Şəki ağsaqqallarından, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi 8 Noyabr-Zəfər Günü münasibətilə Şəki rayon ağsaqqalları adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətimizin tərəqqisi naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutan, milli qürurumuzu, sarsılmaz iradəmizi və dövlətçilik əzmimizi təcəssüm etdirən möhtəşəm tarixdir. Sizin qətiyyətli rəhbərliyiniz, uzaqgörən siyasətiniz, Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir.
Bu şanlı Zəfər Azərbaycan xalqının milli birliyinin, ordumuzun qəhrəmanlığının və Vətən sevgisinin təntənəsidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq heç vaxt unudulmayacaq, gələcək nəsillər üçün daim qürur və vətənpərvərlik nümunəsi olacaqdır.
Bu gün qalib Azərbaycan dövləti Sizin rəhbərliyinizlə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış prosesi uğurla davam etdirilir. Bütün bunlar xalqımızın gələcəyə inamını daha da gücləndirir.
Şəki Rayon Ağsaqqallar Şurası olaraq, ölkəmizdə həyata keçirilən dövlət siyasətini, milli-mənəvi dəyərlərimizin qorunmasını, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini daim dəstəkləyir, Azərbaycanın daha da qüdrətlənməsi və gələcək nəsillərə güclü dövlətin miras qoyulması naminə fəaliyyətimizi davam etdiririk.
Hörmətli cənab Prezident!
Sizi Zəfər Günü münasibətilə bir daha ürəkdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti, dövlətimizə davamlı inkişaf, xalqımıza əmin-amanlıq və firavanlıq diləyirik.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, bayrağımız daim ucalarda olsun!
Dərin hörmət və ehtiramla,
Şəki ağsaqqalları adından Rayon Ağsaqqallar Şurasının sədri
Vaqif Əhmədov
Azərbaycan Respublikası, Şəki şəhəri.