02 noyabr 2026, 18:50

Ədalət Turandan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident!

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyiniz fikirləri böyük maraqla və diqqətlə izlədik.

Çıxışınızda mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin, beynəlxalq hüququn və ədalət prinsiplərinin əhəmiyyətinə toxunmağınız, eyni zamanda beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara diqqət çəkməyiniz xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və sonrakı mərhələdə suverenliyinin tam bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu Zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də beynəlxalq hüququn, tarixi ədalətin və milli iradənin təntənəsidir.

Sizin rəhbərliyinizlə Azərbaycanın müharibədən sonrakı dövrdə sülh gündəliyini irəli sürməsi, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin əldə olunması istiqamətində göstərdiyi səylər regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Müharibədən sonra sülhün qurulması istiqamətində nümayiş etdirilən siyasi iradə Azərbaycanın yalnız Zəfər qazanan dövlət deyil, həm də regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu göstərir.

İnanırıq ki, əldə olunmuş razılaşmaların tam və ardıcıl şəkildə həyata keçirilməsi Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına, qarşılıqlı etimadın möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edəcəkdir.

Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü olması, müxtəlif dinlərin, xalqların və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində birgə yaşaması ölkəmizin multikulturalizm ənənələrinin və dövlətçilik fəlsəfəsinin mühüm göstəricisidir.

Hörmətli cənab Prezident!

Sizin beynəlxalq tribunadan səsləndirdiyiniz fikirlər Azərbaycanın müstəqil xarici siyasətinin, milli maraqlarının və ədalətə əsaslanan mövqeyinin ifadəsidir. Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları olaraq, Qarabağ Zəfərinin tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı, xalqımızın rifahı və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Ədalət Turan,

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədri,

Türkiyə Respublikası, İstanbul şəhəri.