Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda İlham Əliyevin nitqi

26 iyun 2013, 11:00
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda İlham Əliyevin nitqi

-Əziz əsgərlər, zabitlər, generallar.

Əziz hərbçilər.

Hörmətli qonaqlar.

Mən sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, Silahlı Qüvvələrin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.

Bugünkü hərbi parad ordumuzun 95 illik yubileyinə həsr olunur. Bugünkü paradda Azərbaycan dövləti öz hərbi qüdrətini nümayiş etdirəcəkdir.

Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu, hər bir ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan məsələdir.

Azərbaycan müharibə şəraitində yaşayır. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmır. Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar və qətnamələrini qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac vardır.

Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bugünkü Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəkdir. Biz çalışacağıq ki, məsələ tezliklə həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir.

Danışıqlar prosesi hələ də davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulubdur. Çünki bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi qalacaqdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normaları tərəfindən dəstəklənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Bu məqsədlə son illər ərzində ordu quruculuğuna çox böyük diqqət göstərilmişdir. Ordumuz inkişaf edir. Bu inkişaf daimi prosesdir. Mən hərbi hissələrə tez-tez gedirəm, vəziyyətlə tanış oluram və görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Nizami ordumuz vardır. Ordumuzun peşəkarlığı artır. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alırlar. Orduda xidmət edənlər Vətəninə, xalqına bağlı olan, Vətənini sevən insanlardır. Bu amillər ordumuzu daha da gücləndirir. Eyni zamanda, son illər ərzində ordumuzun texniki təchizatında da çox böyük inkişaf vardır. Son illər ərzində ən müasir texnika, silah-sursat alınmışdır. Son illər ərzində alınan və Azərbaycanda istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcəkdir. Burada mövcud texnikanın sadəcə olaraq cüzi bir hissəsi göstəriləcəkdir.

Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri orduya sərf olunur.

Bu da təbiidir. Biz son illər ərzində ən müasir texnikaları almışıq. XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaqdır. Bu, zəmanənin tələbidir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar müasir silahlardır.

Yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlardır. Son illərdə yüzə yaxın döyüş və nəqliyyat helikopteri alınmışdır. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir. Bu proses davam etdirilir.

Növbəti illərdə də hərbi xərclər ümumi büdcəmizdə üstünlük təşkil edəcəkdir. Müqayisə üçün deyə bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi iki milyard dollara yaxındır. Yəni, ancaq hərbi məqsədlər üçün istifadə olunan vəsaitimiz Ermənistanın bütövlükdə bütün xərclərindən təxminən iki dəfə çoxdur.

Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz sadəcə olaraq bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.

Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bu amillər, - bir daha demək istəyirəm, tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi-hərbi gücümüz, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır.

Eyni zamanda, biz yerli istehsala da böyük diqqət göstəririk. Son 8 il ərzində Azərbaycanda yerli hərbi istehsal inkişaf etmişdir, çoxlu hərbi zavodlarımız vardır. Bu zavodlarda 750 adda məhsul istehsal edilir. Biz bütün növ patronları istehsal edirik. Tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr – bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, bizim ixrac imkanlarımız da artmaqdadır. Bu, onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər. Təki iradə, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndiririk və gücləndirməliyik.

Hərbçilərin sosial müdafiəsi məsələləri də uğurla həllini tapır. Mən dünən hərbi hospitalın yeni korpusunun açılışında iştirak etmişəm, iki gün bundan əvvəl hərbçilərin maaşları qaldırılmışdır. Artıq orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərin məişət problemləri də həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Artıq 200-ə yaxın mənzil verilmişdir və bu proses gələcək illərdə daha da geniş vüsət alacaqdır. Yəni, hərbçilərin sosial-məişət problemləri həllini tapmaqdadır.

Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti ordu quruculuğuna çox böyük əhəmiyyət verir. Bu, bizim başlıca vəzifəmizdir və gələcək illərdə bu proses daha da sürətlə gedəcəkdir.

Bizim gücümüz bizim birliyimizdədir. Azərbaycan müstəqil dövlət kimi böyük zirvələrə çata bilmişdir, dünya miqyasında çox böyük nüfuza malikdir. Biz dünyanın ən mötəbər təşkilatına - BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq və bu təşkilatda öz mövqeyimizi müdafiə edirik. Azərbaycan nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa çevrilmişdir. Bizim xarici siyasətimizlə bağlı olan bütün təşəbbüslərimiz sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa istiqamətləndirilibdir.

Eyni zamanda, Azərbaycanda daxili sabitlik mövcuddur. Bu da inkişaf üçün başlıca amildir. Azərbaycanda xalq ilə iqtidar arasında birlik vardır. Bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Azərbaycanda iqtisadi inkişafla bağlı çox böyük işlər aparılmışdır. Beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

Hətta böhranlı illərdə - hələ ki, bu böhran dünyada davam edir, - Azərbaycan inkişaf edir, iqtisadiyyat inkişaf edir.

İqtisadiyyatımızın bütün sahələri inkişaf edir. Bu ilin beş ayında qeyri-neft sektorumuz 11 faiz, ümumi iqtisadiyyat təxminən 5 faiz artmışdır. Azərbaycanda işsizlik, yoxsulluq problemləri aradan qaldırılır, böyük infrastruktur layihələri icra edilir. O cümlədən bütün hərbi şəhərciklər bərpa edilir və qarşıya vəzifə qoyulmuşdur ki, növbəti iki il ərzində bir dənə də təmirsiz hərbi hissə, hərbi şəhərcik və hərbi baza olmasın. Müvafiq göstərişlər verilmişdir, vəsait ayrılmışdır və bu proses uğurla gedir. Yəni, biz bütün istiqamətlər üzrə öz fəaliyyətimizi uğurla, inamla aparırıq. İnsanların rifah halı yaxşılaşır, ölkənin nüfuzu artır, iqtisadiyyat, sənaye inkişaf edir və Azərbaycan çox dinamik şəkildə qabağa gedir.

Cəmi 20 ildən bir qədər çox müstəqillik yaşı olan Azərbaycan sübut edib ki, azad, müstəqil ölkə kimi yaşaya, müstəqilliyini, öz seçimini qoruya bilər. Bizim güclü siyasi iradəmiz, güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu dövlətçiliyi, bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır.

Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Hesab edirəm ki, Azərbaycan qısa müddət ərzində güclü dövlətlərin sırasına daxil edilibdir. Biz indi böyük layihələri icra edirik, həm ölkəyə, həm başqa ölkələrə böyük investisiyalar qoyuruq. Bir daha demək istəyirəm ki, biz beynəlxalq müstəvidə çox böyük nüfuza malikik. Əlbəttə ki, Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizata görə. Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun inkişafına öz dəstəyimi verəcəyəm.

Mən əminəm ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla icra edəcəkdir. Bu gün demək olar ki, Dağlıq Qarabağ problemindən başqa heç bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə inkişaf, konkret siyasət, proqram və gözəl nəticələr vardır. Əminəm ki, biz münaqişənin həllində də istədiyimizə nail olacağıq, tarixi ədaləti bərpa edəcəyik, doğma torpaqlarımıza qayıdacağıq! Bunun başqa yolu yoxdur! Tarixin inkişafı, tarixin gedişatı, dünyada gedən proseslər, güclənən Azərbaycan, zəifləyən, yoxsullaşan Ermənistan – bütün bunlar reallıqdır və bu reallıqları biz yaratmışıq, öz siyasətimizlə, öz iradəmizlə. Biz Ermənistanı bundan sonra da bütün beynəlxalq və regional layihələrdən təcrid edəcəyik.

Azərbaycanı bundan sonra da gücləndirəcəyik. Güclü dövlətimiz bu münaqişənin həllində öz sözünü deyəcək və

Azərbaycan Ordusu bir daha demək istəyirəm ki, Ali Baş Komandanın əmrini icra edəcəkdir.

Eşq olsun, Azərbaycan Ordusuna!

Yaşasın, Azərbaycan!

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo