17 noyabr 2026, 12:40

Mir Şahin Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Böyük məsuliyyət hissi ilə Sizə yazdığım məktuba hədsiz minnətdarlıqla başlayıram. Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız Sərəncamla REAL Təhlil İnformasiya Mərkəzinin əməkdaşları - REAL FM-in direktoru Həsən Abdullayev, montaj rejissoru Sevinc Xəlilova və operator Azər Qarayevi “Tərəqqi” medalı ilə təltif etməyiniz bizim hər birimiz üçün böyük mükafat, fəaliyyətimizin növbəti mərhələsi üçün qürurverici stimuldur.

Mən isə Sizə bu məktubu həm də yalnız REAL Təhlil İnformasiya Mərkəzinin rəhbəri kimi deyil, ümumiyyətlə media fəaliyyətim boyu həmişə qayğınızı, diqqətinizi hiss etmiş, yüksək qiymətinizə dəfələrlə layiq gördüyünüz müxbir, redaktor, teleradio rəhbəri olaraq yazıram. İnformasiyanın, onun istehsalat və emal vasitələrinin, yayım texnologiyalarının inkişaf gedişini müntəzəm izlədiyinizi, yeni çağırışlara uyğun olaraq formalaşan tendensiyalarla ayaqlaşmağımız üçün təkcə dövlət başçısı kimi deyil, həm də medianın ən yaxın dostu kimi hər şeyi etdiyinizi görür və minnətdarlıqla dəyərləndiririk.

Televiziya və radionun rəqəmsal platformalarda alternativ yayım subyektləri ilə paralel fəaliyyətdə öz yerini, əhəmiyyətini şərəflə qorumasına Siz bu gün dövlət sərhədlərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin müdafiəsi səviyyəsində önəm verirsiniz. Yeni Azərbaycan Partiyasının səkkizinci qurultayında Azərbaycanın ideologiya sahəsində üzləşdiyi təhdidlərlə mübarizə kontekstində qarşıya qoyduğunuz vəzifələr REAL Təhlil İnformasiya Mərkəzi də daxil olmaqla bütün media düşərgəsinin öhdəliyi olacaq.

Haqlı olaraq bizi həmişə medianın hər gün yeniləndiyinə, buna görə də televiziya və radionun daha əvvəlki qaydada işləməsinin mümkün olmadığına, müasir modellərə cavab verən telebaxış və radio düşüncəsinə yiyələnməyə dair çağırışlarınızı Müzəffər Ali Baş Komandanımızın yerinə yetirilməsi mütləq olan əmri kimi qiymətləndiririk.

Televiziya və radio fəaliyyətimizi Sizin tələblərə, müəyyənləşdirdiyiniz meyarlara uyğun olaraq, Azərbaycan vətəndaşının dövlət maraqları və milli-mənəvi dəyərlərə cavab verməsi üçün səfərbər etməklə, ərazi bütövlüyü bərpa və dövlət suverenliyi təmin olunmuş Azərbaycana layiq işləməyə çalışacağıq. Yaxın-uzaq tariximizi bütün reallıqları ilə təqdim etməyə, mədəniyyətimizi, milli mentalitetimizi qloballaşmanın yad təsirlərindən qorumağa çalışacaq, dilimizi, dinimizi təhrif etməyə yönəlmiş yad xüsusiyyətlərin milli düşüncəmizə soxulmasına bundan sonra da müqavimət göstərəcək, Azərbaycanın yeni reallıqlarına atdığınız imzaya layiq olmağa hər addımda çalışacağıq.

Hər şeyə görə Sizə minnətdarıq, cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Böyük hörmət və ehtiramla,

Mir Şahin Ağayev,

Azərbaycan Respublikası, Bakı şəhəri.