İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir
24 aprel 2013, 20:41
Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Andris Berzinşin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilmişdir.
Forum iştirakçıları Azərbaycan və Latviya prezidentlərini hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham ƏLİYEV forumda çıxış edərək dedi:
-Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Sizi bir daha Azərbaycanda salamlamaq istəyirəm. Bu gün bizim cənab Prezidentlə çox yaxşı görüşümüz oldu. Biz ikitərəfli münasibətlərimizə aid olan bir çox mühüm məsələləri müzakirə etdik. Əlbəttə ki, iqtisadi məsələlər müzakirə etdiyimiz ən vacib məsələlərdən biri idi. Bizim yaxşı uğurumuz və irəliləyişimiz vardır. Çünki əgər ticarət dövriyyəsinin artımının faiz nisbətinə baxsaq, görərik ki, irəliləyiş vardır. Lakin rəqəmlərə baxsaq, bunlar bizi razı sala bilməz.
Bizim əvvəllər də artıq biznesə aid görüşlərimiz olmuşdur. Ölkələrimiz, şirkətlərimiz arasındakı iqtisadi fəaliyyət və əməkdaşlıq əsasən bu görüşlər sayəsində mümkün olmuşdur. Hesab edirəm ki, bugünkü forum xüsusi əhəmiyyət kəsb edir. Çünki mənə məlumat verilmişdir ki, artıq mühüm razılaşmalara nail olunub, memorandumlar imzalanıb və əməkdaşlığın, çox ehtimal ki, yeni sahələri müəyyən edilib.
Çox güman ki, Azərbaycan tərəfi artıq Latviyanın işgüzar dairələrinə ölkədə iqtisadi inkişaf sahəsində gedən proseslər barədə məlumat verib. Bununla belə, fərəhləndiyimiz və gələcək üçün planlaşdırdığımız işlər barədə sadəcə bir neçə söz söyləmək istərdim. Biz olduqca sürətli iqtisadi artıma nail olmuşuq. Bu isə, əsasən nəhəng neft və qaz yataqlarının aşkar edilməsi və işlənilməsi ilə şərtlənir. Bunun sayəsində biz maliyyə vəsaitlərini toplaya bildik və bu, onları inkişaf etdirmək istədiyimiz sahələrə yönəltməyə imkan yaratdı. Bu sahələr əsasən insan kapitalı, təhsil, sosial proqramlar və infrastruktur sahələridir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim bir nömrəli məqsədimizdir. Hesab edirəm ki, biz düzgün istiqamətdə addımlayırıq. Çünki enerji sektorundan asılılıq ildən-ilə azalır. Bu da bizim elə əsas məqsədimizi təşkil edir. Çünki biz davamlı iqtisadiyyat qurmaq fikrindəyik ki, o, neft qiymətlərindən asılı olmasın.
2013-cü ilin birinci rübünün nəticələrinə baxsanız, görərsiniz ki, qeyri-neft sektorunda 11 faizdən çox artım olmuşdur. Bu, islahatlar, şaxələndirmə siyasətimizin nəticəsidir. Avropada şaxələndirmə haqqında danışdıqda, insanlar əsasən enerji resurslarının təchizat yollarının şaxələndirilməsi haqqında düşünür. Bunu da tam anlamaq olar. Şaxələndirmə bizim üçün enerji resursları sahəsində ixrac imkanlarının və qeyri-enerji iqtisadiyyatının inkişafı deməkdir. Bu səbəbdən gələcəklə bağlı planlarımız strateji hesab etdiyimiz sahələrə sərmayələri cəlb etməkdir.
Məsələn, biz 1990-cı illərin ortalarında sərmayələri neft və qaz sektoruna cəlb edə bildik. Çünki münbit investisiya iqlimi yarandı. Bu, əslində elə bizim iqtisadi inkişafımıza səbəb oldu. Hazırda bizim xarici şirkətlərlə əməkdaşlığımızın artıq yerli mexanizmləri mövcuddur. Azərbaycan İnvestisiya Şirkəti bizim üçün strateji olan bəzi layihələrdə həmsərmayədar kimi iştirak edir. Biz xarici sərmayələrə və onların qorunmasına aid daxili qanunvericiliyimizi təkmilləşdirməkdə davam edirik.
Sizə deyə bilərəm ki, Azərbaycan uzun illərdir MDB və Mərkəzi Avropada adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə aparıcı ölkədir. Əgər əvvəlki illərdə biz əsasən neft-qaz sərmayələri haqqında danışırdıqsa, indi digər iqtisadi sahələrdə də sərmayələri müşahidə edirik. Bunlar xidmətlər, digər sahələr və kənd təsərrüfatıdır. Bütün bunlar bizə gələn illər ərzində uğurla inkişaf etmək imkanı yaradacaqdır. Təbii ki, iqtisadiyyatın enerji sahəsi əsas mövqedə qalacaqdır. Bu, tamamilə aydındır, çünki nəhəng neft və qaz ehtiyatlarını, şaxələndirilmiş təchizat marşrutlarını və enerji resurslarını, - mən burada əsasən təbii qazı nəzərdə tuturam, – nəhəng ehtiyatların Avropa istehlakçılarına çatdırılması ilə bağlı hazırda həyata keçirdiyimiz yeni planları nəzərə alsaq, bu, enerji sektorundakı şirkətlər üçün əlavə imkanlar yaradacaqdır. Lakin qeyri-neft iqtisadiyyatı birmənalı olaraq paralel şəkildə artacaqdır.
Biznes fəaliyyətinin təşviq edilməsi üçün Dövlət Proqramı həyata keçirilir. Azərbaycanın rayonlarındakı infrastruktur layihələrinin əksər hissəsi ya başa çatdırılıb, yaxud ki, həyata keçirilmənin sonuncu mərhələsindədir. Biz regionların inkişafına dair iki proqram qəbul etmişik. Hər biri beş illik müddət üçün nəzərdə tutulub. İkinci proqram cari ilin sonunda yekunlaşır. Gələn illər ərzində biz informasiya-kommunikasiya texnologiyaları, xidmətlər, turizm və sənaye kimi sektorların inkişafına daha çox diqqət yetirəcəyik. Çox güman ki, bizim sənaye zonalarının yaradılması ilə bağlı xüsusi planlarımız haqqında qonaqlara məlumat verilmişdir. Bu planlar həyata keçirilmək üzrədir. Bunun nəticəsində biz ağır sənaye sahəsində çox üstünlükləri olan qaydalar, güzəştli vergi rejimi ilə yeni ixrac imkanları yaradacağıq. Bunun sayəsində ixrac imkanlarımızı artıra biləcəyik, həmçinin ixrac strukturunun şaxələndirilməsinə nail olacağıq, çünki hazırda ixracımızın əsas hissəsi enerji ilə bağlıdır. Eyni zamanda, yerli istehsalın artırılması ilə bağlı planlarımız həyata keçirilməkdədir. Özəl sektorun stimullaşdırılması üçün fond kimi mexanizm sayəsində fermerlərə, kiçik və orta sahibkarlara maliyyə yardımı göstərilir.
Fikrimcə, gələn illər ərzində Azərbaycanda iqtisadi inkişaf, ümumən, uğurlu olacaqdır. Bu, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən qeyd olunur. Məsələn, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın yaxşı irəliləyiş əldə etdiyi bildirilir. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə göstərir. Maliyyə və iqtisadi böhran illərində “Standard & Poor’s”, “Fitch” və “Moody’s” reytinq agentlikləri bizim kredit reytinqimizi yaxşılaşdırmışdır. Hesab edirəm ki, şirkətlərimiz arasında müxtəlif istiqamətlər üzrə gələcək əməkdaşlıq yaxşı nəticə verə bilər. Hazırda Azərbaycan öz hüdudlarından kənarda böyük sərmayələr yatırır. Biz Avropada böyük sərmayələr qoyuruq və bu proses davam edəcəkdir.
Əlbəttə ki, ölkənizdəki layihələr bizim üçün çox cəlbedici ola bilər. Biz diqqət yetirəcəyimiz sahələri daha dəqiq şəkildə müəyyən edə bilərik. Burada iştirak edən və yenicə qoşulmuş Latviya şirkətləri həyata keçirdiyimiz müxtəlif layihələrdə podratçı qismində fəal şəkildə iştirak edə bilər. Həmçinin fikrimcə birgə istehsalat imkanlarından həm Azərbaycanda, həm də Latviyada istifadə oluna bilər. Çünki bizim böyük qarşılıqlı marağımız vardır. Mən çox şadam ki, cənab Prezident, Sizi çoxsaylı latviyalı işgüzar adamlar müşayiət edir. Bu, həmin marağı göstərir. Bizim də Sizin ölkəyə eyni marağımız vardır. Əla siyasi münasibətlərimiz mövcuddur. Biz bir çox sahələrdə tərəfdaşıq. Bu gün cənab Prezidentlə müzakirə etdiyimiz kimi, bizim münasibətlərdə həll olunmamış heç bir məsələ yoxdur. Bundan başqa, Azərbaycan Latviyanın üzv olduğu təşkilatlarla fəal şəkildə əməkdaşlıq edir. Bu da ikitərəfli münasibətlərimizi gücləndirir. Fikrimcə, bu biznes forumun çox yaxşı nəticələri ola bilər. Qarşılıqlı maraq, siyasi dəstək vardır, hökumətlərarası komissiya fəaliyyət göstərir.
