İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

10 sentyabr 2013, 17:10
İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən salamlayıram. Bu gün Naftalan şəhərində əlamətdar hadisə baş verir - içməli su layihəsinin açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, bu layihə Naftalan sakinləri üçün çox önəmli olacaqdır.

Azərbaycanda hər bir yerdə içməli su layihələri icra edilir. Müxtəlif şəhərlərdə biz artıq içməli suyun verilməsinə nail ola bilmişik. Bəzi yerlərdə icra edilir, bəzi yerlərdə isə hazırlıq işləri gedir. Ancaq bu önəmli layihələrin icra edilməsi tam şəkildə təmin ediləcəkdir. İçməli su insanın sağlamlığı üçün əsas amildir. Dövlət hesabına icra edilən bu layihələr insanların sağlamlığına böyük bir töhfədir, güclü sosial siyasətin əlamətidir. Bildiyiniz kimi, mən son aylar, həftələr ərzində ölkəmizin müxtəlif yerlərində içməli su, kanalizasiya layihələrinin açılışlarında iştirak edirəm. Bu gün Naftalanda da bu gözəl hadisə baş verir. Əminəm ki, biz yaxın zamanlarda bütün şəhərlərimizdə təmiz içməli suyun verilməsinə nail olacağıq. Bir daha demək istəyirəm ki, bu, sırf insanların sağlamlığına verilən töhfədir. Ancaq yəqin bilirsiniz ki, bu layihələr böyük vəsait tələb edir. Azərbaycan dövləti dövlət büdcəsi hesabına bu vəsaiti ayırır ki, insanlar sağlam olsunlar, xəstələnməsinlər və təmiz içməli su ilə təmin edilsinlər. Standartlar da ən yüksək səviyyədədir. Bütün işlər Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə görülür. Beləliklə, bu vacib infrastruktur layihəsi Naftalanda icra edilmiş olur.

Şəhərdə digər infrastruktur layihələri uğurla icra edilir - yollar çəkilir. Naftalanda qazlaşdırma 100 faiz təmin edilmişdir. Yəni, bir dənə də olsun qazlaşdırılmayan yer yoxdur. Bu da önəmli hadisədir. Növbəti illərdə şəhərin inkişafı üçün əlavə tədbirlərin görülməsi də nəzərdə tutulur.

Bu, mənim Naftalana üçüncü səfərimdir. Çox şadam ki, şəhərdə böyük abadlıq işləri aparılır. Bu meydan tamamilə yeni görkəm almışdır. Gözəl Heydər Əliyev Mərkəzi tikilmişdir. İndi onun açılışını edəcəyik. Şəhərin abadlaşması, küçələrin salınması, parkların yaradılması məni sevindirir, xüsusilə Naftalan kimi gözəl təbiəti olan bir yerdə. Vaxtilə burada şəhər planlaşdırılanda şəhərsalma işləri çox böyük məharətlə aparılmışdır. Ona görə, sadəcə olaraq indiki dövrdə biz vaxtilə yararsız vəziyyətə düşmüş binaları bərpa etməliyik. Bütün xiyabanları, yolları abadlaşdırmalıyıq və şəhəri dünya səviyyəli, ən müasir şəhərlər sırasına daxil etməliyik.

Vaxtilə, bildiyiniz kimi, Naftalan ümumittifaq kurortu olmuşdur. Burada fəaliyyət göstərən sanatoriyalar on minlərlə insana xidmət edirdi. Sovet İttifaqının müxtəlif yerlərindən buraya böyük bir axın var idi. Naftalan məhz buna görə vaxtilə şəhər statusu almışdı. Ondan sonra, bildiyiniz kimi, bu sahə bir qədər geridə qalmışdı. Erməni işğalından əziyyət çəkən köçkünlər buraya köçmüşlər. Bütün sanatoriyalarda onlar məskunlaşmışlar. Bu da təbiidir. Çünki ilk növbədə, ən ağır vəziyyətdə olan soydaşlarımızın problemləri həll olunmalı idi. Ancaq bu gün bu problem də həll olunmuşdur. Vaxtilə Naftalanda məskunlaşmış köçkünləri biz yeni evlərlə, mənzillərlə təmin etdik və boşaldılan sanatoriyalarda indi yeni otellər yaradılır.

