Rəşanə Mamedovadan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan son illərdə siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu dövlətə çevrilmişdir. Həyata keçirdiyiniz uzaqgörən siyasət nəticəsində ölkəmiz regionda etibarlı tərəfdaş kimi tanınır, dost və qardaş dövlətlərlə əlaqələrimiz hər keçən gün daha da möhkəmlənir.
Qırğız Respublikasına dövlət səfəriniz, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qarşılıqlı dövlət təltiflərinin təqdim olunması və mətbuata verdiyiniz bəyanatlar bir daha göstərdi ki, Azərbaycan etibarlı tərəfdaş və güclü dövlət kimi beynəlxalq nüfuzunu ardıcıl şəkildə artırır.
Mən təkcə bu səfəri deyil, müxtəlif ölkələrə etdiyiniz bütün rəsmi və işgüzar səfərləri, beynəlxalq tədbirlərdə Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumağınızı, dövlətimizin mövqeyini inamla və prinsipial şəkildə ifadə etməyinizi daim böyük maraqla izləyirəm. Hər dəfə ölkəmizin beynəlxalq münasibətlərdə qazandığı uğurlar və artan nüfuzu hər bir Azərbaycan vətəndaşında olduğu kimi, məndə də böyük qürur hissi yaradır.
Cənab Prezident, Sizin gənclərə göstərdiyiniz etimad, dövlət idarəçiliyində həyata keçirilən islahatlar, təhsil, iqtisadiyyat, rəqəmsal inkişaf və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın hərtərəfli inkişafını aydın şəkildə nümayiş etdirir. Sizə dövlətimiz və xalqımız naminə göstərdiyiniz yorulmaz xidmətə görə səmimi təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Rəşanə Mamedova
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi
Azərbaycan Respublikası, Gəncə şəhəri.