İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

10 oktyabr 2026, 15:30
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.

Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.

Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.

Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.

Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.

Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.

X X X

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov dedi:

-Hörmətli İlham Heydər oğlu, Azərbaycanı və Çeçenistan Respublikasını daim bir çox cəhətlər birləşdirir. Şəxsən mənim üçün bu, Azərbaycan Prezidenti Heydər Əliyev ilə Rusiyanın Çeçenistan Respublikasının birinci Prezidenti Əhməd Kadırov arasında qardaşlıq münasibətidir. Allah onların hər ikisinə rəhmət eləsin. Onların hər ikisi sülh, sabitlik və mehriban qonşuluq münasibətləri üçün səy göstərirdi, bu səbəbdən mən buraya qonşulara deyil, qardaşlara səfərə gəlmişəm.

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək.

Bu günlərdə Bakıda cüdo üzrə dünya çempionatı keçirilir. Sizin idmançıları layiqli nəticələr münasibətilə təbrik etmək istəyirəm. Çeçenistan Respublikasında Vladimir Vladimiroviç Putin adına cüdo üzrə Olimpiya Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Əminəm ki, birgə idman tədbirləri faydalı olacaq.

İlham Heydər oğlu, səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Azərbaycan xalqına səmimi-qəlbdən sülh, sabitlik, əmin-amanlıq və tərəqqi arzulayıram.

Səmimi qəbula görə bir daha sağ olun.

X X X

Prezident İlham Əliyev dedi:

-Xoş sözlərinizə görə sağ olun. Bir daha xoş gəlmisiniz. Siz çox düzgün qeyd etdiniz ki, bizim valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyublar, hərçənd mən dediyim kimi, çeçenlər və azərbaycanlılar əsrlər boyu daim dostluq, anlaşma şəraitində yaşayıblar, bir-birini dəstəkləyiblər.

Amma bizim böyük liderlərimiz inkişafın müasir mərhələsində xalqlarımızın daha da yaxınlaşmasında əsas rol oynayıblar. Əhməd Hacı Kadırovun Çeçenistanda, Heydər Əliyevin Azərbaycanda xatirələrinin anılması, həmçinin xalqlarımızın öz ənənələrinə, həyat tərzinə sadiqliyini və müasir inkişafın əsasını qoyanlara ehtiramını nümayiş etdirir.

Sizi bir daha təbrik edirəm. Müşahidələrimə, gördüklərimə və mənə edilən məruzələrə əsasən sizin rəhbərliyinizlə Çeçenistan Respublikasının necə sürətlə inkişaf etdiyini bilirəm. Bu, bizi səmimi-qəlbdən sevindirir. Siz sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial inkişaf üzrə çox böyük uğurlar qazanmısınız.

Siz Azərbaycana ilk dəfə səfər etmirsiniz. Bilirəm ki, Azərbaycan sizin üçün yaxın ölkədir. Əminəm ki, sizi gələcəkdə də Azərbaycanda tez-tez görə biləcəyik. Bir daha xoş gəlmisiniz.

Çeçenistanın başçısı Ramzan Kadırov: Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

X X X

Söhbət zamanı müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 noyabr 2026
16:13
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                             

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Ag...

03 noyabr 2026, 16:13
SƏNƏDLƏR Fərmanlar 03 noyabr 2026
16:10
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

03 noyabr 2026, 16:10
SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2026
16:10
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Kazakov Matvey Pa...

30 oktyabr 2026, 16:10