Elmar Xəlilovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan xalqına yaşatdığınız bu möhtəşəm tarixi Qələbəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər xalqımızın əsrlər boyu qəlbində yaşatdığı ən böyük arzunun gerçəkləşməsi, milli iradəmizin, dövlətçilik əzmimizin və xalq-ordu birliyinin təntənəsi kimi tariximizə əbədi həkk olunmuşdur. Sizin qətiyyətli rəhbərliyiniz, uzaqgörən siyasətiniz, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və şəhidlərimizin misilsiz fədakarlığı nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək qalib dövlət kimi tarixdə yeni bir səhifə yazmışdır.
Bu Zəfər yalnız hərbi Qələbə deyil, həm də milli ləyaqətimizin, tarixi ədalətin və Azərbaycan dövlətçiliyinin qüdrətinin təntənəsidir. Qarabağın azadlığı ilə xalqımızın qüruru özünə qayıtdı, üçrəngli bayrağımız doğma torpaqlarımızda əbədi dalğalanmağa başladı. Bu gün “Qarabağ Azərbaycandır!” həqiqəti xalqımızın milli kimliyinin, birliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrilmişdir.
Bu tarixi Qələbənin mənəvi və siyasi əsaslarının formalaşmasında Ulu Öndər Heydər Əliyevin müstəsna dövlətçilik xidmətlərini də xüsusi ehtiramla qeyd etmək lazımdır. Onun müəyyən etdiyi strateji inkişaf xətti Sizin rəhbərliyinizlə yeni mərhələyə yüksələrək müasir, güclü və qalib Azərbaycanın formalaşmasına mühüm töhfə vermişdir.
Möhtərəm cənab Prezident!
Bir təhsil işçisi kimi ölkəmizdə elm və təhsilin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirirəm. İnanıram ki, Zəfər tariximizin gənc nəslə düzgün və dolğun şəkildə aşılanması, bu böyük Qələbənin tarixi əhəmiyyətinin elmi əsaslarla öyrənilməsi gələcək nəsillərin milli ruhda, dövlətçilik təfəkkürü ilə formalaşmasına mühüm töhfə verəcəkdir.
Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Möhtərəm cənab Prezident, Zəfər Gününün bizə bəxş etdiyi qürur və iftixar hissi hər bir azərbaycanlının qəlbində yaşayır. Bu Qələbə tariximizin şanlı səhifəsi olmaqla yanaşı, gələcək nəsillərə ötürəcəyimiz ən böyük milli miraslarımızdan biridir.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə uğurlar, xalqımıza davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Uca Tanrı Sizi və Ailənizi qorusun!
Yaşasın cənab Prezident, yaşasın müstəqil, suveren və qalib Azərbaycan!
Dərin hörmət və ehtiramla,
Elmar Xəlilov,
Sumqayıt Dövlət Universitetinin prorektoru, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.