15:33
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
24 may 2013, 12:30Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.
Prezident İlham Əliyev mərkəzin açılışında iştirak etmişdir.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və dövlət xidmətlərini vətəndaşlara yaxınlaşdırır.
Dövlət başçısının ötən il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı Fərmanı imzalaması bu sahədə çox mühüm addım olmuşdur. Sentyabrın 5-də imzalanmış digər bir Fərmanla Agentliyin əsasnaməsi və strukturu təsdiq edilmişdir. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.
Ötən il dekabrın 29-da pilot layihə olaraq paytaxt Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamışdır. Pilot layihə çərçivəsində mərkəz Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir.
Bu il mayın 3-də isə Sumqayıt “ASAN xidmət” mərkəzi istifadəyə verilmişdir. Bu mərkəz Sumqayıt şəhərinin, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərir. Hər iki mərkəzin fəaliyyətə başlamasından indiyədək ümumilikdə 100 mindən çox vətəndaş müraciət etmiş və ya xidmətlərdən yararlanmışdır.
Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notarial fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil etmişdir.
“ASAN xidmət” mərkəzində ilk vaxtlar 23 hüquqi xidmət həyata keçirilirdisə, Prezident İlham Əliyevin bu il martın 18-də imzaladığı Fərmanla göstərilən xidmətlərin sayı artırılmışdır. Fərmana əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi “ASAN xidmət” mərkəzlərinə həvalə edilmişdir. Bununla da dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 25-ə çatmışdır.
Prezident İlham Əliyev 2 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış oldu.
Bildirildi ki, Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcək mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcəkdir. Bunun üçün ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdırır. Bu mərkəzdə də üç elektron ərizə doldurma aparatı qoyulmuşdur.
Qeyd edildi ki, “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz daim internetə açıq olan kompyuterlərlə təchiz edilmişdir. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılmışdır. Mərkəzdə əlillər üçün də hər cür imkan vardır. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanmışdır.
Bildirildi ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirmələri üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır.
Xidmətin “Çağrı” mərkəzi vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən tablo quraşdırılmışdır.
Prezident İlham Əliyev mərkəzin mühafizə otağı ilə tanış oldu.
Qeyd edildi ki, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət proseduru fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaqdır. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elektron elan tabloları qurulmuşdur. Xidmətin “asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədləri digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır.
Dövlət başçısına Elektron Məlumat Mərkəzi barədə məlumat verildi.
Qeyd olundu ki, mərkəzə müraciət edən vətəndaş bütün məlumatları öyrənə, elektron ərizəni doldura və eyni vaxtda çap etdirə bilər. İlk dəfə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Biometrik Məlumatların Toplanması Sistemi yaradılmışdır.
Avadanlıq İsveçdə istehsal olunmuş, proqram təminatı isə alman kompyuter mütəxəssisləri tərəfindən xüsusi olaraq “ASAN xidmət” üçün yazılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və bunları mərkəzləşdirilmiş halda hüquq mühafizə orqanları sisteminə ötürməsi kimi mühüm xüsusiyyətlərə malikdir. Biometrik texnologiyalar insanların avtomatik tanınmasını, onların davranış və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyətlərinin müəyyənləşdirilməsinə imkan verir. Ən əsası odur ki, bu sistem insan orqanizmi üçün təhlükəli deyildir.
Həmçinin bu, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Prezident İlham Əliyev mərkəzdə işçilər üçün yaradılan şəraitlə də tanış oldu.
Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasının, şəffaflığın təmin edilməsinin, korrupsiya hallarının istisna olunmasının, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqinin, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.
Dövlət başçısına “ASAN kart”la bağlı geniş məlumat verildi.
Bildirildi ki, “ASAN kart” özündə əsasən iki - ödəniş və identifikasiya funksiyasını daşıyan kartdır. Bu kart vasitəsilə dövlət xidmətləri üzrə sifarişin alınması və ödənilməsini həyata keçirmək mümkündür. Ən əsası isə kart beynəlxalq funksiyalı olduğu üçün istənilən yerdə bütün növ ödənişləri həyata keçirmək mümkündür. Kartdan, həmçinin sərnişin nəqliyyatında və kommunal ödənişlərdə istifadə etmək olar. “ASAN kart”ın daha bir xüsusiyyəti isə elektron imza daşıyıcısı olmasıdır.
Belə ki, müqavilələrin və digər rəsmi sənədlərin imzalanmasında bu kartdan istifadə etmək mümkündür.
Məlumat verildi ki, 2 saylı “ASAN xidmət” mərkəzində də digər mərkəzlərdə olduğu kimi, uşaqlar üçün ayrıca oyun guşəsi yaradılmışdır.
Prezident İlham Əliyev mərkəzin yeməkxanası ilə də tanış oldu.
Qeyd edildi ki, yeməkxanada yüksək şərait vardır.
Dövlət başçısına məlumat verildi ki, könüllülük prinsipi əsasında vətəndaşlara xidmət göstərmək üçün 50 gənc seçilmiş və treninqlərə cəlb olunmuşdur.
Prezident İlham Əliyev könüllülərlə görüşdü.
Könüllü Fərid GÜLABLI dövlətimizin başçısını salamlayaraq dedi:
- Hörmətli Prezident, bütün könüllülər adından Bakı şəhər “ASAN xidmət” mərkəzinin 2 saylı şöbəsinə “Xoş gəlmisiniz” deyirik.
Biz gəncləri sevindirən əsas cəhət odur ki, digər mərkəzlərdə olduğu kimi, bu mərkəzdə də könüllülərin işinin təşkili üçün böyük imkanlar yaradılmışdır. Bir gənc olaraq biz elmi biliklərimizi, intellektual səviyyəmizi tam səfərbər edərək istənilən vəzifənin öhdəsindən gəlməyə hazırıq. Yeni bir qurumun işinin təşkilində və formalaşmasında fəaliyyətimiz bizə qürur verir.
Könüllü Gülnaz RƏHİMOVA dedi:
- Cənab Prezident, Sizin digər “ASAN xidmət” mərkəzlərinin açılışında könüllülərə göstərdiyiniz xüsusi diqqət və səmimi münasibətiniz həqiqətən bizə çox xoş təsir bağışlayır.
Azərbaycan Prezidenti İlham ƏLİYEV:
- Çox sağ olun. Mən də çox şadam ki, könüllülər bu mərkəzdə də fəaliyyət göstərəcəklər. İndi artıq üçüncü mərkəz açılır. Bu sistem, ümumiyyətlə, Azərbaycanda qısa müddət ərzində öz vacibliyini artıq təsdiq edib. “ASAN xidmət”in yaradılması Azərbaycanda aparılan ciddi islahatların təzahürüdür. Bu, yeni sistemdir. Bu, Azərbaycan brendidir.
Bildiyimə görə, indi başqa ölkələrdə də bu təcrübə öyrənilir. Baxmayaraq ki, biz təzə başlamışıq, ancaq qısa müddət ərzində 100 minə qədər vətəndaş artıq “ASAN xidmət”ə müraciət etmişdir və yüksək xidmət almışdır. Bu, yenilikdir, müasirlikdir, ölkəmizin inkişafıdır.
“ASAN xidmət”in bir neçə əsas fəaliyyət istiqaməti vardır. Onların arasında insanlara yüksək səviyyəli xidmət məsələsi ön plandadır. Eyni zamanda, bu sistem vasitəsilə xoşagəlməz halların qarşısı alınır, korrupsiyaya qarşı mübarizə daha da gözəl səmərə verir, bürokratiyaya qarşı mübarizə artıq “ASAN xidmət” vasitəsilə yeni pilləyə qalxır. “ASAN xidmət”in fəaliyyəti innovasiya, müasirlik, texnologiyalar, bilik deməkdir. Eyni zamanda, siz könüllülərin fəaliyyəti də cəmiyyətdə yeni bir davranış qaydalarının tətbiqi deməkdir. Bu, çox nəcib və doğrudan da, çox təqdirəlayiq bir funksiyadır. Gənclər təmənnasız bu işlərə qoşulur - vətəndaşlara kömək göstərmək, cəmiyyətdə öz fəaliyyətini daha da uğurla aparmaq və ümumi işimizə töhfə vermək üçün. Yəni, görürsünüz ki, “ASAN xidmət”in təməlində nə qədər gözəl amillər birləşir: müasirlik, yenilik, insanların vətəndaşlıq borcunun yerinə yetirilməsi, gənclərin bu işlərə qoşulması. Əlbəttə, bu xidmət ölkəmizin ümumu inkişafı ilə də tam uzlaşır. Çünki bu gün doğrudan da, Azərbaycanda müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir. Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur. Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaqdır.
