11 noyabr 2026, 19:00

Əsmər Vəliyevadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu tarixi gün münasibətilə Sizə dərin ehtiramımı və minnətdarlığımı bildirirəm. Xalqımızın onilliklər boyu qəlbində yaşatdığı böyük arzunun gerçəkləşməsi, milli qürurumuzun və tarixi ədalətin bərpası Azərbaycan tarixində əbədi yaşayacaqdır.

Bəzən bir xalqın taleyini dəyişmək üçün bir əsrlik həsrəti bir anın içində qələbəyə çevirmək lazımdır. Azərbaycan xalqı bu möcüzəni yaşadı. Bu gün bizim üçün Qarabağ yalnız azad edilmiş torpaq deyil, milli yaddaşımızın yenidən bütövləşməsi, qürurumuzun yenidən ucalması və gələcəyə daha böyük inamla baxmağımızın rəmzidir.

Uca Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyir, qazilərimizə möhkəm cansağlığı və uzun ömür arzulayıram. Şəhidlərimizin bizə miras qoyduğu ən böyük əmanət azad Vətənimizdir. Bu əmanətin qədrini bilmək, onu qorumaq və daha da inkişaf etdirmək hər birimizin vicdan borcudur.

Arzum budur ki, Azərbaycanımız daim sülh, əmin-amanlıq və tərəqqi içində yaşasın. Dövlətimizin qüdrəti, xalqımızın birliyi və müstəqilliyimiz əbədi olsun. İstəyirəm ki, gələcək nəsillər Zəfər tariximizi yalnız kitablardan oxumasınlar, həm də bu Qələbənin yaratdığı qürur hissini yaşasınlar. Qoy övladlarımız Qarabağın azadlığını bir həsrət hekayəsi kimi deyil, öz xalqının iradəsinə, birliyinə və yenilməz ruhuna dair ən böyük həqiqət kimi öyrənsinlər.

Qoy Qarabağın dağlarında bundan sonra yalnız quruculuğun səsi, uşaqların gülüşü, məktəblərin zəngi və həyatın sevinci əks-səda versin. Qoy bir zamanlar həsrətə şahidlik edən yollarımız bu gün qayıdışın, ümidin və yeni həyatın ünvanı olsun. Qoy analarımız bir daha Vətən həsrəti ilə göz yaşı tökməsin, heç bir ailənin qapısı kədərli xəbərlə döyülməsin, heç bir övlad atasının yolunu həsrətlə gözləməsin. Qoy şəhidlərimizin ruhu azad Vətənimizin səmasında daim rahatlıq tapsın, üçrəngli bayrağımız isə hər zaman qürurla dalğalansın.

Ən böyük arzumuz budur: qazandığımız Zəfərin sevinci heç zaman yaddaşımızdan silinməsin, onun məsuliyyəti isə heç zaman çiyinlərimizdən düşməsin.

Zəfərimiz mübarək olsun, Azərbaycan!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Əsmər Vəliyeva,

Kimya üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.