Bayram Aslanovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyiniz çıxışınızı böyük diqqətlə dinlədik. Səsləndirdiyiniz fikirlər, Azərbaycanın keçdiyi tarixi yol və qarşıda duran vəzifələrlə bağlı mesajlarınız bizdə xoş və dərin təəssürat yaratdı. Sizin çıxışınızda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərinin bir daha xüsusi vurğulanması, xalqımızın keçdiyi çətin və şərəfli yolun xatırladılması hər birimiz üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu gün güclü, müstəqil və öz sözünü deyən Azərbaycanı görmək, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına şahidlik etmək böyük qürur hissi doğurur.
VIII Qurultayın məhz belə bir tarixi mərhələdə keçirilməsi onun əhəmiyyətini daha da artırır. Azərbaycanın əldə etdiyi nailiyyətlərlə yanaşı, qarşıda duran yeni hədəfləri önə çəkməyiniz bir daha göstərdi ki, görülən işlərlə kifayətlənmək deyil, ölkəmizin gələcək inkişafı üçün daim daha böyük məqsədlərə doğru addımlamaq əsas vəzifələrdəndir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın İdarə Heyətinin üzvü seçilməyimə görə Sizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm. Mənim üçün bu etimad böyük şərəf olmaqla yanaşı, həm də yüksək məsuliyyətdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycan naminə gördüyünüz bütün işlərdə yeni uğurlar arzulayırıq. Qoy ölkəmiz daim sülh və əmin-amanlıq içində yaşasın, xalqımızın birliyi və həmrəyliyi daha da möhkəmlənsin.
Dərin hörmət və ehtiramla,
Aslanov Bayram Mirazim oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.