09 oktyabr 2026, 18:35

Sahil Kərimlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandan!

Sizin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışınız, ilk növbədə, Azərbaycanın inkişafı, təhlükəsizliyi və digər istiqamətlər üzrə gələcək fəaliyyətinin yeni yol xəritəsi kimi qəbul edilməlidir. Təbiidir ki, Azərbaycan uzun illər işğaldan əziyyət çəkən ölkə kimi təhlükəsizliyin təmin edilməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi və hərbi potensialın gücləndirilməsi istiqamətində uzun yol keçib.
Bu siyasətin nəticəsini 44 günlük Vətən müharibəsi zamanı Sizin rəhbərliyinizlə bütün dünyaya nümayiş etdirdik və Azərbaycan tarixi Zəfər qazandı. Bu Zəfər hazırda dünya üçün nümunəyə çevrilib və müxtəlif hərbi dairələrin diqqətini cəlb edir. Eyni zamanda, antiterror tədbirləri zamanı cəmi bir gün ərzində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Bu, Sizin uzun illər ərzində həyata keçirdiyiniz ardıcıl diplomatik və hərbi siyasətin nəticəsi idi. Nəticədə Azərbaycan Ordusu daha da qüdrətləndi, ən müasir hərbi arsenala sahib oldu və şəxsi heyətin peşəkarlığı özünü bütün bu proseslərdə aydın şəkildə göstərdi.

Sizin Qurultaydakı çıxışınızı bir çox istiqamətlərdən təhlil etmək mümkündür. Çıxışda, ilk növbədə, ölkəmizin bundan sonra atacağı addımlar, milli və dövlətçilik maraqlarımızın, suverenliyimizin qorunması, həmçinin bu istiqamətlərdə gücümüzün daha da artırılması ilə bağlı mühüm tezislər öz əksini tapıb. Təbiidir ki, Azərbaycan bu uğurlara həm də həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və ölkənin iqtisadi gücünün artırılması nəticəsində nail olub. Azərbaycan uzun illərdir Cənubi Qafqazda bir çox sahələrdə lider ölkə kimi mövqeyini möhkəmləndirib. Hazırda Azərbaycan dünyada orta güc dövləti kimi tanınır və qəbul edilir. Şübhəsiz ki, bu iqtisadi və siyasi müstəqilliyin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Sizin tərəfinizdən uğurla davam etdirilərək yüksək mərhələyə çatdırılıb.

Biz işğaldan azad olunmuş ərazilərimizi bu gün sıfırdan bərpa edirik. Erməni vəhşilikləri nəticəsində dağıdılmış, yerlə-yeksan edilmiş Azərbaycan torpaqlarında yeni və müasir layihələr həyata keçirilir. Bununla paralel olaraq Böyük Qayıdış prosesi də uğurla davam etdirilir. Bütün bunlarla biz bir daha dünyaya tarixi ata-baba yurdlarımıza sahib çıxdığımızı, həmin ərazilərin bərpasını və inkişafını Azərbaycan dövlətinin güclü siyasi iradəsi və iqtisadi imkanları hesabına həyata keçirdiyimizi göstəririk.

Cənab Prezident!

Azərbaycanı istəməyən, ölkəmizin əldə etdiyi uğurları qəbul etməyən qüvvələr hələ də var. Sizin milli maraqlara, dövlətçilik və müstəqillik prinsiplərinə əsaslanan qətiyyətli siyasətinizi həzm etmək istəməyən həmin dairələr müxtəlif təzyiq və təsir vasitələri ilə ölkəmizə qarşı qərəzli fəaliyyət göstərməyə çalışırlar. Bu çərçivədə xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhundan uzaqlaşdırılması və müxtəlif zərərli xarici təsirlərə məruz qoyulması istiqamətində cəhdlərin olduğu müşahidə edilir. Qurultaydakı çıxışınız zamanı gənclərə ünvanladığınız müraciət, eləcə də ictimaiyyətə verdiyiniz mesajlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qarşımıza qoyduğunuz hədəflər ölkəmizin gələcəkdə üzləşə biləcəyi xarici təhdidlər qarşısında milli həmrəyliyin, siyasi iradənin və dövlətçilik mövqeyinin qorunmasının vacibliyini şərtləndirir.

Cənab Prezident!

Bu gün dünyada baş verən təhlükəli proseslər, ölkələrin milli təhlükəsizliyinə və ərazi bütövlüyünə yönələn təhdidlər fonunda Sizin Azərbaycanın milli maraqlarını, təhlükəsizliyini qətiyyətlə qorumağınızı, müstəqil siyasət yürütməyinizi hər bir vətəndaşımız yüksək qiymətləndirir. Bütün bu uğurlara və müəyyən etdiyiniz koseptual doktrina üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Dərin hörmətlə,

Sahil Kərimli, Əməkdar jurnalist

Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini

Azərbaycan Respublikası, Bakı şəhəri.