2003-cü il 27 may tarixli 461-IIQ nömrəli Azərbaycan Respublikası
Qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsindən
ÇIXARIŞ
On altıncı fəsil
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər.
112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər.
112.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
112.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:
112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;
112.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;
112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
112.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;
112.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;
112.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;
112.5.7. şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;
112.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;
112.5.9. şikayətçinin tələbi;
112.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.
112.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.
112.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Mәhkәmә qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.
112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).
112.8. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.
112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.
112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması
112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.
112-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:
112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;
112-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;
112-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;
112-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);
112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.
112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:
112-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;
112-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;
112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;
112-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;
112-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Məcəllənin 112-1.4-cü və 112-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);
112-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;
112-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.
112-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:
112-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;
112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun olaraq şikayət edilə bilər;
112-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;
112-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;
112-1.6.5. ekspert bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;
112-1.6.6. daxil olmuş şikayətdə bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;
112-1.6.7. 112.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.
112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.
112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.
112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.
112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.
112-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:
112-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;
112-1.11.2. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;
112-1.11.3. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;
112-1.11.4. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
112-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında.
112-1.12. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.
112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:
112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;
112-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.