Fikrət İbadovdan, Astara, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqına yaşatdığınız tarixi Qələbəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu möhtəşəm Zəfər xalqımızın milli birliyinin, dövlət-xalq-ordu həmrəyliyinin və sarsılmaz iradəsinin təntənəsi olmaqla, dövlətçilik tariximizin ən şanlı səhifələrindən birinə çevrilmişdir.
44 günlük Vətən müharibəsində Sizin qətiyyətli siyasi rəhbərliyiniz, uğurlu diplomatik fəaliyyətiniz və strateji qərarlarınız, Azərbaycan Ordusunun qəhrəmanlığı və rəşadəti tarixi Qələbəmizin əsasını təşkil etmişdir. Bu şanlı Zəfər canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin igidliyi hesabına qazanılmışdır. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır.
Bu gün azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan soydaşlarımız və Böyük Qayıdış prosesi Qələbəmizin tarixi nəticələrini nümayiş etdirir.
Möhtərəm cənab Prezident, bu Zəfərin memarı Sizsiniz. Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Xalqımıza milli birlik və həmrəylik, dövlətimizə davamlı tərəqqi, ölkəmizə sülh və əmin-amanlıq diləyirəm.
8 Noyabr - Zəfər Günümüz mübarək olsun!
Hörmətlə,
Fikrət İbadov,
Azərbaycan Respublikası, Astara rayonu, Şahağac kəndi.