19 avqust 2026, 14:14

Ənvər Hüseynovdan, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin imzaladığınız “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda avtomobil yollarının əsaslı təmiri ilə bağlı məsələnin də yer alması bizi hədsiz dərəcədə sevindirdi.
Bu, xüsusilə Babək rayonu üçün böyük əhəmiyyət daşıyır. Rayonumuzda şəhər və kənd yollarının əsaslı şəkildə yenilənməsinin nəzərdə tutulması sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi, yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və ümumilikdə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm önəm kəsb edir. Müasir yol infrastrukturunun yaradılması insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatının, sahibkarlığın və digər fəaliyyət sahələrinin inkişafına da yeni imkanlar açacaqdır.

Son illərdə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq tədbirləri dövlətimizin regiona göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu baxımdan qəbul edilmiş yeni qərar Babək rayonunun sakinləri tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanmış, rayonumuzun gələcək inkişafına xidmət edən mühüm addım kimi dəyərləndirilmişdir.

Cənab Prezident, həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü dövlət siyasətinə, Naxçıvanın, eləcə də doğma Babək rayonumuzun inkişafına göstərdiyiniz yüksək diqqət və qayğıya görə sakinlər adından Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, ali dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Səmimi hörmət və ehtiramla,

Ənvər Hüseynov,

Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,
İctimai Şuranın katibi, Ağsaqqallar Şurasının üzvü,

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu.