Yeni Azərbaycan Partiyasının V qurultayında İlham Əliyevin nitqi

07 iyun 2013, 11:00
Yeni Azərbaycan Partiyasının V qurultayında İlham Əliyevin nitqi

- Əziz dostlar!

Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri!

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Yeni Azərbaycan Partiyası növbəti qurultayını keçirir.

Bu, doğrudan da böyük hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir.

Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bizim partiyamız 20 ildir ki, iqtidardadır. Bir həftədən sonra biz Qurtuluş Gününü qeyd edəcəyik. Qurtuluş Günü müasir Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Bu 20 il ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanmışdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər.

Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənmişdir. Partiyamıza böyük axın vardır. Artıq partiya sıralarında 600 mindən artıq üzv vardır. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.

Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.

Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur.

Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir.

Təsadüfi deyildir ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü demişdir: antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail olmuşdur və ulu öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etmişdir.

Partiyamızın tarixi müstəqillik tarixi ilə də demək olar ki, üst-üstə düşür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur.

1992-ci ildə bu tarixi hadisə bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan reallıqlarını faktiki olaraq şərtləndirmişdir. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan on il ərzində böyük və şərəfli yol keçmişdir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bilmişdir. Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilmişdir.

Siyasi və iqtisadi islahatlar uğurla aparılmışdır. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv olmuşdur. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilmişdir və bu investisiyalar hesabına Azərbaycan həm o illərdə, həm bu gün inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş imicini qazanmışdır. Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək Ulu Öndərin xüsusi zəhməti hesabına mümkün olmuşdur.

Ulu Öndərin rəhbərliyi ilə on il ərzində Azərbaycan sözün əsl mənasında uğurlu yol keçmişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirə bilmişdir. Bu gün bizim beynəlxalq əlaqələrimiz də çoxşaxəlidir. Müxtəlif partiyalarla, müxtəlif qitələrdə fəaliyyət göstərən partiyalarla biz uğurlu əməkdaşlıq edirik. Bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik.

2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.

2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir.

Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir.

Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur.

2003-2013-cü illərdə - son 10 il ərzində Azərbaycan beynəlxalq aləmdə ən böyük zirvələrə çata bilmişdir, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim diplomatiyamızın, siyasətimizin, dövlətçiliyimizin qələbəsidir, təntənəsidir. Dünyada bu qurumdan ali qurum yoxdur. Keçən ilin mayında Azərbaycan bu mötəbər quruma sədrlik etmişdir.

Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir. Biz digər beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstəririk, mövqeyimizi müdafiə edirik. Biz üzv olduğumuz təşkilatlarda maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk.

Bizim ikitərəfli formatda qurduğumuz xarici siyasət nümunə ola bilər. Bu siyasət bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı, hörmət və bir-birinin işinə qarışmamaq prinsiplərinin üzərində qurulubdur. Bu, bizim yanaşmamızdır. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq. Hesab edirəm ki, əgər dünyada bütövlükdə bu meyllər üstünlük təşkil etsə, müharibələr də, qarşıdurmalar da azalar. Ümumiyyətlə, dünya daha da çox əməkdaşlıq istiqamətində inkişaf edər. Ona görə həm ikitərəfli formatda, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ümumi xarici siyasətlə bağlı konsepsiyamız təqdirəlayiqdir, dünyada böyük hörmətə malikdir və bizə imkan verir ki, daxildə də uğurlu siyasətimizi aparaq. Çünki hər bir ölkə maraqlı olmalıdır ki, onun ətrafında vəziyyət sabit, sülh, əmin-amanlıq olsun ki, ölkə daxilində proseslər daha da normal şəraitdə getsin.

Daxili siyasətlə bağlı Azərbaycanda çox böyük işlər görülmüşdür. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır.

Əlbəttə, bu reallıq bizə imkan verir ki, gələcəyə nikbinliklə baxaq, öz gələcəyimizi planlaşdıraq və biz gələcəyimizi planlaşdırırıq. Artıq biz “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının həyata keçirilməsi ilə məşğuluq. Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəldilibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.

Son on il ərzində Azərbaycanda bütün başqa istiqamətlər üzrə də böyük nailiyyətlər əldə edilmişdir. Bütün bu nailiyyətlərin təməlində Heydər Əliyev siyasətidir, onun qoyduğu yoldur, Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi kimi fəallığıdır. İstər sosial məsələlərin həllində, xarici siyasətlə, iqtisadi islahatlarla, daxili siyasətlə bağlı bütün istiqamətlər üzrə böyük inkişaf vardır. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə Azərbaycanda aparılan islahatlar baxmayaraq ki, çox ciddi xarakter daşıyır və köklü islahatlardır, biz tarixdən və bəzi ölkələrdə gedən bugünkü proseslərdən də bilirik ki, köklü iqtisadi islahatlar bir çox hallarda kütləvi etirazlara səbəb olur. Çünki bu islahatlar bir çox hallarda insanların maraqları hesabına aparılır. Bizdə isə həm iqtisadi islahatlar aparılmışdır, - bu gün iqtisadiyyatımızın 83 faizi özəl sektorda formalaşır, - eyni zamanda, çox güclü sosial proqramlar da icra edilmişdir.

Son on il ərzində Azərbaycanda orta maaş beş dəfə, orta pensiya isə səkkiz dəfə artmışdır. Sosial rifah, insanların maddi vəziyyətinin yaxşılaşdırılması, müxtəlif sosial proqramlar əlbəttə ki, bizim əsas istiqamətimizdir. Sovet dövründən qalmış əmanətlərin insanlara verilməsi də bu siyasətin təzahürüdür. Ona görə görülmüş işlər deməyə əsas verir ki, biz gələcəkdə də bu uğurlu meylləri daha da gücləndirəcəyik və Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik.

Görülən bütün bu işlər əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, “Molotov kokteyli”dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır.

Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu Öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sözün əsl mənasında müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik.

Bir daha demək istəyirəm ki, biz hər bir tərəfdaşla bərabərhüquqlu münasibətlər qurmuşuq. Biz ancaq bu münasibətləri qəbul edirik. Başqa cür ola da bilməz. Bizə rəqib olmaq istəyənlər isə xarici dairələrin təlimatı ilə fəaliyyət göstərirlər. Onlar üçün xaricdən verilən vəsait, oradan verilən təlimatlar əsasdır. Onlar hakimiyyətə gəlmək üçün istənilən güzəştə getməyə hazırdırlar. Biz bunu bilirik. Biz bilirik Azərbaycanda nələr baş verir, hansı proseslər gedir. Hətta bizim üçün ən vacib olan məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində də hakimiyyətə gəlmək üçün böyük güzəştlərə getməyə hazırdırlar. Bunu gizlətmirlər. Söz verirlər ki, əgər onlara böyük dəstək verilərsə, Qarabağı da ermənilərə bağışlamağa hazırdırlar.

Mən bunu ona görə deyirəm ki, bu, artıq, necə deyərlər, siyasi səhnədə bir reallıqdır. Ona görə yox ki, bu, bizi narahat edir. Tamamilə yox. Yenə də deyirəm, mən bizim qarşımızda rəqabət aparmaq qabiliyyətində olan heç bir qüvvə görmürəm. Ona görə ki, bax son illər ərzində görülmüş işlər bu inamı artırır.

Sadəcə olaraq çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar. O qüvvələr ki, buna sadiq deyil, o qurumlarda yeniləşmə getməlidir. Yeni insanlar gəlməlidir rəhbərliyə və naftalin qoxusu verən köhnəlmiş “liderlər” tarixin arxivinə getməlidir. Əslində, onlar çoxdan tarixin arxivindədir, sadəcə olaraq, bunu hələ ki, axıra qədər dərk etməmişlər.

Biz isə uğurla inkişaf edirik. Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər. Bu vəzifələrin arasında əlbəttə ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dayanır. Bizim mövqeyimiz prinsipialdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası bu mövqeyi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil və olmayacaqdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Bu münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapa bilər. Heç bir başqa variant nəzərdən keçirilmir. Heç bir başqa variant qəbul edilə bilməz.

Mən inanıram və əminəm ki, biz bu məsələni həll edəcəyik. Çünki bizim artan xarici və daxili gücümüz, artan ordu potensialımız və iqtisadi inkişaf qələbəmizi şərtləndirəcəkdir.

Ermənistan isə demək olar ki, tamamilə iflasa uğrayıb. Ermənistanda hakimiyyəti zəbt etmiş kriminal korrupsioner diktatura rejimi o ölkəni uçuruma aparır. Ölkədə kütləvi qaydada miqrasiya baş verir. Hər il 100 minə qədər vətəndaş o ölkəni həmişəlik tərk edir. Birinci növbədə, ona görə ki, ümidləri yoxdur. İqtisadiyyat demək olar ki, iflic vəziyyətdədir. Digər tərəfdən, o ölkəni idarə edən qaniçən, gözü doymayan kriminal quldur rejim insanlara divan tutur. Bütün seçkilər Ermənistanda kütləvi şəkildə saxtalaşdırılır, siyasi mübarizə orada qanlı faciələrə gətirib çıxarır. Bu ölkə terrorçu ölkəsidir və terrorçu, quldur üsul-idarəsi ilə idarə edilir. Belə olan halda nə qədər ki, indiki kriminal iqtidar orada rəhbərlikdədir, o qədər də tez Ermənistan tamamilə çökəcəkdir.

Mən tam əminəm, məhz buna görə və digər tərəfdən, artan gücümüz də bunu diktə edir ki, biz mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Sadəcə olaraq buna vaxt və güclü siyasət lazımdır. Güzəştsiz, kompromissiz, milli maraqlara söykənmiş siyasət ki, bu gün bizim iqtidar və yalnız bizim iqtidar bunu təmin edə bilər. Yalnız bizim iqtidar bütün təzyiqlərə, təhdidlərə, təxribatlara dözə bilər. Bizə qarşı aparılan kampaniyanın təməlində bir çox hallarda məhz bu münaqişə dayanır: Azərbaycanı zəiflətmək, ləkələmək, imicinə zərbə vurmaq ki, Qarabağ məsələsində bizdən güzəştlər qoparsınlar. Bu, keçməyəcəkdir. Çünki bizim işimiz haqq işidir və xalq da bizim siyasətimizi dəstəkləyir.

Daxili siyasətlə bağlı deməliyəm ki, biz bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı, sərbəst toplaşma azadlığı - bütün bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət göstərir, heç bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim üçün əsas vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün də örnək ola bilər və olmalıdır.

İqtisadi sahə ilə bağlı şaxələndirmə bizim əsas istiqamətimizdir. Bu sahədə də böyük uğurlar əldə edilibdir. Bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır ki, bu, bəlkə də dünyada ən yüksək göstəricidir. Vaxtilə qəbul edilmiş bütün qərarlar icra edilir. Biz neft amilindən asılılığımızı azaldırıq. Bu il artıq ümumi daxili məhsulumuzda neft sektoru azlıq təşkil edir. Yəni, şaxələndirmə baş veribdir, bundan sonra sənayeləşmə prosesi daha da sürətlə gedəcəkdir. Böyük sənaye kompleksləri yaradılacaqdır. Bu da qarşımızda duran əsas vəzifələrdən biridir. Sosial məsələlərin həllində bundan sonra da çox ciddi addımlar atılacaqdır. Maaşlar, pensiyalar, müavinətlər artırılacaqdır. Məcburi köçkünlərin yaşayış səviyyəsini qaldırmaq üçün bundan sonra da işlər görüləcəkdir. Biz bütün istiqamətlər üzrə öz siyasətimizi davam etdirəcəyik. Ərzaq təhlükəsizliyini tam şəkildə təmin etməliyik. Bir neçə il bundan əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Biz bu hədəfə də yaxınlaşırıq.

Nəqliyyat təhlükəsizliyi üçün Azərbaycan indi əsas rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun başa çatdırılması bölgənin, qitənin, qitələrin nəqliyyat xəritəsini dəyişdirəcəkdir. Yenə də Azərbaycan burada təşəbbüskardır və əsas tərəfdaşdır.

Enerji siyasətimizlə bağlı bütün addımlar düşünülmüş qaydada atılır. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, biz daxildə bunu tam şəkildə həll etmişik. İndi Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində də Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyirik, fəaliyyət göstəririk. Azərbaycan “Cənub qaz dəhlizi”nin əsas iştirakçısıdır, əsas təşəbbüskarıdır. Azərbaycanda qəbul edilən qərarlar gələcəkdə enerji təhlükəsizliyi ilə bağlı olan bütün yeni məsələlərə əsas istiqamət verəcəkdir. Bu, böyük uğurumuzdur və böyük məsuliyyətimizdir. Biz bu məsuliyyətə hazırıq. Çünki Ulu Öndərin qoyduğu Azərbaycanın neft strategiyası bu günə qədər uğurla icra edilibdir. Bu gün qaz amili də bu strategiyanı daha da zənginləşdirir.

Bir sözlə, bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. O cümlədən regionlarda gedən işlərlə bağlı gələn ilin əvvəlində üçüncü Dövlət Proqramı icra ediləcəkdir. Birinci və ikinci proqramların icrası nəticəsində bölgələr canlandı, şəhərlər abadlaşdı, gözəlləşdi, müasir infrastruktur yaradılır, kəndlərimiz çiçəklənir, qalxır, bütün infrastruktur, yollar, məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, qazlaşdırma, elektrik enerjisi, su xətləri, bütün infrastruktur yenilənir. Biz bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il bax, bu qurduğumuz infrastruktur insanlara xidmət göstərsin.

Yəni, vəzifələr daha da çoxdur. Sadəcə olaraq, mən bütün vəzifələri əgər burada sadalasam, bir neçə saat vaxt lazım olacaqdır. Mən bu məsələlərlə bağlı vaxtaşırı vətəndaşlara müraciət edərək öz fikirlərimi bildirirəm. Yəni, bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir. Əminəm ki, biz buna nail olacağıq. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:20
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...

27 dekabr 2024, 13:20
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
13:18
“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının...

27 dekabr 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:16
“İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 95-VIIQ nömrəli...

27 dekabr 2024, 13:16
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:12
“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət Sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 94-VIIQ nömrəli...

27 dekabr 2024, 13:12
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
13:08
“Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında”...

27 dekabr 2024, 13:08
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
13:06
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli...

27 dekabr 2024, 13:06