10:09
PDF yükləyin
27 dekabr 2024, 10:09
-Bu gün çox əlamətdar bir gündür. Biz Bakı şəhərində Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan Tibb Universitetinin bütün professor-müəllim heyətini, bütün tələbələri təbrik edirəm.
Gözəl mərkəzdir, gözəl tibb ocağıdır. İndi mərkəzin müxtəlif bölmələri ilə tanış oldum. Bir daha görürəm ki, Azərbaycanda artıq səhiyyə sahəsində işlər ən yüksək səviyyədə görülür.
Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl daşını qoyduq. O vaxt - üç il bundan əvvəl Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb mərkəzi yaradılmışdır.
Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır.
O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə - ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır. Çünki Azərbaycan uğurla və sürətlə inkişaf edir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilir. O cümlədən, səhiyyə, təhsil sahələrində qarşıda duran vəzifələr icra edilir. Son illər ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilmişdir. Bu mərkəzlər ölkəmizin bütün bölgələrini əhatə edir. On beş şəhərdə diaqnostika mərkəzi yaradılmışdır. Bu gün demək olar ki, ölkəmizin hər bir yerində keyfiyyətli tibbi xidmət almaq üçün gözəl imkanlar vardır. Səhiyyənin maddi-texniki bazası möhkəmlənir, güclənir. Əminəm ki, yaxın bir-iki il ərzində artıq bütün şəhərlərimizdə ən gözəl klinikalar yaradılacaqdır.
Təkcə son iki həftə ərzində ölkəmizin bir neçə şəhərində müasir xəstəxanalar açılmışdır. Deyə bilərəm ki, bölgələrdə, rayonlarda istifadəyə verilmiş xəstəxanalar da ən müasir avadanlıqla təchiz edilir və ən yüksək standartlara malikdir.
Azərbaycan Tibb Universiteti ölkəmizdə həkim kadrların hazırlanmasında xüsusi rol oynayan ali məktəbdir. Bu ali məktəbin böyük tarixi, gözəl ənənələri və əminəm ki, gözəl gələcəyi vardır. Çünki bu gün müstəqil Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər artır, səhiyyənin maddi-texniki bazası möhkəmlənir. Belə olan halda əlbəttə ki, tibbi xidmətin səviyyəsi də artmalıdır.
Universitetdə çox böyük təcrübəyə, biliklərə malik olan professor-müəllim heyəti vardır. Əlbəttə ki, sizin bilikləriniz gənc nəslə ötürülür. Elə etməliyik ki, gənc nəsil, gənc həkimlər dünyada səhiyyə sahəsində gedən bütün prosesləri yaxından izləyə bilsinlər. Bunu etmək üçün burada imkanlar, kompyuter otaqları vardır. Əminəm ki, müxtəlif ali məktəblərlə canlı bağlantı da yaradıla bilər. Əməliyyatların izlənməsi üçün gözəl şərait vardır.
Beləliklə, bizim gənc həkimlərimiz dünyada səhiyyə sahəsində gedən bütün mütərəqqi yenilikləri bilməlidirlər. Çünki bu gün dünyada səhiyyə elmi çox sürətlə inkişaf edir. Siz həkimlər bunu hamıdan yaxşı bilirsiniz. Bu gün vaxtilə müalicəsi mümkün olmayan bir çox xəstəliklər əgər vaxtında aşkarlanarsa müalicə edilir. Diaqnostika cihazları, o cümlədən burada quraşdırılan kompyuter tomoqrafları, MRİ, müasir rentgenlər imkan verir ki, istənilən xəstəlik ilkin mərhələdə aşkarlansın və düzgün diaqnoz qoyulsun. Artıq bu cihazların mövcudluğu düzgün diaqnozun qoyulmasında da mühüm bir addımdır və əlbəttə ki, müalicə də düzgün aparılmalıdır.
Yəni, dünya səhiyyə elminin uğurlu inkişafı insanların sağlamlığına bilavasitə bir töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir. Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır.
Bu yaxınlarda mən təhsillə bağlı fikirlərimi bildirdim. Bir daha demək istəyirəm, elə etməliyik ki, bizim gənclər xaricə oxumağa getməyə ehtiyac duymasınlar. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək təhsil almaq üçün imkan olsun. Səhiyyə sahəsində də, həmçinin biz o səviyyəni əlbəttə ki, təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Çünki son illərdə səhiyyə sahəsində aparılan islahatlar uğurludur, bununla bərabər hələ çox iş görülməlidir.
Ancaq beynəlxalq təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. Bir müddət əvvəl Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi Azərbaycanda gedən islahatları vurğulamışdır.
Bir daha demək istəyirəm ki, son illərdə hər bir rayonda müasir xəstəxanalar, tibb mərkəzləri tikilir. O ki qaldı Bakıya, son illərdə Bakıda demək olar ki, əsas elmi-tədqiqat səhiyyə müəssisələrimiz yenidən qurulmuşdur, əsaslı təmir edilmişdir, bir neçə böyük xəstəxana tikilmişdir. Yəni, bu sahədə biz öz ardıcıl siyasətimizi davam etdirəcəyik.
İnsanların sağlamlığı dövlətimiz üçün prioritet məsələdir. Mənim bölgələrə səfərlərim zamanı açılan xəstəxanalar, su xətləri, ekologiya ilə bağlı digər tədbirlər bir məqsədi güdür - Azərbaycanda insan sağlamlığı qorunsun, keyfiyyətli müalicə almaq üçün imkan, şərait olsun. İndi bütün bölgələrdə və yaxın zamanlarda hər bir şəhərdə dializ mərkəzləri tam şəkildə fəaliyyətə başlayacaqdır. Əksər şəhərlərdə biz artıq buna nail olmuşuq. Biz bunun müsbət tərəfini görürük. Vaxtilə xəstələr 100 kilometrlərlə məsafəni qət etməli olurdular, böyük şəhərlərdə müalicə alırdılar. İndi hər bir bölgədə deyə bilərəm ki, təxminən hər bir şəhərdə müasir dializ mərkəzləri vardır. Ona görə insanların sağlamlığını təmin edən tibbi xidmət bu gün əlbəttə ki, daha da yüksək səviyyədədir. İnsan sağlamlığını şərtləndirən digər amillər Azərbaycanda əlbəttə ki, vardır. Bu sahəyə diqqət yetirilir. Statistik göstəricilər, - yəqin ki, həkimlər bunu hamıdan yaxşı bilirlər, - onu göstərir ki, Azərbaycanda insanların ömrünün uzunluğu artır, uşaq ölümü azalır. Bu, səhiyyənin səviyyəsini göstərən əsas amillərdən biridir.
Bir daha demək istəyirəm ki, Azərbaycan Tibb Universitetinin böyük tarixi, ənənələri, gözəl bu günü, gözəl gələcəyi vardır.
Deyə bilərəm ki, biz həkimlərin bütün xahişlərini çalışırıq ki, yerinə yetirək. Belə gözəl klinikalar həm tədris, tibb mərkəzləridir, eyni zamanda, həkimlərin iş yeridir. Hər yerdə, hər şəhərdə, hər rayonda həkimlərin iş yeri də bax, belə olmalıdır.
Bir daha qeyd etmək istəyirəm ki, bu gözəl klinikanın açılışı böyük əlamətdar hadisədir. Mən çox şadam ki, son illərdə biz sizinlə bərabər bu gözəl hadisələri qeyd etmişik. Tibb Universitetinin ardıcıllıqla klinikaları yaradılır. 2002-ci ildə stomatoloji, 2007-ci ildə onkoloji, 2010-cu ildə terapevtik klinikaları açılmışdır və indi cərrahiyyə klinikası artıq fəaliyyətə başlayır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm.
PDF yükləyin
27 dekabr 2024, 10:09PDF yükləyin
27 dekabr 2024, 10:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya...
26 dekabr 2024, 19:53Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və...
26 dekabr 2024, 18:57Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Məhəmməd Şahbaz Şərif təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı...
26 dekabr 2024, 18:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni və...
26 dekabr 2024, 18:52Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması...
26 dekabr 2024, 18:11Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli surətdə həlak olmaları xəbərindən...
26 dekabr 2024, 17:42Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Dekabrın 25-də “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin qəzaya uğraması xəbəri Tatarıstan Respublikasında dərin...
26 dekabr 2024, 17:38Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı...
26 dekabr 2024, 16:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı dəhşətli xəbər bizi...
26 dekabr 2024, 16:12Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı xəbərini...
26 dekabr 2024, 15:28