Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində İlham Əliyevin nitqi

24 iyul 2013, 23:00
Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində İlham Əliyevin nitqi

- Hörmətli şeyx həzrətləri.

Hörmətli din xadimləri.

Xanımlar və cənablar.

Əziz dostlar.

İlk növbədə, şeyx həzrətləri, mənim haqqımda dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Eyni zamanda, digər çıxışlarda səslənən fikirlərə görə də minnətdarlığımı bildirmək istəyirəm.

Əslində, bu çıxışlar və səslənən bu fikirlər bir daha bizim birliyimizi Azərbaycan cəmiyyətinin birliyini göstərir. Bizim birliyimiz reallıqdır. Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycan tarixində dini, milli zəmində ayrı-seçkilik, yaxud da qarşıdurma olmamışdır və əminəm ki, olmayacaqdır.

İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycanda yaşayan bütün xalqlar bir yerdə olmuşlar və bugünkü mərasim bunun əyani sübutudur. Əminəm ki, bundan sonra da Azərbaycanda millətlərarası, dinlərarası münasibətlər bu sağlam zəmində inkişaf edəcək və bizim birliyimiz, gücümüz artacaqdır.

Bu gün Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulubdur. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Bizim üçün isə bu, təbiidir. Çünki bu, bizim həyat tərzimizdir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyildir. Ona görə bir daha əldə edilmiş bütün bu nailiyyətləri düzgün təhlil edərək deyə bilərik ki, bu, bizim böyük sərvətimizdir, böyük xoşbəxtliyimizdir. Biz bu dəyəri qorumalıyıq və qoruyacağıq. Dövlət öz tərəfindən öz üzərinə düşən vəzifələri icra edir. Çox şadam ki, bütün dini icmalar, dini konfessiyalar da bu sahədə vahid mövqedən çıxış edirlər.

Bugünkü iftar mərasimimiz ənənəvi xarakter daşıyır. Mən artıq onuncu dəfədir ki, Prezident kimi bu mərasimdə iştirak edirəm. Bu ənənəni ulu öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Artıq şeyx həzrətləri dediyi kimi, bu da nadir bir təcrübədir. Çünki Azərbaycanda din-dövlət münasibətlərinin düzgün istiqamətdə inkişafı üçün bu mərasimlər çox lazımdır. Hər bir sahədə olduğu kimi, Ulu Öndərin o cümlədən bu sahədə qoyduğu ənənələr yaşayır, davam edir.

Din-dövlət münasibətlərinin düzgün zəmində qurulması hər bir dövlət, xüsusilə gənc dövlətlər üçün önəmlidir. Xüsusilə tam başqa bir ictimai quruluşda, ateizm şəraitində yaşamış dövlət üçün bu münasibətlər demək olar ki, sıfırdan qurulmalı idi və quruldu da. Əlbəttə ki, bu münasibətlərin düzgün istiqamətdə inkişafı bizim gücümüzü daha da artırdı, cəmiyyətdə mövcud olan sağlam ab-havanı və gələcək üçün gözəl imkanları yaratdı.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir. Biz bu sərvəti qoruyuruq və qoruyacağıq.

Ulu öndər Heydər Əliyevin bu sahədəki təşəbbüsləri xalq tərəfindən, dindarlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Şeyx həzrətlərinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Şeyx həzrətlərinin Azərbaycanda, Qafqazda çox böyük hörməti vardır. Mən Şimali Qafqaz respublikalarının müftiləri ilə vaxtaşırı görüşlər əsnasında bir daha görürəm ki, şeyx həzrətlərinə nə qədər böyük inam və hörmət vardır. Şeyx həzrətləri nəinki Qafqazda, MDB məkanında tanınmış dini liderdir. Təsadüfi deyil ki, o, MDB Dinlərarası Əlaqələndirmə Şurasına həmsədrlik edir. Dünya miqyasında, bizim bölgədə şeyx həzrətlərinin fəaliyyəti çox uğurludur və dövlətimizin maraqlarını təmin edir.

Bax bu nadir vəziyyət bir daha onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Azərbaycanda hər bir istiqamət üzrə düşünülmüş siyasət vardır. Hər bir məsələ ilə bağlı konkret yanaşma mexanizmləri, yanaşma prinsipləri vardır, o cümlədən ictimai proseslərlə, dini siyasətlə bağlı.

Təsadüfi deyildir ki, müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir. Digər dinlərin dini ocaqları, məbədləri təmir edilir, tikilir, artıq burada deyildi. Yəni, bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən tam əminəm ki, insanlarda başqa dinlərə olan hörmət öz dininə hörmətdən başlayır. Bu nadir atmosferi biz düzgün qiymətləndirməliyik, qorumalıyıq, eyni zamanda, dünyada təbliğ etməliyik. Azərbaycan haqqında dolğun məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq.

Deyə bilərəm ki, son illər ərzində Azərbaycan ilə bağlı olan reallıqlar dünya ictimaiyyətinə çatdırılır. Dünyada Azərbaycan ilə bağlı olan fikirlər müsbətdir. Bizim beynəlxalq nüfuzumuz artır. Əgər belə olmasaydı, dünya birliyi bizə böyük etibar göstərib BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. 155 ölkə bizə inandı, bizi dəstəklədi. Bu, beynəlxalq aləmin mütləq əksəriyyəti deməkdir.

Əlbəttə, əminəm ki, gələcəkdə də Azərbaycanda bütün ictimai proseslər, o cümlədən dini siyasət düzgün istiqamətdə inkişaf edəcəkdir. Biz elə etməliyik ki, bizdən sonra gələn nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Milli mənəvi dəyərlər gələcək nəsillər üçün əsas olmalıdır. Çünki dövlətimiz milli dəyərlər üzərində qurulubdur. Biz müstəqil, demokratik dövlətik, dünyəvi ölkəyik. Eyni zamanda, bizim dövlətimiz çox güclü əsaslar, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Bu dəyərlər bizi xalq kimi qoruyub saxlaya bildi əsrlər boyu. Biz başqa dövlətlərin tərkibində yaşamışıq. Bu dəyərlər - öz dini bayramlarımıza olan münasibət, öz adət-ənənələrimizə olan hörmət, bütün bu amillər nəsildən-nəslə keçməli və davam etməlidir. Mən çox şadam ki, bizim gənclərimiz də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar.

Vətən sevgisi hər bir insan üçün, xüsusilə gənclər üçün əsas olmalıdır.

Burada qeyd edildiyi kimi, Azərbaycanda multikulturalizmlə bağlı keçirilən tədbirlər artıq dünyanın diqqətini cəlb etdi.

Multikulturalizm anlayışı nisbətən yeni anlayışdır. Ancaq bu anlayışın mahiyyəti əsrlər boyu Azərbaycanda mövcud olmuşdur. Yəni, bu, bizim normal həyat tərzimizdir, başqa cür ola da bilməz. Ona görə Azərbaycanda bu mövzu ilə bağlı keçirilən mötəbər tədbirlər təbiidir. Azərbaycanda şeyx həzrətlərinin təşəbbüsü ilə bir neçə il bundan əvvəl dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilmişdir. Humanitar forumlar keçirilir. İkinci dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də çox əlamətdar hadisə idi. Çünki bu, artıq yeni ənənəyə çevrilmişdir. Bu tədbirlərin keçirilməsi və açıq fikir mübadiləsinin aparılması özlüyündə müsbət haldır. Çünki ilk növbədə Azərbaycanın timsalında dinlərarası, millətlərarası münasibətlərin necə uğurla tənzimlənməsini hər kəs müşahidə edə bilər. Eyni zamanda, bu forumlarda açıq şəkildə aparılan fikir mübadiləsi insanları birləşdirir, yaxınlaşdırır. Bəzi hallarda mövcud olan anlaşılmazlıqları da aradan götürür. Eyni zamanda, göstərir ki, bütün xalqlar, bütün dinlər birlikdə yaşaya bilər. Əgər radikalizmə yol verilməsə, əgər radikalizmin qarşısı alınarsa, əgər diskriminasiya, ksenofobiya, islamofobiya, rasizm, faşizm kimi XXI əsr üçün məqbul olmayan anlayışlar aradan götürülərsə və əgər dünya siyasətçiləri bu məsələlərlə bağlı öz qəti mövqeyini ortaya qoyarlarsa qısa müddət ərzində bu sahədə sağlamlaşma gedə bilər.

Ancaq əfsuslar olsun ki, bəzi hallarda biz bunun əksini görürük. Görürük ki, bəzi hallarda daha çox ayrı-seçkiliyə rəvac verilir. Milli, dini zəmin üzərində qərarlar qəbul edilir. Bəzi xalqlar diskriminasiyaya məruz qalırlar. Multikulturalizmlə bağlı fikirlər səslənir ki, multikulturalizm iflasa uğradı. Multikulturalizmin gələcəyi yoxdur. Bu, çox zərərli fikirlərdir. Mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm ki, multikulturalizmin dünyada çox müsbət təcrübəsi, müsbət əlamətləri, ünvanları vardır. Onların biri də Azərbaycandır. Biz Azərbaycanın timsalında bu münasibətlərin necə düzgün həll edilməsini görə bilirik. Ona görə gələcəkdə də Azərbaycanda bu kimi forumlar keçiriləcəkdir.

Azərbaycan bu gün bölgənin iqtisadi mərkəzinə çevrilmişdir. Siyasi proseslərin gedişatında bizim böyük rolumuz, təsir imkanlarımız vardır. Eyni zamanda, Azərbaycan bu gün humanitar sahədə də bölgənin mərkəzidir. Xüsusilə, dinlərarası münasibətlərin qurulması ilə əlaqədar bizim təcrübəmiz çox müsbətdir.

“Bakı prosesi” haqqında şeyx həzrətləri öz çıxışında söylədi. Bu da Bakıda baş vermiş hadisədir. Bu proses 2008-ci ildə başlamışdır. İlk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv olan ölkələrin nazirləri bir araya gəldilər və birgə sənəd qəbul edildi. Ondan sonra müxtəlif tədbirlər keçirilmişdir. Əlbəttə ki, Azərbaycanın nadir, siyasi imkanları da bu prosesin Bakıda həyata keçirilməsinə xidmət etmişdir. Çünki biz həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. Hər iki təşkilatda çox fəalıq və dinlərarası, mədəniyyətlərarası, qitələrarası körpü rolunu oynayırıq. Ancaq bu coğrafi vəziyyət əgər ciddi siyasət olmasa əlbəttə ki, çox böyük əhəmiyyətə malik deyildir. İş burasındadır ki, Azərbaycanda reallaşan böyük layihələr, energetika, nəqliyyat, infrastruktur sahələrində reallaşan layihələr, humanitar sahədə reallaşan təşəbbüslər Azərbaycanı bu bölgənin mərkəzinə çevirmişdir. Bu, böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Çünki artıq dediyim bu məsələlərlə bağlı Azərbaycanın mövqeyindən, yanaşmasından və addımlarından çox şey asılıdır. Biz bu məsuliyyətə hazırıq, bunu öz üzərimizə götürmüşük və əminəm ki, bu məsuliyyəti böyük şərəflə aparacağıq.

Əziz dostlar, bu müqəddəs Ramazan ayında görüşməyimizi mən bir daha qeyd etmək istəyirəm. Bu ənənə yaşamalıdır və yaşayacaqdır. Bu ənənənin yaşadılması üçün hər bir Azərbaycan vətəndaşı öz səylərini qoymalıdır və biz cəmiyyətdə formalaşmış çox gözəl ab-havanı qorumalıyıq, müstəqil inkişafımızı təmin etməliyik. Biz müstəqilliyin üstünlüklərini görürük. Bugünkü mərasim və bu mövzu ilə bağlı burada səslənən fikirlər bir daha müstəqilliyin üstünlüyünü təsdiqləyir.

Çünki müstəqilliyə qədər olan dövrdə belə mərasimlərdən söhbət gedə bilməzdi. Biz öz dini bayramlarımızı evlərdə, yaxınların əhatəsində qeyd edirdik. Bu gün bizim dini bayramlarımız dövlət səviyyəsində qeyd edilir. Ramazan bayramı, Qurban bayramı, əsrlər boyu yaşatdığımız, ürəyimizdə saxladığımız Novruz bayramı bizim böyük sərvətimizdir, Azərbaycan xalqının böyük sərvətidir.

Qarşıdan gələn bayram münasibətilə sizi, bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik etmək istəyirəm, hər birinizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo