İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir

05 iyul 2013, 16:15
İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı səhiyyə ocağının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Həyata keçirilən sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaхşılaşdırılmasına, ümumilikdə tibbi хidmətin beynəlxalq səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyev Fondu və qurumun prezidenti Mehriban Əliyevanın da fəaliyyətinin əsas istiqamətlərindəndir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin uğurlarından biri də regionlarda vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Xüsusilə də müalicə diaqnostika mərkəzlərinin və digər səhiyyə obyektlərinin tikilib istifadəyə verilməsi regionlarda əhalinin müayinə və müalicəsinin lazımi səviyyədə təşkilinə əlverişli şərait yaradır. Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə son illər dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Tovuzda Hemodializ Mərkəzinin tikilməsi bunu bir daha sübut edir.

Mərkəzlə tanışlıq zamanı diqqətə çatdırıldı ki, bu üçmərtəbəli səhiyyə ocağının tikintisinə 2008-ci il sentyabrın 24-də başlanmışdır. Mərkəzin təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Hemodializ Mərkəzinin inşaat işləri müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir.

Tibb ocağının foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə səhiyyə sisteminin inkişafındakı xidmətlərini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılmışdır. Hemodializ Mərkəzində qəbul, hemodializ və diaqnostika şöbələri fəaliyyət göstərir.

Prezident İlham Əliyev hemodializ şöbəsi ilə tanış oldu.

Bildirildi ki, burada müasir tipli 20 hemodializ aparatı quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda 2208 nəfər böyrək çatışmazlığından əziyyət çəkir. Onların hamısı dövlət vəsaiti hesabına müalicə alır, müvafiq dərman vasitələri ilə tam təmin olunurlar. Qərb bölgəsində böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ Mərkəzinin xidmətindən istifadə edə biləcəklər. Ümumilikdə qərb bölgəsi üzrə 308 hemodializ xəstəsi vardır. Bu günədək Tovuz və Qazax rayonlarından olan xəstələr Gəncədəki Hemodializ Mərkəzinin xidmətindən istifadə edirdilər. Yeni Mərkəzin fəaliyyətə başlamasından sonra artıq bu bölgədən olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ seansları qəbul etmək üçün respublikanın digər regionlarına və Bakıya getmələrinə ehtiyac olmayacaqdır.

Məlumat verildi ki, Tovuz Hemodializ Mərkəzində iki növbədə təqribən 160 xəstə dializ olunacaqdır. Mərkəzin müasir şəraitlə təmin edilməsi, ilk növbədə, burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkan yaradır. Bu tibb ocağının istifadəyə verilməsi həm də ölkəmizdə səhiyyə sisteminin ən müasir səviyyəyə çatdırılması istiqamətində dövlət tərəfindən görülən tədbirlərin növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycanda səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır.

Mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Bu gün yenə Tovuzdayam, çox şadam, sizinlə bərabər olmağımdan çox məmnunam. Keçən il də görüşmüşdük. Son illər ərzində bir neçə dəfə Tovuza gəlmişəm və bu gün də gözəl açılışlar, gözəl tədbirlər keçirilir. Əlbəttə, onların içində bu Diaqnostika və Hemodializ Mərkəzi xüsusi yer tutur.

Yadımdadır, bu mərkəzin təməl daşını bərabər qoymuşduq və şadam ki, indi gözəl bir tibb ocağı yaradılıbdır. Bütün şərait vardır. Bunun adı Hemodializ Mərkəzidir, amma əslində burada həm diaqnostika, həm müalicə, eyni zamanda, cərrahiyyə üçün imkanlar vardır. Böyük bir tibb mərkəzidir və hesab edirəm ki, vətəndaşlar bu mərkəzdən səmərəli şəkildə istifadə etməlidirlər. Əlbəttə ki, ilk növbədə, profilaktik tədbirlər görülməlidir. Diaqnostika müalicənin aparılması üçün başlıca şərtdir. Mən bütün tibb ocaqlarının açılışlarında qeyd edirəm və bir daha deyirəm, gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər.

İnsan amili bizim siyasətimizin prioritetidir. Bu mərkəzlərin açılması da onu göstərir ki, çox güclü sosial siyasət aparılır.

Bu diaqnostika və müalicə mərkəzlərinin tikintisi indi geniş vüsət almışdır. Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilmişdir və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan vardır. Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar çox gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir.

Deyə bilərəm ki, son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır. Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir.

Keçən il Bakıda keçirilmiş Avropa Konfransında qeyd olundu ki, Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir. Səhiyyə sisteminin səmərəliliyini göstərən bir neçə meyar vardır.

Onların arasında insanların ömrünün uzunluğu, - Azərbaycanda bu istiqamətdə irəliləyiş vardır, - artır, uşaq ölümü isə azalır. Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur.

Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq və digər göstəricilər deməyə əsas verir ki, səhiyyə sisteminin təkmilləşməsində yaxşı nəticələr vardır.

Amma hələ ki, bu sahə bizi tam qane edə bilməz. Əlbəttə ki, biz çalışırıq müasir mərkəzlər tikilsin, avadanlıq alınır, böyük vəsait xərclənir. Ancaq bəzi hallarda xidmətlərin keyfiyyəti bizi qane etmir və bu məsələlər üzərində daha da çox işləməliyik.

Burada göstəriləcək xidmət əminəm ki, yüksək səviyyədə olmalıdır. Yaxın zamanlarda bu mərkəz fəaliyyətə başlayacaqdır. İndi fəaliyyətə başlamaq üçün bütün imkanlar vardır. Burada yaxşı həkim heyəti formalaşmalıdır ki, Tovuz rayonunun sakinlərinə yaxşı xidmətlər göstərilsin. İnsanın sağlamlığı üçün lazım olan amillər bəllidir. İlk növbədə, diaqnostika və müalicə vaxtında aparılmalıdır, eyni zamanda, əlbəttə ki, ətraf mühit yaxşı vəziyyətdə olmalıdır. Bu baxımdan Tovuzda heç bir problem yoxdur, ekoloji vəziyyət burada yaxşıdır. İçməli su mütləq təmiz olmalıdır və bu gün biz Tovuzda içməli su layihəsinin istismara verilməsini qeyd edəcəyik. Bu da hesab edirəm ki, böyük hadisədir. Ondan sonra əlbəttə ki, keyfiyyətli qida olmalıdır. Biz bu məsələyə də diqqət yetiririk. Müvafiq orqanlar istehlak bazarındakı vəziyyəti müşahidə edir, nəzarət edirlər. Hesab edirəm ki, bu istiqamətdə də irəliləyiş vardır. Digər amillər də öz rolunu oynayır. Onların arasında idman da çox vacib məsələdir. Tovuzda artıq neçə ildir ki, idman mərkəzi vardır. Yəni bütün bu amillər insanların sağlamlığını təmin edir və eyni zamanda, maddi rifah məsələləri. Son illər ərzində biz Azərbaycanda bütün bu istiqamətlər üzrə yaxşı dinamikanı görürük. Nəinki Tovuzda, istənilən bölgədə, bütün bu istiqamətlər üzrə bizim siyasətimiz aparılır. Bu ilin sonunda regionların sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatır və proqramda nəzərdə tutulmuş bütün məsələlər artıqlaması ilə öz həllini tapır.

Gələcək planlarımızla bağlı da bizim kifayət qədər dəqiq fikirlərimiz vardır. Gələcək illərdə Azərbaycan əlbəttə ki, bundan da sürətlə inkişaf etməlidir və edəcəkdir. Bütün infrastruktur layihələri yaxın gələcəkdə başa çatmalıdır. Deyə bilərəm ki, Tovuzda da bu istiqamət üzrə işlər yaxşı gedir. Bu gün buraya gəlməzdən əvvəl biz yeni kəndləri birləşdirən yolun açılışında da iştirak etdik. Bu, Tovuz rayonunda icra edilən ikinci böyük layihədir. Birinci layihəni biz keçən il başa vurduq.

İndi ikinci layihə. Beləliklə, 80-ə yaxın kəndi birləşdirən bu yollar artıq istismara verilir. Yol inkişaf, həyat və rahatlıq deməkdir. Onu da qeyd etmək istəyirəm ki, bütün bu layihələr sırf sosial xarakter daşıyır. Bu layihələrin heç biri kommersiya xarakteri daşımır. Bu layihələrə qoyulan investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Bax, bu mərkəz, içməli su layihəsi, kənd yollarının inşası, Olimpiya Kompleksi, məktəb tikintisi Tovuzda geniş vüsət almışdır.

Bütün bu layihələr insanlar üçündür, ölkəmiz üçündür, sizin üçündür və dövlətin borcudur ki, bu siyasəti aparsın.

Azərbaycanda bu istiqamət üzrə çox ciddi siyasət aparılır. Dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bu, sadəcə xoş sözlər deyil, bizim bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi, rifahı və rahatlığı dayanır.

Mən hər dəfə belə açılışlarda olarkən çox sevinirəm və eyni zamanda, düşünürəm ki, biz daha nə etməliyik, əlavə nə etməliyik. Keçən dəfə Tovuzda olarkən mən icra başçısından, sonra deputatlardan soruşdum əlavə nə etməliyik?! Onlar kənd yolu layihəsini verdilər, indi onu da icra edirik. İndi sizdən soruşmaq istəyirəm ki, biz əlavə nə etməliyik ki, burada işlər daha da yaxşı getsin. İndi yəqin ki bu məsələlərlə bağlı sizin fikirləriniz vardır.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq ZEYNALOV: Daha yaxşı işləməliyik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Əlbəttə, hər kəs yaxşı işləməlidir, hər kəs öz vəzifə borcunu yerinə yetirməlidir - vətəndaşlar, icra nümayəndələri, digər fəallar. Çünki bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycan daha da güclü dövlətə çevrilsin və bütün işlər Azərbaycanda yüksək səviyyədə aparılsın.

X X X

Azərbaycanın tərəqqisinə, xalqın firavanlığına, həmçinin Tovuzun inkişafına göstərdiyi diqqət və qayğıya görə tovuzluların ən xoş arzularını Prezident İlham Əliyevə çatdıran rayon ictimaiyyətinin nümayəndəsi Aybəniz DƏMİROVA dedi:

- Möhtərəm cənab Prezident,

İcazə verin, sizi rayonumuzun ictimaiyyəti adından, o cümlədən səhiyyə işçiləri adından salamlayım, rayonumuza “Xoş gəlmisiniz” deyim. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, bu gün açılışına yığışdığımız bu müəssisə Sizin Tovuz rayonuna növbəti böyük töhfənizdir. Bütün bunlara görə biz Sizə səmimi minnətdarlığımızı bildirmək istəyirik. Sizin doğma Azərbaycanımıza rəhbərlik etdiyiniz bu 10 ildə ölkəmizin siması köklü surətdə dəyişmişdir. Kəndlərimiz, şəhərlərimiz tanınmaz dərəcədə gözəlləşib. Bununla bərabər, insanlarımızın da həyat səviyyəsi, həyat şəraiti, onların ictimai-siyasi həyata baxışları da tamamilə dəyişmişdir.

Bu gün ölkəmizin bütün bölgələri kimi, Tovuz rayonu da gündən-günə inkişaf edir. Bu qısa müddət ərzində Tovuz rayonunda çoxsaylı təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilmiş, parklar salınmış, geniş yollar çəkilmişdir. Bütün bunların hamısı Azərbaycanın çiçəklənməsini göstərir. Bu gün açılışına yığışdığımız bu mərkəz öz gözəlliyi ilə şəhərimizə xüsusi yaraşıq verməklə yanaşı, əhalimizin sağlamlığına xidmət göstərəcəkdir. Bu mərkəz ən müasir avadanlıqla təchiz olunmuşdur. Bu mərkəzdə tibbi heyətin fəaliyyəti üçün bütün şərait yaradılmışdır. Mərkəz hemodializ və perinatal şöbələrindən, laboratoriyalardan, rentgen-diaqnostika kabinetlərindən və digər otaqlardan ibarətdir. İki il əvvəl istifadəyə verilmiş 80 çarpayılıq Tovuz Rayon Mərkəzi Xəstəxanası və bugünkü istifadəyə verilən bu mərkəz bizə imkan yaradacaqdır ki, Sizin göstərişlərinizi həyata keçirək, insanlara daha yaxşı, yüksək keyfiyyətli tibbi xidmət göstərək.

Cənab Prezident, 2008-ci il sentyabrın 14-də Siz Tovuz ictimaiyyətinin nümayəndələri ilə görüşünüzdə demişdiniz ki, rayondakı infrastruktur obyektlərinin, xidmətin səhiyyə və təhsil ocaqlarının səviyyəsi dünya ölkələrinin səviyyəsində olmalıdır, Azərbaycan vətəndaşları gözəl şəraitdə yaşamalıdırlar, yaxşı iş yerlərində işləməlidirlər, onlar üçün yaxşı iş yerləri olmalıdır, uşaqlarımız yaxşı məktəblərdə oxumalıdır, əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməlidir. Artıq Sizin dedikləriniz bu gün öz təsdiqini tapmışdır. Biz bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk. Bir həkim kimi bildirmək istəyirəm ki, Siz həmişə əhalinin sağlamlığı ilə bağlı sahələrin inkişafına xüsusi diqqət yetirirsiniz. Bu gün Tovuz rayonunda su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına Sizin xeyir-duanızla başlanması rayonumuz üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Buna görə biz Sizə minnətdarlığımızı bildiririk.

Bu layihənin həyata keçirilməsi nəticəsində insanlarımız ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqlar və rayonumuzda antisanitariya hallarının, infeksion xəstəliklərin yayılmasının qarşısı alınacaqdır. Biz bunları görürük, bunları yüksək qiymətləndiririk. Buna görə Sizə yenə də öz dərin minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Bu gün əhalinin sağlamlığı naminə görülən işlər gələcək nəslin sağlamlığına göstərilən qayğıdır.

Möhtərəm Prezident, biz canlı şahidik ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz son 10 ildə Azərbaycanı, xalqımızı yorulmaz fəaliyyətiniz, mətin iradənizlə daim xoşbəxt gələcəyə doğru aparırsınız və bunu hər bir azərbaycanlı öz həyatında hiss edir. Onlar əmindirlər ki, bütün arzularını Siz reallaşdıracaqsınız, Siz gerçəkləşdirəcəksiniz. Biz həmişə Sizinləyik, Sizin siyasətinizi dəstəkləyirik. Azərbaycanın bu günü, gələcəyi Sizinlədir.

Həmişə Sizin yanınızdayıq. Allah Sizi qorusun.

X X X

Prezident İlham ƏLİYEV: Siz 2008-ci ili yada saldınız. Doğrudan da o vaxt mən belə ifadələr işlədirdim ki, hər şey dünya səviyyəsində olmalıdır. Amma iş burasındadır ki, son beş il ərzində dünya standartları bir qədər aşağı düşdü, Azərbaycan standartları qalxdı.

Belə mərkəzlər deyə bilərəm ki, hər bir inkişaf etmiş ölkə üçün bir nümunə olmalıdır. Hesab edirəm ki, belə də vardır.

Çünki mən dünyanın müxtəlif yerlərində olmuşam. Əlbəttə ki, vəziyyətlə tanış olmuşam. Deyə bilərəm ki, belə yaraşıqlı, gözəl, o cümlədən memarlıq baxımından gözəl tibb mərkəzləri heç də hər bir ölkədə tikilmir. Azərbaycanda dövlət nəzarətində olan bütün obyektlər böyük zövqlə, ustalıqla tikilir. Eyni zamanda, bu obyektlər şəhərləri gözəlləşdirir. Bax bu mərkəz də öz memarlığı ilə seçilir. Burada və bütünlükdə bizim tibb ocaqlarında yaradılan şərait, alınan avadanlıqlar ən müasir standartlara cavab verir. Çünki mən həmişə deyirəm ki, ən yaxşı şərait bizdə olmalıdır. Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır. Ona görə bizdə tikilən məktəblər elə bil ki, saraydır.

Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur. Azərbaycanda mövcud olan sabitlik, ictimai asayiş - bütün bunlar reallıqlardır. Biz Azərbaycan vətəndaşları bu reallıqlara öyrəşmişik. Ancaq heç də hər yerdə belə deyildir. İndi biz televizordan, başqa informasiya mənbələrindən görürük ki, nə qədər böyük problemlər yaşanır dünyanın istənilən yerində. Bütün qitələrdə çox ağır hadisələr baş verir. Azərbaycan elə bil ki, bir inkişaf, sabitlik, həmrəylik adasıdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Azərbaycanda aparılan işlər xalq tərəfindən nəinki dəstəklənir, eyni zamanda, xalq bilavasitə bu işlərin iştirakçısıdır. Görülən bütün işlər bir məqsədi güdür ki, Azərbaycanın maraqları müdafiə olunsun, qorunsun, daha da yaxşı şərait yaradılsın, maddi rifah artsın, ölkəmiz dövlət müstəqilliyini qorusun, möhkəmləndirsin və bölgədəki mövqelərini daha da gücləndirsin.

Hesab edirəm ki, son illər ərzində biz böyük dərəcədə bu hədəflərə çata bilmişik. Bu hədəflər hələ 2003-cü ildə qarşıya qoyulmuşdur. Son 10 il ərzindəki işlər hesab edirəm ki, təqdirə layiqdir. Ancaq bunu əlbəttə ki, siz qiymətləndirməlisiniz. Mən sadəcə olaraq çalışıram və çalışacağam ki, sizə - yəni Azərbaycan vətəndaşlarına xidmət edim. Görəndə ki, hansısa gözəl bir nəticə əldə olunur, əlbəttə, mən də sizin qədər buna sevinirəm. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:35
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının...

25 dekabr 2024, 15:35
SƏNƏDLƏR Sərəncamlar 25 dekabr 2024
15:34
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması səbəblərini araşdırmaq üçün Dövlət Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2024-cü il dekabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 07:56-da havaya qalxan və Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” təyyarəsinin Qazaxıstan...

25 dekabr 2024, 15:34