. Paylayıcı şəbəkələrə verilən güc isə 2900 meqavatdır. Təxminən 250 meqavat çatmır. Bakı şəhəri 100 faiz enerji ilə təmin edilir. Bakıətrafı qəsəbələr, Xırdalan şəhəri və rayonlar isə 85 faiz.

x x x

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar PİRVERDİYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

İlk növbədə, Azərbaycan enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq çox dərin narahatlığımızı bildirməklə yanaşı, Sizdən və eyni zamanda, respublikamızın enerji istehlakçılarından üzr istəyirəm. Həmçinin İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı vəziyyəti təcili olaraq nəzarətə götürdüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Son 15 ildə energetika sektorunda Sizin rəhbərliyiniz ilə...

Prezident İlham ƏLİYEV: Onu bilirik, son 15 il ərzində nələr görülüb. Sən de görək qəzanın səbəbləri nədir və nə üçün ölkəni qaranlıq bürümüşdü? Səbəblər nədir?

Etibar Pirverdiyev: iyulun 3-də və ondan əvvəlki vəziyyətlə bağlı məlumatı təqdim etmək istərdim. İyun ayının gündəlik elektrik istehsalını götürdükdə, ayın əvvəlində biz görürük ki, gündəlik istehlaka 50-55 milyon kVt/saat arasında enerji verilmişdir. Son bir həftə ərzində isə bu rəqəm 70-75 milyona qalxmışdır. Təxminən 40 faiz birdən-birə...

Prezident İlham ƏLİYEV: Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Qeyd etdiyim kimi, bu məqsədlə komissiya yaradılıb. Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib. Mən bu sahəyə bu qədər investisiya ayırmışam. Dövlət İnvestisiya Proqramında hər il bu məqsədlə böyük vəsait ayrılır. İndi yeni elektrik stansiyaları tikilir. İndi “Şimal-2” elektrik stansiyası tikilir. Son 15 il ərzində 30 stansiya tikilmişdir. Elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin. Nə üçün Bakıda, Sumqayıtda, qeyd etdiyim kimi, bölgələrdə istifadəyə verilmiş elektrik stansiyaları o qəza baş verəndən sonra fəaliyyətini dayandırdı?! Siz bunun səbəbləri haqqında danışmalısınız. Bunun izahatını siz verməlisiniz. Yoxsa mənə indi verilən məlumat ki, havalar isti keçir, istehlak artır, bu, məni qane edə bilməz, qətiyyən. Əyləşin.

Bir daha deyirəm, Yaqub Eyyubov, məsələni çox ciddi araşdırmaq lazımdır. Bütün komissiya üzvləri fəal işləməlidirlər. Qısa müddət ərzində həm birinci qəzanın səbəbləri, xüsusilə ikinci qəzanın səbəbləri haqqında mənə məruzə edilməlidir.

Yaqub EYYUBOV: Baş üstə.

x x x

Fövqəladə hallar naziri Kəmaləddin HEYDƏROV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, bildiyiniz kimi, iyulun 3-də saat 00:20 dəqiqədə...

Prezident İlham ƏLİYEV: Biz bunları bilirik, siz keçin mövzuya. Hansı işlər görülüb, hansı işləri görmüsünüz?

Kəmaləddin HEYDƏROV: İlk hadisə zamanı mən özüm də srağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırmışdır. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır. Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, - düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, - Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir.

Cənab Prezident, Siz çox düzgün qeyd etdiniz ki, oradakı hər hansı bir yarımstansiyada qəza olduğu halda nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır.

Elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. Biz orada energetiklərlə söhbət etdik və soruşduq ki, niyə ikinci dəfə blok çökdü. Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı. Yəni, biz digər qurumlarla birgə hərə öz kanalından istifadə etdi ki, qəza hansı tərəfdən olub. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. Biz illər boyu yazdığımız məsələləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik.

Cənab Prezident, mən orada müşahidə etdiyim məsələlərdə ən əsas gördüyüm odur ki, birincisi bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın.

Prezident İlham ƏLİYEV: Yaxşı, əyləşin. Bu təklifləri təqdim edərsiniz, komissiyada baxılar və komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır.

Kəmaləddin Heydərov: Baş üstə.

x x x

Daxili işlər naziri Ramil USUBOV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Hadisə baş verəndən sonra dərhal Sizin tapşırığınızı rəhbər tutaraq göstəriş verdim ki, biz fövqəladə hallarda hansı hərəkəti etməliyik. Daxili İşlər Nazirliyi olaraq digər qurumlarla birlikdə asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər işlədik hazırladıq və həyata keçirməyə başladıq. Məruzə edirəm ki, təqribən 30 min nəfərin təxliyə olunmasında Fövqəladə Hallar Nazirliyi ilə birgə iştirak etdik və eyni zamanda, avtobusların vətəndaşlarımızı evlərinə aparmasında da yol polisi onları müşayiət etdi. Hərəkətin təhlükəsizliyi ilə bağlı, hörmətli cənab Prezident, Dövlət Yol Polisi ilə bərabər Post Patrul Xidmətinin 150 nəfər əməkdaşını da Bakı şəhərində bu işə cəlb etdik və normal hərəkət təmin olundu.

Bildirmək istəyirəm ki, bundan sonra dövlət əhəmiyyətli obyektlərin, diplomatik korpusların yerləşdiyi ərazilərin qorunması da tərəfimizdən gücləndirildi. Məruzə edirəm ki, elektrik enerjisinin olmaması ilə bağlı bu iki gündə elə bir ağır cinayət hadisəsi baş verməyib. Bu gün ölkəmizdə vəziyyət tam nəzarət altındadır. Bəzi təxribata çağırışlar olur, cənab Prezident, həmin adamları da biz müəyyənləşdiririk və qanun çərçivəsində onlar haqqında tədbir görülməsi davam etdirilir.

x x x

Prezident İlham ƏLİYEV: Səhiyyə naziri, xəstəxanalarda vəziyyət necə idi və bu gün necədir?

Səhiyyə nazir Oqtay ŞİRƏLİYEV dedi:

-Möhtərəm cənab Prezident.

Baş verən qəzadan sonra biz daim bütün regionlarla əlaqə saxlayırdıq. Siz bilirsiniz ki, demək olar, bizim bütün rayonlarda yeni xəstəxanalar tikilib və bütün müasir tibbi avadanlıqla təchiz olunub. Hər yerdə generator sistemləri quraşdırılıb. Hər yerdə generatorlar işləyirdi, tibbi xidmət göstərilirdi. Bakı şəhərində də nazirliyin əməkdaşları təhkim olunmuşdu. Bakı şəhərində də ilk növbədə, cərrahiyyə, əməliyyat blokları, reanimasiya tam tərkibdə işləyirdi. Bu iki gün ərzində məsələ ilə bağlı bir ölüm hadisəsi də olmadı. Təcili yardım tam gücü ilə işləyirdi. 2130 çağırış olub. Bunlardan 220 adam xəstəxanalara daxil olub, onlara tam həcmdə yardım göstərilib. Metronun hər stansiyasının qarşısında təcili yardım maşını təhkim olunmuşdu. Onların arasında cəmi 19 nəfər müraciət edib, o da gərginlikdən, əsəbdən. Onlara ilkin tibbi yardım göstərilib. Cəmi 6 nəfər xəstəxanalara yerləşdirilib.

x x x

Prezident İlham ƏLİYEV: “Azərsu”, məruzə edin. Su təminatı ilə bağlı vəziyyət necədir?

- “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz HÜSEYNOV dedi:

Möhtərəm cənab Prezident.

Hadisə baş verən kimi, biz mövcud su və kanalizasiya nasosxanalarını, su mənbələrini su basmasının qarşısının alınması üçün vacib tədbirlər gördük və bu qurğuların heç birində heç bir problem olmayıb. Enerji kəsiləndən sonra mövcud vəziyyəti qiymətləndirdik. Su anbarlarındakı ehtiyatlarımız, kanalizasiya-nasos stansiyalarına aparan xətlərin təhlil imkanları olan xətlər. Həmin ərazilərə əvvəlcə ehtiyat suların qənaətlə verilməsi rejimini müəyyənləşdirdik. Harada ki nasos stansiyasına ehtiyac yoxdur, öz axınında, rejimində su verilir. Digər yerlərə suyun verilməsi üçün biz su maşınlarını işə cəlb etdik. Fövqəladə Hallar Nazirliyindən, Bakı Şəhər İcra Hakimiyyətindən, rayon icra hakimiyyətlərindən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, öz maşınlarımızı, eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan su maşınlarını bu işlərə cəlb etdik. Rayon icra hakimiyyətləri ilə birgə biz öz axını ilə su verə bilmədiyimiz yerlərdə də əhalinin su təminatı ilə məşğul olduq. Hazırda artıq suyun mənbələrdən verilişi tam bərpa edilib. Şəhərin 92-93 faizinə su veririk. Anbarlarda ehtiyatımız 45-50 faizdir. Sabah səhər saatlarında tam rejimə çıxacağıq.

x x x

Prezident İlham ƏLİYEV: “Azərişıq”. Bölgələrdə enerji təchizatı ilə bağlı vəziyyət necədir?

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa RZAYEV dedi:

-Möhtərəm cənab Prezident. Hazırda Bakı şəhəri 100 faiz, Bakıətrafı ərazilər 90 faiz, regionlar isə 85-90 faiz təmin olunur. Qeyd olunan ən mühüm obyektlərlə bağlı bizim tərəfimizdən qərargah yaradıldı. Ən böyük fasilə həyati vacib obyektlərdə birinci açılmada oldu.

Prezident İlham ƏLİYEV: Nə qədər oldu?

Balababa RZAYEV: Təxminən 2 saat 40-50 dəqiqə. Dünənkində isə 30 dəqiqə. Rusiyadan alınan birinci 100 meqavat ki, bizə Abşeron xətti ilə verildi, onunla bütün xəstəxanalar, kanalizasiya və su təchizatı sistemi, bütün həyati vacib obyektlər, metro, hava limanı – bunlar hamısı təmin olundu.

x x x

Prezident İlham ƏLİYEV: Bakı Metropoliteni. Məruzə edin, vəziyyət necədir?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur HÜSEYNOV dedi:

- Möhtərəm cənab Prezident. Ayın 2-də gərginlik itəndən sonra aşağıdakı fəsadlar yarandı: hərəkətdə olan 18 sərnişin qatarı dayandı - 9-u stansiyalarda, 9-u tunellərdə. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları söndü, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında səviyyə kritik həddə çatmışdı.

Aşağıdakı tədbirlər görülüb: akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərildi. Birinci gün stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün “Nizami” və “Nəsimi” stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarıldı. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başladı. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Bu gün iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başladı.

x x x

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal KƏRİMLİ çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, məlum hadisədən sonra Bakı şəhərində bütün qarajlar gecə radələrində, Metropolitenlə əlaqə saxlanıldıqdan sonra hazır vəziyyətə gətirilmişdir. Ümumilikdə, yay aylarında Bakı şəhərində 1600 avtobus fəaliyyət göstərirdisə, onun sayı 2100-ə çatdırılmışdır. Bakı şəhərinin əsas nəqliyyat qovşaqları və giriş-çıxışları ehtiyat avtobuslarla təmin olunmuş və əhalinin rahatlığı üçün tapşırığınıza əsasən ödənişsiz fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda, nəqliyyat qovşaqlarında havanın isti olması nəzərə alınaraq sərinləşdirici içkilər Bakı Nəqliyyat Agentliyi tərəfindən paylanmışdır. Bundan başqa, maarifləndirmə işlərində, avtoradio və sosial şəbəkələrdə insanların yol kəsişmələrində bir-birinə duyarlı olması məsələsi qaldırılmışdır və insanlarımız da, qeyd etdiyiniz kimi, bununla əlaqədar olaraq öz vətəndaşlıq borclarını, çox yüksək səviyyədə yerinə yetirmişlər. Bu arada, bildiyiniz kimi, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində də işıqforlarla əlaqə kəsilmiş, lakin elektrik enerjisi bərpa olunduqdan sonra işıqforların fəaliyyəti çox qısa zamanda yenidən təmin edilmişdir. İşıq olmadığı zaman Dövlət Yol Polisi tərəfindən bütün kəsişmələrdə dəstək və kömək göstərilmişdir.

x x x

Prezident İlham ƏLİYEV: Fizika İnstitutunun direktoru, məlumat vermək üçün məsələ var?

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim MƏMMƏDOV dedi:

-Bəli, mən qısaca məlumat verə bilərəm. Artıq komissiyanın iş cədvəli təyin olunmuşdur. Bizim birinci iclasımız keçirilib, ikinci iclasımız saat 7-də Yaqub müəllimin yanında olacaq.

Prezident İlham ƏLİYEV: İlkin hansısa bir məlumatınız var?

Nazim MƏMMƏDOV. Mən indi istəməzdim onu deyim.

Prezident İlham Əliyev: Yaxşı, əyləşin.

x x x

Baş prokuror Zakir QARALOV dedi:

-Möhtərəm cənab Prezident, baş vermiş qəza ilə bağlı verdiyiniz Sərəncamın 3-cü bəndinin icrasına uyğun olaraq cinayət işi qaldırılmışdır. Cinayət işi yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə qaldırılmışdır. Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birgə əmr imzalamaqla istintaq-əməliyyat qrupu yaradılmışdır. Hazırda istintaq-əməliyyat qrupu hadisə yerində təxirəsalınmaz tədbirlər həyata keçirir. Hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədlər götürülmüş və artıq hadisənin başvermə səbəbləri ilə bağlı dindirmələrə başlanılmışdır.

İclasdan əvvəl mənə verilən ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olmuşdur. Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilmiş, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmamışdır. Belə bir halda gərginlik azalmaqla cərəyan artmışdır.

Digər vacib məsələ, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmamışdır. Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır. Nəticədə cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmamış, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmamışdır. Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir. Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmamışdır. Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarmışdır. Siz tamamilə düzgün sual verdiniz ki, nə səbəbə görə bir elektrik stansiyasında baş vermiş qəza lokallaşmır, bütövlükdə bizim energetika sistemi çökür? Mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Yəni, bunu biz Sizə mütəxəssislərin əlavə rəylərini aldıqdan sonra təqdim edəcəyik. Müvafiq istintaq tədbirləri davam etdirilir və çox ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.

x x x

Prezident İlham ƏLİYEV: Kiminsə əlavə sözü var? Beləliklə, Komissiyanın növbəti iclaslarında bütün bu məsələlər geniş müzakirə olunmalıdır. Bir daha demək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, amma gərək daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni, qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır.

Fürsətdən istifadə edərək, bu vəziyyətdə bizə kömək göstərən Rusiya və Gürcüstan tərəfinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm.

Strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır, ilk növbədə, xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz.

O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər.

Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək. Sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo