IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

22 sentyabr 2026, 12:30

Hörmətli Forum iştirakçıları!

Sizi “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.

Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya
gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır.

Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.

Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.

Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.

Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.

Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.

IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2026-cı il

SƏNƏDLƏR Sərəncamlar 16 oktyabr 2026
12:47
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıd...

16 oktyabr 2026, 12:47
SƏNƏDLƏR Fərmanlar 16 oktyabr 2026
12:46
“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

16 oktyabr 2026, 12:46
SƏNƏDLƏR Fərmanlar 15 oktyabr 2026
11:54
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək mə...

15 oktyabr 2026, 11:54