31 iyul 2026, 11:50

Ağazər Şükürovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin həyata keçirdiyiniz siyasətin mərkəzində vətəndaşların rifahının təminatı dayanır. İnsanlara qayğı, onların firavanlığının yaxşılaşdırılması fəaliyyətinizdə mühüm yer tutur. Biz bu qayğını həyatımızın bütün sahələrində hiss edirik.

Yaşadığımız Şirvan şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, xüsusilə də parkların, küçə və prospektlərin yenidən qurulması, binaların fasadlarının və dam örtüklərinin yenilənməsi, yaşıllıq zolaqlarının bərpa edilməsi və yenilərinin salınması, uşaq meydançalarının, istirahət guşələrinin yaradılması, əyləncə-idman qurğularının quraşdırılması şəhərimizə müasir sima bəxş etməklə yanaşı, həm də insanların rahat yaşayışına xidmət edir.

Gördüyünüz işlər sakinlər tərəfindən böyük rəğbətlə və minnətdarlıqla qarşılanır. Ömrümün ahıl çağında Şirvanımızın belə tanınmaz dərəcədə gözəlləşdiyini, gəncləşdiyini görmək bir ağsaqqal kimi məni sonsuz dərəcədə sevindirir və qəlbimi qürurla doldurur. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Uca Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun ailəsi adından

Ağazər Şükürov

Azərbaycan Respublikası, Şirvan şəhəri.