Bəhruz Nəsibovdan, Qax, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə Vətən müharibəsinin iştirakçısı kimi müraciət edərək əvvəla bizə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkür edirəm.
Sizi xalqımızın tarixində əbədi yaşayacaq şanlı Zəfərimizin ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, sarsılmaz iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir. Sizin qətiyyətli siyasi iradəniz, uzaqgörən rəhbərliyiniz və müdrik strategiyanız, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, qazilərimizin fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edilmişdir.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan dövlətçiliyinin qüdrətini, xalqımızın milli həmrəyliyini və yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Zəfər yalnız hərbi Qələbə deyil, həm də gələcək nəsillərə ötürüləcək milli qürur, ləyaqət və müstəqillik salnaməsidir.
Bu gün qalib Azərbaycan Sizin rəhbərliyinizlə azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir, Böyük Qayıdış prosesi uğurla davam etdirilir. Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi, suverenliyimizin daha da gücləndirilməsi və milli maraqlarımızın qətiyyətlə müdafiə olunması xalqımızda gələcəyə böyük inam yaradır.
Bu gün də Vətənimizə qarşı olan siyasi, ideoloji hücumları görür, onların qarşısında Sizin dayandığınızı və bu hücumları qətiyyətlə dəf etdiyinizi bilirik. Buna görə xalqımız hər zaman Sizi dəstəkləyir və Sizə olan inamımız sarsılmazdır.
Bu əlamətdar gündə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, xalqımıza sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.
Zəfərimiz əbədi, dövlətçiliyimiz sarsılmaz olsun!
Hörmətlə,
Bəhruz Nəsibov, Vətən müharibəsi iştirakçısı,
Azərbaycan Respublikası, Qax rayonu.