İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur

10 sentyabr 2013, 15:10
İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur.

Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 866 məcburi köçkün ailəsi üçün Bərdədə salınan yeni məhəllədə yaradılan şərait də təsdiqləyir.

Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, son 10 ildə 1,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 61 müasir qəsəbə salınmış, 25,5 min ailə və ya 129 min nəfərdən çох məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu da indiyədək yeni salınan qəsəbələrə köçürülənlərin 81 faizini təşkil edir. Yeni qəsəbələrin salınmasına Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 547 milyon manat ayrılmışdır ki, bu da ümumilikdə bu məqsədlərə ayrılan vəsaitin 97,6 faizini təşkil edir. Yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmişdir. Minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 82 müasir qəsəbə salınmış, 33 min ailə və ya 159 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ümumilikdə 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunmuşdur. Bu vəsaitin 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Həmin vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı son 10 ildə istifadə olunmuşdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ildəkinə nisbətən 9 dəfə çoxdur.

Dövlət başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır.

Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış oldu.

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir.

Bağça ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olundu. Həyətyanı sahədə də abadlıq tədbirləri görülmüş, uşaqlar üçün xüsusi guşələr yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər quraşdırılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur.

Dövlət başçısı məhəllənin baş planı ilə tanış oldu.

Bildirildi ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur.

Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılmış və bu ilin sentyabrında başa çatdırılmışdır.

Məktəblə tanışlıq zamanı qeyd olundu ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə özünəməxsusluğu ilə diqqəti çəkir.

Dövlət başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində oldu.

Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Mənzildə hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət etdi.

Ev sahibi Səfurə HÜSEYNOVA: Xoş gəlmisiniz, cənab Prezident! Sizə çox minnətdarıq. Siz bizə yenidən həyat vermisiniz.
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Sizi təbrik edirəm. Burada gözəl şərait yaradılıbdır, böyük şəhərcik tikilibdir.

Burada dörd min köçkün bax bu gözəl şəraitdə yaşayacaqdır. Dörd min köçkünün vəziyyəti yaxşılaşır. Dövlət siyasəti aparılır. Dövlət öz hesabına köçkünləri yerləşdirir, yeni binalar, məktəblər tikilir. Burada indi tanış oldum, gözəl məktəb, uşaq bağçası, gözəl, yaraşıqlı evlər, geniş otaqlar - bütün şərait yaradılır.

Bildiyiniz kimi, hər il Azərbaycanda 20 min köçkün yeni evlərə, mənzillərə köçürülür. Yəni, hər il Azərbaycanda köçkünlər üçün orta həcmli şəhər boyda şəhərcik tikilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Ancaq Azərbaycan dövləti bunu edir. Hər il Dövlət Neft Fondundan sırf tikinti məqsədləri üçün 300 milyon manat vəsait ayrılır. Eyni zamanda, il ərzində Prezidentin ehtiyat fondundan da müəyyən vəsait ayrılır ki, köçkünləri daha gözəl şəraitlə təmin edək. Əminəm ki, bu proses gələcək illərdə də davam etdiriləcəkdir. Hələ öz növbəsini gözləyən köçkünlər çoxdur, o cümlədən Bərdə rayonunda. Burada dörd min köçkün yaşayacaqdır. Amma təkcə Bərdə rayonunda mənzil şəraiti yaxşı olmayan köçkünlərin sayı 30 mindən çoxdur. Onların da şəraiti yaxşılaşdırılacaqdır. İndi biz əlimizdən gələni edirik ki, tezliklə köçkünləri gözəl şəraitlə təmin edək, Bakıda da, rayonlarda da. Evlərə, mənzillərə təxminən 180 min köçkün köçürülüb. Ancaq hələ də məktəblərdə yaşayanlar vardır. Bax burada yaşayan insanlar əvvəllər məktəbdə yaşamışlar. İndi Bərdə rayonunun bütün məktəbləri boşalır, köçkünlər köçürülür, amma digər rayonlarda hələ məktəblərdə yaşayanlar vardır.

Bakının özündə, Sumqayıtda uşaq bağçalarında yaşayanlar vardır. Tədricən bu məsələlər də öz həllini tapacaq və müvəqqəti də olsa sizin məişət probleminiz həll olunacaqdır.

Ancaq əsas məsələ ondadır ki, biz köçkünlərimizi öz dədə-baba torpaqlarına köçürək. Əminəm ki, biz onu da həll edəcəyik, çünki başqa yol ola bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcəkdir. Bu məsələ ölkəmiz, xalqımız üçün ən vacib məsələdir. Bu ədalətsizliyə son qoyulmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Haqq-ədalət bərpa edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Bu gün artan iqtisadi, hərbi gücümüz bunu təmin edəcəkdir. Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək, köçkünlər Dağlıq Qarabağa, digər torpaqlara qayıdacaqlar. Ondan sonra Dağlıq Qarabağda, Xankəndidə, Şuşada Ağdamda, digər şəhərlərdə bundan da gözəl binalar tikiləcəkdir.

Səfurə HÜSEYNOVA: Ancaq Sizin sayənizdə bu arzumuza çata bilərik, cənab Prezident. Çox sağ olun. Sizə minnətdaram. Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin. Sizin ayağınız çox ruzilidir. Mən inanıram ki, Sizin ayağınız bu evə dəyibsə biz daha da firavan həyat sürəcəyik. Fürsətdən istifadə edib balanızın, - o, bizim də balamızdır, - Heydərin ali məktəbə daxil olması münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, o, babasının və Sizin davamçınız olsun. Biz Sizi çox sevirik. Siz öz balanızın məhz Azərbaycanda təhsil almasını istədiniz. Sizə bu sadəliyinizə, səmimiyyətinizə görə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun, bu, doğrudan da vacib məsələdir. Mən çox istəyirəm ki, Azərbaycan gəncləri Azərbaycanda təhsil alsınlar. Mənim oğlum da orada məktəbdə Bakıda oxuyub, ali məktəbdə də Azərbaycanda oxuyacaqdır. Düzdür, mənim bir neçə il bundan əvvəlki təşəbbüsümlə biz gəncləri oxumaq üçün xaricə göndəririk, vəsait də ayrılır. Bu binaların tikintisi üçün vəsait ayıran Dövlət Neft Fondu, eyni zamanda, xaricdə təhsil almaq üçün hər il təxminən 30 milyon manat vəsait ayırır.

Gənclər də gedib xaricdə oxuyurlar. Mən bunu alqışlayıram. Ancaq o vaxt da demişəm, bu gün də demək istəyirəm və öz nümunəmlə bunu təsdiq edirəm ki, elə şərait yaratmalıyıq ki, uşaqlar Azərbaycanda təhsil alsınlar. Azərbaycanda təhsilin səviyyəsi elə yüksək olmalıdır ki, heç kim daha xaricə getməsin, buna ehtiyac olmasın. Tədricən biz bu məqsədlərə də çatırıq. Əlbəttə, mən şadam ki, Prezident kimi bu sahədə də hesab edirəm, bir yol göstərirəm. Xaricdə oxumağın müsbət tərəfləri kimi, mənfi tərəfləri də vardır. Uşaqlar Vətəndən, ailələrindən ayrılırlar, başqa mühitdə yaşayırlar. Biz isə çalışmalıyıq təhsilin səviyyəsi elə yüksək olsun ki, bu uşaqlar, tələbələr Azərbaycanda oxusunlar, necə deyərlər, öz milli köklərindən ayrılmasınlar, milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Bax sizin balalarınız da indi bu gözəl məktəbdə oxuyacaqlar. Yaxşı oxusalar, ali məktəbə qəbul olunacaqlar. Bizə vətənpərvər gənclər lazımdır.

Səfurə HÜSEYNOVA: Balaca Heydərimiz bütün gənclərə sübut etdi ki, Azərbaycanda təhsil almaq lazımdır. Bəzən bu gənclər Bakıya gedirlər, mən təəccüb edirəm ki, nəyə görə?! Prezidentimiz bütün rayonları abadlaşdırıb. O cümlədən Ağdamımızın kiçik bir kəndini böyük bir şəhərə çevirib. Allah atanıza rəhmət etsin. Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə dua edirəm ki, Allah, Prezidentimizi qoru!

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən Ağdam rayonunda da dəfələrlə olmuşam. Orada da quruculuq, abadlıq işləri aparılır. Quzanlı kəndi indi şəhər olmuşdur. Orada infrastruktur layihələri həyata keçirilib, sosial obyektlər, xəstəxana, idman qurğuları, yollar tikilib, qaz xətləri çəkilib. Ağdam rayonunun işğaldan azad olunan yerlərində qəsəbələr tikilmişdir.

Ağdam rayonunun sakinlərinin təxminən yarısı, bəlkə də yarıdan çoxu yeni qəsəbələrdə yaşayır. Ağdam şəhəri azad olunandan sonra biz onu yenidən quracağıq. Çünki vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Ağdamın indiki görüntüləri, şəkillər, videogörüntülər vardır. Şəhəri yerlə-yeksan etmək görünməmiş bir vəhşilikdir. Bizim tarixi abidələrimiz, məscidlərimiz, tarixi yerlərimiz dağıdılıb, talan edilib. Bunu kim edib? Ermənilər - vəhşilər ediblər.

Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaqdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır.

Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik. Ondan sonra demoqrafiya məsələləri vardır. Mən bu məsələni dəfələrlə vurğulamışam. Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?!

Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş vardır. Ermənistanda isə azalıbdır. İndi iki milyondan azdır. İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar. Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaqdır. İndi təmas xəttində bizim mövqelərimiz qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini təmas xəttini qorumaq üçün canlı qüvvə yoxdur. Boşluqlar vardır. Bu proses tədricən daha da sürətlə gedəcəkdir. Çünki həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı müəyyən qədər təcrid vəziyyətində saxlayırıq. Tam təcrid deyil, çünki onların digər qonşularla sərhədləri açıqdır. Ancaq Azərbaycan və Türkiyə sərhədləri bağlı olduğu üçün bu, müəyyən mənada onlara ciddi iqtisadi zərbədir. Əlbəttə ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət belə olacaqdır, belə də olmalıdır.

Səfurə HÜSEYNOVA: Bizim Sizin kimi Prezidentimiz vardır. Prezidentlərdən ən birincisi Sizsiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən çalışıram ki, xalqın etimadını doğruldum və xalq üçün çalışım.

Səfurə HÜSEYNOVA: Cənab Prezident, Siz ailəliklə Azərbaycan üçün işləyirsiniz. Biz Leyla Əliyeva ilə, Mehriban xanımla fəxr edirik ki, bütün ailə üzvləriniz ancaq Azərbaycan xalqı üçün, Azərbaycanın inkişafı üçün çalışır. Azərbaycan artıq Avropa dövlətlərini keçibdir.

Prezident İlham ƏLİYEV: Bu yaxınlarda Dünya İqtisadi Forumu yeni bir hesabat dərc edib. Orada ölkələrin rəqabətqabiliyyətliliyi əks olunur. Azərbaycan dünya miqyasında 39-cu yerdədir, bu gün çox inkişaf etmiş ölkələri geridə buraxıb. MDB məkanında birincidir, dünya miqyasında 39-cudur. Bax, budur bugünkü reallıq. Hər bir vətəndaş, hər bir ailə üzvü, mən dəfələrlə deyirəm, bir məqsədə qulluq etməlidir ki, ölkə daha da güclü olsun, müstəqillik daha da möhkəm olsun, iqtisadiyyat daha da artsın və biz tezliklə işğala son qoyaq. Mən çox şadam və fəxr edirəm ki, mənim ailə üzvlərim bu işdə fəal iştirak edirlər. Leylanı qeyd etdiniz. Onun təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası bütün dünyada nəyə gətirib çıxardı?!

Artıq beş ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Yəni, bu, “Xocalıya ədalət” kampaniyasının nəticəsidir.

Çünki bu, bir ictimai hərəkat idi. Ondan sonra, mən açığını deməliyəm, dövlət qurumları - nazirliklər, diaspor təşkilatları da bu ictimai hərəkata qoşuldu və böyük bir hərəkat yarandı.

Müxtəlif ölkələrə məktublar, təqdimatlar göndərildi. Bu gün artıq bu proses gedir. Xocalı qırğınını soyqırımı kimi tanıyan ölkələrin sayı getdikcə artacaqdır. Biz düşmənə hər tərəfdən təzyiq etməliyik, iqtisadi, siyasi, hərbi, ictimai, bütün istiqamətlərdən öz siyasətimizi aparacağıq. Çünki bizim bir əsas məqsədimiz vardır: ərazi bütövlüyümüzün bərpası, köçkünlərin öz doğma torpaqlarına qayıtması və tarixi ədalətin bərpası.

Hər bir vəzifəli şəxs, vəzifəsindən asılı olmayaraq, öz davranışı, addımları ilə yol göstərməlidir. Əgər dövlət o məsuliyyəti onun üzərinə qoyursa, yaxud da ki, Prezident öz qərarı ilə onu bir vəzifəyə təyin edirsə, o cəmiyyət üçün bir nümunə olmalıdır. Yəni, rəhbər kadrlar nümunə olmalıdırlar. Hər sahədə öz işi, bacarığı, insanlara olan münasibəti, şəxsi nümunəsi ilə yol göstərməlidir. Belə olmalıdır. Belə olmasa, onda onlar o yerlərdə olmamalıdırlar.

Bir daha demək istəyirəm, mən elə özüm dövlət başçısı kimi təşəbbüs irəli sürdüm ki, xaricdə oxumaq üçün belə bir proqram icra edilsin. Ancaq indiki mərhələdə hesab edirəm ki, yeni bir yol, yanaşma olmalıdır. Əminəm ki, vəzifəli şəxslər bundan ibrət götürəcəklər.

Səfurə HÜSEYNOVA: Cənab Prezident, biz Sizin çıxışınıza həmişə baxırıq. Sizinlə fəxr edirik. Sizi televizorda görəndə elə bilirik ki, bütün dünyanı bizə bəxş edirsiniz. Sizin öz ad günlərinizi xalq içində keçirməyiniz hamıya nümunədir. Hamı nümunə götürsün. Dəbdəbəli toylar edirlər. Onun da haqqında danışmısınız. Sizin bu addımlarınız o qədər ürəyimizcədir ki!

Prezident İlham ƏLİYEV: Belə də olmalıdır. Bilirsiniz, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır.

Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm. Ona görə, hesab edirəm ki, bu da dərs oldu. Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları, ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları vardır. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olubdur. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar.

Mən sizə minnətdarlığımı bildirirəm. Siz böyük qəhrəmanlıq göstərmisiniz. Siz təkbaşına övladlar böyütmüsünüz. Buna görə sizə minnətdaram. Burada rahat yaşayın və əminəm ki, gün gələcək biz sizinlə Ağdamda görüşəcəyik.

Səfurə HÜSEYNOVA: İnşallah. Bircə arzumuz budur. Ulu Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34