İlham Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışında iştirak etmişdir

25 iyun 2013, 11:30
İlham Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun açılışında iştirak etmişdir

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yeni inşa edilmiş ikinci müalicə korpusunun açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin hospitalın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının yeni tikilmiş ikinci müalicə korpusunun ən müasir avadanlıqla təchiz edilməsi bu sahəyə göstərilən dövlət qayğısının nümunəsidir. Yarandığı gündən bu hərbi səhiyyə müəssisəsi zabit və əsgər heyətinə, həmçinin hərbi qulluqçuların ailə üzvlərinə yüksək səviyyədə tibbi xidmət göstərmişdir. Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim diqqət mərkəzində saxlamışlar. Ulu Öndərin 1993-cü ildə burada müalicə alan hərbçilərə baş çəkməsi, dövlətimizin başçısının isə 2006-cı ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının birinci müalicə korpusunun açılışında iştirakı bunun əyani təsdiqidir. Məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan hərbi sistemində xidmətin beynəlxalq standartlar səviyyəsində təşkilinin əsası qoyulmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçulara olan qayğısı, habelə ordu quruculuğu sahəsinin müasir dünya standartlarına uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar isə şəxsi heyətin peşəkarlıq səviyyəsini artırmış, onların sosial müdafiəsini, yaşayış və iş şəraitini, struktur qurumların maddi-texniki bazasını yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ikinci müalicə korpusunun inşası da bu tədbirlərin ardıcıl xarakter aldığını göstərir.

Sonra Prezident İlham Əliyev hospitalın baş planını əks etdirən stendə baxdı.

Dövlət başçısı müalicə korpusunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.

Diqqətə çatdırıldı ki, bu korpus ən son elmi-texniki nailiyyətlərə əsaslanan avadanlıqla təchiz edilmişdir. Burada ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər bölmələr yaradılmışdır. Bölmələr ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmişdir. Bölmə və şöbələrdə yaradılan şərait xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir. Səkkizmərtəbəli yeni korpusun tikintisi də yüksək səviyyədə aparılmışdır. Tikinti işlərini qısa müddətdə və keyfiyyətlə yerinə yetirmək üçün maksimum səy göstərilmişdir. Korpusun tikintisi müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilmişdir. Korpusun 600 yerlik yeməkxanasının mətbəxində yaradılan şərait 1700 nəfərə yemək hazırlamaq üçün imkan verir. Bu tibb müəssisəsinin 60 çarpayılıq mobil səhra cərrahiyyə hospitalı da ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Səyyar hospital fəal döyüş əməliyyatları zamanı yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulmuşdur. Bu cür müəssisələrin inşası, burada ən müasir avadanlığın quraşdırılması, ilk növbədə, Azərbaycan dövlətinin hərbçilərin sağlamlığına və onların sosial məsələlərinin həllinə həssaslıqla yanaşdığını nümayiş etdirir. Bu tədbirlər həm də Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətləndikcə ordumuzun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirdiyini göstərir.

Diqqətə çatdırıldı ki, bu hərbi tibb müəssisəsi 1000 çarpayı fonduna malik olmaqla Silahlı Qüvvələrin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərir. 25,4 hektar sahəni əhatə edən, 8 müalicə və digər yardımçı korpuslardan ibarət olan hospitalda 6 şöbə, 47 müalicə-diaqnostika bölməsi vardır. Hospitalda 300 çarpayılıq birinci müalicə korpusu, 60 çarpayılıq yoluxucu xəstəliklər korpusu, müasir sanitar avtomobillərlə təmin edilmiş avtomobil parkı fəaliyyət göstərir.

Dövlət başçısına məlumat verildi ki, ümumi sahəsi 30 min kvadratmetr olan ikinci müalicə korpusu 560 çarpayılıqdır.

Burada 27 müalicə-diaqnostika bölməsi yerləşir. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş və beynəlxalq standartlara cavab verən avadanlıq və cihazlarla təchiz olunmuşdur.

Prezident İlham Əliyev yeni korpusun ürək-damar bölməsində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, burada ürək çatışmazlığı zamanı uzun müddətə ürəyin fəaliyyətini stimullaşdıran xüsusi qurğu quraşdırılmışdır. Korpusun palataları və əməliyyat blokları da ən yüksək səviyyədədir. Blokların layihələndirmə və quraşdırma işlərini bu sahədə dünyada böyük nüfuza malik şirkətlər həyata keçirmişdir. Burada quraşdırılan avadanlıq istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Bölmənin intensiv-terapiya otaqları da dünya tibb sahəsinin ən son avadanlığı ilə təchiz edilmişdir. Korpusda invaziv kardiologiya bölməsi də fəaliyyət göstərəcəkdir. Bölmənin avadanlıq və cihazları xəstələrə yüksək səviyyədə, həmçinin qısa vaxtda keyfiyyətli tibbi xidmət göstərməyə şərait yaradır. Buradakı cihazlar müalicə və diaqnostika işini dəqiqliklə yerinə yetirməyə imkan verir.

Diqqətə çatdırıldı ki, tibb ocağının dörd blokunda 10 əməliyyat otağı yaradılmışdır. Otaqlarda burun-qulaq, ginekoloji, oftalmoloji və ümumi cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Yüksək rütbəli zabitlər üçün yaradılmış tibb xidməti sahəsi də ən müasir tələblər səviyyəsində qurulmuşdur. Burada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılmış, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. Ümumi sahəsi 540 kvadratmetr olan bu xidmət sahəsində xəstələrin müalicə işini tibbin ən son tələbləri əsasında aparmaq üçün geniş imkanlar mövcuddur.

