İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir

03 oktyabr 2013, 14:20
İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmişdir

Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılmasıdır. Sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir. Bu baxımdan Sumqayıt şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan, zəruri infrastruktura və idarəetmə qurumlarına malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikiləcək Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət kəsb edir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, sənaye parkının əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elmin və təhsilin əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir.

Bildirildi ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaqdır. Parkın inzibati-sosial zonasında 16 və 20 mərtəbəli iki inzibati bina, Peşə Tədris Mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, ikikorpuslu otel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və bir sıra digər sosial obyektlər inşa ediləcəkdir. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35 - 40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi iş yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcəkdir. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunmuşdur.

Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkında “bir pəncərə” sistemi tətbiq edilmişdir. Burada artıq iki rezident - “SOCAR-Polimer” və “Azərtexnolayn” Məhdud Məsuliyyətli cəmiyyətləri qeydiyyata alınmışdır.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlini qoydu. 

Sonra dövlətimizin başçısı inşaatçılarla görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

- Bu gün Sumqayıt şəhərinin tarixində çox əlamətdar bir gündür. Sumqayıt şəhərinin yeni sənaye inkişafı dövrü bu gün başlayır. Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. Əminəm ki, qısa müddət ərzində bax bu ərazidə böyük sənaye şəhəri yaradılacaqdır.

Sumqayıt bu gün müasir sənaye şəhəridir. Burada artıq onlarla yeni müasir müəssisə fəaliyyət göstərir. Kimya Sənaye Parkının yaradılması Sumqayıtın inkişafına böyük təkan verəcəkdir. Burada minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaqdır, onlarla yeni müəssisə yaradılacaqdır. Müəssisələrin hamısı yüksək standartlara uyğun olacaqdır. Ən yüksək ekoloji standartlar burada tətbiq ediləcəkdir.

Təqribən 200 hektara yaxın bu ərazi ekoloji fəlakət ərazisi idi. Burada ekoloji normalara riayət edilmirdi. Demək olar ki, bu ərazinin təmizlənməsi böyük bir qəhrəmanlıq idi. Ancaq biz bunu təmizlədik. Ekoloji cəhətdən tam təmiz ərazidir. Burada Azərbaycanı və Sumqayıtı gələcəkdə sənaye mərkəzi kimi təsdiqləyən onlarla müəssisə yaradılacaqdır. Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir.

Bu gün tarixi gündür. Çünki Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasətimiz uğurla davam etdirilir. Qeyri-neft sənayesinin inkişafı prioritetdir. Bu ilin doqquz ayının nəticələrinə görə qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır.

Kimya Sənaye Parkının yaradılması sənaye inkişafının yeni mərhələsi olacaqdır. Bu müəssisələr və Sumqayıt Kimya Sənaye Parkının yaradılması və inkişafı ölkəmizin sənaye potensialını gücləndirəcəkdir. Burada yeni iş yerləri, ən yüksək standartlara cavab verən müəssisələr yaradılacaq, müasir avadanlıq quraşdırılacaq, ixracyönümlü məhsullar istehsal olunacaqdır. Buraya qoyulacaq investisiyaların həcmi milyardlarla ölçülür. Burada həm dövlət investisiyaları olacaq, çünki Dövlət Neft Şirkəti artıq ilkin investisiya layihələrini icra edir. Eyni zamanda, daha da çox özəl sektor burada öz investisiyalarını qoyacaqdır. Biz bütün investorları - daxili və xarici investorları buraya dəvət edirik.

Bu gün, bu tarixi gündə mən bir daha investorlara müraciət etmək istəyirəm ki, Azərbaycanda çox gözəl investisiya iqlimi vardır. İnvestisiyalar dövlət tərəfindən qorunur. Azərbaycanda genişlənən daxili bazar vardır. Eyni zamanda, burada istehsal ediləcək məhsullar ixrac üçün də yararlı olacaqdır.

Burada xüsusi güzəştlər, xüsusi vergi qaydaları tətbiq ediləcəkdir. Buraya investisiya qoyan şirkətlər ən gözəl şəraitlə təmin ediləcək və böyük həcmdə investisiya qoymaq istəyən üçün böyük güzəştlər olacaqdır.

Mən əminəm ki, bu layihənin çox gözəl gələcəyi olacaqdır. Çünki bu günə qədər bizim təşəbbüsümüzlə reallaşan bütün layihələr uğurla icra edilibdir. Bir dənə də həyatda öz əksini tapmayan təşəbbüsümüz olmamışdır. Bütün təşəbbüslər nəticədə çox gözəl inkişafa gətirib çıxarır.

Bu gün, bir daha demək istəyirəm ki, tarixdə qalacaqdır. Sumqayıtın yeni sənaye inkişafı günüdür. Sumqayıtın böyük, müasir sənaye şəhəri olmasının başlanması günüdür. Əminəm ki, gələcəkdə biz burada yaradılacaq bütün müəssisələrin açılışlarında iştirak edəcəyik.

Hesab edirəm ki, gələcəkdə bax bu 200 hektara yaxın olan ərazi də bizə kifayət etməyəcəkdir. Çünki həm daxili, həm xarici investorlar buraya gələcəklər, burada işləyəcəklər, investisiyalar qoyacaqlar, görəcəklər ki, bu investisiyaların nə qədər gözəl səmərəsi vardır. Beləliklə, Sumqayıt bundan sonra daha da böyük sənaye şəhərinə çevriləcəkdir.

Mən bu tarixi gündə sizi, sumqayıtlıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Çox şadam ki, bu təşəbbüs də reallaşır. Çox şadam ki, bu gün dediyim kimi, yeni sənaye inkişafı dövrü başlayır. Bir daha təbrik edirəm. Sizə uğurlar arzulayıram.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 iyul 2026
13:48
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra –...

20 iyul 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 20 iyul 2026
13:46
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı...

20 iyul 2026, 13:46
SƏNƏDLƏR Fərmanlar 17 iyul 2026
16:28
Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsində, o cümlədən...

17 iyul 2026, 16:28
SƏNƏDLƏR Qanunlar 17 iyul 2026
16:26
“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

17 iyul 2026, 16:26
SƏNƏDLƏR Fərmanlar 17 iyul 2026
16:24
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...

17 iyul 2026, 16:24