İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib

09 yanvar 2018, 10:30
İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib

Prezident İlham Əliyev paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanıb. Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.

Dövlətimizin başçısının müvafiq Sərəncamının icrası ilə bağlı verilmiş tapşırığa əsasən, bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Prezident İlham Əliyevin “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin sürətləndirilməsi sahəsində əlavə tədbirlər barədə” 2017-ci ildə imzaladığı Sərəncama əsasən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi üzrə layihənin davam etdirilməsi və yekunlaşdırılması üçün icra olunacaq işlərin sifarişçisi İqtisadiyyat Nazirliyi təyin edilib. Dövlətimizin başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlanma və tamamlanma tarixləri göstərilməklə Tədbirlər Planı işlənib hazırlanıb və uğurla icra edilir. Sifarişçi tərəfindən xarici və yerli mütəxəssislərin iştirakı ilə limanın Baş Planı təkmilləşdirilərək müvafiq qaydada razılaşdırılıb və təsdiq edilib, layihə qrafiki buna müvafiq olaraq yenilənib. Tədbirlər Planı ilə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün seqmentlər üzrə inşaat işlərində ikinövbəli iş rejimi tətbiq edilib. Nəticədə işlərin dinamikası əvvəlki dövrlərlə müqayisədə beş dəfə artıb. Hazırda tikinti işləri yüksək sürətlə davam etdirilir və bu işlər kompleksin bütün seqmentlərini əhatə edir. Tikinti işlərinə 1500-ə yaxın işçi qüvvəsi və 300-ə qədər müxtəlif təyinatlı inşaat texnikası cəlb olunub. İnşaat işlərinin müvafiq müqavilələrə əsasən liman ərazisinin iki hissəsində - quru və dəniz seqmentlərində aparılması nəzərdə tutulur. Görülən işlər Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7-8 min tonadək gəmilər daxil olur. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin 7 metrdən 9 metrə qədər artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə çəkisi 12 min tona qədər olan gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verildi. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

Dövlətimizin başçısı terminalın açılışını etdi.

Buradakı sistem suyun səviyyəsinin enib-qalxmasından asılı olmayaraq gəmilərin təhlükəsiz şəkildə körpüyə yanalmasını təmin edir. Layihə qrafikinə əsasən, bu il yanvarın sonunadək digər yeddi ümumi yük körpüsünün tikintisi tamamlanacaq. 2018-ci ilin birinci rübünün sonunadək isə anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin inşasının, onların mühəndis-kommunikasiya xətlərinin çəkilməsinin, həmçinin yardımçı sistemlərin quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası isə bu ilin mayında bitəcək.

Layihə çərçivəsində müasir tələblərə cavab verən informasiya texnologiyaları və təhlükəsizlik infrastrukturunun yaradılmasına xüsusi diqqət göstərilir. Bu məqsədlə liman ərazisində əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sisteminin və digər informasiya texnologiyaları komponentlərinin tətbiqi, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sisteminin yaradılması nəzərdə tutulur. İnformasiya texnologiyaları komponentinin tətbiqi ilə bilavasitə liman əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi təmin ediləcək. Ro-Ro terminalında tətbiq edilən və tam avtomatlaşmış informasiya texnologiyaları modullarından biri olan Liman Əməliyyat İdarəetmə Sistemi bütün prosesləri rahat və şəffaf şəkildə həyata keçirməyə imkan verir. Belə ki, Azərbaycanın dövlət sərhədini keçən və bu limana istiqamətlənən yükün elektron bəyannaməsi Dövlət Gömrük Komitəsinin xətti ilə buradakı Əməliyyat İdarəetmə Sisteminə daxil olur. Nəticədə yükün limana gəlmə tarixi bəlli olur, onun gözləmə ərazisində yeri ayrılır, ödəmə xərci onlayn formada daşıma şirkətinə göndərilir. Limana daxil olan nəqliyyat vasitəsinin qeydiyyat nişanına əsasən yükə dair məlumat əməliyyat sistemində əks olunur və yük sahibi bu məlumatı müşahidə edə bilir. Sənədləşdirmə bitdikdən sonra TIR gəmiyə yüklənir, təyinat limanı isə yük, onun çatdırılma vaxtı və gəmi barədə məlumat əldə edir. Hazırda bu sistem vasitəsilə müvafiq dövlət və özəl qurumların, eləcə də Gürcüstan, Qazaxıstan və Türkmənistan limanlarının şəbəkəyə qoşulması işləri aparılır.

Sonra dövlətimizin başçısına hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşaat ərazisində görülən işlər barədə məlumat verildi.

Prezident İlham Əliyev inşaat ərazisini gəzdi, işlərin gedişi ilə yaxından tanış oldu.

Yeni Bakı limanının tikintisində ən müasir standartlara cavab verən son mühəndislik yeniliklərindən istifadə olunur.

Layihə çərçivəsində, həmçinin gəmilərdən toplanmış neft tərkibli və məişət sularının təmizlənməsi üçün Xəzər dənizi hövzəsində ilk dəfə ən son texnologiyaya əsaslanan suyun bioloji təmizlənməsi qurğuları tikilib. İndiyədək 11 dəmir yolu xəttindən ibarət vaqonların qəbulu, göndərilməsi və çeşidlənməsi parkı yaradılıb.

Yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniyanın “Ardelt” şirkətindən müxtəlif yük təyinatlı yeni portal texnika alınıb və hazırda quraşdırılması həyata keçirilir.

Yeni liman ötən il istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəql olunmasını təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limana daha geniş tranzit və daşıma imkanları təmin edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir, Azərbaycanın tranzit potensialını gücləndirir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07