09 oktyabr 2026, 18:29

Abbas Əliyevdən, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışınız Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin əsas prioritetlərini, dövlət və cəmiyyət qarşısında duran strateji vəzifələri, eləcə də Yeni Azərbaycan Partiyasının bundan sonrakı fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu tarixi bir mərhələdə keçirilən VIII Qurultay xalqımızın qarşısında yeni hədəflərin müəyyənləşdirilməsi, əldə olunmuş tarixi nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı inkişafının təmin edilməsi baxımından xüsusi siyasi və ictimai əhəmiyyət daşıyır.

Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi, milli maraqlarımızın qətiyyətlə müdafiə olunması, dövlətçilik institutlarının inkişaf etdirilməsi və tarixi Zəfərlə ərazi bütövlüyümüzün bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

VIII Qurultayda müəyyən etdiyiniz yeni mərhələnin əsas vəzifələri isə əldə olunmuş nailiyyətlərin qorunmasını, ölkəmizin hərtərəfli inkişafının davam etdirilməsini, milli həmrəyliyin daha da möhkəmləndirilməsini və Azərbaycan dövlətinin qarşısında dayanan strateji məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsini tələb edir.

Partiyanın ideoloji fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması, cəmiyyətlə daha sıx və səmərəli dialoqun qurulması, Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə düzgün və dolğun çatdırılması, dövlətçilik və milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması ilə bağlı müəyyən etdiyiniz istiqamətlər Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının üzərinə mühüm məsuliyyət qoyur.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri olaraq VIII Qurultayda qarşıya qoyulan vəzifələri fəaliyyətimizin əsas istiqamətləri kimi qəbul edir və rəhbərlik etdiyim təşkilatın işinin həmin prioritetlərə uyğun qurulmasını başlıca vəzifələrimizdən hesab edirəm.

Bu məqsədlə rayon təşkilatının fəaliyyətinin daha çevik, sistemli və nəticəyönümlü təşkili, partiya üzvləri ilə işin təkmilləşdirilməsi, rayon sakinləri ilə davamlı əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciət və təkliflərinin diqqətlə öyrənilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və dövlət siyasətinin mahiyyətinin cəmiyyətə düzgün izah olunması istiqamətində ardıcıl fəaliyyət göstərəcəyik.

Xüsusilə gənclərlə işin genişləndirilməsini və onların ictimai-siyasi fəallığının artırılmasını mühüm istiqamətlərdən biri hesab edirik. Gənclərin dövlətçilik ənənələrinə, milli-mənəvi dəyərlərə və Azərbaycançılıq məfkurəsinə bağlılığının möhkəmləndirilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və ictimai proseslərdə fəal iştirakının təmin olunması istiqamətində fəaliyyətimizi daha da gücləndirəcəyik.

Hesab edirik ki, müasir dövrdə yerli partiya təşkilatlarının gücü yalnız təşkilati fəaliyyətlə deyil, eyni zamanda cəmiyyətlə qurduğu etibarlı münasibətlər, vətəndaşların problemlərinə həssas yanaşması, ictimai təşəbbüslərə dəstəyi və dövlətçilik ideallarının gündəlik fəaliyyətində ardıcıl şəkildə təcəssüm etdirilməsi ilə müəyyən olunur.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpa olunması xalqımızın qarşısında yeni tarixi imkanlar açmışdır. Qarşıda duran genişmiqyaslı quruculuq, inkişaf və sosial rifah vəzifələrinin uğurla həyata keçirilməsi, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi hər bir vətəndaşdan, xüsusilə dövlət və ictimai fəaliyyət sahəsində məsuliyyət daşıyan şəxslərdən yüksək peşəkarlıq, prinsipiallıq və fədakarlıq tələb edir.

Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı olaraq bu məsuliyyəti dərindən dərk edir, fəaliyyətimizi Azərbaycan dövlətinin strateji maraqlarına, xalqımızın rifahına və ölkəmizin davamlı inkişafına xidmət edən məqsədlər əsasında qururuq.

Sizi əmin edirəm ki, rəhbərlik etdiyim rayon təşkilatı bundan sonra da Yeni Azərbaycan Partiyasının qarşısında müəyyən edilmiş vəzifələrin yerli səviyyədə ardıcıl və layiqincə icrası, vətəndaşlarla əlaqələrin daha da möhkəmləndirilməsi, ictimai fəallığın artırılması və dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılması istiqamətində bütün imkanlarını səfərbər edəcəkdir.

Mən də öz növbəmdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyən edilmiş fəaliyyət istiqamətlərini rəhbər tutaraq dövlətimizə və xalqımıza xidmət yolunda üzərimə düşən vəzifələri bundan sonra da yüksək məsuliyyət, sədaqət və prinsipiallıqla yerinə yetirmək üçün bütün imkanlarımı səfərbər edəcəyəm.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənəcəyinə, ölkəmizin qarşısında duran bütün strateji məqsədlərin uğurla həyata keçiriləcəyinə və xalqımızın rifahının daha da yüksələcəyinə dərin inamımı ifadə edirəm.

Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizə və xalqımıza xidmət yolunda ali fəaliyyətinizdə yeni və böyük uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Abbas Əliyev,

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri,

Azərbaycan Respublikası, Abşeron rayonu.