Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışında İlham Əliyevin nitqi

05 oktyabr 2010, 20:41
Ordubadda Biləv Su Elektrik Stansiyasının açılışında İlham Əliyevin nitqi

Əziz dostar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün, doğrudan da, Naxçıvan Muxtar Respublikasında çox əlamətdar bir gündür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qeyd etdi ki, biz bu gün Naxçıvanda bir neçə iqtisadi, sənaye, sosial yönümlü obyektin açılışını qeyd etmişik, hələ bir neçə müəssisənin açılışı gözlənilir. Bu, onu göstərir ki, Naxçıvan çox sürətlə və hərtərəfli inkişaf edir. Bir gündə Naxçıvanda 3 məktəb, xəstəxana, magistral avtomobil yolu, elektrik stansiyası, digər zavodlar, fabriklər, içməli su – demək olar ki, bütün sahələri əhatə edən müəssisələr açılır. Ancaq bu işlər bir gündə həll olunan məsələlər deyildir. Bu məsələləri həll etmək üçün düşünülmüş siyasət və məqsədyönlü addımlar lazımdır. Bu addımlar atılır.

Bu gün Naxçıvanda və demək olar ki, bütün ölkəmizdə, bütün bölgələrdə aparılan siyasət bir məqsədi güdür ki, Azərbaycan daha da güclənsin, vətəndaşlarımız daha da yaxşı yaşasınlar. Bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində yaşanan böhranlı anları geridə qoyub, öz inkişaf strategiyasını ortaya qoyub və bu strategiya bu gün də uğurla icra edilir. Heydər Əliyev siyasəti Azərbaycanın bütün bölgələrində özünü büruzə verir. Hər bir yerdə, hər bir şəhərdə, hər bir rayonda quruculuq, abadlıq işləri aparılır. Böyük investisiyalar qoyulur. İqtisadi və sosial məsələlər öz həllini tapır. Baxın, son bir neçə il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə düşmüşdür. Ölkədə son illərdə 800 mindən artıq yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün praktiki tədbirlər görülüb. Demək olar ki, Azərbaycan indi öz daxili tələbatını, ərzağa olan tələbatının böyük hissəsini özü təmin edir. Biz çalışmalıyıq ki, görüləcək işlər nəticəsində özümüzü ərzaq məhsulları ilə yüz faiz təmin edək. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.

Enerji təhlükəsizliyi məsələlərinin həlli işində ölkədə əsaslı tədbirlər görülüb. Bütün bunlar Heydər Əliyev neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Əgər 1994-cü ildə ulu öndərin qətiyyəti və müdrikliyi sayəsində Azərbaycanın yeni neft strategiyası başlanmasaydı, bu gün biz bu uğurlardan danışa bilməzdik. Məhz Azərbaycan iqtisadiyyatına xaricdən gətirilmiş milyardlarla dollarla ölçülən investisiyalar hesabına biz ölkəmizi hərtərəfli inkişaf etdirməyə nail ola bilmişik. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, eyni zamanda, qitədə öz rolunu oynayır. Bu rol artır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Biz artıq ölkə daxilində enerji təhlükəsizliyi məsələlərini yüz faiz həll etmişik. Bu gün Azərbaycan təbii qazı, nefti, neft məhsullarını, elektrik enerjisini qonşu ölkələrə ixrac edir. Bu ixrac ildən-ilə daha da şaxələnir. İxracın coğrafiyası genişlənir və həcmi artır. Bu, çox vacib məsələdir ki, biz enerji təhlükəsizliyimizi təmin edəndən sonra başqa ölkələrin enerji təhlükəsizliyini təmin etmək üçün töhfəmizi veririk.

Mən çox şadam ki, Naxçıvanda nəzərdə tutduğumuz bütün məsələlər bu gün öz həllini tapır. Muxtar respublika uğurla inkişaf edir, burada quruculuq-abadlıq işləri çox sürətlə gedir, bütün sosial məsələlər həllini tapır, yeni müəssisələr, fabriklər açılır, yollar çəkilir.

Bu gün Biləv Su Elektrik Stansiyasının açılışı, sadəcə olaraq görülən işlərin yeni mərhələsidir. Bu stansiyanın çox böyük əhəmiyyəti vardır. Düzdür, Naxçıvanın enerji təhlükəsizliyi tam şəkildə təmin edilibdir. Vasif Talıbov qeyd etdi ki, bu gün Naxçıvanda enerji potensialının həcmi tələbatdan bir neçə dəfə artıqdır. Ancaq su elektrik stansiyalarının öz xüsusiyyətləri vardır. O, təbiətdən qaynaqlanan bir enerjidir, gücdür. Su mənbələrimizdən səmərəli istifadə etmək üçün Azərbaycanda çoxlu tədbirlər görülüb və bu tədbirlər ardıcıl şəkildə həllini tapır.

Bu gün Naxçıvanda elektrik enerjisi və qazla təminat ən yüksək səviyyədədir. Naxçıvanda qazlaşdırma siyasəti uğurla başa çatıbdır və hətta sovet dövründə qazlaşdırılmayan kəndlər, məntəqələr bu gün hamısı qazlaşdırılıbdır. Yəni, bu, böyük bir proqramın icrası nəticəsində mümkün ola bilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyasının işə düşməsi, uzun fasilədən sonra Naxçıvana təbii qazın verilməsi demək olar ki, muxtar respublikada ciddi bir dönüş yaratdı. Çünki iqtisadi potensial enerji mənbəyi olmadan inkişaf edə bilməz. Biz nə qədər vəsait qoysaq, nə qədər kreditlər ayrılsa, nə qədər müəssisələr yaradılsa, əgər enerji mənbələri yoxdursa, onların heç biri işləməyəcək və heç kim o vəsaiti qoymayacaqdır.

Naxçıvanın xüsusiyyəti ondan ibarətdir ki, coğrafi baxımdan Azərbaycanın əsas hissəsi ilə bağlantısı yoxdur. Vaxtilə Azərbaycanın qədim torpağı olan Zəngəzur diyarının Ermənistana verilməsi demək olar ki, Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayırıbdır. Naxçıvan uzun illərdir ki, blokada şəraitində yaşayır və bu blokadanı Ermənistan tətbiq edir. Ancaq buna baxmayaraq, Naxçıvanın bütün imkanları səfərbər olunub və əlavə tədbirlər görülür, proqramlar icra olunur. Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır. Hər halda biz buna nail olmaq üçün bütün tədbirləri görürük.

Eyni zamanda, Azərbaycanın zəngin neft-qaz potensialı bizə imkan verir ki, özümüzü çox rahat hiss edək. Çünki enerji təhlükəsizliyi, enerjidən asılılıq çox ciddi məsələdir. Bəzi ölkələr xarici mənbələrdən asılı olduqlarına görə istər-istəməz xarici amili də nəzərə almalıdırlar. Azərbaycan o ölkələrdəndir ki, nəinki enerji potensialını işə salıb və enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu gün Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində min meqavatdan artıq enerji gücü vardır ki, biz ondan səmərəli istifadə edərək başqa ölkələrə ixrac edəcəyik. Azərbaycanda tikilən yeni elektrik stansiyalar bu gücü iki dəfə artıracaqdır. Ancaq bununla bərabər, biz bu yaxınlarda qəbul edilmiş proqramlar əsasında bərpa olunan enerji növlərinə xüsusi diqqət veririk. Biz su, günəş, külək enerji mənbələrini yaratmalıyıq. Çünki bütün bu təbii şərait Azərbaycanda vardır və konkret proqram nəzərdə tutulub. Proqramın icrası nəticəsində Azərbaycanın bütün su mənbələrində, çaylarda kiçikhəcmli su elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Təkcə bu il 3 rayonda kiçikhəcmli stansiyaların təməl daşı qoyulubdur. Ancaq onların arasında ən böyüyü, əlbəttə ki, Biləv Su Elektrik Stansiyasıdır.

Bu günə qədər görülmüş işlər və bu nəticələr onu göstərir ki, nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur və şübhə etmirəm ki, bu gün planlaşdırdığımız bütün məsələlər gələcəkdə öz həllini tapacaqdır.

Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar və cansağlığı arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 28 dekabr 2024
17:46
Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarının inkişafına, onların cəmiyyətin operativ və dolğun...

28 dekabr 2024, 17:46
SƏNƏDLƏR Fərmanlar 28 dekabr 2024
17:44
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət...

28 dekabr 2024, 17:44