06 avqust 2026, 15:30

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısından, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, dünyada söz sahibi olan güclü, qüdrətli dövlətə çevrilmişdir.
Beynəlxalq miqyasda Azərbaycanın nüfuzu getdikcə daha da artır, mövqeyi möhkəmlənir.

Xarici ölkələrə səfərləriniz zamanı Sizə göstərilən dərin hörmət və ehtiram hər bir vətənpərvər azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Bu yaxınlarda
xanım Mehriban Əliyeva ilə birlikdə Qırğızıstana dövlət səfəriniz zamanı bu hissi bir daha yaşadıq. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan çox səmərəli müzakirələr və imzalanan sənədlər təkcə ikitərəfli əlaqələrin deyil, ümumilikdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Səfərin ən yaddaqalan hadisələrindən biri də Sizin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfənizə görə 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməyiniz oldu.

Sizin Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirakınız da xüsusi əhəmiyyətə malikdir. Görüşün sonunda imzalanan Çolpon-Ata Bəyannaməsi ilə müəyyənləşdirilən yeni əməkdaşlıq istiqamətləri siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat imkanlarının artırılmasına və humanitar münasibətlərin daha da inkişafına geniş perspektivlər açır.

Azərbaycan və Qırğızıstan arasında qurulan möhkəm tərəfdaşlıq yalnız iki dövlətin milli maraqlarına deyil, bütövlükdə Türk dünyasının həmrəyliyinin güclənməsinə, Avrasiya məkanında sabitliyin və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verir.

Cənab Prezident, Sizin hər bir uğurunuz bizi çox sevindirir. Əminik ki, həyata keçirdiyiniz uzaqgörən siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq, Türk dünyasının həmrəyliyinə və qardaş xalqların birliyinə mühüm töhfə verməkdə davam edəcəkdir. Sizin qarşıdakı illərdə də Azərbaycan naminə yeni-yeni zəfərlərə imza atacağınıza ürəkdən inanırıq. Sizinlə fəxr edirik.

Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın rifahı və Türk dünyasının birliyinin möhkəmlənməsi naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Uca Yaradan Sizi Azərbaycan xalqının başı üzərindən əskik etməsin!

Dərin hörmət və ehtiramla,

Nəsirov Elvin Eynulla oğlu

Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Astara rayonu.