İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

13 oktyabr 2026, 11:25
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.

Prezident İlham Əliyev görüşdə çıxış edərək dedi:

- Bir daha xoş gəlmisiniz, cənab Prezident. Çox şadam ki, dəvətimi qəbul edib Azərbaycanı ziyarət edirsiniz. Əminəm ki, səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Bizim elə indicə təkbətək görüşümüz oldu. Bu görüşdə biz ikitərəfli gündəliyimizi, o cümlədən siyasi və iqtisadi sahələri, qarşılıqlı maraq doğuran digər sahələri geniş müzakirə etdik. İndi isə müzakirələrimizi nümayəndə heyətlərinin iştirakı ilə davam etdirəcəyik.

Hesab edirəm ki, siyasi əlaqələrimizin daha da gücləndirilməsi səfərinizin ən yaxşı nəticəsi olardı. Biz yaxşı dostuq və beynəlxalq arenada fəal əməkdaşlıq edirik. Əlbəttə ki, biz iqtisadi sahənin daha da fəal inkişafını müşahidə etmək istəyirik. Mən bəzi göstəricilərə baxdım, onlar çox kiçikdir, amma böyük potensiala malikdir. Düşünürəm ki, Sizin səfəriniz aramızda olan iqtisadi əməkdaşlığa təkan verəcəkdir. Həmçinin təkbətək görüşdə qeyd etdiyim kimi, biz ölkənizdə praktiki investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Hesab edirəm ki, hər iki tərəfin biznes dairələri bu imkanı araşdıracaq. Eyni zamanda, müzakirə etdiyimiz kimi, Sizin Milli Məclisin sədri və Baş nazir ilə görüşləriniz olacaq, müzakirələr davam edəcək.

Ümumiyyətlə, siyasi əlaqələrin səviyyəsi bizi çox qane edir. Biz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşmüşük. Lakin bu, Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin xüsusi statusu var. Həmçinin AQEM Zirvə görüşündə iştirak edəcəyiniz üçün təşəkkür edirəm. Bütün ölkələrin dəstəyi ilə Azərbaycan yekdilliklə AQEM-in sədri seçilmişdir. Son iki ildə Azərbaycan bu təsisatın inkişafına töhfə verməyə çalışmışdır. Sözsüz ki, dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür. Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram. Bir daha Azərbaycana xoş gəlmisiniz.

X X X

Sonra çıxış edən Prezident Thonqlun Sisulit dedi:

- Azərbaycan Respublikasına rəsmi səfər üçün Laosdan olan yüksəksəviyyəli nümayəndə heyətinə rəhbərlik etmək imkanını əldə etdiyimə görə qurur və şərəf hissi duyuram. Bu səfər Zati-aliləri Prezident İlham Əliyevin səmimi dəvəti əsasında baş tutur. Mənim 2024-cü ilin oktyabrında Kazanda keçirilmiş BRICS+ Sammitində Zati-alinizlə keçirdiyim görüş, habelə müxtəlif beynəlxalq forumlar çərçivəsində apardığımız səmimi söhbətlərimizlə bağlı hələ də xoş xatirələrim var. Mən dost Azərbaycan xalqına və Zati-alinizə gözəl Bakı şəhərinə gəldiyimiz andan etibarən göstərdiyiniz liderliyə, məni və nümayəndə heyətimi səmimi qəbul etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Bakıda və Azərbaycanda 1982-ci ildə, qırx ildən də çox müddət əvvəl olduğumu nəzərə alaraq və davamlı olaraq ölkənizin inkişaf xəttini müşahidə edən bir şəxs kimi onun sürətli inkişafını və transformasiyasını indi öz gözlərimlə görmək mənə çox böyük təsir bağışlayır. Bu mənim Laosun Prezidenti kimi Azərbaycana ilk rəsmi səfərimdir. İki ölkə arasında 1995-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri bu, dövlət başçısı səviyyəsində baş tutan ilk səfərdir və tarixi bir mərhələdir. Bu mərhələ bizim dostluq və əməkdaşlıqdan ibarət ənənəvi əlaqələrimizin daha sıx və səmərəli tərəfdaşlıq dövrünə qədəm qoyması ilə müşayiət olunaraq onları daha da gücləndirir, genişləndirir və yüksəldir.


gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 noyabr 2026
16:13
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                             

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Ag...

03 noyabr 2026, 16:13
SƏNƏDLƏR Fərmanlar 03 noyabr 2026
16:10
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

03 noyabr 2026, 16:10
SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2026
16:10
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Kazakov Matvey Pa...

30 oktyabr 2026, 16:10