11 noyabr 2026, 17:30

Cəlil Astanovdan, Odessa, Ukrayna

Möhtərəm cənab Prezident!

Sizi və rəhbərliyinizlə tarixi Zəfərə imza atmış Azərbaycan xalqını 8 Noyabr — Zəfər Günü münasibətilə xaricdə yaşayan soydaşlarımız və təmsil etdiyimiz diaspor təşkilatı adından dərin ehtiram və böyük qürur hissi ilə təbrik edirik!

8 Noyabr Azərbaycan tarixinin ən şanlı, ən möhtəşəm və ən qürurverici səhifələrindən biridir. Bu tarix yalnız hərbi qələbənin təntənəsi deyil, xalqımızın əsrlər boyu qəlbində yaşatdığı Vətən həsrətinin sona çatmasının, milli iradənin sarsılmazlığının, dövlətçilik əzminin və tarixi ədalətin bərpasının rəmzidir. Bu gün Azərbaycan xalqı başını dik tutur, qalib dövlətin və qalib xalqın təmsilçisi olmağın qürurunu yaşayır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin qüdrətini, xalqımızın sarsılmaz birliyini və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığım bütün dünyaya nümayiş etdirdi. Bu müharibə İllərlə davam edən işğala son qoymaqla yanaşı, Azərbaycanın öz suveren hüquqlarım və ərazi bütövlüyünü bərpa etmək əzmini heç bir qüvvənin sarsıda bilməyəcəyini sübut etdi.

Sizin Ali Baş Komandan kimi nümayiş etdirdiyiniz qətiyyət, strateji düşüncə, siyasi iradə və sarsılmaz liderlik müharibənin bütün gedişində xalqımız üçün ən böyük mənəvi güc mənbələrindən biri oldu. Döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, dövlət rəhbərliyinin nümayiş etdirdiyi müdrik siyasət və xalqın vahid amal ətrafında birləşməsi tarixin yaddaşına qızıl hərflərlə yazıldı.

Azərbaycan Ordusu hər qarış torpaq uğrunda böyük fədakarlıq göstərərək, illərlə həsrətində olduğumuz yurd yerlərimizi azad etdi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Şuşanın və digər yaşayış məntəqələrimizin azad olunması xalqımızın qələbəyə olan inamını daha da gücləndirdi.

Xüsusilə, 8 noyabr tarixində Şuşanın azad edilməsi hərbi tariximizin ən möhtəşəm hadisələrindən biri olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi ruhunun, mədəniyyətinin və milli kimliyinin təntənəsinə çevrildi. Qayaların üzərində ucalan Şuşa bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan öz tarixinə, mədəniyyətinə və milli dəyərlərinə sahib çıxmaq gücündə olan qüdrətli dövlətdir.

Şuşanın azad edilməsi ilə müharibənin taleyini müəyyən edən tarixi mərhələyə qədəm qoyuldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması və Azərbaycanın mühüm strateji hədəflərinin reallaşması Zəfərimizin siyasi müstəvidə də təsdiqi oldu.

Bu tarixi Qələbə Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin, güclü ordunun qurulmasına yönəlmiş ardıcıl fəaliyyətin, iqtisadi inkişafın və milli həmrəyliyin məntiqi nəticəsi idi. Siz müharibə dövründə həm döyüş meydanında, həm diplomatik müstəvidə, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqq səsinin eşidilməsi üçün qətiyyətli mövqe nümayiş etdirdiniz.

Bu gün Sizin adınız müasir Azərbaycan tarixində Qarabağın azadlığı, tarixi ədalətin bərpası və milli Zəfər anlayışları ilə yanaşı çəkilir. Xalqımızın böyük qürurla ifadə etdiyi Qarabağ fatehi adı Azərbaycan dövlətinin qüdrətinin, siyasi iradəsinin və milli hədəflərinə sadiqliyinin rəmzinə çevrilmişdir.

Möhtərəm cənab Prezident!

2020-ci ilin Vətən müharibəsi Azərbaycanın xaricdə yaşayan milyonlarla soydaşının da milli yaddaşında xüsusi yer tutur. Həmin günlərdə coğrafi sərhədlər aradan qalxdı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar vahid amal - Azərbaycanın haqq səsinin dünyaya çatdırılması naminə birləşdilər.

Xaricdə yaşayan həmvətənlərimiz bu tarixi mübarizədə öz imkan və bacarıqlarını əsirgəmədilər. Diaspor təşkilatlarımızın, ziyalılarımızın, gənclərimizin, tələbələrimizin, iş adamlarımızın və ayrı-ayrı soydaşlarımızın fəaliyyəti nəticəsində yaşadığımız ölkələrdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirildi.

Həmin günlərdə xaricdə yaşayan hər bir azərbaycanlı üçün Vətən yalnız coğrafi məkan deyildi. Vətən hər birimizin qəlbində döyünən, uğrunda mübarizə aparılan, adı çəkiləndə qürur və məsuliyyət hissi doğuran müqəddəs anlayış idi.

Azərbaycan xalqını birləşdirən milli kimlik, dövlətçilik ideyası və Vətən sevgisi sərhəd tanımır. Biz dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, Azərbaycanın taleyinə biganə qalmadıq, dövlətimizin yanında dayandıq və milli maraqlarımızın müdafiəsini özümüzə mənəvi borc bildik.

Vətən müharibəsi Azərbaycan diasporunun tarixində də yeni mərhələnin başlanğıcı oldu. Bu mübarizə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanma gücünü, milli məsuliyyətini və Azərbaycan dövlətinə bağlılığını nümayiş etdirdi.

Bizim üçün ən böyük qürur mənbəyi ondan ibarətdir ki, bütün bu proseslərin sonunda Azərbaycan öz tarixi torpaqlarında suverenliyini bərpa edən, regionda yeni reallıqlar yaradan və beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirən güclü dövlətə çevrildi.

Bu gün azad Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sevinc və qüruru, yenidən dirçələn şəhər və kəndlərimiz Zəfərimizin davam edən təntənəsidir.

Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı, müasir infrastrukturun qurulması, tarixi və dini-mədəni abidələrimizin bərpası, təhsil, səhiyyə və iqtisadi imkanların yaradılması Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, eyni zamanda həmin torpaqlarda yeni həyat qurduğunu nümayiş etdirir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlişin, quruculuğun, sülhün və gələcəyə inamın məkanına çevrilir. Azərbaycan xalqı bu torpaqlarda yeni tarix yazır.

Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin göstərdiyi şücaətə ehtiramımızı bildirir, onlara dərin hörmət və minnətdarlığımızı çatdırırıq. Onların fədakarlığı və qəhrəmanlığı heç vaxt unudulmayacaq. Bu Zəfər onların qanı, canı, iradəsi və Vətən sevgisi ilə qazanılmış müqəddəs tarixi mirasdır.

Biz, xaricdə yaşayan azərbaycanlılar və diaspor təşkilatımız olaraq, bundan sonra da Azərbaycan dövlətinin milli maraqlarının, suverenliyinin, beynəlxalq nüfuzunun və tarixi həqiqətlərinin müdafiəsi istiqamətində fəaliyyətimizi əzmlə davam etdirəcəyik. Yaşadığımız ölkələrdə Azərbaycanı layiqincə təmsil etməyi, milli-mənəvi dəyərlərimizi qorumağı və gələcək nəsillərə ötürməyi özümüzün mühüm vəzifəsi hesab edirik.

Möhtərəm cənab Prezident!

Sizə Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, xalqımızın rifahı, azad Qarabağın çiçəklənməsi və ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın gələcəyi naminə fəaliyyətinizdə daim uğurlar diləyirik.

8 Noyabr - Zəfər Günü mübarək olsun!

Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan! Yaşasın Azərbaycan xalqının milli birliyi və həmrəyliyi! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Astanov Cəlil, “Birlik – Odessa Azərbaycanlılarının Diasporu” Təşkilatının sədri

Ukrayna, Odessa şəhəri