Qısa müddət ərzində 100 min vətəndaşın bu xidmətdən istifadə etməsi əlbəttə ki, xidmətin artıq cəmiyyətdə yüksək qiymətə layiq olduğunu göstərir. Əlbəttə, könüllülərin fəaliyyəti bu xidmətə əlavə töhfə verir. Bir daha demək istəyirəm ki, mən sizin vətəndaşlıq mövqeyinizi yüksək qiymətləndirir, təqdir edirəm. Çalışın ki, gələcək fəaliyyətinizdə də həmişə milli maraqlarımızın qorunması işində fəal iştirak edəsiniz. Sizə uğurlar arzulayıram.
Könüllü Gülnaz RƏHİMOVA: Biz gənclər könüllülər fəaliyyətinin təkcə “ASAN xidmət”də deyil, ümumiyyətlə, ölkə daxilində daha da genişləndirilməsini istəyirik. Çünki bu, bizim gələcək karyeramızda, mən hesab edirəm ki, çox əsas amillərdən biri olacaqdır.
Bir daha, əziz Prezident, diqqətinizə görə təşəkkür edirik.
Prezident İlham ƏLİYEV: Sağ olun, düz deyirsiniz. Əminəm ki, sizin gələcəyiniz də çox uğurlu, parlaq olacaqdır. Çünki siz gənc yaşlarda ölkəmiz üçün vacib olan sahədə fəaliyyət göstərirsiniz, burada təcrübə toplayacaqsınız, insanlarla təmasda olacaqsınız. Bu təcrübə sizin üçün gələcəkdə, əlbəttə ki, çox faydalı olacaqdır.
Sizin kimi gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər. Ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Bundan 10 il, 20 il, 30 il, 50 il sonra da Azərbaycan dünyada öz mövqeyini müdafiə edə bilsin. Bunu etmək üçün təkcə güclü iqtisadiyyat, yaxud da ki, xarici siyasət kifayət deyildir. Bunu etmək üçün Azərbaycan vətəndaşları, Azərbaycanın gələcəyini və inkişafını müəyyən edən insanlar bilikli, ilk növbədə, vətənpərvər olmalı, öz Vətənini sevməlidirlər.
Şadam ki, Azərbaycan gəncləri bu ruhda tərbiyə alır. Xüsusilə nəzərə almalıyıq ki, bu gün Azərbaycan ilə fəxr etmək üçün kifayət qədər çox səbəb vardır. Bir daha Sizi salamlayıram, təşəkkürümü bildirirəm və uğurlar arzulayıram.
Könüllülər: Çox sağ olun, təşəkkür edirik.
X X X
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlətimizin başçısı 2 saylı “ASAN xidmət” mərkəzinin yeraltı avtodayanacağının sxemini əks etdirən stendə baxdı.
Diqqətə çatdırıldı ki, mərkəzə şəxsi avtomobilləri ilə gələn vətəndaşların rahatlığı da nəzərə alınmışdır. Belə ki, burada ümumi sahəsi 24 min kvadratmetr olan yeraltı dayanacaq yaradılacaqdır. Hazırda isə vətəndaşlar yerüstü dayanacaqdan istifadə edə bilərlər.
15:33
14:35
14:12
14:10
13:46
13:00
12:11
11:23
10:49
10:08
09:55
18:48