Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında İlham Əliyevin nitqi

16 sentyabr 2010, 17:50
Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında İlham Əliyevin nitqi

Hörmətli cənab Prezident, əziz qardaşım Abdullah Gül!

Əziz dostlar, hörmətli dövlət başçıları!

İlk növbədə demək istəyirəm ki, qardaş Türkiyədə yenidən olmağımdan çox məmnunam. Əziz qardaşım Abdullah Gülə təşəkkür edirəm ki, bugünkü zirvə görüşü çox yüksək səviyyədə təşkil olunubdur. Türkiyə yenə də bu gözəl təşəbbüsü öz üzərinə götürüb və bu zirvə görüşü gözəl İstanbulda keçirilir. Bizə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram. Əminəm ki, zirvə görüşünün gözəl nəticələri olacaqdır və ölkələrimiz arasında əməkdaşlıq, dostluq, qardaşlıq əlaqələri sürətli inkişafını davam etdirəcəkdir.

Keçən il Türk dünyasının qədim torpağı olan Naxçıvanda zirvə görüşünün keçirilməsi böyük hadisə idi. O dövrdən bu günə qədər – bu bir il ərzində hesab edirəm ki, aramızdakı əlaqələr daha da sürətlə inkişaf etdi. Aramızdakı dostluq, qardaşlıq əlaqələri həm ikitərəfli formatda, həm çoxtərəfli müstəvidə daha da gücləndi. Keçənilki zirvə görüşü ərəfəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) birinci plenar iclası keçirilmişdir. Bakıda TürkPA-nın Baş Katibliyi yaradılmışdır. Artıq Katiblik uğurla fəaliyyət göstərir. Eyni zamanda, Naxçıvan zirvə görüşü zamanı Azərbaycan tərəfi təşəbbüs irəli sürmüşdü ki, TÜRKSOY Fondu yaradılsın. Mən hörmətli həmkarlarıma minnətdaram ki, bu təşəbbüs dəstəkləndi və artıq bütün hazırlıq işləri gedir. Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azərbaycan bu Fondun fəaliyyəti üçün lazımi maddi dəstəyini verəcəkdir. Hesab edirəm ki, bu Fond nəinki türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması işinə öz dəstəyini verməlidir. Tarixi, mədəni araşdırmalar aparmalıdır. Mədəni sahədə, ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafı işinə böyük töhfə verməlidir.

Bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşamışlar, bir yerdə çalışmışlar, daim bir-birinə arxa, dayaq olmuşlar. Mən çox şadam ki, bu gün ölkələrimiz müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq aparır, bir-birinə dəstək olurlar. Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq. Bütün bu əməkdaşlığa və xoş niyyət göstərən bütün ölkələrə öz minnətdarlığımı bildirmək istəyirəm.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıbdır. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnamələri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir. Ancaq əfsuslar olsun ki, bu günə qədər bu məsələ ilə bağlı nəticə yoxdur.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində münaqişə, qarşıdurma olmamışdır. Azərbaycanda bütün xalqların hüquqları qorunur. Əlbəttə ki, erməni xalqı Azərbaycan torpaqlarında yaşamışdır, bu gün də yaşayır. Onların da hüquqları qorunur.

Xalqların öz müqəddəratını təyinetmə istəkləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Yəni, bu iki anlayış arasında qarşıdurma yaradılmamalıdır. Beynəlxalq təcrübə və beynəlxalq hüquq belə mövqeyi, bu mövqeyi dəstəkləyir. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünü idarəetmə imkanlarına malik olan prinsiplər əsasında yaşamalıdırlar. Bu, beynəlxalq hüququn qaydalarıdır. Bu, normal insani davranışın qaydalarıdır.

Biz XXI əsrdə yaşayırıq, XIX əsrdə yaşamırıq. Biz sivilizasiyalararası dialoqun inkişafına çalışmalıyıq, xalqlar arasında dostluq, əməkdaşlıq meyillərini gücləndirməliyik. XXI əsrdə başqa ölkənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü pozmaq, o bölgədə etnik təmizləmə siyasəti aparmaq, Xocalı soyqırımı törətmək kimi cinayətlər cavabsız qalmamalıdır. Beynəlxalq birlik nəinki öz qətnamələri və qərarları ilə, praktiki addımlarla bu məsələnin tezliklə həll olunmasına çalışmalıdır. Hər halda bundan sonra da çalışacağıq ki, məsələ daim gündəlikdə, bütün beynəlxalq təşkilatların gündəliyində qalsın. Əlbəttə ki, biz dost, qardaş ölkələrin dəstəyinə görə minnətdarıq. İlk növbədə qardaş Türkiyəyə minnətdarıq ki, bütün dövrlərdə daim Azərbaycanın yanında olmuşdur. Bütün beynəlxalq təşkilatlarda Azərbaycana dəstək olmuşdur. Öz fikrini, öz mövqeyini açıq ifadə etmişdir. Türk dünyasında yaşayan və bizə dəstək olan bütün qardaşlarıma bu gün bu gözəl şəhərdən müraciət edib minnətdarlığımı bildirmək istəyirəm.

Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək.

Mən xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün dünən imzalanan çox vacib sazişi bu gün vurğulamaq istəyirəm. Dünən Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaradılıbdır. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaqdır. Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətləri bütün sahələrdə sürətlə irəliyə aparaq. İqtisadi sahədə qarşılıqlı ticarətin təşviqi və genişlənməsi üçün əlavə tədbirlər görülməlidir. Qarşılıqlı sərmayənin qoyulması üçün əlavə imkanlar araşdırılmalıdır. Bu gün Azərbaycana qardaş ölkələrdən sərmayələr qoyulub, eyni zamanda, Azərbaycan şirkətləri türkdilli ölkələrə investisiyalar qoyurlar və bu proses getdikcə daha da güclənir.

Bu gün əziz qardaşım Abdullah bəy qeyd etdi ki, enerji təhlükəsizliyi məsələlərində biz birgə çalışırıq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdə bu məsələ xüsusi çəkiyə malikdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri demək olar ki, bölgənin enerji xəritəsinə böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu yollar, bu dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azərbaycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası olacaqdır. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük ehtiyac vardır. Xəzər hövzəsində yerləşən ölkələrdə zəngin təbii ehtiyatlar vardır. Türkiyə bizim üçün həm böyük bazardır, eyni zamanda, qardaş ölkənin tranzit imkanları da genişdir. Biz bu sahədə səylərimizi daha da artırsaq, bu, hər bir ölkənin gücləndirilməsinə xidmət göstərəcəkdir.

Bu gün biz dəmir yolu layihəsi üzərində fəal çalışırıq. Bakı-Tbilisi-Qars dəmir yolu nəinki Türkiyəni Azərbaycanla, Türkiyəni Orta Asiya ilə birləşdirəcək, Avropanı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol həm iqtisadi cəhətdən çox cəlbedicidir, həm də ki, qardaş ölkələri birləşdirəcəkdir. Yəni, bütün bu layihələrlə əlaqədar artıq müvafiq tapşırıqlar verilibdir, işlər görülür. Mən şübhə etmirəm ki, gələcəkdə belə layihələrin sayı çoxalacaqdır. Ancaq artıq həyata keçirilən layihələr göstərir ki, birgə görülən işlər, müştərək təşəbbüslər bütün ölkələrə ancaq və ancaq xeyir və mənfəət gətirir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bugünkü zirvə görüşünə çox böyük əhəmiyyət verirəm. Mən çox şadam ki, vaxtilə yaradılmış, sonra pozulmuş ənənə artıq bərpa olunur. Yəni artıq bu zirvə görüşləri keçirilir. Keçən il keçirildi, bu il keçirilir. Əminəm ki, gələn il də keçiriləcəkdir. Biz bu ənənəni artıq bərpa edirik. Ümid edirəm ki, gələcəkdə nəzərdə tutulmuş bütün məsələlər, planlar həyatda öz əksini tapacaq və ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin uğurlu inkişafı davam edəcəkdir. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 20 dekabr 2024
20:07
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən...

20 dekabr 2024, 20:07