İlham Əliyev Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalına müsahibə vermişdir

04 aprel 2013, 15:50
İlham Əliyev Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalına müsahibə vermişdir

- Hörmətli cənab Prezident, bu il Azərbaycana rəhbərliyinizin 10 ili tamam olur. Geriyə baxarkən, ötən dövrü necə qiymətləndirərdiniz və bu müddət ərzində baş vermiş hadisələrdən hansını ən qürurverici hesab edirsiniz?

- Arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olundu və uğurla icra edildi. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərdi. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bizə bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etdi ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.

Ötən 10 ildə biz iqtisadiyyatımızı 3 dəfə artırdıq və əsasən şaxələndirdik, müasir sosial-iqtisadi infrastruktur yaratdıq, qeyri-neft sektorunun dinamik inkişafını təmin etdik. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsini 2013-cü ildə 25 milyard dollara çatdırdıq. Ölkədə bir milyondan çox yeni iş yeri yaradıldı, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salındı. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirildi. Bu, yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Azərbaycan iqtisadiyyatına bütövlükdə 140 milyard dollar həcmində sərmayə qoyuldu, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü.

2005-2009-cu illərdə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlət oldu və iqtisadiyyatda keçid dövrünü başa çatdırdı. Həmin ildən başlayaraq biz əsas diqqətimizi ölkənin neftdən asılılığının azaldılmasına yönəltmişik və son üç ilin dinamikası aydın şəkildə göstərir ki, bu vəzifənin öhdəsindən layiqincə gəlmişik. Hazırda neft hasilatını sabit saxlamaqla, ölkənin iqtisadi artımını əsasən qeyri-neft sektorunun hesabına həyata keçiririk. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il Azərbaycanda neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə isə qeyri-neft sektoru 2 dəfə artmışdır.

Məlumdur ki, hazırda bir çox dünya ölkələri ciddi maliyyə sıxıntısı yaşayır, yüksək məbləğdə borclar götürür və iqtisadi tənəzzül meyillərinin qarşısını almağa çalışırlar. Bəzi ölkələrdə, məsələn? Ermənistanda dövlət borcu artıq ÜDM-in 50 faizinə yaxınlaşır və bu halın getdikcə daha da pisləşməsi ehtimalı yüksəkdir. Azərbaycanın dövlət borcu isə ÜDM-in cəmi 7-8 faizini təşkil etməklə dünyada ən aşağı göstəricilərdən biri hesab olunur.

Mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin siması dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir. Regional inkişaf proqramlarını reallaşdırmaqla biz paytaxtla bölgələr arasında inkişaf fərqini aradan qaldırmağa müvəffəq olduq. Azərbaycanda sosial sahədə ciddi irəliləyiş əldə etmişik. Son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqlarını, sosial müavinətləri mütəmadi olaraq artırırıq və artırmaqda davam edəcəyik. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilir.

Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkün yaranmış, onlar çox acınacaqlı şəraitdə, çadır şəhərciklərində, yaşayış üçün münasib olmayan digər yerlərdə məskunlaşmışlar. 2004-cü ildən biz məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görməyə başladıq. Ötən müddət ərzində bütün çadır şəhərcikləri ləğv olunmuş, 77 müasir qəsəbə salınmış, yüz minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ötən il biz 20 min məcburi köçkünü müasir mənzillərə, evlərə köçürdük və bu il daha 20 min nəfərin mənzil problemini həll edəcəyik.

Bu illər ərzində biz ölkənin təhlükəsizlik strategiyasını uğurla həyata keçirdik. İlk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olundu, xarici enerji mənbələrindən asılılıq aradan qaldırıldı. Bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artmışdır. Azərbaycanın müəllifi olduğu və Türkiyə ilə birlikdə reallaşdırılan TANAP layihəsi həyata keçirildikdən, yəni 2017-ci ildən sonra Avropanın təbii qaz bazarında ölkənin rolu daha da yüksələcəkdir. Bu layihə bizim uzunmüddətli inkişafımızı, onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını təmin etmək üçün ciddi vasitə olacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, ərazilərimizin işğalı faktını nəzərə alaraq ordu quruculuğunu prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdik. Bu gün Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi təsis olunmuş, hərbi təyinatlı müəssisələr işə salınmışdır və artıq 700 çeşiddə məhsul istehsal edilir.

Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. Biz artıq dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişik. Qətiyyətlə demək olar ki, 2003-cü ildə qarşıya qoyduğumuz bütün məqsədlərə nail olduq. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda biz öncül mövqelər tuturuq. Keçən il dünyanın aparıcı “Fitch”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləri əksər inkişaf etmiş ölkələrin kredit reytinqini aşağı saldıqları halda, ölkəmizin reytinqini artırmışlar. Azərbaycan BMT-nin İnkişaf Proqramının insan inkişafı ilə bağlı hesabatına əsasən “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir. Bu il Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bu, ölkəmizin iqtisadi nailiyyətlərinin dünya birliyi tərəfindən təsdiq edilməsi deməkdir.

Gördüyünüz kimi, ötən 10 ildə əldə edilmiş uğurların, xalqımız üçün qürur mənbəyi olan hadisələrin siyahısı çox genişdir. Azərbaycan tarixində ilk dəfə olaraq 2011-ci ildə yüksək rəqabət şəraitində BMT Təhlükəsizlik Şurasına üzv seçildi, 2012-ci ilin mayında isə təşkilata sədrlik etdi. Hesab edirəm ki, bu, müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur.

Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. Biz 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təşkil etdik və bu sahədə Azərbaycan tərəfdən reallaşdırılan təşəbbüsləri regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırdıq. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır.

2011-ci ildə Azərbaycan Avropanın bir nömrəli musiqi yarışması - “Eurovision”un qalibi oldu və 2012-ci ildə bu müsabiqəni uğurla keçirərək bütün dünyaya öz böyük potensialımızı təqdim edə bildik.

Keçən il BMT-nin VII İnternet İdarəçilik Forumu Bakıda keçirildi. Hesab edirəm ki, bu tədbirin Azərbaycanda təşkili heç də təsadüfi olmamışdır. Çünki informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edən və ən perspektivli seqmentidir. Təsadüfi deyildir ki, 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir.

Bu il fevralın 8-də Azərbaycanın ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin həyatında çox əlamətdar, tarixi bir gün, böyük nailiyyət olmuşdur. Qeyd edim ki, 2008-ci ildə Azərbaycan peykinin orbitə çıxarılması haqqında qərar verilmişdir. 2009-cu ildə müvafiq Dövlət Proqramı qəbul edilmiş, 2010-cu ildə “Azərkosmos” Səhmdar Cəmiyyəti yaradılmışdır. Əldə etdiyimiz nəticələr göstərir ki, bu gün müstəqil Azərbaycan dövləti həqiqətən də sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və bununla da Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır. Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı bu gün Azərbaycanı fərqləndirən cəhətlərdən biridir və bizim uğurlu gələcəyimizi təmin edəcəkdir.

Bir sözlə, ötən illər ərzində Azərbaycan siyasi, iqtisadi, mədəni, idman və digər sahələrdə qlobal və mühüm beynəlxalq tədbirlərə layiqli ev sahibliyi etmişdir. Bununla yanaşı, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə l Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı tarixi hadisə və ölkəmizin böyük uğuru olmaqla yanaşı, həm də Azərbaycanın dünyada artan nüfuzunun və geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir.

Bütün bunlarla yanaşı, Azərbaycanda demokratik islahatlar davam etdirilmiş, güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Bu gün Azərbaycan ifadə, söz, mətbuat azadlığı tam təmin olunmuş bir ölkədir. Bizim həyata keçirdiyimiz siyasətin əsasında insan amili, vətəndaşlarımızın rifahı məsələsi dayanır. Bütün addımlarımız, gördüyümüz işlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Təbii ki, xalqımızın etimadı, dəstəyi olmasaydı, biz bu nəhəng planları həyata keçirə bilməzdik.

- Qarşıdan gələn prezident seçkilərini də nəzərə almaqla ölkənin gələcəyi və qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz, 20 ildən çoxdur ki, Azərbaycan totalitar bir sistemin buxovlarından azad olaraq müstəqil və demokratik dövlət quruculuğu yolu ilə gedir. Müstəqilliyə qədəm qoyduğumuz həmin həssas dövrdə kimin, hansı qüvvənin hakimiyyətə gələcəyi xalq üçün kifayət qədər taleyüklü məsələ idi. Azərbaycanın 1990-cı illərin əvvəllərində rastlaşdığı acı təcrübə göstərir ki, dövlət idarəçiliyinin məsuliyyətini dərk etməyən, təsadüfi insanların hakimiyyətə gəlməsi xalqı fəlakətlə, dövləti isə ciddi problemlərlə üz-üzə qoya bilər. Azərbaycan xalqı müdrik xalqdır və öz tarixinin həlledici anlarında düzgün qərar qəbul etməyi bacarıb. Bu xalq 1993-cü ildə - dövlətçiliyimiz mühüm təhlükə qarşısında qalarkən özünün qəti sözünü dedi və böyük dövlətçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 20 il ərzində Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin dinamik inkişafını təmin etdi, onu dünyanın müasir və demokratik dövlətinə çevirdi. Bilirsiniz ki, müasir və demokratik dövlət quruculuğunun müəyyən dəyişməz prinsipləri, dəyərlər sistemi mövcuddur ki, onlar ardıcıl olaraq təmin edilir və bu sahədəki əsas strateji hədəflər qorunub saxlanılır. Mən tam əminəm ki, Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil dövlət, demokratik inkişaf və sosial rifah kursu, vətəndaş cəmiyyəti quruculuğu yolu Azərbaycanda bundan sonra da davam etdirilməlidir. Bu siyasətin başlıca prioriteti, əlbəttə ki, ilk növbədə dünyanın inkişaf etmiş ölkələri ilə bir cərgədə dayanan, rəqabət qabiliyyətli, ərazi bütövlüyü bərpa olunmuş, müstəqil, güclü və demokratik Azərbaycan olmalıdır.

- Cənab Prezident, Azərbaycanın mühüm geosiyasi mövqeyini nəzərə alaraq, Rusiya, Türkiyə və digər qonşu ölkələrlə münasibətləri necə xarakterizə edərdiniz?

- Azərbaycan etibarlı tərəfdaş, bütün məsələlərlə bağlı öz mövqeyinə malik və tam müstəqil siyasət yürüdən ölkədir. Biz Ermənistan istisna olmaqla region və dünya ölkələri ilə münasibətlərimizi səmərəli əməkdaşlıq, qarşılıqlı etimad, hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qururuq. Azərbaycan məhz bu prinsipləri rəhbər tutaraq 2012-ci ildə Beynəlxalq Qoşulmama Hərəkatına üzv olmuş, ölkəmizin xarici siyasətinin yeni vektorları müəyyənləşdirilmişdir. Biz hazırda digər dünya ölkələri ilə olduğu kimi, Afrika və Latın Amerikası ölkələri ilə də əməkdaşlığımızı möhkəmləndiririk, yeni əlaqələr qururuq.

Region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi xarici siyasətimizin prioritet istiqamətlərindən biri olaraq qalır. Türkiyə Azərbaycana dost və qardaş ölkə, strateji müttəfiqimizdir. Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələr, qarşılıqlı investisiyalar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Biz hazırda Türkiyədə 17 milyard dollarlıq neft-kimya və neft emalı kompleksi layihəsini həyata keçiririk. Azərbaycanın reallaşdırdığı nəhəng enerji layihələri Türkiyənin tranzit ölkə kimi əhəmiyyətini artırır, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində onun rolunu yüksəldir.

Rusiya ilə əlaqələrimiz də əvvəlki illərdə olduğu kimi dinamik inkişaf edir və münasibətlərimiz strateji tərəfdaşlıq mahiyyəti kəsb edir. Siyasi dialoq, humanitar əməkdaşlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi və digər məsələlər tərəfdaşlığımızın vacib elementləridir. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Öz növbəsində, Rusiya da ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Hazırda biz bu ölkədə daşınmaz əmlaka və iri kommersiya strukturlarının səhmlərinə sərmayə qoymağa başlamışıq. Azərbaycan şirkətləri Rusiyada kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələr həyata keçirir və s.

Azərbaycan regionun digər ölkələri ilə də mehriban qonşuluq, səmimi dostluq əlaqələrini inkişaf etdirir. Biz ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərində Azərbaycan xalqının və dövlətinin maraqlarını əsas tuturuq.

- 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. London Olimpiya Oyunlarında Azərbaycanın uğurlarını, qızlar arasında futbol üzrə dünya çempionatının böyük müvəffəqiyyətlə təşkil edilməsini və bu yaxınlarda Avropa Olimpiya Komitəsinin 2015-ci ildə l Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsini nəzərə alaraq, ötən ilin idman yekunlarını necə qiymətləndirə bilərsiniz?

- Keçən il idman sahəsində əldə edilmiş uğurlar, şübhəsiz, “İdman ili”nin yekunları haqqında bizə fəxrlə danışmağa tam əsas verir. Həmin ilin əvvəlində bu qərarı verərkən biz idmançılardan qələbələr, uğurlar gözləyirdik və onlar ümidlərimizi doğrultdular. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etdilər, müxtəlif yarışlarda 700-dən çox medal qazandılar, onlardan 255-i qızıldır.

Qeyd etmək istərdim ki, son 10 ildə Azərbaycanda yüksək səviyyədə 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri təşkil olunmuşdur. Mən onların içərisində ötən il keçirilmiş FİFA U-17 qadınlararası dünya çempionatını xüsusilə qeyd etmək istəyirəm. Çünki bu, bizim üçün yeni və çox uğurlu təcrübə idi. Həm FİFA, həm UEFA Azərbaycanda keçirilmiş bu çempionatı yüksək qiymətləndirmişlər.

Bu il biz Milli Olimpiya Komitəsinin 20 illik yubileyini qeyd etdik. Azərbaycan iyirimi ildir beynəlxalq Olimpiya ailəsinin üzvüdür. 2012-ci il London Yay Olimpiadasında idmançılarımızın əldə etdiyi tarixi nailiyyətlər bir daha təsdiq etdi ki, ölkəmiz bu ailədə öz layiqli yerini tutmuşdur. İdmançılarımız 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla on medal qazandılar. Biz dünya miqyasında 30-cu, Avropada 15-ci, islam aləmində isə üçüncü yerə layiq görüldük.

Nəhayət, ötən il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında l Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. Hesab edirəm ki, bu, tarixi qərardır. Çünki Olimpiya hərəkatı tarixən Avropa məkanından başlamışdır, lakin Avropa Olimpiya Oyunları heç vaxt keçirilməmişdir. Birinci oyunların keçirilməsi özlüyündə ciddi bir addım, Olimpiya hərəkatında dönüşdür. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi bizim üçün böyük məsuliyyətdir, eyni zamanda, beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Azərbaycanın beynəlxalq aləmdə daim artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, müasir sosial, iqtisadi və mədəni infrastrukturu, mövcud ictimai-siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm rolunu oynamışdır.

Qeyd edim ki, hələ bu qərar qəbul edilməmişdən çox əvvəl Azərbaycanda müasir, mühüm beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən idman infrastrukturunun yaradılmasına başlanmışdır. 2012-ci ildə bu tədbirlər davam etdirilmiş, il ərzində iki regional Olimpiya mərkəzi istifadəyə verilmiş və beləliklə, bölgələrdə tikilmiş İdman Olimpiya komplekslərinin sayı 35-ə çatmışdır. Səkkiz kompleksdə tikinti işləri davam etdirilir, bir neçə kompleksin tikintisi nəzərdə tutulur. Bakı şəhərində yeni tikilmiş idman obyektləri istifadəyə verilmişdir. Ölkənin əsas stadionu beynəlxalq standartlara uyğun olaraq yenidən qurulmuşdur. Əlavə olaraq daha bir stadion istifadəyə verilmişdir. Hazırda böyük gimnastika kompleksi, su idmanı növləri sarayı tikilir. Keçən il regionun ən böyük idman obyekti olacaq Olimpiya stadionunun təməli qoyulmuşdur.

Əminliklə deyə bilərəm ki, 2015-ci ilə kimi l Avropa Oyunlarının keçirilməsi üçün bütün infrastruktur, texniki-təşkilati məsələlər öz həllini tapacaqdır. Eyni zamanda, onu da nəzərə almalıyıq ki, mövcud təcrübəyə əsasən Olimpiya Oyunlarına hazırlıq üçün adətən 6-7 il ayrılır. Bizim isə cəmi iki il vaxtımız vardır. Buna görə də biz artıq indidən müvafiq tədbirlər həyata keçirməyə başlamışıq. Yanvarın 17-də l Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılmış və fevralın 2-də onun ilk iclası keçirilmiş, qarşıda duran vəzifələr müzakirə edilmiş və onların icrası ilə bağlı tapşırıqlar verilmişdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını həm Avropaya, həm də bütün dünyaya nümayiş etdirəcəyik. 

gallery-photo