Elbrus İsayevdən, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan son illərdə öz tarixinin ən qüdrətli inkişaf mərhələlərindən birini yaşayır. Ölkəmizin bütün bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, müasir infrastrukturun formalaşdırılması, sosial rifahın yüksəldilməsi, elm və təhsilin inkişafına göstərilən xüsusi diqqət dövlətimizin gələcəyə hesablanmış strateji inkişaf siyasətinin bariz ifadəsidir.
Bu siyasətin mühüm istiqamətlərindən biri də Naxçıvan Muxtar Respublikasının davamlı və hərtərəfli inkişafıdır. Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan bu gün Sizin diqqət və qayğınız, müəyyənləşdirdiyiniz yeni inkişaf konsepsiyası sayəsində böyük dəyişikliklər və yeni perspektivlər mərhələsinə qədəm qoymuşdur. Muxtar respublikada həyata keçirilən infrastruktur layihələri, nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, yeni iqtisadi təşəbbüslər, turizm, kənd təsərrüfatı, sosial və humanitar sahələrdə görülən işlər Naxçıvanın gələcəyinə böyük inam yaradır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olmuşdur. Ölkənin intellektual potensialının gücləndirilməsini, yüksəkixtisaslı milli kadrların hazırlanmasını Azərbaycanın gələcək inkişafının mühüm şərti kimi qiymətləndirən Ümummilli Lider ali təhsil müəssisələrinin inkişafına daim xüsusi diqqət və qayğı göstərmişdir. Bu diqqət və qayğı Naxçıvanın elm və təhsil tarixində xüsusi yeri olan Naxçıvan Dövlət Universitetinin inkişafında da özünü aydın şəkildə göstərmişdir. Ulu Öndərin Naxçıvan Dövlət Universitetinə münasibəti Naxçıvanın intellektual və elmi potensialının gələcəyinə verilən yüksək qiymətin ifadəsi olmuşdur. Məhz Ulu Öndərin diqqəti və təşəbbüsləri nəticəsində 1972-ci ildə ali məktəbimizin müstəqil universitet kimi formalaşması istiqamətində mühüm tarixi addım atılmışdır. Bu gün Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunda həmin tarixi mərhələ universitetimizin taleyində mühüm dönüş nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Ulu Öndər Heydər Əliyevin universitetimizə göstərdiyi diqqət sonrakı illərdə də davamlı xarakter daşımışdır. Ulu Öndərin Naxçıvan Dövlət Universitetinə dörd dəfə səfər etməsi, hər gəlişində universitetin inkişafı ilə bağlı yeni təşəbbüslərin, imkanların və perspektivlərin meydana çıxması bu ali təhsil ocağının onun üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. Həmin səfərlər universitetimizin inkişaf tarixinin ən yaddaqalan səhifələri olmaqla yanaşı, elm və təhsilin Naxçıvanın gələcəyində mühüm yer tutduğunun dövlət səviyyəsində təsdiqi idi.
Bu ənənə Sizin dövlət başçısı kimi Naxçıvan Dövlət Universitetinə göstərdiyiniz diqqətdə də öz davamını tapmışdır. Sizin universitetimizə iki dəfə səfər etməyiniz, hər səfərinizin yeni inkişaf imkanları, yeni təşəbbüslər və yeni perspektivlərlə yadda qalması Ulu Öndərin müəyyən etdiyi inkişaf ənənələrinin müasir dövrdə uğurla davam etdirilməsinin parlaq nümunəsidir.
Ulu Öndərin hər gəlişi ilə universitetimizə yeni bir inkişaf nəfəsi gətirdiyi kimi, Sizin səfərləriniz də Naxçıvan Dövlət Universitetinin qarşısında yeni üfüqlər açmış, onun daha müasir, daha güclü və beynəlxalq rəqabətə davamlı ali təhsil müəssisəsinə çevrilməsi istiqamətində mühüm stimul yaratmışdır.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinə göstərdiyi tarixi diqqət ilə Sizin bu gün universitetimizə göstərdiyiniz yüksək qayğı arasında ardıcıl və möhkəm bir varislik xətti formalaşmışdır. Bu varislik bizim üçün yalnız tarixi ənənə deyil, həm də böyük məsuliyyətdir. Çünki Ulu Öndərin təməlini qoyduğu, Sizin isə yeni mərhələdə inkişaf etdirdiyiniz bu ali təhsil ocağının qarşısında duran əsas vəzifə həmin etimadı müasir dövrün tələblərinə uyğun olaraq daha böyük uğurlarla doğrultmaqdır.
Qeyd etmək istəyirik ki, Naxçıvanın inkişafına göstərdiyiniz bu yüksək dövlət qayğısı yalnız bugünkü sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılmasına deyil, eyni zamanda regionun intellektual potensialının, insan kapitalının və gələcək nəsillərinin inkişafına xidmət edir. Bu baxımdan elmə, təhsilə və gənclərə yönəlmiş hər bir təşəbbüsünüz Naxçıvan ictimaiyyəti tərəfindən xüsusi minnətdarlıqla qarşılanır.
Naxçıvan Dövlət Universiteti üçün 1000 yerlik yeni tələbə yataqxanasının tikintisinin nəzərdə tutulması ali təhsilimizin inkişafına göstərdiyiniz diqqətin və tələbə gənclərə qayğınızın növbəti parlaq nümunəsidir. Biz bu layihəni sadəcə yeni bir sosial-məişət obyektinin yaradılması kimi deyil, Ulu Öndərin təməlini qoyduğu və Sizin rəhbərliyinizlə yeni inkişaf mərhələsinə qədəm qoyan Naxçıvan Dövlət Universitetinin gələcəyinə qoyulan mühüm sərmayə kimi qiymətləndiririk.
1000 yerlik müasir tələbə yataqxanasının istifadəyə verilməsi universitetimizdə təhsil alan tələbələrin sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən daha çox gəncin Naxçıvan Dövlət Universitetini seçməsi üçün yeni imkanlar yaradacaqdır. Bu, eyni zamanda universitetin tələbə qəbulunda coğrafi əhatəsinin genişlənməsinə, tələbə kontingentinin artmasına və Naxçıvanın təhsil imkanlarının daha geniş auditoriyaya təqdim olunmasına mühüm şərait yaradacaqdır.
Müasir tələbə yataqxanasının yaradılması universitetimizin beynəlmiləlləşmə strategiyasına, xarici tələbələrin sayının artırılmasına, akademik mobilliyin genişləndirilməsinə və bütövlükdə Naxçıvanın elm və təhsil mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Hörmətli cənab Prezident, bu gün Naxçıvan Dövlət Universitetinin qarşısında duran əsas vəzifə dövlətimizin elm və təhsil siyasətinə uyğun olaraq yüksəkixtisaslı, vətənpərvər, müasir düşüncəli və rəqabətqabiliyyətli gənclər yetişdirmək, universitetimizin elmi və beynəlxalq nüfuzunu daha da yüksəltməkdir. Ulu Öndər Heydər Əliyevin universitetimizə göstərdiyi tarixi diqqət və Sizin bu ənənəni yeni məzmunla davam etdirərək yaratdığınız geniş imkanlar bu istiqamətdə üzərimizə daha böyük məsuliyyət qoyur.
Sizi əmin edə bilərik ki, Naxçıvan Dövlət Universitetinin kollektivi göstərilən yüksək etimadı əməli fəaliyyətlə doğrultmaq, ölkəmizin intellektual potensialının gücləndirilməsinə, Naxçıvanın yeni inkişaf mərhələsinə və Azərbaycanın gələcək tərəqqisinə layiqli töhfə vermək üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Naxçıvan Muxtar Respublikasının inkişafına göstərdiyiniz xüsusi diqqətə, elm və təhsilə, universitetimizə və tələbə gəncliyinə göstərdiyiniz yüksək qayğıya görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz tarixi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və tələbə kollektivi adından universitetin rektoru Elbrus İsayev,
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.