Yeni istirahət mərkəzləri açılır. Keçən dəfə burada olarkən biz “Çinar” və “Qaşaltı” sanatoriyalarının açılışını qeyd etdik. Bu gün isə “Qarabağ” sanatoriyasının təmiri ilə tanış olacağam. Çox şadam ki, mənim vaxtilə dediyim sözlər, təkliflər reallaşır. Mən demişdim ki, vaxtilə fəaliyyət göstərmiş bütün sanatoriyalar yenidən qurulmalıdır, bərpa edilməlidir.

Harada bərpa işləri mümkün deyil, yenidən tikilməlidir və biz Naftalanı artıq dünya səviyyəli beynəlxalq kurort şəhərinə çevirməliyik. Buna tədricən nail oluruq. Çünki artıq “Qarabağ” sanatoriyası, daha doğrusu, yeni “Qarabağ” oteli işə düşəndən sonra burada artıq üç böyük istirahət mərkəzi olacaqdır ki, onların üçü də ən yüksək dünya standartlarına cavab verir. Beləliklə, biz Naftalanın keçmiş şöhrətini daha da yüksək səviyyədə, daha da müasir və keyfiyyətli səviyyədə bərpa edəcəyik. Bununla yanaşı, əlbəttə ki, şəhərin bütün başqa infrastruktur layihələri də öz həllini tapmalıdır və tapır.

Dediyim kimi, qazlaşdırma 100 faiz, içməli su təmin edilir. Burada çoxlu yaşayış binası vardır. Onların hamısı təmir ediləcəkdir. Bir neçəsi artıq təmir edilib. Burada bir dənə də olsun təmirsiz bina olmayacaqdır.

Naftalan böyük şəhər deyildir. Əhalinin sayı təxminən 9 mindən çoxdur. Ona görə, burada bütün strategiyamız 100 faiz reallaşacaqdır və reallaşır, özü də qısa müddət ərzində. Burada sosial infrastrukturun yaradılması istiqamətində işlər görülür. Uşaq bağçası tikilmişdir. Məktəblər təmir olunmalıdır və eyni zamanda, şəhər xəstəxanasının da təmirinə ehtiyac vardır. Yəqin ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaqdır. Bir sözlə, şəhərin inkişafı üçün bundan sonra da bütün lazımi tədbirlər görüləcəkdir, dövlət vəsaiti ayrılacaqdır.

Bir daha demək istəyirəm ki, Naftalan Azərbaycanda artıq turizm mərkəzlərindən birinə çevrilir. Ümumiyyətlə, ölkəmizdə turizmin inkişafı üçün böyük potensial vardır. Ölkəmiz çox gözəl ölkədir, gözəl təbiəti, iqlimi vardır. Görməli yerlər çoxdur.

Artıq Azərbaycanda bir neçə turizm mərkəzi formalaşır. Əlbəttə ki, birinci mərkəz Bakı şəhəridir. Bakı şəhərində son iki il ərzində beşulduzlu altı otel istifadəyə verilmişdir. Heç bir başqa şəhərdə iki il ərzində beşulduzlu altı otel açılmır.

Naftalanda artıq üçüncü otel təmir edilir. “Şahdağ” kurort zonasında altı otel fəaliyyət göstərəcəkdir. Üç beşulduzlu otel bu mövsüm üçün hazır olacaqdır.

Qəbələ turizm mərkəzinə çevrilibdir. Şəki, Lənkəran, Qalaaltı - vaxtilə o da məşhur bir turizm yeri idi. Orada müalicəvi su böyük əhəmiyyətə malikdir. Ora da bərpa edilir. Yəni, ölkəmizin müxtəlif yerlərində istənilən müalicəni almaq üçün imkanlar vardır. Yeni infrastruktur yarandıqda əlbəttə ki, turistlərin sayı daha da artacaqdır.

