Jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində İlham Əliyevin nitqi

22 iyul 2013, 12:20
Jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində İlham Əliyevin nitqi

- Əziz dostlar, hörmətli jurnalistlər, mətbuat işçiləri.

İlk növbədə, sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Bu bayram günündə biz gözəl binanın açılışında toplaşmışıq. Jurnalistlər üçün tikilmiş ev bu gün istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır. Çünki binanın yerləşməsi də çox gözəldir, buradan Dövlət Bayrağına gözəl mənzərə açılır, bütün bu sahələr abadlaşacaq və burada yeni infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Bakı Art City, yəni, incəsənət şəhərciyi yaradılacaqdır. Böyük Su İdmanı Sarayı tikilir. Yəni, bu zonada bu binadan sonra tikinti-quruculuq işləri sürətlə gedəcək və əminəm ki, biz gələcəkdə belə mərasimlərdə sizinlə yenə görüşəcəyik.

Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir.

Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilibdir. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən senzuranı ləğv etməklə bağlı irəli sürülmüş təşəbbüs azad mətbuata təkan verdi. Çünki senzura olan bir ölkədə azad mətbuatdan söhbət gedə bilməzdi. Hesab edirəm ki, məhz o gündən başlayaraq Azərbaycanda azad mətbuatın tam formalaşması başlamışdır və bu gün Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilir. Yüzlərlə mətbu orqan sərbəst fəaliyyət göstərir, əlbəttə ki, senzuradan söhbət gedə bilməz. Azərbaycan, eyni zamanda, müasir texnologiyaların tətbiqində də öz sözünü deyir.

Bildiyiniz kimi, bu gün internet jurnalistikası da çox sürətlə inkişaf edir, o cümlədən Azərbaycanda. Azərbaycanda internet tam azaddır.

İnternetin yayılması sürətlə gedir, dövlət proqramları icra edilir, o cümlədən Dövlət Neft Fondu tərəfindən genişzolaqlı internet xətlərinin hər bir şəhərə gətirilib çıxarılması layihəsi də icra ediləcəkdir. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur.

Belə olan halda əlbəttə, biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda söz azadlığı maksimum dərəcədə təmin edilir. Bu, belə də olmalıdır. Çünki biz müasir dövlət qururuq, biz inkişaf etmiş ölkəyə çevrilməliyik və belə olan halda bütün meyarlar Azərbaycanda yüksək səviyyədə olmalıdır. İqtisadi, sosial və eyni zamanda, ictimai proseslərin gedişatı da mütərəqqi meyarlar üzərində qurulmalıdır.

Azərbaycanda azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı. Bax bu yaxınlarda icazəli mitinqlərin keçirilməsi üçün yer nəzərdə tutulubdur və gələcəkdə jurnalistlərin bu mitinqləri işıqlandırması üçün böyük problem olmaz, balkondan müşahidə etmək olar.

Azərbaycanda bütün digər azadlıqlar - vicdan azadlığı, din azadlığı tam təmin edilibdir. Beynəlxalq təşkilatlar Azərbaycanda bu sahədəki işlərə yüksək qiymət verirlər. Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi əlbəttə ki, bizim gücümüzü artırır.

Jurnalistlərin məsuliyyəti də əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.

Mən jurnalistlərin peşəkarlığı ilə bağlı heç bir şey demək istəmirəm. Bilirəm ki, siz özünüz bu məsələlərlə bağlı vaxtaşırı danışırsınız, yeni təkliflər irəli sürülür. Hesab edirəm ki, dövlət də bu istiqamətdə öz dəstəyini verə bilər. Əgər dövlət tərəfindən hansısa bir əlavə tədbir görülməlidirsə, biz bunu görəcəyik ki, peşəkarlıq artsın. Azərbaycanda gənc peşəkar jurnalist kadrların hazırlanması daha da sürətlə getsin. Əlbəttə ki, jurnalistlərin vətənpərvər olmaları da hesab edirəm ki, çox vacib məsələdir. Bütövlükdə Azərbaycan jurnalistikası öz dövlətinə, xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq, əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir. Ancaq elə hallar var ki, şəxsi maraqlar, yaxud da, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc müstəqil dövlətlərdə vətənpərvərlik hissləri daha da güclü olmalıdır və daim mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirirəm.

Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq bir şüar, bir söz deyil, bu, zərurətdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu vardır. Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə yaşayırıq, azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir.

Ona görə jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir. Eyni zamanda, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində həllini tapmalıdır. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bu gün də demək istəyirəm, hər bir ölkənin öz inkişaf dinamikası, öz problemləri, nailiyyətləri var, o cümlədən Azərbaycanın da. Bütün problemlər ölkə daxilində həllini tapmalıdır. Çünki əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki, bütün məsələləri özümüz həll etməliyik.

Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ölkənin strateji xətti - istər xarici siyasətlə, yaxud da ki, iqtisadi islahatlar ilə bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə olan halda əlbəttə ki, daxili problemlər daxildə müzakirə edilməlidir. Çünki müstəqilliyin əsas üstünlüyü məhz bundan ibarətdir. Çünki taleyimiz öz əlimizdədir, Azərbaycan xalqının əlindədir, ölkəmiz Azərbaycan xalqının iradəsi ilə idarə olunur.

Ona görə vətənpərvərlik mövzuları hesab edirəm ki, bizim mətbuatda daha da geniş yer almalıdır. Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verməliyik. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.

Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xarici mətbuatda işıqlandırılması ilə bağlı daha da böyük işlər görülməlidir. Əlbəttə ki, daxildə bu problem kifayət qədər işıqlandırılır. Ancaq əsas məqsəd odur ki, biz bu mövzunu xarici mətbuata çıxaraq.

Son illər ərzində dövlət və ictimai qurumlar tərəfindən bu istiqamətdə önəmli addımlar atılmışdır, qeyri-hökumət təşkilatları da bu sahədə fəaldır. Mətbuat işçiləri də artıq xarici mətbuat orqanlarına çıxırlar. Biz bu mövzunu daha da geniş şəkildə işıqlandırmalıyıq. Dövlət öz dəstəyini verməyə hazırdır. Hesab edirəm ki, biz müxtəlif layihələr, qrantlar əsasında bu istiqamətdə öz fəaliyyətimizi daha da geniş şəkildə aparmalıyıq.

Xocalı soyqırımı ilə bağlı olan məlumatların xarici mətbuata çatdırılması böyük əhəmiyyətə malikdir. Son bir neçə il ərzində bir neçə ölkə artıq Xocalı soyqırımını soyqırımı kimi tanıyıbdır. Nəyin hesabına?! Ona görə ki, həm dövlət, həm ictimai qurumlar, ümumiyyətlə, cəmiyyət bu mövzunu daim diqqətdə saxlayır və bu, dünyada reallıqları əks etdirir.

Danışmağa da sözümüz vardır. Çünki Azərbaycan qısa müddət ərzində istənilən sahədə böyük, bir çox hallarda analoqu olmayan inkişafa imza atmışdır. Bu inkişaf indi beynəlxalq qurumlar tərəfindən daha da çox tanınır. Yəni, bunu inkar etmək olmaz. Bəzi antiazərbaycan qüvvələri buna nə qədər çalışsalar da, bunu inkar etmək, bunu görməmək mümkün deyildir. Biz Azərbaycan reallıqlarını dünya mətbuatına çıxarmalıyıq. Çünki siz jurnalistlər yaxşı bilirsiniz ki, çox aqressiv erməni lobbisi onların gücü olan ölkələrdə bizə qarşı təşkil edilmiş fəaliyyət aparır. Nə üçün?! Bir məqsədlə ki, sübut etsinlər və belə bir fikir yaratsınlar ki, ermənilər Azərbaycanın tərkibində yaşaya bilmirlər və bilməyəcəklər. Ona görə Azərbaycan haqqında iftiralar, uydurmalar, həqiqəti əks etdirməyən məlumatlar vaxtaşırı xarici mətbuata ötürülür. Onlar öz şəbəkələri hesabına buna nail olurlar.

Ona görə biz çalışmalıyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim əlimizdə internet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər ictimai sahədə, milli, dini dözümlülük sahəsində, istərsə də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər vardır. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur.

Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan qısa müddət ərzində müstəqil dövlət kimi formalaşdı, gücləndi. Bu gün güclü potensiala malikdir, öz taleyini özü həll edir. Beynəlxalq aləmdə böyük nüfuza malikdir. Dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür. İqtisadi və sosial məsələlərin həllində bir çox ölkələr üçün nümunə ola bilər. İnkişaf etmiş ölkələrin meyarlarının bir çoxu artıq Azərbaycanda tətbiq edilibdir, xüsusilə iqtisadi sahədə. Yəni, deməyə sözümüz çoxdur. Sadəcə olaraq biz bu işləri daha çox əlaqəli şəkildə aparmalıyıq. Yenə də qayıdıram əvvəlki mövzuya, vətənpərvərlik, dövlətçilik duyğuları bütün başqa məsələlərdən üstün olmalıdır.

Ölkə daxilində təbii ki, müxtəlif baxışlar, müxtəlif siyasi meyllər vardır. Burada müzakirələr təbiidir. Hər bir normal cəmiyyətdə bu, olmalıdır. Ancaq biz dövlət maraqlarımızı şəxsi ambisiyalara qurban verməməliyik. Çünki müstəqillik, bir daha demək istəyirəm ki, ən böyük sərvətdir, ən böyük dəyərdir. Biz bundan sonra da müstəqilliyi qorumalıyıq. Bundan sonra da çalışmalıyıq ki, müstəqillik, dövlətçilik, azadlıq prinsipləri Azərbaycanda tam şəkildə təmin edilsin. Çünki bəzi hallarda biz görürük ki, hələ də qul psixologiyası ilə yaşayanlar vardır. Hələ də əfsuslar olsun ki, xaricdə özünə dayaq axtaranlar vardır. Xaricdə deyəndə mənim üçün fərq etmir o xaric hansı qütbdə, hansı istiqamətdə yerləşir. Azərbaycanın problemləri Azərbaycan daxilində öz həllini tapmalıdır. Xaricdən dəstək almaq hesab etmirəm ki, müstəqilliyin əlaməti ola bilər. Xüsusilə indiki dünyada. Biz görürük ki, müxtəlif yerlərdə proseslər çox mənfi istiqamətdə gedir, qarşıdurmalar, böhran, kütləvi etirazlar. Yəni, bizim maraqlarımızı bizdən çox güdən ola bilərmi? Əlbəttə ki, yox. Ona görə hesab edirəm ki, bax biz gələcəkdə bu məsələlər ətrafında daha da ciddi fikirləşməliyik. Dövlət isə öz tərəfindən jurnalistlərin fəaliyyətinə dəstəyini əsirgəməyəcək, Azərbaycanda azad mətbuatın davam etməsinə öz səylərini göstərəcəkdir. Beləliklə, bu sahə Azərbaycanda ən yüksək zirvələrə çatacaqdır.

Mən bir daha, əziz dostlar, sizi bu gözəl hadisə münasibətilə təbik etmək istəyirəm. Qeyd etmək istəyirəm, bəlkə də siz bunu bilirsiniz ki, burada yaşayacaq jurnalistlərin sayı kifayət qədərdir, 150-dən çoxdur. Ancaq dövlət tərəfindən mükafata layiq olan jurnalistlərin sayı hələ də vardır. Bunu nəzərə alaraq, yenə jurnalist ictimaiyyətindən təşəbbüs, yəni təklif irəli sürüldü ki, bu layihə davam etdirilsin. Mən də buna müsbət baxıram. Bu evdə mənzil ala bilməyən, ancaq buna layiq olan jurnalistlərin mənzillərlə təmin edilməsi üçün əlavə tədbirlər görüləcəkdir. İstisna etmirəm ki, gələcəkdə bu yerə “Jurnalistlər şəhərciyi” deyəcəklər. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17