13 noyabr 2026, 14:45

Aida Eyvazovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən 2020-ci ilin payızından sonra Sizi özlüyümdə və yazılarımda Xaqan adlandırıram.

Bu il Zəfərimizin 6 illiyidir. Babalarımız Bilgə Xaqan, İlteriş Xaqan, Mete Xan kimi tarixi şəxsiyyətlərin yolunu davam etdirərək Siz də qədim türklərin, oğuzların yurduna Zəfər gətirdiniz! Çevik diplomatik gedişləriniz, düşünülmüş döyüş taktikası ilə Əmir Teymurun döyüş qələbələrini qazandırdınız ordumuza! Türk tarixinə adınız qızıl hərflərlə yazıldı.

Türk Dövlətləri Təşkilatında Azərbaycan ən parlaq yer tutur. Təşkilatın verdiyi qərarlar, gördüyü işlər həm də Sizin iradənizin göstəricisidir. Bu təşkilatın gördüyü işlərdən ilhamlanaraq elə hey işləmək, yazıb-yaratmaq istəyirəm. Nə yaxşı ki, türk dünyasının birliyinə sizin açdığınız cığırla gedirik. Bu birliyin yolunda, “Dildə, fikirdə, əməldə” birlik prinsipi ilə işləyərək qələmimiz və sözümüzlə bir iş görə bilmişiksə, xoşbəxtik!

2026-cı il türk dünyası və Azərbaycan üçün ən uğurlu illərdən biri hesab olunur. Bu ilin başlanğıcında ölkəmizdə yenə də Türkoloji Qurultayın 100 illiyi keçirildi. Azərbaycan daha neçə-neçə beynəlxalq məclislərə ev sahibliyi etdi.

Bu uğurlar sizin əməyinizin sayəsində qazanılır. Bu il həm də Azərbaycan Radiosunun 100 illiyidir.

Mənim üçün bu bayramın böyük əhəmiyyəti var. Dünyanı dərk edəndən sonra çörəyimi və dostlarımı qələmlə, sözlə qazanmışam. Türk dünyasından xeyli mükafatlar almışam.

Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə təltif etdiyiniz media əməkdaşlarının siyahısında mənim də adım var. Sizin imzanızla 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülmüşəm. Bu, mənim üçün böyük şərəfdir!

Cənab Prezident!

Ömrümün bu çağında mənə və ailəmə, dostlarıma bəxş etdiyiniz sevincə görə Sizə minnətdarlığım hədsizdir.

Bizə Zəfər şərbətini içirən, cənab Ali Baş Komandan! Əzminiz möhkəm, canınız sağ, bəxtiniz Günəş kimi parlaq olsun!

Tanrı Sizi qorusun!

Hörmətlə,

Aida Eyvazova (Aida Eyvazlı Göytürk),

Azərbaycan Televiziyasının İnformasiya proqramları redaksiyasının böyük redaktoru,

Azərbaycan Respublikası, Bakı şəhəri.