Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

18 aprel 2013, 18:20

XX əsrin ortalarında su elektrik stansiyasının tikilməsi ilə əlaqədar yaradılmış Mingəçevir şəhəri, sonralar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsü və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızın energetika mərkəzi olmaqla yanaşı, həm də iri sənaye şəhərinə çevrilmişdir. Burada ölkənin enerji təminatında müstəsna əhəmiyyət kəsb edən İstilik Elektrik Stansiyası, habelə elektroenergetika, maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları sənayesi müəssisələri tikilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində son illərdə Mingəçevir şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilmiş, bir sıra yeni istehsal və emal müəssisələri açılmış, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, Heydər Əliyev Mərkəzi, Gənclər evi inşa edilmiş, “Sahil” və “Dostluq” parklarında genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, məcburi köçkün ailələri üçün 10 ədəd 9 mərtəbəli binalardan ibarət məhəllə salınmışdır.

Bununla yanaşı son 20 ildə əhalisinin 20 faizə qədər artaraq yüz min nəfərə çatması, 21 min nəfər məcburi köçkünün məskunlaşması Mingəçevir şəhərinin əsaslı şəkildə inkişaf etdirilməsini, əhalinin məşğulluq probleminin həlli məqsədi ilə sənaye potensialının genişləndirilməsini, xüsusilə də yeni müəssisələrdən ibarət iri texnoparkların yaradılmasını zəruri etmişdir. Eyni zamanda, əhaliyə göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən Olimpiya idman kompleksinin tikilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, 13 məktəb binasının inşası və ya yenidən qurulması, qazlaşdırma işlərinin başa çatdırılması, su-kanalizasiya sistemlərinin tikintisinin sürətləndirilməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması, lift təsərrüfatının və istilik sisteminin əsaslı şəkildə yenidən qurulması tələb olunur.

Mingəçevir şəhərinin kompleks inkişafı və respublikanın sənaye mərkəzlərindən birinə çevrilməsi üçün, o cümlədən sosial xidmət infrastrukturunun yeniləşdirilməsi, müasir şəhərsalma prinsiplərinə ciddi riayət etməklə geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş digər tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2013-cü il.

SƏNƏDLƏR Sərəncamlar 03 noyabr 2026
16:13
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                             

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Ag...

03 noyabr 2026, 16:13
SƏNƏDLƏR Fərmanlar 03 noyabr 2026
16:10
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

03 noyabr 2026, 16:10
SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2026
16:10
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Kazakov Matvey Pa...

30 oktyabr 2026, 16:10