Korpusun 36 otaqdan ibarət laboratoriya şöbəsi də dünya standartları səviyyəsindədir. Burada ən müasir laborator müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılmışdır. 1500 kvadratmetr sahədə yerləşən şöbədə genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki laborator qurğular vardır. Tibb müəssisəsinin radiologiya bölməsində rentgen, maqnit-rezonans tomoqrafiya, kompyuter tomoqrafiyası, flüoroqrafiya aparatları quraşdırılmışdır. Tibb ocağında yaradılan videomüşahidə otağında quraşdırılan monitorlar vasitəsilə əməliyyat otaqlarından görüntü nümayiş olunur. Xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu otaqda aparılan əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilərlər.

Yeni korpusun qarşısında ümumi sahəsi beş hektar olan ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq sahələri salınmışdır.

Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.

Kollektivi təbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Hərbi hospitalın yeni binasının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu açılış onu göstərir ki, Azərbaycanda səhiyyə sahəsində işlər yüksək səviyyədə aparılır. Son on il ərzində Azərbaycanda 500-dən çox tibb ocağı tikilmiş və təmir edilmişdir. Bakıda və bütün bölgələrdə yeni müasir xəstəxanalar, diaqnostika mərkəzləri açılır və insanlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Bu, çox vacib məsələdir. Çünki insanların sağlamlığı dövlət üçün prioritetdir. Son illər ərzində bu sahədə görülən işlər, doğrudan da yüksək qiymətə layiqdir.

Bu hospitalın tikintisi özlüyündə bir göstəricidir. Mən bir neçə il bundan əvvəl hospitalın birinci korpusunun açılışında iştirak etmişdim. O vaxt da çox böyük işlər görülmüşdü. Bu bina və burada quraşdırılmış avadanlıq əlbəttə ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında olan şərait və texniki təchizat burada vardır.

Bu, belə də olmalıdır. Çünki Azərbaycanda hər bir sahədə - iqtisadiyyatın, xidmətin hər bir sahəsində ən yüksək standartlar olmalıdır. Biz bunu gözəlləşən şəhərlərdə yeni infrastruktur layihələrinin yaradılmasında və eyni zamanda, vətəndaşlara göstərilən tibbi xidmətdə görürük.

Burada bütün şərait vardır. Şadam ki, burada çalışan mütəxəssislər də böyük peşəkarlığa malikdir, xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin əksəriyyəti gənclərdir. Bu da məni çox sevindirir. Çünki indi dünyada tibb elmi o qədər sürətlə inkişaf edir ki, bu inkişafı daim izləmək lazımdır. Ən mütərəqqi texnologiyalar tətbiq edilməlidir.

Nəzərə alsaq ki, burada indi ən müasir avadanlıq vardır, əsas məsələ bu avadanlıqdan səmərəli şəkildə istifadə etmək və insanlara yüksək tibbi xidmət göstərməkdir.

Bu hospitalın açılışı Silahlı Qüvvələr Günü ərəfəsində baş verir. Sabah biz Silahlı Qüvvələrin 95 illiyini qeyd edəcəyik.

Sabah hərbi parad keçiriləcəkdir. Azərbaycan hərbi qüdrətini bir daha nümayiş etdirəcəkdir. Ordumuz inkişaf edir, güclənir və hərbçilərin sosial məsələləri də həll edilir. Dünən hərbçilərin vəzifə maaşlarının artırılması ilə bağlı Sərəncam imzalanmışdır. Bu gün bu gözəl hospital açılır. Bildiyiniz kimi, 20 il qüsursuz xidmət göstərmiş hərbçilərə artıq dövlət tərəfindən mənzillər verilməyə başlanmışdır. Artıq 187 mənzil verilmişdir. Yəni, hərbçilərin sosial müdafiəsi daim diqqət mərkəzindədir.

Bütövlükdə, sosial məsələlərin həlli, yeni şəraitin yaradılması işində uğurlar var və bu hospitalın tikilməsi, açılması bunun əyani sübutudur. Digər qurumların da hospitalları, xüsusi tibb mərkəzləri açılmışdır. Son illər ərzində Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Gömrük Komitəsi, Xüsusi Mühafizə Xidməti öz hospitallarını tikib istifadəyə vermişlər.

Yəni, hesab edirəm ki, indi bütün qurumlarda hüquq mühafizə orqanlarının işçilərinin yüksək tibbi xidmət almaları üçün şərait vardır. Eyni zamanda, qeyd etdiyim kimi, bütün başqa yerlərdə də yeni tibb müəssisələri açılır və bu proses bundan sonra da davam etdiriləcəkdir.

Burada yüksək xidmət göstərilməlidir. Arzu edirəm ki, hərbçilər xəstələnməsinlər. Ancaq xəstələnəndə də artıq yüksək xidmət ala biləcəklər. Burada çarpayıların sayı minə qədərdir. Yəni, bu, Azərbaycanın ən böyük tibb müəssisəsidir.

Hesab edirəm ki, burada ən yüksək standartlar daim saxlanmalı və insanlara yüksək xidmət göstərilməlidir.

Bir daha bu gözəl hadisə və qarşıdan gələn bayram münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ən müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı ilə tanış oldu.

Qeyd edildi ki, hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür.

Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur.

Burada, həmçinin 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 yaralı və xəstə çadırı vardır.

Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gəlməsindədir. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu, isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, səyyar mətbəx, hamam və sanitar qovşaqla təchiz olunmuşdur. Bütün konteyner və çadırlarda işıq, mərkəzləşdirilmiş isitmə-soyutma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo