İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

03 oktyabr 2013, 13:25
İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuş, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə gerçəkləşən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmini, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Bu məqsədlə regionlarda da yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılır.

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu müalicə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi şəhər sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcəkdir.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə məlumat verdi. Nazir dedi ki, çoxprofilli xəstəxananın binası 1967-ci ildə inşa olunmuş və o vaxtdan burada əsaslı təmir işləri aparılmamışdır. 1 nömrəli xəstəxana Sumqayıtın mərkəzində yerləşir və əhalinin ən çox müraciət etdiyi tibb ocağıdır. Burada əsaslı təmir və yenidənqurma işləri bu ilin oktyabrında başa çatdırılmışdır.

Prezident İlham Əliyev xəstəxananın kollektivi və Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşdü. 

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Mən sizi ürəkdən salamlayıram və Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra yenidən açılışı münasibətilə təbrik edirəm. Çox gözəl, əlamətdar hadisədir. İndi xəstəxanaya yeni həyat verilir. Burada bütün lazımi şöbələr vardır. Əminəm ki, yaxşı xidmət də göstəriləcəkdir və xəstələr burada sağalıb evlərinə dönəcəklər.

Bu xəstəxananın yenidən qurulmasına böyük ehtiyac var idi. Çünki bildiyiniz kimi, xəstəxananın vəziyyəti o qədər də ürəkaçan deyildi və burada keyfiyyətli tibbi xidmət göstərmək üçün də imkanlar çox məhdud idi. Uzun illərdir ki, tikilmişdi, köhnəlmişdi. Əlbəttə ki, əsaslı təmirə ehtiyac var idi. Ölkəmizin hər bir bölgəsində hazırda müasir xəstəxanalar tikilir. Qarşıya məqsəd qoyulmuşdur ki, ölkəmizin hər bir şəhərində ən müasir xəstəxana - ən azı bir xəstəxana olmalıdır. Ancaq nəzərə alsaq ki, son illərdə bölgələrdə 15 diaqnostika-müalicə mərkəzi tikilmişdir, indi bəzi şəhərlərdə ən müasir standartlara cavab verən iki və ya üç tibb müəssisəsi vardır.

Beləliklə, səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülmüşdür. Bütövlükdə, deyə bilərəm ki, son on ildə təqribən 500-ə yaxın tibb müəssisəsi tikilmişdir, təmir edilmişdir. Təsəvvür etmək çətindir ki, əgər biz bu işləri görməsəydik, indi səhiyyə sistemimiz hansı vəziyyətdə ola bilərdi.

Bu, işin bir hissəsidir. Əlbəttə ki, xəstəxanaların təmiri, avadanlıqla təchizatı səhiyyə sisteminin inkişafı üçün çox vacib amillərdir. Ancaq, eyni zamanda, tibbi xidmətin yüksəlməsinə də böyük ehtiyac vardır. Əlbəttə ki, həkimlərin peşəkarlığı və bilikləri burada öz rolunu oynayır, oynayacaqdır. Bilirəm ki, həkimlərin peşəkarlığını artırmaq üçün, xüsusi proqramlar tərtib edilir, onların dünyada gedən proseslərdə iştirakı ilə bağlı məsələlər öz həllini tapır, informasiya mübadiləsi aparılır. Yəni, həkimlər daim işləməlidirlər ki, biz dünyada sürətlə inkişaf edən tibb sahəsinin bütün yeniliklərini Azərbaycanda tətbiq edə bilək.

Bununla paralel olaraq bundan sonra da Azərbaycanda xəstəxana tikintisi davam etdiriləcəkdir. Çünki mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcəkdir, tədbirlər görüləcəkdir.

Ancaq deyə bilərəm ki, Azərbaycanda bu sahədə görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda islahatların aparılmasında müsbət meylləri qeyd edir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Əminəm ki, növbəti illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcəkdir.

Azərbaycanda bir dənə də təmirsiz tibb ocağı olmamalıdır, bir dənə də qəzalı vəziyyətdə poliklinika, yaxud da ki, hansısa kənd ambulatoriyası olmamalıdır. Əlbəttə ki, ilk növbədə böyük şəhərlərdə, ondan sonra bütün şəhərlərdə və ondan sonra bütün yaşayış məntəqələrində - harada ki, xəstəxanalar, tibb mərkəzləri var, orada bütün işlər görülməlidir.

Beləliklə, hesab edirəm ki, Sumqayıt üçün çox böyük əhəmiyyət daşıyan bu layihəni də biz uğurla icra etdik. Bütövlükdə insanların sağlamlığı üçün bütün lazımi tədbirlər Azərbaycanda görülür. Tibb xidməti, əlbəttə ki, ön plandadır. Ancaq insanların sağlamlığını şərtləndirən başqa amillər də vardır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq. Xüsusən də vaxtilə böyük sənaye mərkəzi olan Sumqayıt kimi bir şəhər üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Bir neçə gün bundan əvvəl Taxtakörpü Su Anbarının tikintisi və Taxtakörpü-Ceyranbatan kanalının açılışı nəticəsində Sumqayıtın içməli su ilə təchizatı daha da yaxşılaşacaqdır. Halbuki bu gün şəhər sakinlərinin 83 faizi fasiləsiz təmiz içməli su ilə təmin edilir. Bu məsələlərin bir hissəsi öz həllini tapıbdır. Ancaq şəhər əhalisi artacaq, burada yeni müəssisələr yaradılacaq, ona görə içməli və texniki suya tələbat daha da böyük olacaqdır.

Sumqayıtın ekoloji vəziyyəti daim diqqət mərkəzindədir. Çünki sovet dövründə Sumqayıtın ekoloji vəziyyəti ağır idi. Biz bunu bilirik. Əfsuslar olsun ki, bu köhnə informasiyalar, məlumatlar bu gün də dünya mətbuatında mövcuddur. Ancaq həqiqət elədir ki, bu gün Sumqayıt ən təmiz şəhərlərdən biridir. Çünki vaxtilə havanı çirkləndirən müəssisələr öz fəaliyyətini dayandırmışdır. Yeni müəssisələr isə çox yüksək ekoloji standartlar əsasında tikilir.

Bu gün Sumqayıt yaşıl şəhərdir, gözəl havası, gözəl iqlimi, gözəl təbiəti vardır. Sumqayıt bu gün parklar, bağlar şəhəridir. Parkların sayına görə heç Bakıdan da geri qalmır. Çox şadam ki, Sumqayıtda bu parkların yenidən qurulması prosesi gedir. Mən son on ildə Sumqayıta on dəfədən çox səfər etmişəm və Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Çox şadam ki, insanlar üçün vacib olan bu sahə də öz həllini tapır. Sumqayıt parklar, bağlar, ağaclar şəhəridir, yaşıl şəhərdir və burada yenidənqurma işləri aparılır. Binaların bir çoxu əsaslı şəkildə təmir edilir. Sumqayıt üçün ənənəvi istirahət zonaları yenidən qurulur. Burada inkişaf, dizayn, quruculuq işləri Bakı şəhərinin səviyyəsində olmalıdır.

İndi Sumqayıt Bakıya yaxınlaşır. Coğrafi nöqteyi-nəzərdən demək olar ki, birləşib. İndi Bakı ilə Sumqayıt arasında boş yer qalmayıb. Fərdi evlərin, hündürmərtəbəli binaların tikintisi gedir. Ancaq yaşayış səviyyəsinə görə də Sumqayıt Bakıdan geri qalmamalıdır. Çünki böyük şəhərdir, gözəl tarixi, zəhmətkeş insanları vardır. Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu da hesab edirəm ki, çox əlamətdar hadisədir. Çünki Cənubi Qafqazın ən böyük iki sənaye şəhəri Azərbaycan şəhərləridir. Sumqayıtın yeni sənaye mərkəzi kimi inkişafı artıq reallaşır. Bu barədə mən hələ on il bundan əvvəl demişdim, 2004-cü ildə burada böyük elektrik stansiyasının açılışı zamanı demişdim ki, bu stansiyanın tikintisi Sumqayıtda sənayenin inkişafına təkan verəcəkdir və belə də oldu.

