10:09
PDF yükləyin
27 dekabr 2024, 10:09Prezident İlham Əliyev Gəncədə “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Azərbaycanın müxtəlif bölgələrində Məhəmməd peyğəmbərin nəslindən olan insanların məzarları var. Bu insanlar imamların övladları olduğu üçün həmin yerlər “İmamzadə” adlandırılıb. Hazırda Azərbaycan ərazisində Naxçıvan, Şamaxı, Bərdə və Masallıda İmamzadə adlı ziyarətgahlar mövcuddur. Bu sahədə araşdırma aparmış bəzi tədqiqatçılara görə, Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” ziyarətgahı 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə “İmamzadə”nin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib. Müxtəlif vaxtlarda, hətta sovet dövründə, xüsusilə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə “İmamzadə”də tarixi abidə kimi təmir-bərpa işləri aparılıb. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olub. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Kompleks Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə respublika ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşdü.
Mərasim müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Hörmətli Şeyx həzrətləri, hörmətli din xadimləri, mərasim iştirakçıları.
“İmamzadə” dini mədəniyyət abidəsinin yenidənqurma və əsaslı bərpadan sonra açılışı münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bugünkü mərasimdə ölkəmizin hər bir bölgəsindən din xadimləri, nümayəndələr iştirak edirlər. Onları mən dəvət etmişəm. Çünki “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir. “İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir. Bir neçə il bundan əvvəl dini mədəniyyət abidəsinin yenidən qurulması və əsaslı təmiri üçün mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır, işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Yeni məscid, mərasim zalı, inzibati binalar tikilmişdir, ərazi genişləndirilmişdir. Bu, Azərbaycan dövlətinin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir. Müstəqillik dövründə 2 minə yaxın məscid, digər dinlərin məbədləri tikilmişdir. Pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri həyata keçirilmişdir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. 2014-cü ildə ölkəmizin ən böyük məscidi – Heydər Məscidi tikilmişdir ki, bu da müsəlman aləminin mühüm tarixi, memarlıq və dini abidəsidir.
Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, həll olunur. Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir.
Azərbaycan müstəqillik dövründə həmişə çalışıb ki, müsəlman aləmində birlik, həmrəylik daha da möhkəm olsun. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər keçirilmişdir. İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun xətti ilə onlarla tədbir keçirilmişdir. Deyə bilərəm ki, bu gün müsəlman aləmində, müsəlman aləminin bütün seqmentlərində Azərbaycan və onun siyasəti çox böyük rəğbətlə qarşılanır. Biz bundan sonra da çalışacağıq ki, öz siyasətimizlə, o cümlədən diplomatik səylərlə müsəlman ölkələri arasındakı ixtilafları aradan götürək, gərginliyi azaldaq və bu, bizim borcumuzdur. Biz bunu belə qəbul edirik. Azərbaycanda bütün müsəlmanlar bir ailə kimi yaşayırlar. Tarixdə Azərbaycanda heç vaxt məzhəbçilik zəminində heç bir məsələ olmamışdır. Kiçik anlaşılmazlıq belə olmamışdır, olmamalıdır və olmayacaqdır. Bunun bariz nümunəsi bu yaxınlarda Heydər Məscidində bütün müsəlmanların vəhdət namazı qılmasıdır.
Biz bu istiqamətdə səylərimizi göstərəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan müsəlman aləmində çox böyük nüfuza malik olan ölkədir. Biz bunu təkcə iqtisadi və sosial inkişafımıza görə əldə etməmişik. O cümlədən dinlərarası münasibətlərdə oynadığımız rol bütün müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Mənim müsəlman ölkələrinə səfərlərim, müsəlman ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri dediyimi bir daha təsdiq edir.
Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir. Qeyd etdiyim kimi, Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə də öz rolumuzu oynayırıq. Azərbaycanda dünya dinləri liderlərinin zirvə görüşü keçirilmişdir. Ənənəvi humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirilir. Bu il isə Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir ki, bu, dünya miqyasında dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün ən mötəbər forumdur. Bu il bu şərəfli missiyanı Azərbaycan öz üzərinə götürür.
Bütün bu işlərin bir məqsədi var ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı təmin edilsin, Azərbaycanda yaşayan bütün insanlar özlərini rahat hiss etsinlər, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilsin, dünya miqyasında Azərbaycanın rolu və bizə olan hörmət, inam, rəğbət daha da artsın. Biz bunu görürük və eyni zamanda, mən tam əminəm ki, əgər dünyada bundan sonra da dini zəmində qarşıdurmalar davam edərsə, bu, böyük fəlakətə gətirib çıxaracaqdır. Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük. Bu gün daha çox miqrantlar böhranından danışırlar. Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.
Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. O cümlədən bu yaxınlarda Suriya böhranı ilə bağlı Londonda keçirilmiş konfransda çıxış edərkən demişəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən didərgin düşmüşdür. O vaxt bizim nə imkanımız, nə pulumuz var idi, iqtisadiyyat tamamilə dağılmış vəziyyətdə idi. Biz demək olar ki, təkbaşına o böhranın öhdəsindən gəlirdik. Düzdür, o vaxt - 2010-cu ilə qədər beynəlxalq donor təşkilatları bizə yardımlar edirdilər. Amma təbii ki, o yardımlar 1 milyon insanın tələbatını ödəyə bilməzdi. Yəni, biz bunu təkbaşına etmişik, bu sınaqdan çıxmışıq. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb. Ona görə, bəzi hallarda Yaxın Şərqdən köç edən miqrantlara olan belə münasibət başadüşülən deyil.
Bunun digər tərəfi də var. Bu barədə də mən demişəm, bir daha demək istəyirəm. Belə vəziyyət və xüsusilə Qərb mediasında miqrantlarla bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki, Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu, belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın, demək olar, bütün ölkələrinin rəsmi mövqeyi təbii ki, müsbətdir. Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik.
Azərbaycan, əlbəttə ki, dünya miqyasında o qədər də böyük ölkə deyil. Ancaq bizim sözümüzün böyük mənası və çəkisi var. Ona görə, şəxsən mən bütün bu məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünya birliyinə çatdıranda, eyni zamanda, bunun həll yollarını da göstərirəm. Həll yolları da Azərbaycan nümunəsidir. Nə üçün bu gün bəzi ölkələrdə deyirlər ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizmin gələcəyi yoxdur? Bu, səhv bir fikirdir. Baxın, Azərbaycanda multikulturalizm yaşayır. Baxın, o qədər də böyük müstəqillik tarixi olmayan, böyük çətinliklərlə üzləşən və işğala məruz qalan, heç vaxt bu işğalçının dini mənsubiyyətinə işarə vurmayan ölkə görün, bu məsələləri necə tənzimləyir. Nəyə görə? Çünki dövlət siyasəti aparılır. Bir daha demək istəyirəm, dövlət siyasəti əsas rol oynayır. Digər tərəfdən, bizim din xadimlərimiz bu istiqamətdə çox böyük rol oynayırlar. Xüsusilə şeyx həzrətlərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. O, həm ölkə daxilində, həm MDB məkanında, dünyada Azərbaycanı tolerant, bütün dinlərin birgə yaşadığı ölkə kimi təqdim edir. Bizim digər din xadimlərimiz, - onlar burada əyləşiblər, - bu gün çıxış edəcəklər. Mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Onların da çoxsaylı xarici səfərləri olur. Bu səfərlərdə də onlar sadəcə olaraq Azərbaycan reallıqları haqqında danışırlar. Yəni, bu, əsas amildir. Eyni zamanda, Azərbaycanın bu modelinin təməlində əlbəttə ki, ictimai fikir də dayanır. Azərbaycan ictimaiyyəti də bu siyasəti tam dəstəkləyir.
Ona görə biz bütün dini bayramları bir yerdə qeyd edirik. Bütün mərasimlərdə bir yerdə iştirak edirik. Bu gün burada pravoslav, yəhudi, katolik icmalarının rəhbərləri öz sözlərini deyəcəklər. Bu, təbiidir, bu, belə olmalıdır. Ancaq əfsuslar olsun ki, bəzi hallarda bəzi ölkələrdə biz bunu görmürük.
Biz öz yolumuzla gedəcəyik. Bu gün Azərbaycan istənilən istiqamət üzrə öz inkişaf modelini ortaya qoyur və gözəl nəticələr də bu modelin nə qədər düzgün olduğunu sübut edir. Biz multikulturalizmlə bağlı əlavə tədbirlər də görəcəyik. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu məsuliyyəti ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə? Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz.
Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur.
Bu gün burada bütün Azərbaycan toplaşıbdır. Azərbaycanın hər bir rayonundan nümayəndələr buradadır. Onları salamlayıram. Xahiş edirəm ki, mənim salamlarımı yaşadıqları bölgələrin sakinlərinə çatdırsınlar. Gəncə sakinlərini salamlayıram, təbrik edirəm ki, “İmamzadə” dini-mədəniyyət mərkəzi yeni görkəm alıbdır. Sağ olun, sizə yeni uğurlar arzulayıram.
X X X
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi:
-Bismillahir-rəhmanir-rəhim.
Möhtərəm Prezident İlham Əliyev həzrətləri.
Hörmətli məclis iştirakçıları.
Bu mübarək gündə Azərbaycanın müstəqillik dönəmində tikilərək bərpa edilmiş növbəti ziyarətgahda - Zati-aliləri, Sizinlə birlikdə Mədinə şəhərində Peyğəmbər Mühəmməd Salavatullahın müqəddəs zərihi yaxınlığında ziyarət etdiyimiz Bəqi qəbiristanlığında İmam Hüseyn Əleyhissəlamın nəvəsi V İmam Mühəmməd Baqirin nuri-didəsi – sevimli oğlu şahzadə İbrahim Əleyhissəlamın Gəncə torpağında müqəddəs zərihinin açılış mərasimindəyik. Hamınızı salamlayır, xüsusən, iştirakı ilə bizi şərəfləndirən Zati-aliləri İlham Əliyev həzrətlərinə Azərbaycan, Qafqaz müsəlmanları və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.
Burada qeyri-islam dini liderləri bizimlə birgə iştirak edirlər. Biz tez-tez müsəlman məbədləri ilə yanaşı, xristian, yəhudi ibadətgahlarında görüşürük. Bu, Azərbaycanda dövlət-din münasibətlərinin, dinlərarası dialoq, tolerantlıq, multikulturalizmin nümunəsidir. Bu, bizim həyat tərzimizdir, dövlətimizin siyasəti, dünyaya örnək olan Azərbaycan reallığıdır. Mən dini liderləri də səmimi salamlayır, onlara “Xoş gəlmisiniz” deyirəm.
Milli mənəvi dəyərlərimizə önəm verən İlham Əliyev həzrətlərinə dindarlar həmişə dualar edirlər. Dünyada baş verən hadisələr fonunda – islamofobiya, İslam adından sui-istifadə edərək törədilən qırğınlar, Yaxın Şərqdə və qonşu ölkələrdə qanlı faciələr, iqtisadi, siyasi böhranlar, Azərbaycan torpaqlarının 20 faizinin erməni ekstremistləri tərəfindən işğal edildiyi halda, erməni lobbisinin bizə qarşı məqsədyönlü təxribatlar apardığı dönəmlərdə Azərbaycanı bu bəlalardan hifz etmək, Ulu Öndərin bizə əmanət etdiyi müstəqilliyimizin qorunub saxlanılması üçün gecə-gündüz zəhmət çəkən dövlətimizin başçısı İlham Əliyev həzrətlərinin, mədəni irsimizi dünyada təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın azərbaycançılıq naminə gələcək fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirəm. Vaxtının az olmasına baxmayaraq, Mehriban xanım tez-tez bu ziyarətgaha gəlib fikirlərini söyləyib.
Müqəddəs Kəbə Evində Sizə dualar edən, hər zaman Sizin yanınızda olan, dəstəkləyən Azərbaycan dindarları adından doğma Vətənimizi canından artıq sevən, dövlətçiliyimizin, müstəqilliyimizin bünövrəsini qoyan Heydər Əliyev həzrətlərinə, onun həyat yoldaşı akademik Zərifə xanım Əliyevaya burada, müqəddəs “İmamzadə” ziyarətgahında Uca Allahdan rəhmət diləyir, onların cənnətməkan olmaları üçün dualar edirəm.
Azərbaycan torpağı həmişə müqəddəslərə qucaq açmış, onlara sığınacaq olmuşdur. Buna misal olaraq, Qurani-Kərimdə xatırlanan Xızır Peyğəmbərin Beşbarmaq dağında zühuru, xristianlığa qədərki tarixdə Dağyənusun zülmündən bir dəstə mömin gəncin Naxçıvanın Əshabi-Kəhf mağarasına sığınması, Cərciz Peyğəmbərin zərihinin Beyləqanda olmasını və digərlərini qeyd etmək olar. İslamın gəlişindən sonra Əməvilər dövründə zülmə düçar olmuş müqəddəs Əhli-Beyt sülaləsinin Azərbaycana üz tutmuş nümayəndələrinin türbələri ölkəmizin müxtəlif bölgələrində mövcuddur. VIII İmam Rza Əleyhissəlamın bacıları Həkimə xanımın Bibiheybətdə, Rəhimə xanımın Nardaranda, Həzrəti Əlinin oğlu, İmam Hüseynin qardaşı Əbülfəz Abbasın övladlarının Bərdə İmamzadəsində, imamzadə İbrahimin isə Gəncədə zərihinin olması Vətənimizi zinətləndirmişdir. Bütün bunlar sübut edir ki, Azərbaycan qədim, şərəfli tarixə malikdir, Nuh Əleyhissəlamdan bu yana müqəddəslərin üz tutduğu, əməlisalehlər üçün ikinci vətən olmuş mübarək məkandır və ta qədimdən mədəni-mənəvi dəyərləri ilə dünyada tanınmışdır.
Kərbəlada İmam Hüseyni ziyarət edərkən onun kölgəsində uyuyan imam aşiqi mütəfəkkir şairimiz Məhəmməd Füzulini də yad etdiyimiz kimi, Gəncədə də imamzadə İbrahimin məqbərəsi yaxınlığında dəfn olunmuş Şeyx Nizamini yad etmək imkanından fərəh duyuruq. Bu, təsadüfi hal deyil və Gəncə əhalisinin Əhli-Beytə olan məhəbbətinin bariz nümunəsidir.
Xalqımızın tarixi yaddaşı üçün önəmli məqamlardan birini mən Sizin diqqətinizə ilk dəfə məhz burada – bu mübarək məkanda çatdırmaq istərdim. 1976-77-ci illərdə - ateist təbliğatının tüğyan etdiyi zamanlarda dəvət olunduğum Dini işlər üzrə müvəkkillikdə Gəncə, o zamankı Kirovabad kommunistlərinin Moskvadan, Siyasi Bürodan Suslovun dərkənarı ilə daxil olmuş şikayət ərizəsi müzakirə olunurdu. Gəncədə kommunist təbliğatını apara bilmədiklərindən şikayətlənənlər şəhəri hədsiz mövhumat məkanı kimi təqdim edərək, “İmamzadə” ziyarətgahını sıradan çıxarmağı təklif edirdilər. Qərara alınmışdı ki, ziyarətgah təmir adı altında hasara alınaraq gizli surətdə məhv edilsin. Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi, lakin bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım. Mənim üçün çox təhlükəli olsa da, bu addımı atdım. Şükürlər olsun ki, Zərifə xanım bu xəbərə yüksək diqqət göstərərək, Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi. Heydər Əliyevin məsələyə müdaxiləsi tezliklə öz müsbət nəticəsini verdi. Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan oldu. Bu, nəinki Azərbaycan, bütün bölgə müsəlmanlarına Heydər Əliyevin böyük töhfəsi idi.
Bu zərihin üzərində Ulu Öndərin və Zərifə xanımın haqqı var. Odur ki, mən çıxışımın əvvəlində onların ruhlarına Allah-Təaladan rəhmət dilədim. Əlhəmdülillah, Heydər Əliyev imamlarımızın əmanəti olan bu məkanı bizim üçün qorudu, İlham Əliyev həzrətləri Azərbaycan və bütün bölgə müsəlmanlarına burada möhtəşəm kompleks hədiyyə etdi. Müstəqil Azərbaycan var olduqca, bu müqəddəs məkan da yaşayacaqdır.
Bu gün Azərbaycanda dövlət mədəniyyətlər, dinlər, sivilizasiyalararası dialoqa dair nüfuzlu beynəlxalq tədbirlər keçirir, milli mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxır, dini məbədləri rövnəqləndirir, dini icmalara yardım və himayəsini əsirgəmir. Dindarlar buna görə dövlətimizə və dövlətimizin başçısına minnətdardırlar və bu siyasətə sadiqdirlər.
Zati-aliləri. Həzrət imamzadə İbrahim Əleyhissəlam, Əhli-Beyt xatirinə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarına Allahdan rəhmət diləyirəm. Bu müqəddəs yerdə dua edirəm ki, Uca Allah bizlərə nəsib etdiyi müstəqillik, sabitlik və əmniyyəti daimi etsin. Amin!
Bu kompleksdə görülmüş işlərin mənəvi dəyəri heç bir söz və təriflə ölçülə bilməz. Bu işdə zəhməti olan hər kəsə, xüsusən dövlətimizin başçısı İlham Əliyev həzrətlərinə, həmçinin Gəncə şəhər rəhbərliyinə dərin minnətdarlığımızı bildirmək istərdim. Bütün müsəlmanlar kimi, mən də dinimiz üçün etdiklərinizin qarşılığında dua edirəm ki, bu böyük əməlin savabını Allah-Təala Əliyevlər ocağına, bütün Azərbaycan xalqına versin, İlham Əliyev həzrətlərini Uca Allah bütün bəlalardan qorusun, onu hər zaman müzəffər qərar versin.
Möhtərəm cənab Prezident, Uca Allah Sizi və ailənizi xoşbəxt etsin, Sizə övladlarınızın və nəvələrinizin sevincini nəsib etsin!
Allah-Təala namazlarımızı qəbul, dualarımızı müstəcab etsin. Amin!
X X X
Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına “Qurani-Kərim” hədiyyə etdi.
X X X
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İŞEİN çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Hörmətli xanımlar və cənablar.
Müqəddəs dini ziyarətgahlara, tarix və mədəniyyət abidələrinə qayğıkeş münasibət milli mənlik şüuru hissinin parlaq təzahürüdür. Əlbəttə, müasir dövrdə urbanistika və memarlıq misli görünməmiş dərəcədə tərəqqi edib, lakin milli dühanın, milli memarlığın nailiyyətlərini unutmaq ağılsızlıq olardı. Bakıdakı Heydər Məscidi, Şamaxı Cümə məscidi, Gəncədə “İmamzadə” kompleksi kimi binalar Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələridir. Əlbəttə, ziyarətgahlar insanların ibadət və dua etmələrinə imkan yaradır, lakin onlar həm də insanların öz dini biliklərini ümumiləşdirməsinə, dərinləşdirməsinə, öz xalqının tarixi və mədəniyyəti ilə təmasda olmasına imkan verir. Məncə, burada belə ünsiyyət üçün hər cür imkan yaradılıb. Ona görə ki, burada bütün bunların həyata keçirilməsi üçün zəruri infrastruktur çox inkişaf edib. Gənc nəsil üçün xüsusi əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, burada gənclərin öz milli identikliyini dərk etmələrinə imkan yaradılıb. Mənim fikrimcə, gənclər burada olarkən öz ölkələrinə görə qürur duyacaq və ən başlıcası, Azərbaycanın gələcək taleyi üçün məsuliyyət hissini öyrənəcəklər.
Cənab Prezident, 40 ildir ki, mən vaxtaşırı Gəncədə səfərdə oluram. Bir müddət burada daimi yaşamışam. Bu şəhərə ayırdığınız diqqətə görə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Dünən və bu gün mən Gəncəni gəzdim və bu şəhərə görə qürur hissi keçirdim. Əlbəttə, Sizə təşəkkür edirəm ki, Gəncəyə bu qədər böyük diqqət yetirirsiniz. Ulu Tanrı köməyiniz olsun, hamımıza uğurlar diləyirəm və arzum budur ki, hər dəfə Gəncəyə gəlməkdən məmnunluq və sevinc duyaq.
Təşəkkür edirəm.
X X X
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YEVDAYEV çıxış edərək dedi:
-Möhtərəm Prezident.
-Möhtərəm şeyx həzrətləri, məclis iştirakçıları.
Bugünkü təntənəli bayram münasibətilə mən dahi Nizaminin bu qədim vətənində hamınızı təbrik edirəm. O cümlədən qoy, Allah-Təalanın qismətindən Azərbaycan xalqına bundan sonra da xoş günlər, xoş anlar nəsib olsun.
Hərdən yuxu kimi gördüyüm dünya,
Yuxuma girəndə həqiqət olur.
Bəli, bugünkü inkişaf Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür.
Möhtərəm Prezident, bugünkü təntənəli açılış Ulu Öndərin Azərbaycan xalqına olan arzularıdır.
Ata o kəsdir ki, dayanıb öndə,
Övladın hissi ilə yaşaya bilsin.
Övlad o kəsdir ki, əməllərində,
Atanın arzusunu yetirə bilsin.
Ulu Öndər nəinki övladlarının, bütöv bir xalqın, bütöv bir məmləkətin, Azərbaycan xalqının hiss və arzuları ilə yaşayırdı. Siz, möhtərəm Prezident, onun davamçısı olaraq, o arzuları bu gün çin edirsiniz.
Arzu zirvə başındadır,
Onun min bir pilləsi var.
Hər arzunun neçə-neçə,
Böyük, kiçik çilləsi var.
Möhtərəm Prezident, qoy, Azərbaycan xalqının bütün arzuları Sizin əlinizlə böyük və kiçik çillələrdən keçərək çin olsun!
Ümumiyyətlə, zirvənin məğrurluğu, möhtəşəmliyi zirvədən uzaqlaşdıqca daha aydın görünür. İllər bizi Ulu Öndər dühasından uzaqlaşdırsa da, biz Ulu Öndərin necə bir məğrur, möhtəşəm zirvə olduğunu həmişə görür və hiss edirik. Ona görə də Nizami dühası bütün dünya mədəniyyətinə necə bir günəş kimi şəfəq saçırsa, Ulu Öndər dühası da illər keçdikcə Azərbaycanı xoşbəxtliyə aparan yola bir günəş kimi işıq saçacaq.
Möhtərəm Prezident, Siz bu il Azərbaycandan dünyaya “Multikulturalizm ili” kimi bir çağırış vermisiniz. O çağırışla bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünkü həqiqətlərini bəyan etmək istəyirsiniz. Bəli, bayaq qeyd olundu, biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır. Biz İsveçrədə olanda qaçqınlardan şikayət edildi. Onda biz hamımız bir ağızdan dedik ki, Azərbaycan kiçik ölkədir. Azərbaycanın 1 milyon qaçqın və köçkünü olanda böyük bir qitə ağzını açmadı. İndi isə siz həmin qaçqınlardan dad qılırsınız. Bəs, nə istəyirdiniz? Bizim təqsirimiz nədir ki, qapılarımızın hər birindən Allaha şükür 3-4 övladımız çıxır. Amma sizin qapılardan kim çıxır? Övladdan başqa hər şey. Ona görə də buna təəccüblənmək lazım deyil. Bunlar onsuz da 1-2 ildən sonra sizə lazım olacaq. Çünki işçi qüvvəniz də yoxdur.
Əziz dostlar, mən hamınızdan xahiş edirəm, gəlin, Azərbaycanın bugünkü həqiqətlərini qoruyub saxlayaq, möhkəmləndirək. Möhtərəm Prezidentimizin ətrafında sıx birləşək. Çünki möhtərəm Prezidentimiz, Siz:
Odlar Yurdumuzun mətin oğlusuz,
Heydər məktəbinin davamçısız.
Vətənə, xalqına arxa-dayaqsız,
Dərin minnətdarıq Prezident Sizə.
Bəli, ona görə də bundan sonra da həmişə, hər şabat günü ayaqüstə Allah-Təaladan diləyirik ki, qoy Prezidentimizə, xalqımıza, hökumətimizə xoş günlər, xoş anlar qismət etsin. Biz də Azərbaycan xalqı ilə şad və xürrəm yaşayaq.
Ona görə də dostlar, qardaşlar, hamınızı bir daha bu möhtəşəm bayram münasibətilə təbik edir, hamınıza İbrahim peyğəmbər ömrü, Süleyman peyğəmbər müdrikliyi arzulayıram. Allah amanında.
X X X
Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir FEKETE çıxış edərək dedi:
-Çox hörmətli cənab Prezident.
Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Hörmətli ictimai xadimlər, əziz dostlar.
Təkcə Gəncə şəhəri üçün deyil, bütün Azərbaycan üçün əlamətdar olan bu gündə mən özümdən əvvəl çıxış edənlərin hamısının fikrinə şərik olduğumu, minnətdarlıq və sevinc hisslərimi bildirmək istəyirəm. Azərbaycan katolikləri adından Gəncə şəhərinin sakinlərini və xüsusən Allahın köməyi ilə bu qədim və məşhur ziyarətgahın bərpasını başa çatdırmış müsəlman qardaşlarımızı təbrik edirəm. Təntənəli şəkildə açılan bu gözəl kompleks Gəncə şəhərinin görməli yeri olmaqla bərabər, həm də onun incisidir.
Əminəm ki, vaxt gələcək, bu kompleks Gəncə şəhəri, bütün Azərbaycan üçün əsl mənəvi mərkəz, birləşmə yeri, ziyarətgah olacaq. Müqəddəs Kitabda yazıldığı kimi, insan təkcə yemək üçün deyil, həm də Allah kəlamı üçün yaşayır. Bəli, insan təkcə fiziki varlıq deyil. Onun mənəvi, dini, ictimai ehtiyacları da var. Əgər insan bunu dərk edirsə, onun öz mənəvi ehtiyaclarını düzgün yolla təmin etməyə imkanı olur. Bu, həmişə insan şəxsiyyətinin, ölkənin, dövlətin inkişafının xeyrinədir.
İslam dini lap əvvəldən ictimai həyatın vacibliyini vurğulayır və məscid ümmət üçün təkcə dua yeri, Allaha ibadət mərkəzi deyil, həm də ictimai həyat mərkəzi olub. Azərbaycan dünyəvi dövlətdir. Buna baxmayaraq, Azərbaycan hökuməti və xüsusən cənab Prezident əhalinin mənəvi ehtiyaclarına xüsusi diqqət yetirir və onu dəstəkləyir.
Hörmətli cənab Prezident, məscidlərin, habelə məbəd və sinaqoqların tikintisinin, bərpasının qeydinə qaldığınıza, buna şəxsən mənəvi və maliyyə dəstəyi göstərdiyinizə görə Sizə dərin minnətdarlığımı və böyük ehtiramımı bildirmək istərdim. Bu, çox böyük nailiyyətdir. Artıq qeyd edildiyi kimi, ənənəvi dinlərin liderlərinin bu tədbirdə iştirak etməsi Azərbaycanda tolerantlığın, dinlərarası münasibətlərin yüksək səviyyəsinin bütün dünya üçün təsdiqi və parlaq nümunəsidir.
Ulu Tanrıdan arzum budur ki, bu kompleksin bərpasında zəhməti olan hər kəsin işi avand olsun, Tanrı bu zəhmətin əvəzini versin. Qoy, Ulu Tanrı Azərbaycanı bu gün də, sabah da firavanlaşdırsın, çətinliklərə baxmayaraq, Azərbaycan sülh və əmin-amanlıq şəraitində inkişaf edə bilsin. Qoy, bu gözəl və firavan ölkədə həyat həmişə bütün əhalinin qonaqpərvərliyi və mehriban münasibətlərinin yüksək səviyyəsi ilə fərqlənsin.
Çox sağ olun!
X X X
Gəncə Dövlət Universitetinin dekanı Mübariz YUSİFOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Mən Sizi bütün Gəncə ziyalıları adından salamlayıram. Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın rifahı naminə yeni-yeni uğurlar, böyük nailiyyətlər və sonsuz səadət arzulayıram.
Sizin şəhərimizə hər bir gəlişiniz Gəncə əhalisi üçün böyük bayram sevinci kimi qarşılanır. İndi - Azərbaycan xalqının əziz milli bayramı olan Novruz çərşənbələri ərəfəsində Gəncə şəhərinə gəlişiniz isə bu bayramın sevincini qat-qat artırır.
Bu gün tariximizə Gəncə əhalisinin çoxdan gözlədiyi müqəddəs dini ocağımız sayılan “İmamzadə” kompleksinin açılış mərasimi kimi daxil olur. Bu müqəddəs məkan hələ ilkin orta əsrlər dövründə - 739-cu ildə İmam Məhəmməd Baqirin oğlu Mövlanə İbrahimin məzarı üzərində türbə qoyulduqdan sonra ziyarətgaha çevrilib. Mövlanə İbrahimin məzarı üzərində hələ ilkin orta əsrlər dövründə türbə qoyulması bir tərəfdən Gəncə şəhərinin qədim mədəniyyətə malik olduğunu göstərirsə, digər tərəfdən əhalinin İslam dininə rəğbətinin təzahürü hesab edilir. Bu müqəddəs məkana üz tutanlar özlərinin daxili hisslərini imam övladının mənəvi dünyası ilə qovuşduraraq Uca Yaradandan pənah istəyirlər. Sidq ürəklə bu ziyarətgaha üz tutanda öz arzu və diləklərinin həyata keçməsində heç vaxt naümid olmayıblar. “İmamzadə” ziyarətgahı zaman-zaman insanlarda mənəvi kamillik, ictimai həmrəylik və vətənpərvərlik amalının formalaşmasında bir məbədgah olmuşdur. Ziyarətgah tarixin müəyyən məqamlarında dağıntılara məruz qalsa da, ayrı-ayrı xeyriyyəçilərin şəxsi vəsaiti və ya vətənpərvər insanların ianəsi hesabına təmir olunub.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə Azərbaycanda dini abidələrin, müqəddəs ziyarətgahların yeni həyatı başlayıb. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə dövlət hesabına 517 məscid yenidən qurulub. Cənab Prezident, Ulu Öndərin müqəddəs məkanlara diqqəti, qayğıkeşliyi, təəssübkeşliyi bu gün Sizin tərəfinizdən yüksək səviyyədə davam etdirilir. Sizin tapşırığınız və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü ilə ölkədə iki mindən artıq məscid, dini abidə bərpa edilib və xalqın istifadəsinə verilib.
Müqəddəs ocaqlarımıza rəğbət və qayğıkeşliyiniz Sizin ailənizdə formalaşmış əqidə saflığının bariz təcəssümüdür. Vaxt gələcək, zaman keçəcək və tarixdə yeni görkəm almış bu müqəddəs abidə, bu müqəddəs məkan Sizin adınızla yaşayacaq və tanınacaq.
Cənab Prezident, Sizin böyük qayğıkeşliyiniz sayəsində Gəncə şəhəri gündən-günə gözəlləşir, öz tarixi qədimliyini saxlamaqla müasirləşir. Bu gün Gəncədə baş verən tikinti, quruculuq, abadlıq işləri ölkəmizdəki sosial-iqtisadi tərəqqinin bir nümunəsinə çevrilib.
Sizin bu böyük məbədgaha diqqət və qayğınızın nəticəsində Gəncə “İmamzadə” ziyarətgahı bütün Şərq ölkələrindəki dini mədəniyyət abidələri sırasında ən möhtəşəm yerlərdən birini tutur. Möhtərəm cənab Prezident, biz, Gəncə ziyalıları Sizin bu diqqətinizə cavab olaraq, “Gəncə İmamzadə ziyarətgahı” adlı bir kitab hazırlamağı qərara aldıq. İcazə versəydiniz, mən bu kitabı bu müqəddəs, bu əziz, bu unudulmaz gündə Sizə təqdim edərdim.
Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Allah Sizi qorusun. Azərbaycan xalqının rifahı, daha parlaq gələcəyi naminə Sizə bir daha uzun ömür, cansağlığı və əbədi səadət arzulayıram.
X X X
Mübariz Yusifov “Gəncə İmamzadə ziyarətgahı” kitabını Azərbaycan Prezidentinə təqdim etdi.
X X X
Mərasimdən sonra dövlətimizin başçısı “İmamzadə” kompleksində yaradılan şəraitlə tanış oldu.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafında aparılan abadlaşdırma işləri barədə məlumat verdilər. Bildirildi ki, ümumi sahəsi 1000 kvadratmetr olan digər korpusda Hüseyniyyə və Zeynəbiyyə namazgahları yerləşir. Burada müxtəlif diametrli 46 günbəz ucaldılıb. Xüsusi qurbangahda və 850 nəfərlik ehsan zalında zəvvarların ziyarəti üçün hər cür şərait yaradılıb.
Dövlətimizin başçısı beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldu.
Azərbaycan Prezidentinin din xadimləri ilə söhbəti zamanı Qafqaz Müsəlmanları İdarəsi sədrinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov dinimizə göstərdiyi qayğıya, bu dəyərli sənət əsərini Gəncəyə hədiyyə etdiyinə görə dövlətimizin başçısına şəhər sakinləri və dindarlar adından dərin minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, Allah Ulu Öndərimizin ruhunu şad etsin. Allah onun qəbrini nurla doldursun. Çünki bu gün Azərbaycan Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət yolu ilə gedir. Bu məscidlərin tikintisi dinimizə, imanımıza, milli mentalitetimizə, xalqımıza olan qayğısının, sayğısının nəticələridir. Siz Ulu Öndərimizin siyasətini uğurla davam etdirirsiniz. Xalqımız Sizə inanır və güvənir. Mən Sizə bütün gəncəlilər, bütün dindarlar adından təşəkkür edirəm.
Siz ilk dəfə Prezident seçiləndən sonra şəhərimizə gəldiniz, bu ziyarətgahı ziyarət etdiniz. Hələ o zaman bu ziyarətgahın bərpasına qayğı göstərəcəyinizi dediniz və tez bir zamanda vədinizə əməl etdiniz. “İmamzadə”də çox böyük iş görülmüşdür.
Cənab Prezident, bu ibadətgahın əvəzi yoxdur. Şeyx həzrətləri bilir, bütün dünyada ziyarətgahlar var. O ziyarətgahları kimsə tikib. Ətrafdakı binaları isə xeyriyyəçilər inşa ediblər. Amma burada bu işi dövlətimiz görüb. Bu, dövlətimizin dinə olan məhəbbətidir, Sizin dinimizə olan məhəbbətinizdir. Burada bir hərəmin, sağ-sol məscidin, Zeynəbiyyənin, Hüseyniyyənin tikilməsi, yol çəkilməsi, yaşıllıq salınması, fəvvarələrin qurulması, inzibati binanın, mərasim zalının inşası və s. üçün Sizə Gəncə camaatı adından təşəkkür edirik. Allah Sizi qorusun. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
X X X
Ziyarətgahın müsəlman aləmi üçün əhəmiyyətini və yaxın-uzaq xaricdən gələn zəvvarların sayının ildən-ilə artmasını nəzərə alaraq tikilmiş mehmanxanada 33 müsafir otağı var. Burada da ayrı-ayrılıqda qadınlar və kişilər üçün dəstəmazgah, yeməkxanalar, konfrans zalı, dini kitabxana, muzey fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev “İmamzadə” kompleksində təmir və yenidənqurma işlərini hər zaman diqqətdə saxlayıb, üç dəfə bu kompleksə gələrək tapşırıq və tövsiyələrini verib. Dövlətimizin başçısının Sərəncamı ilə müxtəlif illərdə Prezidentin ehtiyat fondundan kompleksin təmir-bərpa işlərinə ümumilikdə 26 milyon manat vəsait ayrılıb. Təmir-bərpa işlərinin layihələndirilməsi və icrası yerli qurumlar tərəfindən aparılıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Gəncə filialı tərəfindən hazırlanmış yenidənqurma və bərpa layihəsini “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyətinin inşaatçıları icra ediblər. Ziyarətgahda təmir-bərpa və tikinti işləri zamanı qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirilib. Yenidənqurma zamanı kompleksin ərazisi abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb, avtomobil dayanacağı tikilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyevin adından “İmamzadə” dini kompleksində ehsan süfrəsi açıldı.
PDF yükləyin
27 dekabr 2024, 10:09PDF yükləyin
27 dekabr 2024, 10:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya...
26 dekabr 2024, 19:53Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və...
26 dekabr 2024, 18:57Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Məhəmməd Şahbaz Şərif təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı...
26 dekabr 2024, 18:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni və...
26 dekabr 2024, 18:52Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması...
26 dekabr 2024, 18:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən...
26 dekabr 2024, 17:42Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin...
26 dekabr 2024, 17:38Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı...
26 dekabr 2024, 16:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi...
26 dekabr 2024, 16:12Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini...
26 dekabr 2024, 15:28