Təbii ki, biznes dairələrimizin fəaliyyəti çox müsbət nəticələr verəcəkdir. Beləliklə, gələcəkdə biz bundan bəhrələnərək xalqlarımızın rifahı naminə ölkələrimiz arasında güclü iqtisadi tərəfdaşlıq quracağıq.
Cənab Prezident və hörmətli qonaqlar, Sizi ölkəmizdə bir daha salamlamaq istəyirəm. Sizə uğurlu səfər arzulayıram və ən xoş arzularımı çatdırıram. Sağ olun.
X X X
Latviya Prezidenti Andris BERZİNŞ biznes forumda çıxış edərək dedi:
-Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Çox sağ olun cənab Prezident, Siz demək olar ki, bütün mövzuları əhatə etdiniz. Sadəcə bir neçə məsələni qeyd etmək istərdim. Bu, mənim Sizin ölkənizə ilk səfərimdir. Məndə müəyyən məlumat var idi, amma reallıq mənim gözləntilərimi xeyli üstələdi və müstəqilliyinizin 22 ili ərzində nə qədər böyük yol keçdiyinizi gördükdə çox məmnun oldum.
Biz burada bir sıra yerləri ziyarət etdik və gördük ki, keçmişdə çox oxşarlıqlarımız olub. Xalqlarımız arasında çox sıx münasibətlər mövcud olub. Eyni zamanda, biznesə gəldikdə, biz rəqabət aparan tərəflər deyilik. Əslində, bizim biznes işində tamamilə fərqlənən sahələr vardır. Eyni zamanda, əldə etdiyimiz təcrübə də çox fərqlidir. İyirmi iki il ərzində Latviya, həmçinin bundan çox bəhrələnib. Yəni, Avropa İttifaqı ilə fərqli tərzdə yeni qaydaların tətbiqi sahəsində müzakirələr aparılıb. Lakin fikrimcə bu, həmçinin çox müsbət bir təcrübədir. Bu, elə bir sahədir ki, biz qarşılıqlı surətdə yararlana bilərik. Biznes fəaliyyətinə gəldikdə, hər iki ölkə müəyyən sabitliyə nail olub, lazımi yerli və bəzi beynəlxalq təcrübə toplayıb.
Latviya kiçik ölkədir və biz bir-birimizə söykənən tərəfdaş olmalıyıq. Bu, bizim irəliyə getməyimiz üçün gözəl əsasdır. Əlbəttə ki, biz gələn illər ərzində əsas diqqətimizi elm, təhsil və sahibkarlıq sahələrinə yönəldəcəyik. Təhsil, həmçinin ixrac etdiyimiz məhsullardan biri olacaqdır.
Biz fərqli sənaye sahələrində güclüyük. Səylərimizi birləşdirib uğurlar qazana bilərik. Gələcək biznes əlaqələrimiz bu yolla genişlənə bilər. Səhiyyə və sosial sahələr çox böyük sahələrdir. Bizneslə birbaşa bağlı olmasa da, ölkələrimizin gələcəyi üçün bu sahələr də çox vacibdir. Bu gün səhər bizim çox dostcasına, çox açıq şəraitdə keçən müzakirələrimiz oldu. Tam əminəm, hər iki tərəf belə bir razılığa gəlib ki, biz ölkələrimizdə fəaliyyət göstərən şirkətlərimizi lazım olan dərəcədə dəstəkləyək. Bu cür lazımi əsas hər iki tərəf üçün mütləqdir. Bu, əslində qısa müddət ərzində sizinlə işgüzar əlaqələrin gücləndirilməsinə yönəlmiş biznes icmamızın atdığı ikinci addımdır. Tam əminəm ki, bir neçə ildən sonra nəticələr çox yüksək, Sizin inşaat sənayenizin uğuru qədər böyük olacaqdır. Sağ olun.
X X X
Forumdan sonra prezidentlər İlham Əliyev və Andris Berzinş Dənizkənarı Milli Parkı gəzdilər, paytaxtın mənzərəsini seyr etdilər.
Latviya Prezidentinə son illərdə sürətlə inkişaf edən Azərbaycanın paytaxtında görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi.