Fəridə Pənahovadan, Böyük Britaniya
Hörmətli cənab Prezident!
Britaniya Azərbaycan Cəmiyyəti adından Sizə 8 Noyabr - Zəfər Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq.
Bu əlamətdar günə aparan uzun dövr ərzində Azərbaycan ciddi beynəlxalq təzyiqlərlə, mürəkkəb geosiyasi maraqlarla və xalqımızın qanuni hüquq və mənafelərini hər zaman lazımi səviyyədə nəzərə almayan yanaşmalarla üzləşdi. Lakin Siz öz qətiyyətinizdən, inamınızdan və tarixi ədalətin bərpa olunacağına əminliyinizdən bir an belə dönmədiniz. Azərbaycan torpaqlarının mütləq azad ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünün bərpa olunacağına inamınızı heç bir beynəlxalq təzyiq, diplomatik maneə və geosiyasi mürəkkəblik sarsıda bilmədi. Vətənimizin bir qarış torpağının belə güzəşt mövzusuna çevrilməsinə yol vermədiniz.
Sizin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” tarixi bəyanatınız isə hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq unudulmaz anlardan biridir.
Bu tarixi Zəfəri qeyd edərkən Vətənimizin azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini də dərin ehtiramla yad edir, qəhrəman qazilərimizə, müharibə veteranlarımıza və onların ailələrinə sonsuz minnətdarlığımızı bildiririk. Onların göstərdiyi şücaət və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi-mədəni abidələrimizin yenidən dirçəldilməsi, infrastrukturun yaradılması və “Böyük Qayıdış” Proqramının icrası tarixi Zəfərimizin növbəti mühüm mərhələsidir. Qələbənin əsl mənası dağıntıların yerini quruculuğun alması, ailələrin doğma yurdlarına qayıtması və gələcək nəsillərə firavan, təhlükəsiz və sülh şəraitində inkişaf edən Azərbaycanın miras qoyulması ilə tamamlanır.
Hörmətli cənab Prezident, Ulu Öndər Heydər Əliyev bizə dövlətçilik, liderlik, milli kimlik və müdriklik miras qoydu. Siz həmin mirası şərəflə qoruyub daha da zənginləşdirdiniz və Azərbaycanın hər zamankından daha güclü olmasını təmin etdiniz. Siz xalqımızın şərəfini bərpa etdiniz. Sübut etdiniz ki, qlobal qeyri-müəyyənliklər dünyasında belə sarsılmaz liderin rəhbərliyi, qətiyyətli bir xalqın iradəsi ilə hər bir məqsədə nail olmaq mümkündür. Sizin adınız Azərbaycan tarixinə təzyiqlər qarşısında əyilməyən, dünya tərəddüd içində olarkən belə inamını sarsıtmayan, xalqımızı ədalətsizliyin qaranlığından zəfərin parlaq işığına çıxaran bir lider kimi həkk olunmuşdur.
Hörmətli cənab Prezident, Sizi bir daha şanlı Zəfərimizin altı illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın haqqını müdafiə etmək, xalqımızın ləyaqətini qorumaq üçün göstərdiyiniz sarsılmaz əzmə görə Sizə təşəkkür edirik. Sizinlə fəxr edirik və Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi yolunda əvəzolunmaz səylərinizi hər zaman dəstəkləyəcəyik. Dəstəyimiz, sevgimiz və dualarımız həmişə Sizinlədir.
Hörmətlə,
Fəridə Pənahova,
Britaniya Azərbaycan Cəmiyyətinin sədri,
Böyük Britaniya.