Bildiyimə görə, fəaliyyət göstərən yeni otellərə artıq turistlərin gəlişi artır. Daha da artacaqdır. Yəni, burada daha çox reklam işi düzgün qurulmalıdır. Çünki indi dünyada turistləri cəlb etmək üçün ölkələr arasında rəqabət gedir. Yəni, turistlərin gəlişi, əlbəttə ki, hər bir ölkənin iqtisadiyyatına bir töhfə olur. Mən inanıram ki, yaxın gələcəkdə Naftalan haqqında dünyada çox geniş məlumat olacaqdır. Əlbəttə ki, burada xidmətin səviyyəsi yüksək və bütün infrastruktur gözəl olmalıdır. Hər şey gözəl olmalıdır. Müasir, yüksək səviyyədə, necə ki, Azərbaycanın hər bir yerində biz buna nail oluruq. Bu layihə isə bir daha demək istəyirəm ki, sırf sosial məna daşıyır, insanların sağlamlığı, rahatlığı və xoşbəxt gələcəyi üçün.

Bir daha sizi ürəkdən salamlayıram. Bu gözəl hadisə münasibətilə təbrik edirəm.

X X X

Prezident İlham Əliyevə şəhərin inkişafına göstərdiyi diqqətə görə minnətdarlığını çatdıran Naftalan Sanatoriya-Kurort Birliyinin baş həkimi Hatəm QOCAYEV dedi:

- Cənab Prezident, şəhərimizə xoş gəlmisiniz. Bizim şəhərə növbəti səfərinizdir. İnfrastrukturumuz nə qədər dəyişibdir.

Prezident İlham ƏLİYEV: Çox dəyişib. Bu meydanı tanımaq mümkün deyildir. Mən birinci dəfə gələndə tam başqa cür idi.

Burada balaca bir muzey var idi. Bax, meydan bu cür deyildi. İndi ən gözəl meydanlardan biridir. O tərəfə də getmişdik.

Orada küçələr o vaxt salınmışdı.

Hatəm QOCAYEV: Bəli. İndi şəhərdə hər şey dəyişib. Çox gözəldir. Yeni sanatoriyalar tikilib istifadəyə verilmişdir. Çox yaxşı haldır ki, biz bu gün ən mötəbər qonaqları qəbul edə bilirik, cənab Prezident. Müalicəyə gələnlərin sayı gündən-günə artır.

Prezident İlham ƏLİYEV: Daha çox haradan gəlirlər? Xaricdən, yoxsa Azərbaycandan?

Hatəm QOCAYEV: Xaricdən də gələnlər vardır. Keçən il altı ayda üç mindən çox adam müalicəyə gəlmişdi. Bu ilin altı ayında artıq altı mini keçib.

Prezident İlham ƏLİYEV: Altı ayda altı min.

Hatəm QOCAYEV: Bəli, bunların 1500 nəfərə yaxını xarici vətəndaşlardır.

Prezident İlham ƏLİYEV: Sovet dövründə təxminən 50-60 min nəfər gəlirdi.

Hatəm QOCAYEV: Bəli, 75 minə qədər gəlirdi.

Prezident İlham ƏLİYEV: O vaxt yollayışlar var idi. İnsanlar yollayışlara pul ödəmədən gəlirdilər. İndi gələnlər pul ödəyirlər.

Hatəm QOCAYEV: Pul ödəyirlər, əlbəttə. Bu, çox böyük işdir, cənab Prezident. Allah Sizə cansağlığı versin. Bunlar Sizin sayənizdə, Sizin göstərişinizlə olur. Yeni “Qarabağ” sanatoriyası da tikilir.

Prezident İlham ƏLİYEV: Bu, həm də burada yaşayanlar üçün iş yerləridir.

Hatəm QOCAYEV: Bəli. Əlbəttə iş yerləridir. İnsanların rifah halı artıb. Naftalanda demək olar ki, işsizlik yoxdur.

Prezident İlham ƏLİYEV: Mənim yadımdadır ki, birinci dəfə buraya gələndə vəziyyət o qədər də ürəkaçan deyildi. Şəhər yarıdağılmış vəziyyətdə idi. Bütün binalar, küçələr bərbad idi, işıq yox idi. Elə bil ki, dağılmış bir şəhərə gəlmişdim.
Hatəm QOCAYEV: İndi heç bir problemimiz yoxdur.

Prezident İlham ƏLİYEV: Amma indi gördüm ki, nə qədər gözəl şəhər olubdur. Necə düzgün planlaşdırılıbdır. Mən özüm də çıxışımda dedim ki, burada şəhərsalma düzgün aparılmışdır. Sadəcə olaraq, biz onları bərpa etməli, yeni infrastrukturla müasir səviyyəyə gətirməli idik. Bu gün hələ bir neçə bina vardır ki, şəhərin ümumi inkişafına uyğun gəlmir. Amma yəqin ki, investorlar bu binaları da təmir edəcəklər. Çünki burada bir dənə də yararsız bina olmamalıdır.

Hatəm QOCAYEV: Çox sağ olun, cənab Prezident. Sizə minnətdarıq. Sizin diqqətiniz sayəsində. Bu, göstərir ki, Siz xalqımıza nə qədər diqqət göstərirsiniz. Allah Sizə cansağlığı versin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

“Qaşaltı” sanatoriyasının həkimi Şahin BABAYEV Prezident İlham Əliyevə Naftalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edərək dedi:

- Möhtərəm cənab Prezident. Bir az öncə söylədiyiniz kimi, bu gün gözəl bir layihə həyata keçirilir. Şəhərimiz hər zaman içməli sudan çox əziyyət çəkirdi. Gün ərzində 3-4 saat fasilələrlə içməli su verilirdi. Sizin diqqət və qayğınız nəticəsində çox qısa bir zamanda şəhərimizə içməli bulaq suyu çəkildi. Artıq şəhər əhalisi 24 saat ərzində daimi olaraq içməli su ilə təmin olunur.

Bir daha bütün naftalanlılar adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Naftalan durmadan inkişaf edir, bütün bölgəmizdə gedən inkişaf kimi. Bu, bir reallıqdır, bizi sevindirir. Sevindirir ona görə ki, ölkəmizin taleyi Sizinlə bağlıdır. Bir daha Sizə təşəkkür edirik. Allah Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsini əks etdirən stendlərə baxdı.

“Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirdi ki, burada su təchizatı və kanalizasiya sistemləri 1970-ci illərdə yaradılmışdır. Şəhərə içməli su Çəkil kəhrizindən və subartezian quyulardan verilir. Naftalanda su şəbəkəsinin uzunluğu 47 kilometrdir. 16 kilometrlik kanalizasiya şəbəkəsi şəhərin kiçik bir hissəsini əhatə edir və istismara yararsızdır.

Naftalan şəhəri əhalisinin sayı 9 min nəfərdir və onların 81 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur. Şəhər əhalisinə içməli su sutkada 4-5 saatlıq qrafik əsasında verilir. “Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilir.

Qeyd olundu ki, layihə 2035-ci ilə - perspektiv inkişaf nəzərə alınmaqla Naftalan şəhərində 9,8 min, Qasımbəyli və Qaşaltı-Qaraqoyunlu kəndlərində isə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanmışdır. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su yeni mənbədən - Ballıqayadan verilir. Şəhərin dayanıqlı su təchizatı üçün Ballıqaya-Goranboy kəmərindən 8 kilometr uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3 min kubmetr olan iki anbar tikilmişdir. Layihəyə əsasən, şəhərə saniyədə 54 litr su gətirilir ki, bu da istehlakçıların tələbatını tam ödəməyə imkan verir. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 33 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də yaradılacaqdır. İndiyə qədər kanalizasiya şəbəkəsinin 10 kilometrlik hissəsində işlər başa çatdırılmışdır. Tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan çirkab su təmizləyici qurğu inşa olunacaqdır. Layihə üzrə işlərin 2015-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34