Son illər ərzində Sumqayıtda onlarla zavod, fabrik açılmışdır. Onların hamısı dünya standartları səviyyəsindədir. Sumqayıt Texnoparkı bu gün dünya miqyasında seçilən bir texnoparkdır. Xarici qonaqlar, hətta inkişaf etmiş ölkələrdən olan qonaqlar bu texnoparkla tanış olduqda qeyd edirlər ki, doğrudan da çox müasir texnoparkdır. İndi orada 14 zavod fəaliyyət göstərir və 5 zavodun tikintisi davam edir.

Ondan sonra Sumqayıtda gübrə zavodunun tikintisinə başlanmışdır. Bu da ölkəmiz üçün çox vacib olan sahədir. Günəş panelləri zavodunun açılışında mən iştirak etmişəm. Keçən dəfə burada olanda trikotaj fabrikinin açılışında iştirak etmişəm. Burada da daha çox qadınlar üçün iş yerləri açılır və Sumqayıt böyük bir tekstil mərkəzinə çevriləcəkdir. Çünki burada tekstil fabriklərinin sayı getdikcə artacaqdır.

Bu gün isə Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulur. Bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. Çünki bu, yeni bir sənaye şəhəri olacaqdır. Kimya Sənaye Parkında onlarla zavod, fabrik tikiləcəkdir. Onların hamısı özəl sektor tərəfindən tikiləcəkdir. Dövlət sadəcə olaraq, bütün infrastruktur layihələrini icra edir, yer ayrılmışdır, dəmir yolu, ondan sonra elektriklə təchizat, bütün lazımi tədbirlər görülmüşdür ki, investorlar gəlib oraya vəsait qoysunlar. Artıq bu proses başlamışdır.

Sumqayıtda yeni, ekoloji cəhətdən təmiz Kimya Sənaye Parkının yaradılması müstəqilliyimizin üstünlüklərini bir daha göstərir. Çünki vaxtilə burada tikilmiş kimya zavodları ekoloji cəhətdən standartlara uyğun deyildi. Sovet dövründə ümumiyyətlə, ekologiya barədə heç kim düşünmürdü. Sadəcə, nəyin bahasına olursa-olsun məhsulun istehsalı tələb edilirdi.

Bu gün isə müstəqil Azərbaycanda, sosial dövlət olan Azərbaycanda insan amili ön plandadır. Ona görə burada yaradılan, yaradılacaq bütün zavodlar dünya səviyyəsində ekoloji standartlara uyğun olmalıdır. Kimya Parkının yaradılması burada on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Çünki böyük şirkətlər böyük müəssisələr yaradacaqlar və ondan sonra orta və kiçik sahibkarlar o böyük zavodlarda istehsal olunan ilkin məhsullardan son məhsulu istehsal etmək üçün öz işlərini quracaqlar.

Beləliklə, gələcəkdə Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək üçün başqa rayonlardan da işçi qüvvəsi gələcəkdir. Bu proses başlamışdır. Qonşu rayonlardan, ətraf yerlərdən indi işçi qüvvəsinin axını müşahidə olunur.
Yəni, Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak etmişlər. Bütün bu uğurlarla mən sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Bir daha sizi təbrik edirəm.

X X X

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının həkimi Mətanət İSMAYILOVA diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi bütün sumqayıtlılar adından ürəkdən salamlayım. Şəhərimizə xoş gəlmisiniz.

Bu gün Sumqayıtımızda müasir xəstəxananın istifadəyə verilməsi böyük bir hadisədir. Bu xəstəxana yüksək səviyyədə təmir olunub, müasir tibbi avadanlıqla təchiz edilib. Bu, dövlətimizin vətəndaşlara olan diqqətinin, qayğısının göstəricisidir, düşünülmüş siyasətin nəticəsidir. Bu siyasətin kökündə isə insan sağlamlığı dayanır və bütün bunlar bizim gələcəyimiz üçündür.

Biz izləyirik və görürük ki, Siz təkcə Sumqayıtda deyil, bütün bölgələrdə yeni xəstəxanalar açırsınız. Tovuzda, Ağcabədidə, Astarada, Cəlilabadda yeni səhiyyə müəssisələri istifadəyə verdiniz. Bu müəssisələr də yüksək standartlara cavab verir, həm memarlıq, həm təmizlik, həm keyfiyyət, həm gözəllik baxımından. Son on ildə 500-dən artıq səhiyyə müəssisəsi istifadəyə verilib. Bütün bunlar hamısı Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir.

Möhtərəm cənab Prezident. Siz hər birimiz üçün vətənpərvərlik nümunəsisiniz. Hər zaman çalışırsınız ki, istifadə etdiyimiz ərzaq, sənaye məhsulları ölkəmizdə istehsal olunsun, övladlarımız ölkəmizdə mükəmməl təhsil alsınlar, vətəndaşlarımıza yüksək keyfiyyətli tibbi xidmət göstərilsin. Biz həkimlər hər zaman çalışacağıq ki, öz biliyimizi, peşəkarlığımızı daim artıraq və ciddi, peşəkar həkim ordusu formalaşdıraq. Mən bir gənc kardioloq kimi, Sizi əmin edirəm ki, öz üzərimdə hər zaman çalışacağam. Xəstəxanamızda yaradılan bu şəraitdən şəhər sakinləri yararlanacaqlar, hər dəfə Sizin tövsiyə etdiyiniz kimi, ildə bir dəfə gəlib burada müayinədən keçəcəklər. Yaradılan bu şəraitə görə çox sağ olun.

Möhtərəm cənab Prezident. Biz, həmçinin sevimli Mehriban xanım Əliyevaya da dərin minnətdarlığımızı bildiririk. O öz çoxşaxəli fəaliyyəti ilə idman, səhiyyə, təhsil, mədəniyyət sahələrinə dəyərli töhfələr verir və hər zaman nümunəvi Azərbaycan xanımı obrazını təbliğ edir.

Siz, həmçinin Sumqayıtımızı da gözəlləşdirirsiniz. Parklarımız, özünüz qeyd etdiyiniz kimi, heç də Bakıdan geri qalmır. Yaradılan bu şəraitə görə şəhər sakinlərimiz adından Sizə dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü bildiririk.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Sonra Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, xəstəxana beşmərtəbəli əsas müalicə, üçmərtəbəli yoluxucu xəstəliklər korpuslarından və birmərtəbəli təsərrüfat binalarından ibarətdir. Buradakı şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır.

Qeyd edildi ki, 225 çarpayılıq xəstəxanada terapiya, otolorinqologiya, kardiologiya, yoluxucu xəstəliklər, nevrologiya, urologiya, nefrologiya, hemodializ, anesteziologiya-reanimatologiya, poliklinika və təcili yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin burada müalicə alması üçün hemodializ şöbəsi də fəaliyyət göstərəcəkdir. Eyni zamanda, xəstəxana indiyədək şəhərin dövlət tibb müəssisələrində olmayan və şəhər sakinlərinin dərin tibbi müayinəsi zamanı kəskin ehtiyac duyulan maqnit-rezonans tomoqrafiya aparatı ilə təchiz edilmişdir. Əsaslı təmirdən sonra xəstəxanada, həmçinin exokardioqrafiya kabineti, histoloji və virusoloji laboratoriyalar, şəhərin bütün stasionar tibb müəssisələrini təmin edə biləcək mərkəzləşmiş mətbəxin yaradılması nəzərdə tutulmuşdur.

Diqqətə çatdırıldı ki, xəstəxanada 550 tibb işçisi çalışacaqdır. Onların 100-ü həkim, 300-ü orta tibb işçisidir. Bu rəqəmlər özlüyündə Sumqayıt Şəhər Xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərir. Bütün bunlar həm də təsdiq edir ki, son illərdə səhiyyə sahəsində baş verən mühüm dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi avadanlığı ilə təmin olunmasıdır.

Müasir Azərbaycanı ən qabaqcıl texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq, ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, Sumqayıt Şəhər Doğum Evinin və qadın məsləhətxanasının binaları da əsaslı təmir olunmuşdur. 

Məlumat verildi ki, 1 nömrəli Şəhər Xəstəxanasında infrastruktur tamamilə yenilənmişdir. Xidmətdə fasilələr yaranmaması üçün transformator stansiyası və generatorlar quraşdırılmışdır. Yenidənqurma zamanı yeni qazanxana, içməli və yanğına qarşı su anbarları, nasos stansiyası, avtomobil dayanacağı tikilmişdir.

Prezident İlham Əliyev xəstəxanada xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo