İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

14 sentyabr 2026, 10:48
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verdi.

Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bu günədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

“ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

“Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

“SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı “kovorkinq” (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı, 8 texnologiya və innovasiyayönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. “SABAH.city” bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 16 oktyabr 2026
12:47
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə qərara alıram:

Azərbaycanda idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə aşağıd...

16 oktyabr 2026, 12:47
SƏNƏDLƏR Fərmanlar 16 oktyabr 2026
12:46
“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

16 oktyabr 2026, 12:46
SƏNƏDLƏR Fərmanlar 15 oktyabr 2026
11:54
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək mə...

15 oktyabr 2026, 11:54