İlham Əliyev Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak etmişdir

17 avqust 2013, 16:00
İlham Əliyev Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Zaqatala şəhərinə suyun verilməsi mərasimində iştirak etmişdir.

Azərbaycan dövləti regionlarda əhalinin güzəranı və rifah halının yaxşılaşdırılması, sahibkarlığın daha da inkişafı üçün yeni imkanların yaradılması baxımından sosial problemlərin həllinə diqqəti artırır. Bu baxımdan ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır.

Dövlətimizin başçısı əvvəlcə Zaqatala rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Əlamətdar hadisə münasibətilə onları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Bu gün biz Zaqatalanın su layihəsinin açılışını qeyd edirik. Təbrik edirəm sizi. Bununla da Zaqatalanın su problemləri tamamilə həll olunur. Mənə verilən məlumata görə artıq 24 saat təmiz içməli su verilməyə başlamışdır. Böyük layihədir, sosial məna daşıyır. Əlbəttə ki, bütün işlər insanların rahatlığı üçün görülür. Su layihələri indi ölkəmizin müxtəlif yerlərində icra edilir. Bu günlərdə biz bir neçə şəhərin su layihəsini istifadəyə vermişik. Proses davam edir. Növbə Zaqatalaya çatmışdır.

Bu layihənin icra edilməsi əlbəttə ki, sakinlər üçün bir hədiyyədir. Yəqin ki, başqa yerlərdəki kimi, burada da su fasilələrlə verilirdi. Gündə bəlkə də bir neçə saat. Özü də o qədər də keyfiyyətli deyildi. Amma indi 24 saat keyfiyyətli su verilir. İndi görülən işləri bizə təqdim edəcəklər. Çox gözəl hadisədir. Çox böyük məna daşıyır. Sosial məna daşıyır. Eyni zamanda, ölkəmizin ümumi inkişafını göstərir. Həmçinin mən bu gün Zaqatalanın yeni layihələri ilə də tanış oluram. Görürəm ki, quruculuq işləri aparılır. Binalar bərpa olunur. Binaların tarixi görkəmi qaytarılır. Bu park tamamilə yenidən qurulubdur. Gözəl istirahət zonasıdır.

Digər layihələr icra edilir. Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. İçməli su layihəsinin icrasından sonra qazlaşdırma olacaqdır. Hələ ki, lazımi səviyyədə deyildir. Biz çalışmalıyıq ki, Zaqatalanın qazlaşdırılmasını təqribən 90-95 faiz təmin edək. Yəqin ki, növbəti bir il ərzində biz buna da nail ola biləcəyik. Kənd yollarının tikintisi gedir. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Bundan sonra da ayıracağıq. Çünki bu layihələr hər bir şəhərdə, hər bir rayonda icra edilir. Ona görə də vəsait məsələsi vardır. Ancaq çalışırıq ki, hər bir rayonda heç olmasa bir-iki layihə tezliklə icra edilsin və sonra təbii ki, biz bu layihələrin geniş vüsət almasına nail olacağıq.

Zəlzələdən sonra burada bərpa işləri uğurla gedir, 20-yə yaxın məktəb yenidən tikilir. Bəziləri tikilib və yaxud da indi tikinti gedir. Binalar bərpa edilir. İndi mənə verilən məlumata görə, 3388 ev tikilibdir. Özü də bir il ərzində. İnanılmaz bir nailiyyətdir.

Bir ildə demək olar ki, böyük bir qəsəbə, şəhər boyda işlər görülübdür bir rayonda. Özü də qonşu rayonlarda da bu işlər görülür - Balakəndə, Qaxda, Şəkidə. Düzdür, Zaqatala daha çox dağıntılara məruz qalmışdır. Ona görə də burada bu işlər gedir və əminəm ki, yaxın zamanlarda qalan evlər də ya təmir olunacaq, ya da yenidən tikiləcək ki, vətəndaşlar tezliklə yeni evlərə köçsünlər.

Əlbəttə ki, zəlzələ böyük təbii fəlakətdir. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə, heç bir faciə baş verməmişdir. Ancaq insanların evləri dağılmışdır və xatırlayıram, o vaxt burada olarkən demişdim ki, daha da gözəl evlər tikiləcək, geniş və möhkəm. Əvvəlki evlərin çoxu o qədər də keyfiyyətli olmayan materiallardan tikilmişdir. Amma indi möhkəm evlərdir, artıq Allah eləməsin, zəlzələ baş verərsə, o evlərə heç bir xətər dəyməz. Bu, Azərbaycan dövlətinin siyasətidir, öz vətəndaşına olan münasibətidir və bir daha göstərir ki, Azərbaycan sosial dövlətdir.

Sosial dövlət o deməkdir ki, dövlətin siyasətinin mərkəzində insan dayanır. Hər şey insanlar üçün, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır və biz bunu Zaqatala rayonunun timsalında da görürük. Əvvəlki dövrlərdə buraya böyük investisiyalar qoyulmuşdur. Olimpiya Kompleksi, stadion, diaqnostika mərkəzi, digər layihələr. Bu gün Heydər Əliyev Mərkəzinin tikintisi ilə tanış oluram. Uşaq bağçası və nəhayət içməli su layihəsi də icra edilir.

İçməli su layihəsi deyə bilərəm ki, insanların rahat yaşaması üçün infrastruktur layihələri arasında bəlkə də birinci yerdədir. Çünki su həyat, sağlamlıq deməkdir. Keyfiyyətli içməli su sağlam həyat deməkdir. Artıq Zaqatalanın içməli su ilə təminatı həll olunub. Bir neçə kənd də əhatə olunur və gələcəkdə başqa kəndlərdə də fərdi qaydada bu layihələr icra edilməlidir.

Mən artıq altıncı dəfədir ki, Zaqataladayam. Hər dəfə burada olarkən hansısa bir yeniliyi görürəm. Keçən dəfə tarixi pilləkənin ətrafında gəzirdik və icra başçısı da məlumat vermişdi ki, planlar vardır. O vaxt bərpa işləri gedirdi. İndi artıq tamamlandı. Qala düzü kompleksi də tikilmişdir. Zaqatalanın tarixi binaları da bərpa olunacaqdır. Biz bu işlərə də diqqət verəcəyik. Çünki biz bu məsələlərə hərtərəfli yanaşırıq. Biz tariximizi, tarixi irsimizi qorumalıyıq.

Eyni zamanda, hər bir şəhər inkişaf etməlidir. Tarixi qorumaqla müasir şərait yaratmalıyıq və yaradırıq. Bakıda da belədir. Burada da belədir. Azərbaycanda bir çox şəhərlər var ki, orada çox zəngin tarixi irs və mədəniyyət vardır. Zaqatala da onların arasındadır. Ona görə də bax, bu ətrafda yerləşən binaların qədim tarixi vardır.

Biz öz tariximizi bilirik, bilməliyik. Gənclər də bilməlidir. İndi isə yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik əsl müstəqillikdir. Keçən əsrin əvvəllərində iki il Azərbaycan müstəqil ölkə kimi yaşadı. Ancaq biz hamımız bilirik ki, o müstəqillik tam deyildi və ona görə müstəqilliyin ömrü uzun olmadı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan əvvəlki dövrlərdə də, tariximizdə müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur.

Onlar bizim üçün çox vacibdir. Amma bu qədər azad və müstəqil Azərbaycan heç vaxt olmamışdır. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir. Bu layihələr əlbəttə ki, ancaq müstəqil Azərbaycanda reallaşa bilərdi. Çünki müstəqil Azərbaycan Azərbaycan xalqının dövlətidir və müstəqil Azərbaycanın siyasəti də insan amilinə hesablanıbdır. İnsan hər şeydən üstündür. Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rahat yaşaması, rifahı ön plandadır. Ona görə də bu gün doğrudan da çox əlamətdar bir gündür. Biz gözəl mərasimdə görüşürük. Amma mən əminəm ki, gələcəkdə belə açılışlar hələ çox olacaqdır. Biz hələ çox görüşəcəyik və bir yerdə bu gözəl yeniliklərə sevinəcəyik. Sizi təbrik edirəm.

SAKİNLƏR: Çox sağ olun!

X X X

Zaqatalanın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyətinin minnətdarlığını çatdıran müəllim Vəfa SÜLEYMANOVA dedi:

- Möhtərəm cənab Prezident!

Sizi Zaqatalada salamlayır, bütün ictimaiyyətimiz adından Sizə “Xoş gəlmisiniz” deyirəm.

Bu gün rayonumuzda bayram sevinci, tarixi bir gün yaşanır. Tərəfinizdən şəhərimizə və ətraf səkkiz kəndimizə təmiz içməli su verilir. Hər zaman olduğu kimi, bu gün də Sizin yenə bizimlə birlikdə olmağınız sevincimizə bir daha sevinc qatır cənab Prezident!

Su həyatdır, su sağlamlıq deməkdir. Bu gün Siz 48 min sakinimizə yeni həyat bəxş edirsiniz, cənab Prezidentimiz! Bu, sadəcə rəqəm deyildir, cənab Prezident! Biz sevinirik. Bu gün bütün zaqatalalılar, bütün ictimaiyyət sevinir. Hər evə çəkilən su xətti və hər bir insan tərəfindən “Allah cənab Prezidentimizə su qədər ömür versin” alqışları Sizə olan sonsuz məhəbbətin təcəssümüdür.

Möhtərəm cənab Prezidentimiz! Bu gün bir ziyalı kimi deyə bilərəm ki, Siz onillik fəaliyyətiniz dövründə respublikamızda sayı-hesabı olmayan irimiqyaslı layihələr həyata keçirmisiniz. Ölkəmizin enerjiyə, qaza, suya olan tələbatlarını bu gün də Siz təmin edirsiniz. Bayaq Siz söylədiniz ki, Zaqatalanın qaza olan tələbatı, bundan sonrakı tələbatı ödəniləcəkdir. Bütün bunlar Sizin sayənizdə, Sizin rəhbərliyiniz altında həyata keçirilir, cənab Prezident!

Bu gün bir zaqatalalı kimi qəlbim qürur hissi ilə döyünür. Bu gün rayonumuzda aparılan abadlıq-quruculuq, tikinti işləri Zaqatalamızın simasını başdan-başa dəyişib bir cənnət məkanına çevirmişdir.

Möhtərəm cənab Prezident! Şəhərimizin tarixi mərkəzinin yenidən bərpası, küçələrimizin abadlaşması bizi çox sevindirir. Bu gün sakinlərimiz deyirlər ki, şəhərimizi, meydanımızı heç zaman belə gözəl, belə yaraşıqlı görməmişdik, cənab Prezident.

Möhtərəm cənab Prezident! Siz hər zaman bizimlə birlikdə, bizimlə bərabər olursunuz. Biz bunun şahidi olmuşuq. Ötən il zəlzələdən bir gün sonra - mayın 9-da rayonumuza gəldiniz, vəziyyətlə tanış oldunuz. Əhali ilə görüşüb ümidsiz insanlara ürək-dirək verdiniz. Onların arzu və istəklərini nəzərə alaraq tapşırıqlar verdiniz. Yenidən rayonumuza gəlib tapşırıqların icrası vəziyyəti ilə tanış oldunuz. O zaman Gözbarax kəndində uşaq bağçasının, beş yüz yerlik məktəbin açılışını etdiniz. Sakinlərə fərdi evlərin açarlarını təqdim etdiniz. O mənzillərdə yaradılmış şəraitlə tanış oldunuz, cənab Prezident!

Bütün bu işlər bu gün də sürətlə davam etdirilir. Bundan əlavə, minlərlə insana daha geniş, daha yaraşıqlı, daha möhkəm evlər, mənzillər bəxş etdiniz, cənab Prezident! O zaman zaqatalalıların gözündə qorxu, təlaş, sarsıntı duyulurdusa, bu gün o insanların üzlərində sevinc və təbəssüm, qəlblərində Sizə çox böyük məhəbbət hissi vardır, cənab Prezident. Biz bir daha əmin olduq ki, bu gün Azərbaycan xalqının arxasında qüdrətli bir dövlətimiz, Sizin kimi müdrik bir Prezidentimiz vardır. Bütün zaqatalalılar adından Sizə “Çox sağ olun!” deyirəm, cənab Prezident.

Möhtərəm cənab Prezidentimiz! Bu gün doğma Azərbaycanımız Sizin rəhbərliyiniz altında gündən-günə qüdrətlənir, inkişaf gedir. Siz bizim həmişəlik Prezidentimizsiniz. Biz açılan hər bir sabahımızı Sizinlə təsəvvür edirik, Sizinlə yaşayırıq, Sizinlə bağlayırıq, cənab Prezident!

Biz bundan sonrakı gələcəyimizi də bugünkü kimi firavan, xoşbəxt görürük, cənab Prezident!

Biz Sizə inanırıq, Sizə güvənirik, Tanrı Sizi qorusun, cənab Prezidentimiz!

Prezident İlham ƏLİYEV: Çox sağ olun!

X X X

Sonra Prezident İlham Əliyev Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini əks etdirən stendlərə baxdı.

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsinin icrası barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, layihənin icrasına 2010-cu ilin noyabrında başlanmış, birinci mərhələ üzrə işlər yerinə yetirilmişdir. İkinci və üçüncü mərhələlər üzrə işlər davam etdirilir.

Qeyd edildi ki, layihə əhalinin 2031-ci ilə qədər olan artım proqnozu nəzərə alınaraq işlənmişdir. Rayonda icrada olan su təchizatı sisteminin yenidən qurulması nəticəsində Zaqatala şəhərinin 22 min, 7 kəndin isə 26 min nəfər əhalisinin gün ərzində suya olan tələbatı tam ödəniləcəkdir.

Bildirildi ki, tikintisi başa çatdırılan su mənbələrinin potensialı 75 min əhalinin suya olan tələbatını tam ödəyəcəkdir ki, bu da Zaqatala rayon əhalisinin 50 faizinin 2031-ci ildə içməli su ilə tam təmin edilməsi deməkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.

Məlumat verildi ki, Zaqatala şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri üç mərhələdə aparılır. Birinci mərhələdə Talaçay su mənbəyinin, magistral boru xətti, su anbarları, xlorlama təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə 6,65 kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, xlorlama və laboratoriya binaları tikilərək avadanlıqla təchiz edilmişdir. Bundan başqa, bir yeni su anbarı tikilmiş, bir anbar isə bərpa olunmuşdur. İkinci mərhələdə Zilbançay su mənbəyi inşa edilmiş və beş kilometr uzunluğunda magistral su xətti çəkilmişdir. Şəhərin iki zonasında su anbarları sahəsi yaradılmışdır. Bu sahələrdəki su anbarları bərpa edilmiş, bir yeni su anbarı inşa olunmuşdur.

Həmçinin şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli Sukanal İdarəsinin istehsalat bazası tikilmişdir. Bütün abonentlər su sayğaçları ilə təmin ediləcəkdir.

Üçüncü mərhələdə çirkab sutəmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Məhsuldarlığı gün ərzində 10 min kubmetrə çatan çirkab sutəmizləyici qurğular kompleksinin potensialı Zaqatala şəhərini və 7 kəndi əhatə edir.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, müasir texnologiyanın tətbiq olunduğu çirkab sutəmizləyici qurğular kompleksi 2014-cü ilin birinci rübündə istismara veriləcəkdir.

Stendlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev Zaqatala şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34