Novruz bayramı münasibətilə ümumxalq şənliyində İlham Əliyevin nitqi

19 mart 2013, 13:40
Novruz bayramı münasibətilə ümumxalq şənliyində İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Əziz dostlar.

Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulamaq istəyirəm.

Novruz xalqımızın ən sevimli bayramıdır. Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını qeyd etmişdir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə bu bayram hər bir Azərbaycan ailəsində qeyd edilirdi. Bu gün isə müstəqil Azərbaycanda bu bayram dövlət bayramı kimi qeyd edilir.

Bir neçə il bundan əvvəl imzaladığım Sərəncam əsasında Novruz bayramı Azərbaycanda beş gün qeyd edilir. Əgər şənbə və bazar günlərini əlavə etsək, vətəndaşlar bir həftə ərzində istirahət edirlər.

Azərbaycan xalqı milli mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlamışdır. Bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli mənəvi dəyərlər üzərində qurulmuşdur.
Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün milli dəyərlər, Azərbaycan dəyərləri hər şeydən üstündür. Müasir müstəqil Azərbaycan dövləti bu möhkəm zəmin üzərində qurulmuşdur. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə uğurla və sürətlə inkişaf edir.

Milli mənəvi dəyərlər bizim üçün əsas məsələdir. Əlbəttə, elə etməliyik ki, bu dəyərlər gələcəkdə də Azərbaycanda daim üstünlük təşkil etsin. Gənclərimiz, uşaqlarımız, gənc nəsil bu dəyərlər üzərində tərbiyə alsınlar, milli ruhda böyüsünlər, Vətənə bağlı olsunlar, vətənpərvər olsunlar, daim Vətən haqqında düşünsünlər və Vətənin inkişafı üçün əllərindən gələni əsirgəməsinlər. Xüsusilə indiki zamanda, qloballaşma dövründə bunun daha da böyük əhəmiyyəti vardır. Çünki qloballaşmanın müsbət tərəfləri haqqında kifayət qədər geniş danışılır. Ancaq qloballaşmanın mənfi tərəfləri də vardır. Özümüzü bu mənfi təsirdən qorumaq və gələcəkdə, uzun illər bundan sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə aparmaq üçün mütləq milli dəyərlər üstünlük təşkil etməlidir.

Bizim bayramlarımız da milli dəyərlərimizdir. Necə ki, milli musiqimiz, ədəbiyyatımız, incəsənətimiz, ana dilimiz - bütün bunlar milli dəyərlərimizi formalaşdırır. Biz ana dilimizi, Azərbaycan dilinin saflığını qorumalıyıq. Necə ki, bizdən əvvəl yaşamış nəsillər ana dilimizi qoruyublar, biz də ana dilimizi qorumalıyıq. Bu gün müstəqil Azərbaycan dövləti bu möhkəm təməl üzərində uğurla inkişaf edir.

Artıq 20 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq. Müstəqillik dövründə əldə edilmiş uğurlar kifayət qədərdir. Ancaq ən önəmli məsələ ondan ibarətdir ki, biz daim inkişaf edək, əldə olunmuş uğurlarla kifayətlənməyək, gələcəyə baxaq. Gələcəkdə Azərbaycan hansı istiqamətlər üzrə inkişaf edəcəkdir, Azərbaycanın bölgədəki, dünyadakı rolu necə olacaqdır?! Biz bunu müəyyən edirik. Hesab edirəm ki, müstəqillik dövrünün tarixçəsi deməyə əsas verir ki, Azərbaycan müstəqillik dövründə böyük uğurlara imza atmışdır.

Ancaq hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçirdi. Demək olar ki, 1991-1992-ci illərdə ölkəmizdə baş vermiş özbaşınalıq, anarxiya, xaos, vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə idi. Azərbaycanda müasir dövlət quruculuğu prosesi 1993-cü ildən sonra başlanmışdır. Bütün xoşagəlməz hallara xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkəmizdə sabitlik yarandı. Sabitlik hər bir ölkə üçün, inkişaf üçün əsas şərtdir. Biz bu gün dünyada müxtəlif yerlərdə qanlı toqquşmaları, sabitliyin pozulmasını görürük. Dünya birliyi bu məsələləri müzakirə edərkən çıxış yollarını axtarır ki, necə etsin, o ölkələrdə, o bölgələrdə vəziyyət yaxşılığa doğru getsin. Hesab edirəm, artıq bütün mütərəqqi bəşəriyyət açıq-aydın görür ki, hər bir ölkənin uğurlu inkişafı üçün, ilk növbədə, o ölkədə sabitlik olmalıdır.

Ulu öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1993-cü ildən sonra Azərbaycanda başlanmış sabitlik dövrü bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Əgər o sabitlik o vaxt yaradılmasa idi, Azərbaycanın, ümumiyyətlə, gələcəyi böyük sual altında ola bilərdi.

Sabitliklə bərabər ölkəmizin əsas inkişaf istiqamətləri də məhz o illərdə - 1990-cı illərin ortalarında müəyyən edilmişdir. Çünki o vaxt Azərbaycan müxtəlif istiqamətlər üzrə inkişaf edə bilərdi. Ancaq Ulu Öndərin baxışları, onun siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və ölkəmiz üçün ən optimal inkişaf yolunu seçmişdir. Dövlət quruculuğu – hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu əsasında bütün islahatlar başlanmışdır. Siyasi sahədə islahatlar başlanmışdır. Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edə bilmişdir, mötəbər beynəlxalq təşkilatlara üzv olmuşdur.
Eyni zamanda, Azərbaycanda iqtisadi sahədə də bazar iqtisadiyyatı prinsipləri tətbiq edilməyə başlanmışdır. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır.

Müasir müstəqil Azərbaycanın milli ideologiyasının inkişafı və tətbiqi istiqamətində böyük işlər görülmüşdür. Bu ideologiya yenə də milli mənəvi dəyərlər üzərində qurulmuşdur. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji dayağımızdır. Bu gün müstəqil Azərbaycan bu ideoloji dayaq üzərində inkişaf edir. Hər bir dövlətin ideoloji dayaqları olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda Ulu Öndər tərəfindən müəyyən edilmiş ideoloji əsaslar əhalimizin mütləq əksəriyyətini birləşdirir. Bu ideoloji əsaslara əhalinin mütləq əksəriyyəti müsbət yanaşır. Bu da cəmiyyətimizi, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrini birləşdirir. Biz, sözün əsl mənasında, böyük vahid bir ailədə yaşayırıq. Bu, bizim uğurlu inkişafımız üçün əsas şərtlər idi.

Əlbəttə, hər bir ölkənin uğurlu inkişafı iqtisadi müstəqillikdən kənarda həll oluna bilməz. İqtisadi müstəqillik siyasi müstəqilliyi də şərtləndirir. Azərbaycanda son illər uğurlu iqtisadi və siyasi islahatlar paralel olaraq aparılır. Bu islahatlar siyasi müstəqilliyimizi də böyük dərəcədə möhkəmləndirə bilmişdir. Hətta dünya üçün ən ağır illərdə - maliyyə və iqtisadi böhran illərində də Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, əhalinin sosial vəziyyəti yaxşılaşmış və Azərbaycan öz məqsədlərinə çata bilmişdir.

Əgər iqtisadi müstəqillik olmasaydı, istər-istəməz, siyasi arenada da imkanlarımız daha da məhdud ola bilərdi. Bu gün isə Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir. Azərbaycan yalnız öz imkanları ilə inkişaf edir. Siyasəti ancaq öz imkanları əsasında qurur. İqtisadi sahədə aparılan islahatlar həm də insanların gündəlik həyatında öz təsirini göstərir. Eyni zamanda, dünyanın aparıcı beynəlxalq maliyyə və iqtisadi qurumları da bu reallıqları görür və bunu qiymətləndirir. Avropanın aparıcı dövlətlərinin bir neçəsi böhranla üzləşdiyinə görə onların kredit reytinqləri beynəlxalq reytinq agentlikləri tərəfindən aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə artırılır. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Bütün bu statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.

Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının da donor ölkəsinə çevrilibdir. Bizim çox sabit maliyyə vəziyyətimiz imkan verir ki, öz maliyyə resurslarımızı, o cümlədən hüdudlarımızdan kənara da yerləşdirə bilək və beləliklə, bizim təsir imkanlarımız da artır. Biz bölgədə aparıcı ölkəyik. Bölgədə heç bir layihə, heç bir təşəbbüs Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Mən bunu dəfələrlə bildirmişəm. Yaxın tarix onu bir daha göstərir ki, yerləşdiyimiz bölgədə Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi – həll oluna bilməz. Beləliklə, bizim bölgədəki mövqeyimiz kifayət qədər güclüdür.

Azərbaycan dünya miqyasında da çox etibarlı tərəfdaş kimi tanınır. Mənim həmkarlarımla çoxsaylı görüşlər əsnasında bir daha görmək mümkündür ki, Azərbaycana dünyada böyük hörmət, böyük rəğbət vardır. Azərbaycanın müstəqil siyasəti dünya birliyi tərəfindən qəbul olunur və təqdir edilir. Əgər belə olmasaydı, dünya dövlətlərini birləşdirən ən böyük təşkilatın ən böyük qurumu olan Təhlükəsizlik Şurasına Azərbaycan üzv seçilə bilməzdi. Bu, bizim tarixi qələbəmizdir və bu qələbə müstəqilliyimizin 20-ci ildönümünə təsadüf etmişdir.

Bu gün Azərbaycan dünya miqyasında söz sahibidir. BMT Təhlükəsizlik Şurasından yuxarı beynəlxalq qurum yoxdur. Biz artıq ikinci ildir ki, bu qurumun üzvüyük, bu qurumda sözümüzü deyirik, prinsipial mövqeyimizi ifadə edirik. Əvvəlki çıxışlarda qeyd etdiyim kimi, Azərbaycan bu qurumda beynəlxalq hüququ və ədaləti dəstəkləyir, müdafiə edir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olmuşuq. Bu da BMT-dən sonra deyə bilərəm ki, ən böyük təşkilatlardan biridir və dərhal o təşkilatda da böyük dəstək qazana bilmişik. Bizim o təşkilatın birinci zirvə görüşündəki fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı tarixdə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli qətnamə qəbul etmişdir. Orada da vurğulanır ki, bu münaqişə ölkələrin ərazi bütövlüyü prinsipləri əsasında öz həllini tapmalıdır.

Yəni, bu faktlar özlüyündə bir göstəricidir. Onu demək istəyirəm ki, xarici siyasət istiqamətində qazanılmış uğurlardan daha böyük uğurlar əldə etmək mümkün olmazdı. Eyni zamanda, bizim enerji diplomatiyamız da çox uğurludur və indiki zəmanədə, xüsusilə, dünyada və Avropada enerji resursları ilə bağlı gedən proseslərə nəzər salaraq bir daha bunu görürük ki, enerji siyasətini ümumi diplomatik və siyasi kontekstdən ayırmaq mümkün deyildir. Burada da Azərbaycan söz sahibidir və Azərbaycanın mövqeyi həlledicidir. Nəyə görə? Çünki yenə də qayıdıram 1990-cı illərin ortalarına. O vaxt Heydər Əliyevin qətiyyəti, cəsarəti sayəsində ölkəmizin gələcəyi üçün əvəzolunmaz işlər görülmüşdür. Bütün təzyiqlərə, təhdidlərə, hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində “Əsrin kontraktı” imzalandı və o gündən bu günə qədər Azərbaycanın neft strategiyası və ondan sonra enerji diplomatiyası ölkəmizin, xalqımızın milli maraqlarına tam şəkildə xidmət edir. Əgər o illərdə bizim enerji təşəbbüslərimiz demək olar ki, regional kontekstdən çıxmırdısa, artıq Azərbaycanın mövqeyi, addımları, təşəbbüsləri qitə miqyasında enerji xəritəsinə böyük dəyişikliklər etmiş olur. Bu gün Xəzər hövzəsinin enerji resurslarının nəql edilməsi ilə əlaqədar Azərbaycan həlledici sözə sahibdir. Bizim mövqeyimiz həmişə olduğu kimi, ədalətli olubdur və milli maraqlarımıza tam şəkildə cavab veribdir. Azərbaycan tərəfindən irəli sürülmüş enerji təşəbbüsləri əlbəttə ki, ölkəmizin bundan sonrakı uzunmüddətli inkişaf dinamikasını təmin edəcək, eyni zamanda, Azərbaycan tərəfdaş ölkələr üçün əvəzolunmaz partnyora çevriləcəkdir. Əminəm ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də bizim bütün təşəbbüslərimiz həyata keçiriləcək və ölkəmizin uzunmüddətli strategiyası uğurla inkişaf edəcəkdir.

Ancaq bununla bərabər, daxili siyasət tələb edirdi ki, biz enerji amilindən asılılığı azaldaq. Çünki enerji resursları tükənən resurslardır. Biz gələcəyə baxmalıyıq. Baxmayaraq ki, Azərbaycanın qaz və neft ehtiyatları onilliklər bundan sonra da xalqımıza xidmət edəcək, indidən qeyri-neft iqtisadiyyatının möhkəm bünövrəsi qoyulmalıdır və qoyulubdur. Keçən ilin statistik göstəriciləri bunun əyani sübutudur. Keçən il qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artıbdır və iqtisadiyyatın şaxələndirilməsi məsələləri uğurla həll edilir.

Sosial məsələlərin həllinə gəldikdə, biz burada da çox ciddi siyasət aparırıq. Bazar iqtisadiyyatının bəzi hallarda çox acı fəsadları vardır. Bu gün Avropanın bəzi ölkələrində yaşanan böhran və böhrandan doğan etirazlar onu göstərir ki, bazar iqtisadiyyatı heç də hər zaman gəlirlərin ədalətli bölgüsünə gətirib çıxarmır. Belə olan halda mütləq güclü sosial siyasət aparılmalıdır. Azərbaycanda bu, belədir və bazar iqtisadiyyatı istiqamətində aparılan islahatlar insanların rifah halını yaxşılaşdırmışdır. Əmanətlərin qaytarılması, maaşların və pensiyaların mütəmadi qaydada artırılması, ünvanlı sosial proqramın icra edilməsi, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və bütün bu məsələlər böyük maliyyə mənbələri tələb edir. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Bax biz gələcək planlarımızı bu kontekstdə qururuq.

Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin bu məsələyə bir növ biganə münasibətidir. Baxmayaraq ki, kifayət qədər güclü bəyanatlar səslənmişdir. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının məlum bəyanatı hamımızın yadındadır ki, status–kvo qəbuledilməzdir, status-kvo dəyişdirilməlidir. Ancaq əslində heç bir addım atılmır. Ermənistan, əlbəttə, maraqlıdır ki, bu vəziyyəti - nə hərb, nə sülh vəziyyətini nə qədər mümkündür saxlasın. Ancaq bu bizi qane edə bilməz. Azərbaycan bütün imkanlardan istifadə edir və edəcək ki, danışıqlar prosesində tərəqqi, inkişaf olsun və məsələ tezliklə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Ancaq əlbəttə ki, bu məsələnin həlli istiqamətində atılan bütün addımlar beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Bundan kənarda heç bir addım atıla bilməz. Beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri diktə edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir. Biz bütün imkanlardan istifadə edərək ordu quruculuğu prosesində, diplomatik sahədə atılan addımlar, iqtisadi məsələlər və digər regional təşəbbüslər sayəsində mövqeyimizi gücləndiririk.

Azərbaycan ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə görə ildə ən azı 100 min adam gedir, ölkəni tərk edir. Əlbəttə, əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaqdır və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Çünki inkişaf onu göstərir ki, bu məsələnin başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaqdır. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə - bütün bunlar bizim tarixi torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıbdır. Yəni, bu tarixi həqiqətdir. İkinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz. Bu, heç vaxt olmayacaqdır. Ancaq biz çalışırıq və çalışmalıyıq ki, tezliklə məsələni həll edək. Məsələnin bizim xeyrimizə həll edilməsinə mənim heç bir şübhəm yoxdur. Sadəcə olaraq, nə vaxt və hansı yollarla?! Hələ ki, biz diplomatik yollara üstünlük veririk. Bununla bərabər, öz gücümüzü artırırıq. Ermənistanı bütün regional proqramlardan kənarda saxlayarıq. Onları bütün layihələrdən təcrid etmişik. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycanla rəqabət aparmaq üçün onların nə imkanı, nə insan resursları, nə iradəsi, nə də gücü vardır. Azərbaycan bu gün güclü dövlətdir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, bütün cəhətlərdən. Azərbaycan öz gücünü göstərir və göstərəcəkdir.

Bu gün bu gözəl bayramı qeyd edərkən, deyə bilərəm ki, son illər ərzində bütün bölgələr kimi, Bakı şəhəri də gözəlləşir, abadlaşır. Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilir. Bakıya gələn hər bir qonaq bunu qeyd edir, bunu vurğulayır. Bu, doğrudan da çox sevindiricidir. Bakı bizim mərkəzimizdir, ürəyimizdir, paytaxtımızdır.

Hər birimiz çalışmalıyıq ki, Bakı daha da gözəlləşsin, abadlaşsın. Son illər ərzində Bakının abadlaşdırılması üçün çox böyük işlər görülmüşdür. 2011-ci ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir. Proqram bu ilin sonuna qədər başa çatmalıdır və qəsəbələrdə mövcud olan bütün infrastruktur məsələləri öz həllini tapacaqdır.

Bakıda yeni parklar salınır, ictimai yerlər yaradılır, böyük quruculuq işləri aparılır. Mən metro tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu günə qədər bizim 23 stansiyamız vardır. Son bir neçə il ərzində üç stansiya istismara verilmişdir. Ancaq qəbul edilmiş master-plan əsasında 2030-cu ilə qədər Bakıda 70 metro stansiyası olmalıdır. Bu işlər ardıcıllıqla aparılır.

Böyük istirahət zonaları, parklar salınır, avtomaşın parkinqləri tikilir. Buna da böyük ehtiyac vardır. Çünki hər il ölkəmizə 100 minlərlə avtomaşın idxal edilir. Azadlıq meydanının altında böyük parkinq tikilir, yaxın aylarda istifadəyə veriləcəkdir. Ən böyük parkinq isə Heydər Əliyev Sarayının arxasında tikilir. Orada təqribən dörd minə qədər avtomaşının saxlanması üçün imkan olacaqdır. Eyni zamanda, parkinqin üstündə gözəl park salınır. Onun uzunluğu bir kilometr, eni isə 150 metrdir. Yəni, şəhərimizin ən böyük istirahət zonası olacaqdır, əlbəttə ki, bulvardan sonra.

Bakı bulvarı da genişlənir. Artıq yeni bulvar istifadəyə verilmişdir. Bayraq Meydanında son tamamlama işləri aparılır. Bir-iki aydan sonra Bayraq Meydanı da tamamilə vətəndaşlar üçün açılacaqdır. Bayraq Meydanından Bibiheybət istiqamətinə bulvarın tikintisi davam edir. Bulvarın uzunluğu artıq 15 kilometrdən çox olacaqdır və yaxın aylarda o yerlər də vətəndaşlar üçün açılacaqdır. Eyni zamanda, bu ildən başlayaraq dəniz vağzalından Zığ istiqamətinə bulvarın uzadılması layihəsi artıq icra edilməyə başlayıb. İlkin işlər görülmüşdür. Orada da çoxsaylı köhnəlmiş müəssisələr, binalar vardır. Orada da təmizlik işləri görülür, bütün köçürmələr aparılır, yüksək kompensasiya ödənilir. Beləliklə, Bakı bulvarı daha da böyüyəcək, uzanacaqdır. Bu da əlbəttə ki, şəhərimizi daha da gözəlləşdirəcək, insanların istirahəti üçün daha da yaxşı şərait yaradacaqdır.

Əlbəttə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Eyni zamanda, mötəbər beynəlxalq tədbirlər də Bakıda indi mütəmadi qaydada keçirilir. Hər həftə, demək olar ki, beynəlxalq konfrans, hansısa tədbir, yaxud da idman yarışı keçirilir. Ötən il “Evrovizion” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. Bu il Davos İqtisadi Forumunun Bakıda keçirilməsi gözlənilir. Bu da ölkəmizə və şəhərimizə göstərilən böyük etimaddır. Əlbəttə, biz hamımız 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlaşırıq. Hazırlıq işləri başlamışdır və dünya tarixində ilk Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Bunun da çox böyük rəmzi mənası vardır.

Bir sözlə, hər bir vətəndaş yaşadığı yerdə öz səylərini göstərməlidir ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan uğurla irəliyə getsin. Mən əminəm ki, bundan sonra da bizim inkişaf yolumuz həmişə açıq olacaqdır. Azərbaycan inkişaf və tərəqqi yolu ilə uğurla gedir. Əminəm ki, bundan sonra da uğurla gedəcəkdir.

Bir daha, əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bu gözəl Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!

SƏNƏDLƏR Sərəncamlar 26 noyabr 2024
13:49
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...

26 noyabr 2024, 13:49
SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17