İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir
12 fevral 2013, 10:45
Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu.
Sərgidə Azərbaycan iqtisadiyyatı və ölkəmizin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapmışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.
İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan “Yüksək insan inkişafı” və “Yuxarı orta gəlirli” ölkələr qrupuna daxildir.
Bildirildi ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır.
Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.
Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artmışdır. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara güzəştli kredit ayrılmışdır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaratmışdır.
Sərgidə iqtisadi rayonların əsas sosial-iqtisadi göstəricilərini əks etdirən məlumat lövhələri və videoçarxlara da geniş yer verilmişdir.
Videoçarxlarda dövlətimizin başçısının regionlara səfərləri və dövlət proqramları əsasında həyata keçirilən silsilə tədbirlər hərtərəfli əksini tapmışdır.
Sərginin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətindən bəhs edən bölmələri də zənginliyi ilə seçilir. Burada ölkədə istehsal olunan məhsulların elektron kataloqu, iqtisadi rayonların pasportları, eləcə də, Sumqayıt Kimya Sənayesi və Balaxanı Sənaye Parkları barədə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan çap materialları və təqdimatlar da geniş yer almışdır.
X X X
Dövlət başçısı konfransı giriş nitqi ilə açdı.
Prezident İlham Əliyevin giriş nitqi
- Bu gün biz ənənəvi olaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasını müzakirə edəcəyik və 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edib növbəti tövsiyələri verəcəyik.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir. Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir.
2004-cü ilin əvvəlində Proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir.
Yadımdadır ki, biz 2004-cü ildə beşillik Proqramı qəbul edərkən işsizliyin aradan qaldırılması üçün qarşımıza müəyyən hədəflər qoymuşduq. Çox şadam ki, birinci beşillik Proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin olmuşdur, 600 mindən çox iş yerləri açılmışdır ki, biz 2004-cü ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam etmişdir. Bildiyiniz kimi, 2009-cu ildə ikinci Dövlət Proqramı qəbul edilmişdir. Bu ilin sonunda bu Proqram başa çatacaqdır.
Əminəm ki, bu il qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək və beləliklə, ikinci beşillik Proqramımız yerinə yetiriləcəkdir. Onu bu gün deməyə əsas verən bir neçə amil var idi ki, 2004-cü ildə hələ o amillər mövcud deyildi. Bu gün iqtisadiyyatımız çox güclü iqtisadiyyatdır. Bizim çox böyük valyuta ehtiyatlarımız vardır. Bizim neft-qaz sahəsində irəli sürdüyümüz bütün təşəbbüslər demək olar ki, artıq reallaşır. 2004-cü ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi ortaya qoymuşduq və öz iradəmizi səfərbər etmişdik. 2004-cü ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına böyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir.
Bu gün isə bu Proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır. Artıq, yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz vardır. Hazırda Azərbaycanda müxtəlif layihələrdə iştirak edən yerli şirkətlərin sayı böyük dərəcədə artmışdır. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılmışdır.
Bizim beynəlxalq əlaqələrimiz daha da genişləndirilmişdir. Əgər biz əvvəlki dövrdə layihələrin icrası üçün daha çox xarici maliyyə mənbələrindən asılı idiksə, bu gün artıq belə deyildir, Azərbaycan özü kredit verən ölkəyə çevrilibdir. Hətta Azərbaycan dövləti Beynəlxalq Maliyyə Korporasiyasına da - bu qurum Dünya Bankının tərkib hissəsidir, - kredit ayırmışdır.
Yəni, şübhəsiz, bu illər ərzində ölkəmiz hər cəhətdən uğurla irəliyə getmişdir. Beləliklə, bu il Proqramı uğurla başa çatdırmaq üçün mən heç bir əngəl, heç bir problem görmürəm. Sadəcə olaraq, yerli icra orqanları, yerli sahibkarlar və mərkəzi icra orqanları həmişə olduğu kimi, əlaqəli şəkildə işləməli və verilən bütün tapşırıqları vicdanla, şərəflə yerinə yetirməlidirlər.
Bizim iqtisadi islahatlarımız 1990-cı illərin ortalarında başlamışdır. O dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə əsaslı, köklü və radikal iqtisadi islahatlar başlamışdır ki, bu da ölkə iqtisadiyyatının liberallaşmasına xidmət etmiş və ölkəyə investisiyanın cəlb edilməsinə də kömək göstərmişdir. Şübhəsiz, ulu öndər tərəfindən başlanmış və bu gün uğurla icra edilən yeni neft strategiyası da bu sahədə bizə böyük dəstək olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün də əlbəttə ki, neft strategiyamız öz rolunu oynamışdır. Bizim maddi imkanlarımız artmış və maliyyə vəziyyətimiz yaxşılaşmışdır.
Ancaq bizim bütün uğurlarımızı neft amilinə bağlamaq əlbəttə, səhv və sadəlövhlük olardı. Baxmayaraq ki, bir müddət bundan əvvəl, xüsusilə 2000-ci illərin ortalarında bəzi xarici təhlilçilər və qurumlar uğurlarımızı yalnız neft-qaz amili ilə bağlayırdılar. Bəzi hallarda bilməyərəkdən, bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavablarımızı vermişdik. Bu gün də demək istəyirəm ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur, bizim uğurlarımızı şərtləndirən əsas amillər.
Bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı “neft lənəti” gözləyir, Azərbaycanda “holland sindromu” olacaqdır, ölkə birtərəfli şəkildə inkişaf edəcəkdir. Artıq bu əsassız fərziyyələr arxada qaldı və keçən ilin iqtisadi göstəriciləri bir daha onu göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur. Çünki keçən il iqtisadiyyatımızın qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Bu artım onu göstərir ki, apardığımız islahatlar öz səmərəsini verir.
Bütövlükdə, əgər 2004-cü ildən bu günə qədər keçən dövrü təhlil etsək, görərik ki, biz bütün işləri ardıcıllıqla aparmışıq və aparırıq. Ölkədə gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Bu fikri təsdiqləyən statistik rəqəmlər də vardır. Son doqquz il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Sənaye istehsalı təxminən üç dəfə artmışdır, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır – 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur.
Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırmışlar. Baxmayaraq ki, Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşmüşdür. Xüsusilə son bir neçə ilin təcrübəsi çox müsbətdir. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir.
Biz, eyni zamanda, sosial məsələlərin həlli ilə ciddi məşğuluq. Bizim iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaqdır. Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar. Ancaq yenə də deyirəm, bu böyük fərq onu göstərir ki, biz sosial məsələlərin həllində də böyük nailiyyətlərə çata bilmişik.
Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur. İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Çünki biz bölgələrdə infrastruktur layihələrini demək olar ki, sıfırdan başlamalı idik. Bölgələrdə çalışan sahibkarlar bunu yaxşı bilir. Elektrik enerjisi, qaz, içməli su ilə bağlı problemlər tədricən aradan qaldırılır. İndi biz kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Əlbəttə, biz bütün işləri, yenə də demək istəyirəm ki, ardıcıllıqla və prioritetlər çərçivəsində həll etməli idik.
Xüsusilə infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmalı idi. Ondan sonra kənd yollarının tikintisi aparılır. Yəni, bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır.
Hələ ki, problemlər çoxdur. Biz bu problemləri bilirik və bu problemləri həll edirik. Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaqdır. Yəni, dövlət üzərinə düşən bütün vəzifələri icra edir. Eyni zamanda, biz sahibkarlığın inkişafı üçün əməli işlər görürük. Çünki hədəflərimizə çatmaq üçün dövlət və özəl sektor partnyorluğu xüsusi əhəmiyyət daşıyır.
Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var – bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır.
Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bayaq qeyd etdiyim kimi, bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Əgər şəhərdə işıq yoxdursa, yaxud da ki, fasilələrlə verilirsə, yollar, kommunal infrastruktur bərbad vəziyyətdədirsə, orada heç bir düz əməlli müəssisə yaradıla bilməz. Ona görə, dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərirdi və göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Bu maliyyə dəstəyi əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan vermişdir. Bu kreditlər vasitəsilə icra edilən layihələr əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük. Kreditlər məqsədyönlü şəkildə verilir, ilk növbədə, ölkəmizin inkişafına lazım olan sahələrə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, - bu məsələ ilə bağlı biz hələ danışacağıq, - biz bir neçə il bundan əvvəl qarşıya məqsəd qoymuşuq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik və məqsədə tədricən yaxınlaşırıq.
Əlbəttə, həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Çünki bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Ancaq hesab edirəm ki, yaxşıdır. Əgər belə olmasaydı, biz keçən il xaricdən doqquz milyard dollar sərmayəni qəbul etməzdik. Sahibkarlığın qarşısında duran əngəllər də növbəti illərdə aradan qaldırılmalıdır.
Hesab edirəm ki, belə müşavirələrin hər il keçirilməsi çox əlamətdar hadisədir. Bir daha biz bütün işləri təhlil edirik, həm bugünkü toplantıda, həm toplantı ərəfəsində. Xüsusilə bu görüşdən sonra veriləcək göstərişlər əminəm ki, bölgələrdə işlərin daha da sürətlə getməsinə imkan yaradacaqdır.
Bu məsələlərlə bağlı bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir - yerli icra orqanları, sahibkarlar, mərkəzi icra orqanları. Çünki bu, bizim ümumi işimizdir. Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Cəmi 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayan ölkə üçün hesab edirəm ki, bu, böyük göstəricidir.
Bundan sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye potensialımızın gücləndirilməsi, ixrac potensialının artırılması, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaqdır və bu günədək aparılmışdır. Ölkəmizin uğurlu inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və gözəl perspektivlər deməyə əsas verir ki, qalan problemlər, nöqsanlar, çatışmazlıqlar da aradan qaldırılacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaş - istər dövlət məmuru, istər sahibkar ilk növbədə, öz məsuliyyətini dərk etməlidir. Çünki bizim məqsədimiz ölkəmizi inkişaf etdirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir.
Əlbəttə, enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir. Ancaq biz hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost ölkə kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir. Bu barədə də biz danışacağıq.
Mən keçən müşavirədə də demişdim ki, xarici bazarlara çıxmaq üçün yeni imkanlar araşdırılmalıdır. Əlbəttə, xarici bazarlara çıxmaq üçün, ilk növbədə, daxildə istehsal olunan məhsullar yüksək meyarlara cavab verməlidir. Çox şadam ki, son illər ərzində ən müasir standartlara cavab verən yeni müəssisələr artıq işə salınır və dövlət tərəfindən verilən kreditlər təkcə burada maliyyə məsələlərini həll etmir, eyni zamanda, dövlət nəzarəti də təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr öz rolunu oynayır və beləliklə, ixracyönümlü məhsulların istehsalı da artmaqdadır. Çünki əgər biz gələcəkdə də kənd təsərrüfatını, aqrar sektoru uğurla inkişaf etdirmək istəyiriksə, mütləq bu gün artıq böyük ixrac imkanlarımızı təmin etməliyik, yeni bazarlara çıxmalıyıq. Baxmayaraq ki, Azərbaycan inkişaf edir və əhali də artır, bizim bazarımız kifayət qədər məhdud bazardır.
Ancaq potensialımız çox böyükdür. Ona görə, əgər xarici bazarlara çıxışımız olmasa, bu zaman müəyyən ildən sonra bizim aqrar sektorda aparılan işlər yəqin ki, dondurulmayacaq, ancaq müəyyən səviyyəyə çatandan sonra o səviyyədən artıq inkişaf edə bilməz. Ona görə biz indidən bu işlərlə məşğuluq. Mən də və bizim digər qurumlar da xarici tərəfdaşlarla görüşlər əsnasında bu məsələləri müzakirə edirik. Xarici ölkələrə investisiya qoyuluşu ilk növbədə, bizim investisiya portfelimizi şaxələndirir. Eyni zamanda, biz investorlar kimi bir çox ölkələrdə böyük etimad qazanırıq. Bu etimad nəticəsində gələcəkdə bizim o ölkələrə ixrac imkanlarımız da artacaqdır.
Burada əlbəttə ki, özəl qurumlar dövlət qurumları ilə sıx əlaqədə olmalıdırlar. Çünki bəzi hallarda özəl qurumlar üçün xarici bazarlara çıxmaq o qədər də asan deyil, bəzi hallarda onlar heç maraqlı da deyillər. Ancaq yenə də deyirəm, ölkənin iqtisadi siyasəti vardır. Bu iqtisadi siyasət ilk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etməlidir. Daxili resurslardan
maksimum səmərəli şəkildə istifadə edilməlidir və biz xarici bazarlara daha da geniş şəkildə çıxmalıyıq.
Bu gün biz bu məsələlərlə bağlı danışacağıq.
İndi isə söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.
X X X
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan ölkəmiz, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək hədəfinə doğru böyük inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür.
Bu uğurların əldə olunmasında digər dövlət proqramları kimi, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” müstəsna rol oynayır. Dövlətimizin başçısı Proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi, ötən ildə də diqqət mərkəzində saxlamış, hər rayona bir neçə dəfə edilmiş səfərlər zamanı görülən işlərlə yerində tanış olmuş, hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Möhtərəm cənab Prezident! Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 “faiz bəndi” üstələmişdir. İl ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri və 5,4 min müəssisə açılmışdır.
Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunun 270 mindən çoxu daimidir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enmişdir.
Ötən il “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunları ilə bağlı keçirilmiş konfransda, cənab Prezident, verdiyiniz tapşırıqlar əsas istiqamət kimi diqqətdə saxlanılmış və icrası məqsədilə müvafiq qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir.
Proqramda nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən Dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilmişdir ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilmişdir. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılmışdır.
Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilmiş, 935 transformator və 29 yarımstansiya tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Tapşırığınıza əsasən elektrikötürücü xətlərin çəkilişi və yenilənməsi prioritet kimi müəyyən edilmiş, regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilmiş və ya əsaslı təmir olunmuşdur.
Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilmiş, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunmuşdur.
Əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilmiş, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilmiş və ya təmir olunmuş, 25 su anbarı tikilmişdir.
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur.
Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulmuşdur ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcəkdir.
Proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmiş, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılmışdır.
Möhtərəm cənab Prezident! Sizin xüsusi diqqətinizdə olan kənd yolları üzrə müvafiq sərəncamlarınıza əsasən ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, tapşırığınıza əsasən cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaqdır.
İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsi istifadəyə verilmiş, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır və hazırda əhalinin 70 faizi internet istifadəçisidir.
Cənab Prezident! Azərbaycanın hərtərəfli tərəqqisinə, ən müasir texnologiyalara əsaslanan sahələrin yaradılmasına yönəlmiş siyasətinizin məntiqi nəticəsidir ki, bir neçə gün öncə ölkəmizin ilk peyki orbitə çıxarıldı. Sizin qeyd etdiyiniz kimi, bu tarixi nailiyyət, nəinki İKT sahəsinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfədir. Tərəfinizdən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması, sözsüz ki, aparılan işlərin daha da genişlənməsinə və sahənin inkişafının sürətlənməsinə təkan verəcəkdir.
Əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.
Regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, Zabrat və Hövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilmişdir.
ASAN xidmətin fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artıracaq və əhalinin gündəlik həyatını rahatlaşdıracaqdır.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında, əvvəlki illərdə olduğu kimi, mühüm rolu olmuşdur. Fond tərəfindən həyata keçirilən layihələr insanların sosial durumunun yaxşılaşmasında xüsusi önəm kəsb edir.
Möhtərəm cənab Prezident! Müəyyən etdiyiniz sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilmiş, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam etdirilir.
Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.
Cənab Prezident! İntensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasətiniz, bu çərçivədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini vermiş, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olmuşdur.
Ötən il quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artmış, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşmış, yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır.
Göstərişinizə əsasən hesabat dövründə yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Cənab Prezident, ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən etdiyiniz vəzifənin icrası istiqamətində işlər davam etdirilmişdir. Ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir.
İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min poqonmetrə qədər kollektor-drenaj şəbəkələri, 209 min poqonmetrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilmişdir.
Cənab Prezident! Sizin “Ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır” müdrik sözləriniz sahibkarlığın inkişafına verdiyiniz önəmin və ölkədə, o cümlədən regionlarda bu sahədə həyata keçirdiyiniz uzaqgörən siyasətin mahiyyətini çox dəqiq ifadə edir.
Sizin bölgələrə səfərləriniz çərçivəsində 250-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakınız, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmanız bu sahəyə göstərdiyiniz diqqətin bariz nümunəsidir.
Ötən ildə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, stimullaşdırıcı şərtlərin və vergi güzəştlərinin tətbiqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi regionların inkişafına öz töhfəsini vermişdir.
Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların online rejimində elektron qaydada həyata keçirilməsi vaxt itkisinin və əlavə xərclərin qarşısını alır.
Ötən ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 83 faizi regionların payına düşmüşdür.
Ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir.
Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır.
Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, “Ağstafa Aqroservis” müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlamışdır.
“Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir. İl ərzində on rayonda aqroservis filialları tikilmiş, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilmişdir. Cənab Prezident, dünən imzaladığınız sərəncamla damazlıq heyvanların alınmasına 10 milyon manatın ayrılması bu sahənin inkişafına əlavə təkan verəcəkdir.
Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılmış, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırmışdır.
Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergiödəyicisi qeydiyyatdan keçmiş, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artmış, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilmişdir.
Qusarda Şahdağ turizm kompleksinin tikintisinin birinci mərhələsi tamamlanmış, bir sıra rayonlarda yeni otellər və istirahət kompleksləri istifadəyə verilmişdir. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır.
Möhtərəm cənab Prezident! Sizin, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasətiniz və rəhbərliyiniz hələ uzun illər qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram!
X X X
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qədim və müasirləşən Şəkinin həyatında oynadığı roldan danışan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan USUBOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Şəkinin beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırıqlar, “Şəkinin gözəl, füsunkar təbiəti vardır. Heç bir başqa şəhərə bənzəmir. Burada görülən işlər ənənəvi tarixi-memarlıq üslubunda aparılmalıdır” fikriniz, bu qısa müddət ərzində Şəki şəhərinin inkişafı ilə bağlı imzaladığınız 4 böyük Sərəncam şəhərimizin sosial-iqtisadi inkişafında əsas aparıcı xətt olmuşdur.
Bu gün Şəki tarixi simasını saxlamaq şərti ilə yenidən qurulur, qədim və gözəl şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir. Bütün bunlar Sizin tarixi şəhərlərə və burada xalqımızın yaşatdığı zəngin mədəni irsin qorunub saxlanılmasına göstərdiyiniz böyük qayğı və diqqətin nəticəsidir.
Möhtərəm cənab Prezident!
Son illər turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Sevindirici haldır ki, Şəkiyə gələn turistlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən beş dəfə artmışdır.
Şəhərin turizm infrastrukturu ilə yanaşı, digər sosial infrastruktur sahələri də inkişaf edir və təkmilləşir. Mirzə Fətəli Axundzadənin adını daşıyan mədəniyyət və istirahət parkında yenidənqurma və əsaslı təmir işləri başa çatmış, ədibin ev-muzeyi əsaslı bərpa edilmiş, Sizin tapşırığınız əsasında 600 yerlik “Yay teatrı” inşa edilərək şəkililərin ixtiyarına verilmişdir. Təkcə son iki ildə Olimpiya İdman Kompleksi yenidən qurulmuş, 100 çarpayılıq mərkəzi rayon xəstəxanası, 11 məktəb binası və digər sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi yekunlaşmış, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
Möhtərəm cənab Prezident!
Şəki həm də beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. 2012-ci ildə şəhərimiz TÜRKSOY-un qərarı ilə türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı elan edilmiş, burada “İpək yolu” III Beynəlxalq Musiqi Festivalı keçirilmiş, dünyanın nadir memarlıq incilərindən olan Şəki Xan Sarayının 250 illik və Mirzə Fətəli Axundzadənin 200 illik yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuş, Şəkinin 2700 illik yubileyinə həsr olunmuş “Şəhər günü” bayram edilmişdir. İcazə verin, fürsətdən istifadə edib xalqımızın mədəni irsinin qorunub saxlanılmasına və təbliğinə xüsusi diqqət göstərdiyinizə görə, cənab Prezident, Sizə və hörmətli Mehriban xanıma bütün şəkililərin xüsusi təşəkkürünü çatdırım.
Elxan Usubov Şəki şəhərində və rayonun kəndlərində həyata keçirilən infrastruktur layihələri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, təkcə ötən il rayonda bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 111 milyon manatdan çox olmuşdur. Son illərdə sahibkarlıq subyektlərinin sayının 3924-ə çatdığını, son bir ildə 1246 yeni iş yerinin yaradıldığını vurğulayan Elxan Usubov dedi:
Möhtərəm cənab Prezident!
Şəkinin 2012-ci ildə qəbul edilmiş Baş planına əsasən şəhərin qərbə doğru genişləndirilməsi nəzərdə tutulmuşdur. Bu isə rayonun 20 min əhalisinin yaşadığı dağ kəndlərinin inkişafında yeni bir mərhələnin başlanması olacaqdır. Sizin xeyir-duanızla 2012-ci il sentyabrın 9-da Şəkiyə səfəriniz zamanı təməli qoyulan ulu öndərimiz Heydər Əliyevin adını daşıyan Mərkəzin, Bayraq Meydanının, Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə artıq başlanılmışdır. Doğum Evi Kompleksi əsaslı təmirdən sonra açılışa tam hazırdır. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının əsaslı təmiri istiqamətində işlər sürətlə gedir.
Şəki-Qax avtomobil yolunun və 10 min nəfər əhalinin yaşadığı beş kəndi əhatə edən Şin-Baş Layısqı avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir. 8 min nəfərdən çox əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilir. Xüsusi minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd kəndlərarası yolun tikintisi ilə bağlı hazırlıq işlərinə başlanılmışdır.
Möhtərəm cənab Prezident!
Şəkinin hər bir sakini dövlət başçısının onlara olan səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. İcazə verin, Şəkiyə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə bütün şəkililərin dərin minnətdarlığını çatdırım və əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün var qüvvəmizi sərf edəcəyik.
Diqqətinizə görə minnətdaram.
X X X
Ağdam heyvandarlıq kompleksinin təsisçisi Fuad ƏYYUBZADƏ sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün rayonun düşmən mövqeyi ilə üzbəüz olan Əfətli kəndi ərazisində dövlət tərəfindən verilən imkanlardan istifadə edərək yaradılmış müasir heyvandarlıq kompleksinin fəaliyyəti barədə məlumat verərək dedi:
- Ümumi dəyəri 2 milyon 800 min manat olan kompleksin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon 100 min manat güzəştli kredit ayrılmışdır.
Dövlətin maliyyə dəstəyi və şəxsi imkanlarımız hesabına yaradılmış kompleks fermalardan, sağım sexindən, laboratoriya və digər zəruri tikililərdən ibarətdir. Heyvandarlıq kompleksi Almaniyanın “GEA” şirkətinin bir mərkəzdən idarə olunan müasir avadanlığı ilə təchiz edilmişdir.
İnşa olunmuş sağım sexində birdəfəyə 40 baş inək olmaqla “Paralel” tipli sağım avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıq quraşdırılmışdır. Bu avadanlıq südün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanmasını təmin edir və hər bir inək üzrə ayrı-ayrılıqda sağılan südün həcminin, sağlamlıq və digər keyfiyyət göstəricilərinin qeydiyyatının aparılmasına imkan verir.
Kompleksin tikintisinə və avadanlığın alınmasına ayrılmış güzəştli kreditlə yanaşı, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə “Holstin-Friz” və “Aberdin Anqus” cinsindən olan inəklər alınmışdır. Alınmış inəklərin cins tərkibinin saxlanılması məqsədi ilə yalnız süni mayalanmadan istifadə olunur. Yerli iqlimə uyğunlaşdırılmış cins inəklərin sayı artırılaraq hazırda 600 başa çatdırılmışdır. Kompleksdə ən son texnologiyaların tətbiqi və məhsuldarlığı yüksək olan südlük cins inəklərin alınması gözləniləndən daha çox mənfəətin əldə olunmasına imkan yaratmışdır. Belə ki, gündəlik 25 litrədək yüksək yağlılıq göstəricilərinə malik süd verən bu inəklərin hər birindən ildə orta hesabla 7500 litr süd alınır. İstehsal olunan süd regionda fəaliyyət göstərən süd emalı zavodlarına satılır.
Heyvandarlıq kompleksinin Ağdam rayonu ərazisində yerləşməsi 24 məcburi köçkün və yerli sakinin işlə təmin olunmasına, bölgədə yaşayan insanların maddi rifahının artırılmasına şərait yaratmışdır.
İlkin mərhələdə kompleksdə yeni fermaların tikintisinin, cins heyvanların sayının 1000 başa çatdırılmasının, əlavə əkin sahələri və yeni kənd təsərrüfatı texnikaları almaqla, yem təsərrüfatının yaradılmasının, növbəti mərhələdə isə kiçik süd emalı zavodunun inşasının nəzərdə tutulduğunu bildirən Fuad Əyyubzadə dedi:
- Möhtərəm cənab Prezident!
Sizin davamlı olaraq regionlara səfərlərinizi diqqətlə izləyir və hər səfər çərçivəsində sahibkarlara verdiyiniz mənəvi dəstəkdən qürur hissi duyuruq. Əmin etmək istəyirik ki, iqtisadiyyatımızın inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində olan fəaliyyətinizdə həmişə Sizinlə olacağıq.
Ağdam rayonunun sahibkarları və bütün ağdamlılar adından bizə göstərdiyiniz böyük diqqət və qayğıya, verdiyiniz hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk.
Diqqətinizə görə sağ olun.
X X X
Dövlət Proqramının ölkənin cənub bölgəsinin hər bir rayonunda olduğu kimi, Masallıda da nəhəng infrastruktur layihələrinin icrasına geniş imkanlar açdığını diqqətə çatdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil HÜSEYNOV dedi:
- Qeyri-neft sektorunun inkişafına, regionlara göstərilən qayğının nəticəsidir ki, təkcə 2012-2013-cü illərdə Masallı rayonunda həyata keçirilən və icrası gözlənilən 50-dən çox infrastruktur və sosial layihənin, tikinti, abadlıq və digər işlərin maliyyələşdirilməsinə bütün mənbələr hesabına 300 milyon manat vəsait yönəldilmişdir.
Bu, Azərbaycanın bugünkü reallığıdır. Bu, ümummilli liderimiz Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu müstəqil Azərbaycanın Sizin rəhbərliyinizlə qazandığı nəticələrin bariz nümunəsidir.
Möhtərəm cənab Prezident, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. 210 min nəfər sakini olan Masallı respublikanın əhalisinin sıx yaşayan və aztorpaqlı rayonları sırasındadır. Ailələrin 95 faizinin gəliri torpaqla bağlıdır. Sizin verdiyiniz tapşırığa əsasən, bu gün bizim ən ümdə vəzifəmiz kənd əhalisinin pay torpaqlarında məşğulluğunu və müvafiq gəlirlərini təmin etməkdir. Ötən il təsdiq etdiyiniz “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq, rayon icra hakimiyyəti torpaq mülkiyyətçilərini əkin strukturuna yenidən baxmağa, ənənəvi sahələrlə yanaşı, təbii-iqlim şəraitinə uyğun olan daha gəlirli, bazarda daha çox tələbat duyulan məhsul istehsalına istiqamətləndirməyə çalışır.
Rayon üçün ənənəvi olan çayçılığın inkişafı, kənd təsərrüfatı məhsullarının saxlanması üçün yeni anbar kompleksinin tikintisi və həyata keçirilən digər layihələr barədə Prezident İlham Əliyevə məlumat verən Rafil Hüseynov bildirdi:
- Cənab Prezident, kənd əhalisi və mütəxəssislərlə müntəzəm görüşlər keçirilir və məsləhətləşmələr aparılır. Təhlillər göstərir ki, rayonda əkinə yararlı sahələrin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və qələvi torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır. Odur ki, aqrar sahənin inkişafına göstərdiyiniz diqqət, torpaq mülkiyyətçilərinə verdiyiniz böyük imtiyazlar yeni tələblərə uyğun daha çox əmək tutumlu və çox gəlir götürmək mümkün olan istixana təsərrüfatlarının təşkilinə şərait yaratmışdır. Keçən il rayona səfəriniz zamanı fəaliyyəti ilə tanış olduğunuz iki hektarlıq müasir istixana təsərrüfatı genişləndirilərək cari ildə 11 hektara çatdırılmışdır. Qış aylarında istixananın hər hektarından mövcud bazar qiymətləri ilə 500 min manat ümumi gəlir götürmək mümkündür. Hazırda bu sahənin daha da genişləndirilməsi üçün tədbirlər görülür.
Möhtərəm cənab Prezident!
Bu gün rayonumuzda əhalinin sosial əhəmiyyətli sifarişlərinə aid olan bütün problemlər artıq öz həllini tapır. Rayonun aqrar və turizm potensialından daha səmərəli istifadə etmək məqsədilə 69 mindən çox əhalinin istifadə etdiyi və yararsız vəziyyətə düşmüş Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolu ayırdığınız vəsait hesabına qısa müddətdə yenidən qurulmuşdur.
Bu gün böyük fəxrlə bu yoldan rahatlıqla istifadə edən Masallı sakinlərinin hədsiz minnətdarlığını, cənab Prezident, Sizə çatdırıram.
Cari ildə də 31 ucqar kəndi rayon mərkəzi ilə birləşdirən yolların çəkilməsinə hazırlıq görülür.
Bununla yanaşı, rayonda əlil və şəhid ailələri üçün 76 mənzilli 3 yaşayış binası, 32 yeni orta məktəb binası istifadəyə verilmiş, 5 məktəb, 2 uşaq bağçası əsaslı təmir edilmişdir. Turizmin inkişaf etdirilməsi ilə bağlı rayonda dördulduzlu “Viləş” oteli tikilmiş, 30-a yaxın turizm istirahət mərkəzi fəaliyyət göstərir.
Rayonun mövcud infrastrukturu hazırda müasir tələblərə uyğunlaşdırılır. Masallı şəhərinin su-kanalizasiya sistemi yenidən qurulur, tarixən içməli suyu nəqliyyatla kənardan daşımış 38 kəndin 100 min nəfərə yaxın əhalisinin tələbatının ödənilməsi üçün tapşırığınızla yeni qrup su kəmərlərinin çəkilişinə hazırlıq işləri aparılır. Şəhərdə yeni parklar, prospektlər və küçələr salınır, fəvvarələr quraşdırılır, müasir işıqlandırma şəbəkəsi yaradılır. Yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.
Gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyəti olan Heydər Əliyev mərkəzinin, 5 ümumtəhsil məktəbinin, Boradigah İdman Kompleksinin, Boks və Taekvondo idman məktəblərinin tikintisi, rayon mədəniyyət evinin, 2 orta məktəbin əsaslı təmir işləri bu il başa çatdırılacaqdır.
Sizin dediyiniz kimi, möhtərəm cənab Prezident, Azərbaycan çox çətin və mürəkkəb, ancaq şərəfli bir keçid dövrünü başa vuraraq özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikanı tərəqqiyə və xoşbəxt gələcəyə aparan bu yeni mərhələdə biz masallılar da Vətənimizin çiçəklənməsi yolunda qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Diqqətinizə görə minnətdaram.
X X X
Oğuz qarğıdalı emalı zavodunun baş direktoru Vaqif HÜSEYNOV rəhbərlik etdiyi müəssisənin dövlətin maliyyə dəstəyi sayəsində yaradıldığını və zavodun bu rayonun iqtisadiyyatında mühüm yer tutduğunu diqqətə çatdıraraq dedi:
- Möhtərəm cənab Prezident!
Ölkəmizdə yeni texnologiyalar əsasında müasir standartlara uyğun rəqabətqabiliyyətli məhsul istehsal edən qarğıdalı emalı zavodunun yaradılması bizim əsas hədəfimiz idi. Belə bir zavod yaratmaq üçün böyük maliyyə vəsaiti tələb olunduğundan, dövlətin güzəştli kreditlərindən istifadə etmək qərarına gəldik. Ümumi dəyəri 18 milyon manat olan layihəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılmışdır.
2008-ci ilin iyunundan zavodun tikintisinə başladıq və həmin il sentyabrın 20-də Siz Oğuz rayonuna səfəriniz çərçivəsində zavodda aparılan tikinti işləri ilə tanış oldunuz və işlərin vaxtında, yüksək səviyyədə və keyfiyyətlə başa çatdırılması ilə bağlı tövsiyələr verdiniz. Sizin tərəfinizdən hərtərəfli dəstəyi hiss etdiyimizdən, işlərimizə daha da məsuliyyətlə yanaşdıq.
Layihədə əsasən İtaliyanın “Podovan”, İsveçrənin “Alfa Laval”, eləcə də ABŞ, Almaniya və digər inkişaf etmiş ölkələrin aparıcı şirkətlərinin avadanlığından istifadə olunmuşdur. Zavod gündəlik 80 ton qarğıdalı emal etməklə, 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tona qədər müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Layihənin icrası nəticəsində 64 nəfər iş yeri ilə təmin edilmişdir.
Qafqazda ilk olan belə bir zavod 2011-ci il sentyabrın 16-da Sizin xeyir-duanızla fəaliyyətə başlamışdır. Hazırda zavodda istehsal edilən qlükoza ölkədə bu məhsula olan tələbatın tamamilə ödənilməsinə, qlükoza idxalına ehtiyacın qalmamasına və həmçinin məhsulun qonşu ölkələrə ixracına imkan yaratmışdır. Qlükozadan əsasən şirniyyat, konserv, süd məhsulları, dondurma və limonad istehsalında istifadə edilir. Eyni zamanda, istehsal prosesi zamanı yaranan digər məhsullar isə quşçuluq və heyvandarlıqda istifadə olunan yemlərə qüvvəli əlavələr kimi satılır.
Zavodun açılışı zamanı Prezident İlham Əliyevin verdiyi tövsiyələrə əsasən, müəssisənin istehsal gücünün artırılması ilə əlaqədar hazırlanan yeni layihə barədə də məlumat verən Vaqif Hüseynov dedi:
- Möhtərəm cənab Prezident!
Sizin sahibkarlığın inkişaf etdirilməsi və bu inkişafın sürətləndirilməsi məqsədilə apardığınız siyasət nəticəsində, sahibkarlara həm maddi, həm mənəvi baxımdan göstərdiyiniz diqqət hər bir bölgədə, rayonda, kənddə hiss olunur. Bu diqqətə görə Sizə bütün sahibkarlar və kollektivimiz adından dərin minnətdarlığımı bildirir və Sizi əmin edirik ki, ölkəmizin inkişafı üçün bundan sonra da bütün gücümüzü səfərbər edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni tarixinə intibah illəri kimi düşən ötən dövrün qədimliklə müasirliyi özündə ehtiva edən Bərdə üçün də əsil yüksəliş mərhələsi olduğunu konkret faktlarla əsaslandıran Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İSAYEV dedi:
- Möhtərəm cənab Prezident!
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının, verdiyiniz Sərəncam və tapşırıqların icrası nəticəsində Bərdə rayonunun davamlı inkişafı təmin edilmiş, insanların rahat yaşaması, iqtisadi, sosial və mədəni tələbatın təmin edilməsi üçün lazımi baza yaradılmış və nəticə etibarilə Bərdə Azərbaycanın sürətlə inkişaf edən gözəl rayonlarından birinə çevrilmişdir.
Sizin keçən il oktyabr ayının 7-də Bərdəyə səfəriniz zamanı “Bərdə doğrudan da gözəldir, gülüstana çevrilir” fikriniz hər bir bərdəlinin qürur mənbəyinə çevrilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin tapşırığınızla Bərdənin tarixini qoruyub saxlamaqla rayonda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmış, Bərdənin siması dəyişmiş, üç min il yaşı olan qədim şəhər yeni, müasir görkəm almışdır.
Şəhərin yolları, küçələri və prospektləri milli memarlıq üslubunda yenidən qurulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, ticarət və iaşə obyektləri, çoxmərtəbəli yaşayış və inzibati binalar əsaslı təmir olunmuş, yeni salınmış istirahət parkları, nümunəvi məhəllələr, Bayraq meydanı, Mərkəzi meydan, bulaq kompleksləri, fəvvarələr sakinlərin istifadəsinə verilmişdir.
Rayonda irihəcmli infrastruktur layihələri həyata keçirilmiş, Sizin Sərəncamınıza əsasən, 24 min nəfərdən çox əhalinin yaşadığı 14 kəndi birləşdirən 22 kilometr uzunluğunda Alpoud-Nazırlı kəndlərarası yol tikərək istifadəyə verilmişdir.
Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində rayonda iqtisadiyyatın sürətli inkişafına, yeni istehsal sahələrinin yaranmasına nail olunmuş, 2003-cü illə müqayisədə rayona qoyulmuş investisiyaların həcmi 6,4 dəfə artmışdır. Müasir texnologiyalar əsasında yeni iri müəssisələr olan ət kəsimi müəssisəsi, broyler fabriki, çörək zavodları, cins heyvandarlıq kompleksləri, taxıl terminalları, soyuducu anbarlar və gübrə bazası inşa edilərək istifadəyə verilmişdir. Burada və digər yeni müəssisələrdə doqquz minə yaxın insan daimi iş yeri əldə etmişdir.
2003-cü ildən bəri Bərdədə 18 minə yaxın yeni iş yerləri açılmışdır. Həmin dövrlə müqayisədə sahibkarlıq subyektlərinin sayı altı dəfə artaraq 6 min 700-ə çatmışdır.
Aqrar sahədə görülmüş işlər, torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, müasir texnologiyalardan istifadə edilməsi, iri ixtisaslaşmış təsərrüfatların yaradılması nəticəsində 2012-ci ildə hər hektardan 4,2 sentner çox buğda götürülmüş, heyvandarlıq və quşçuluq məhsulları istehsalı orta hesabla 3,2 faiz artmışdır. Bununla da bu sahədə çalışan insanların rifahının yaxşılaşması üçün zəmin yaradılmışdır.
Rayonun iqtisadi inkişafının sosial sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaratdığını da vurğulayan Vidadi İsayev dedi:
- Möhtərəm cənab Prezident!
Əhalinin içməli su, qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Şəhərdə 30 kilometr yeni su xətləri çəkilmiş, su anbarı əsaslı bərpa olunmuş, kənd ərazilərində yeni subartezian quyuları qazılmışdır. Rayon mərkəzi və 11 kəndin elektrik şəbəkəsi yenidən qurulmuş, hava xətləri kabelləşmiş, rayonda qazlaşdırmanın səviyyəsi 78 faizə çatdırılmışdır. 2013-cü ildə rayonun 110 kəndinin əksəriyyəti demək olar ki, qazlaşdırılıb başa çatdırılacaqdır.
Əhalini təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə narahat edən məsələlərin həlli daim diqqət mərkəzində olmuş, təkcə 2012-ci ildə yeni 6 ümumtəhsil və musiqi-incəsənət məktəbi, iki tibb məntəqəsi tikilmiş, 4 ümumtəhsil məktəbi, iki uşaq bağçası, mərkəzi xəstəxana və 16 çoxmərtəbəli yaşayış binası əsaslı təmir edilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin Sərəncam və tapşırıqlarınıza əsasən, bu gün Bərdədə yeni məktəblər, Gənclər Mərkəzi, Mədəniyyət sarayı, inzibati binalar, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilir, şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur, yeni parklar salınır. XIV əsrə aid Bərdə türbəsi, VI əsrə aid Torpaqqala kompleksində bərpa işlərinə başlanılmış, şəhərin ərazisindən keçən Tərtər çayında sahilbərkitmə işləri aparılır.
Rayonumuzda Dövlət proqramlarının uğurla yerinə yetirilməsi və Sizin sayənizdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində əldə edilmiş iqtisadi inkişaf əhalinin həyat səviyyəsi və güzəranının yaxşılaşmasını, adambaşına düşən məhsul istehsalının artmasını, mənzil tikintisinin sürətlənməsini, insanlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. Belə dayanıqlı inkişaf cəmiyyətimizin əsasını təşkil edən yeni ailələrin, nikahların ilbəil artmasına, boşanmaların sayının isə azalmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, son iki ildə vaxtı ilə Bakıya köçmüş 37 ailə rayona qayıtmışdır və bu tendensiya davam edir.
Möhtərəm cənab Prezident!
Bu, Azərbaycan insanının bu gününə, sabahkı rifahına, xoş gələcəyinə yönəldilmiş Sizin uğurlu iqtisadi siyasətinizin, 2003-cü ildən bəri aparılan iqtisadi islahatların və Dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Zati-aliləri!
Ulu öndər Heydər Əliyevin siyasi irsinə və Sizə daim sədaqətli olan bərdəlilər adından rayonumuza göstərdiyiniz sonsuz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, qarşımıza qoyduğunuz vəzifələri, tövsiyə və tapşırıqları bundan sonra da uğurla yerinə yetirəcəyimizə Sizi əmin edirik.
Diqqətinizə görə minnətdaram.
X X X
Ağsu rayonundakı “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun icraçı direktoru Rövşən FƏRHADOV tikintisinə 2008-ci ildə başlanmış və 2011-ci ilin oktyabrında Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış müəssisənin iqtisadi göstəricilərindən və bölgə üçün əhəmiyyətindən danışaraq dedi:
- Zavodda şirə və şərab emalı sahəsində böyük təcrübələrə malik Fransa, Almaniya, İsveçrə, İtaliya, Türkiyə kimi ölkələrin ən müasir avadanlığı quraşdırılmış və mütəxəssislərinin təcrübələrindən faydalanılmışdır. Müəssisəmiz 1 saatda 20 ton meyvə emalı, 12 ton şirə, 4 ton kompot və 3 ton şərab istehsal etmək gücündədir. Müəssisəmizdə ümumilikdə 500-dək insan işlə təmin edilmişdir və orta aylıq əməkhaqqı 350 manatdır.
İstehsalat sahəmizi genişləndirərək meyvə emalından son məhsul istehsalatına qədər bütün prosesləri əhatə etmişik. Müəssisəmiz Azərbaycanımızın bütün regionlarından meyvə qəbul edərək, yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlamış və qısa zamanda regionda nümunəvi istehsal müəssisəsinə çevrilmişdir. Bu uğurun nəticəsi olaraq məhsullarımız keyfiyyəti ilə daxili və xarici bazarda istehlakçıların rəğbətini qazanmışdır.
Belə ki, müəssisəmiz TetraPak və şüşə qablaşdırmalarda 60-dan çox məhsul çeşidi ilə Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Slovakiya, Avstriya, Polşa və Macarıstana hazır və yarımfabrikat məhsul ixrac etməklə, doğma Azərbaycanımızın da bu sahədə rəqabət gücünü sübut etməkdədir.
Məhsullarımız dünyanın bir çox ölkələrində təşkil olunmuş qida və kənd təsərrüfatı sərgilərində yüksək səviyyədə ölkəmizi təmsil etmiş və sərgi iştirakçılarının böyük marağını cəlb etmişdir. Onun nəticəsidir ki, əməkdaşlıq etdiyimiz xarici firmalara hər zaman yeniləri əlavə olunur və xarici bazarlarda məhsulumuza olan tələbat artmaqda davam edir. İnanırıq ki, vaxt keçdikcə ixracatımız daha da artacaq və məhsullarımız dünya bazarında məşhur brendə çevriləcəkdir.
Möhtərəm cənab Prezident!
Şirkətimiz daha keyfiyyətli məhsullar istehsal etmək, daxili və xarici bazarda rəqabət gücünü artırmaq, keyfiyyətli xammal əldə etmək üçün 700 hektar üzüm və nar bağları salmışdır. Hazırda bağların 1000 hektara çatdırılması üçün işlər davam edir. Bağçılıqda da dövrün tələbatına uyğun olaraq modernləşməyə üstünlük verilmişdir. Damcı suvarma sistemi ilə təmin edilmiş sahələrimizə yüksək aqrotexniki qulluq olunur.
İstehsal etdiyimiz nar şirəsi zəngin tarixi olan meyvəmizin dünya bazarında yeni pillələrə yüksəlməsinə təkan vermişdir. Azərbaycan narı məşhurluğunu bir daha isbatlamış və yüksək səviyyəli brendə çevrilmişdir. Hazır məhsul növlərini artıraraq, daxili və xarici müştərilərimizin rəğbətini qazanmaq və qeyri-neft sektoru olan qida və kənd təsərrüfatı sahəsində də ölkəmizin güclü potensiala sahib olduğunu dünyaya çatdırmağa hər zaman çalışırıq.
Möhtərəm cənab Prezident!
Özəl sektorun və sahibkarlığın inkişafı üçün yaratdığınız bütün imkanlara görə Sizə bütün sahibkarlar və kollektivimiz adından minnətdarlığımızı bildirir və əmin edirik ki, respublikamızın daha da inkişafı və tərəqqisi üçün bundan sonra da əzmlə çalışacaq, Sizin sahibkarlara olan diqqətinizi hər zaman doğruldacağıq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm QULİYEV regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ölkənin bütün bölgələri kimi, Ağstafanın inkişafında yaratdığı əsaslı dönüşdən danışaraq dedi:
- Möhtərəm cənab Prezident!
2012-ci ilin aprel ayında rayonumuza səfəriniz zamanı Heydər Əliyev parkının, ulu öndərin möhtəşəm abidə kompleksinin, Bayraq Meydanının, Gənclər Mərkəzinin, Səməd Vurğun adına parkın, “Kitab” abidə kompleksinin, Yazıçılar Evinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasının açılışında iştirak etdiniz. Sizin bu tədbirlərdə iştirakınız ağstafalıların yaxşı yadındadır.
Rayonumuza səfəriniz zamanı Yazıçılar Evində bölgə ziyalıları ilə görüşünüz bu gün də bütün toplantılarımızda böyük rəğbət və məhəbbət hissi ilə xatırlanır. Bölgənin ziyalıları, yazıçı və şairləri ilə görüşünüz zamanı gənc nəslin milli ruhda tərbiyə olunması, Azərbaycan tarixinin öyrənilməsi, dilimizin saflığının qorunması barədə tövsiyələr verərək bildirdiniz ki, xüsusilə mətbuata çıxışı olan insanlar daha diqqətli olmalı, ziyalılar öz sözünü deməlidirlər. Əminliklə deyə bilərəm ki, Sərəncamınızla Qazax rayonunda inşa olunan Ədəbiyyat Muzeyi bu tövsiyələrin icra olunmasında ziyalılarımızın imkanlarını qat-qat artıracaqdır.
Möhtərəm cənab Prezident!
Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamınız Ağstafa şəhərində aparılan abadlıq-quruculuq işlərini daha da genişləndirmişdir. Şəhərin Heydər Əliyev prospekti də daxil olmaqla dörd küçə əsaslı şəkildə yenidən qurulmuş, küçə və meydanlarda müasir işıqlandırma sistemi quraşdırılmış, 63 min kvadratmetr asfalt örtüyü döşənmiş, 25 min kvadratmetrdən çox səki daşları düzülmüş, park və küçələrə 21 min kvadratmetr mərmər və üzlük plitə döşənmişdir. 462 fərdi və 24 çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 89 mənzilli iki yaşayış binası tikilərək istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident!
Sizin diqqət və qayğınız nəticəsində Ağstafa rayonunda geniş abadlıq işləri bu gün də davam etdirilir. Hazırda Ağstafa şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur.
Sizin tapşırığınızla Ağstafa şəhərində qəzalı və kommunal şəraiti olmayan binalarda yaşayan sakinlər üçün 129 mənzildən ibarət yeni yaşayış kompleksi inşa olunur.
Sərəncamınızla tikintisinə vəsait ayrılan ümumi uzunluğu 7,5 kilometr olan, 5 yaşayış məntəqəsini birləşdirən Poylu-Xətai-Aşağı Göyçəli avtomobil yolunun inşası yüksək keyfiyyətlə başa çatdırılmış, rayon mərkəzini Gürcüstan dövlət sərhədi ilə birləşdirən, 14 yaşayış məntəqəsi və 20 min əhalinin istifadə etdiyi uzunluğu 54 kilometr olan strateji əhəmiyyətli Ağstafa-Poylu-Böyük Kəsik avtomobil yolunun tikintisi davam edir.
Hazırda Ağstafa şəhərində tarixi və müasir abidələr parkının – Azərbaycan parkının inşasına başlanılmışdır. Azərbaycanın keçmişini və bu gününü özündə əks etdirən bu park Azərbaycanın tarixini və milli memarlıq ənənələrini daha yaxından tanıtmağa imkan verəcəkdir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin rayonda aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan verdiyini vurğulayan Məhərrəm Quliyev dedi:
- Möhtərəm cənab Prezident!
Dövlət Proqramına uyğun olaraq aqrar sahənin inkişafına diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda bir sıra mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir.
Sizin xeyir-duanızla rayonda Azərbaycan İnvestisiya Şirkətinin Almaniya şirkətləri ilə birgə vəsaitləri hesabına yaradılmış “Ağstafa Aqroservis” müəssisəsinin fəaliyyətə başlaması Ağstafada və qonşu rayonlarda aqrar sektorun inkişafına ciddi təkan vermişdir.
Bu müəssisə rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılmasına və torpaq ehtiyatlarından daha da səmərəli istifadə edilməsinə imkan yaratmışdır. Bu layihənin davamı olaraq “Ağstafasüd” kompleksinin tikintisi uğurla həyata keçirilir. 6500 hektar ərazini əhatə edəcək “Ağstafasüd” kompleksində yem və heyvandarlıq təsərrüfatı, süd emalı zavodu fəaliyyət göstərməklə, 6600 baş iribuynuzlu mal-qara saxlanılacaqdır. Bu layihənin tərkib hissəsi kimi, Ağstafa rayonunda 30 min tonluq taxıl anbarı, saatda 30 ton istehsal gücünə malik un istehsalı müəssisəsi, çörək və qənnadı məmulatları zavodlarının tikintisinə də yaxın günlərdə başlanılacaqdır. Ümumilikdə bu müəssisələrin fəaliyyətə başlaması rayonumuzda əlavə 300-ə yaxın yeni iş yerinin açılmasına şərait yaradacaqdır.
Möhtərəm cənab Prezident!
Sizi əmin etmək istəyirəm ki, biz ağstafalılar həmişə olduğu kimi, bundan sonra da həyata keçirdiyiniz möhtəşəm quruculuq işlərində daha da fəal iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik.
Diqqətinizə görə çox sağ olun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
- Bu ilin sonuna qədər ikinci Dövlət Proqramının icrası təmin ediləcəkdir. Beləliklə, 10 ili əhatə edən bir dövr arxada qalacaqdır. Ancaq artıq bu gün də demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır. Əgər bu proqramlar qəbul edilməsəydi, indi bölgələrdə gedən inkişafdan söhbət aparmaq belə yersiz olardı. Məhz, 2004-cü ildə qəbul edilmiş bu qərar ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafını təmin etmişdir.
Birinci Proqram artıqlaması ilə icra edilmişdir. Proqramda 2004-cü ildə nəzərdə tutulmayan məsələlər ondan sonrakı illərdə əlavə edilmişdir. 2009-cu ildə də qəbul edilmiş Proqrama çoxsaylı əlavələr edilmişdir. Çünki həyat yerində durmur, ölkə qarşısına yeni vəzifələr çıxır. Biz bu proqramların icrası əsnasında yeni məsələlərin həlli ilə bağlı təşəbbüslər irəli sürmüşük. Bir sözlə, bu Proqram daim yenilənir. Beləliklə, bölgələrdən gələn təkliflər, sifarişlər, mənim bölgələrdə olduğum zaman yerli vətəndaşlarla görüşlər zamanı verilən təkliflər, əlbəttə ki, bu proqramlara əlavə edilir. Eyni zamanda, 2009-cu ildə ikinci Proqram qəbul olunandan sonra Prezidentin ehtiyat fondundan bölgələrin inkişafına böyük həcmdə vəsaitin ayrılması təmin edilmişdir. Xüsusilə infrastruktur, nəqliyyat, kənd yollarının bərpası və abadlıq işlərinin görülməsi üçün.
Bu gün səslənən fikirlər və ümumiyyətlə, ölkədə gedən müsbət dəyişikliklər deməyə əsas verir ki, bu ilin sonuna qədər ikinci Dövlət Proqramının tam icrası təmin ediləcəkdir. Bu Proqram, yenə də demək istəyirəm ki, artıqlaması ilə icra ediləcəkdir. Bu ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır.
Hesab edirəm ki, bu il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi keçənildəkindən az olmamalıdır. Keçən il 22,1 milyard dollar vəsait qoyulmuşdur. Bu il də hesab edirəm ki, bu qədər vəsait qoyulmalıdır. Çünki həm dövlət xətti ilə və özəl sektorun fəaliyyəti nəticəsində hesab edirəm ki, biz bu rəqəmə çatacağıq. Bu da şübhəsiz, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla başa çatdırılmasına xidmət göstərəcəkdir.
İlk növbədə, infrastruktur layihələrinin davam etdirilməsi vacibdir. Bu istiqamətdə görülən işlər müsbət qiymətləndirilə bilər və davam etdirilməlidir. Xüsusilə magistral yolların tikintisi və tamamlanması, kənd yollarının təmiri və tikintisi məsələləri ön plandadır. Demək olar ki, kənd yollarının tikintisi indi bütün bölgələrdə geniş vüsət almışdır. Bölgələrdən gələn əhali tərəfindən verilən təkliflər, edilən xahişlər əsasında biz bu layihələri icra edirik. İlk növbədə, biz əhalinin ən çox sıx məskunlaşdığı bölgələrdə, ən çox kəndləri birləşdirən yolları bərpa edirik. Qarşıya məqsəd qoyulubdur ki, bütün kənd yollarımız yüksək səviyyədə təmir edilsin, beləliklə, bu məsələ də öz həllini tapsın.
Elektrik enerjisinin təchizatı ilə bağlı son illər ərzində görülən işlər nəticəsində, demək olar ki, artıq qıtlıq hiss olunmur. Çünki son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyalarının tikintisi təmin edilmişdir. Bu proses davam etdirilir. Bu il Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının işə düşməsi nəticəsində biz təqribən 800 meqavata qədər yeni güclər əldə edəcəyik. “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. Bu da təqribən 400 meqavata yaxındır. Yəni, bu, bizim enerji potensialımızı böyük dərəcədə möhkəmləndirəcəkdir. Eyni zamanda, su elektrik stansiyalarının tikintisi davam etdirilir. Keçən il biz kiçik çaylarda bir neçə stansiyanın açılışını qeyd etmişik. Eyni zamanda, böyük layihələrin icrası ilə paralel olaraq su elektrik stansiyalarının və bərpa olunan alternativ enerji növlərinin yaradılması prosesi gedir. Mən onların arasında bu yaxınlarda Füzuli Su Elektrik Stansiyasının açılışını qeyd edə bilərəm. İyirmi beş meqavat gücündə olan stansiya bərpa olunan enerji növüdür.
Bakıda, Balaxanıda məişət tullantıları zavodunun tərkib hissəsi olan elektrik stansiyasının tikintisi artıq başa çatmışdır. Biz orada da təqribən 20 meqavata yaxın elektrik enerjisi əldə edəcəyik.
Taxtakörpü su anbarı tikilir və bu il bu nəhəng infrastruktur layihəsi istifadəyə veriləcəkdir. On minlərlə hektar torpaq sahələri suvarılacaq və eyni zamanda, bu layihənin tərkib hissəsi olan 25 meqavat gücündə olan su elektrik stansiyası da tikiləcəkdir. Yəni, bizdə kifayət qədər enerji gücləri vardır.
Bildiyiniz kimi, Azərbaycan hazırda qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Ancaq ötürücü xətlərin vəziyyəti bizi qane edə bilməz. Bu məsələ ilə bağlı artıq göstərişlər verilmişdir. Bu ilin investisiya proqramında da ötürücü xətlərin yeniləşdirilməsi məsələsi nəzərdə tutulur. Biz bu məsələyə daha da ciddi fikir verməliyik və bütün ötürücü xətlərin vəziyyətini qısa müddət ərzində yaxşılaşdırmalıyıq. Bölgələrdə və Bakıda buna böyük ehtiyac vardır.
Bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı işlər başlamışdır. Ümid edirəm ki, bu istiqamət də çox perspektivli olacaqdır. Beləliklə, bizim zəngin qaz, neft yataqlarımız, ehtiyatlarımız var və bundan sonra ən azı 100 il ərzində Azərbaycanda daxili mənbələrlə, yəni, enerji mənbələri ilə heç bir problem olmayacaqdır. Ancaq hesab edirəm ki, bərpa olunan enerji növlərinin yaradılması və bu prosesin genişləndirilməsi də zəruridir. İlk növbədə bu, bizə əlavə maliyyə imkanları yaradacaqdır. Digər tərəfdən, bu yeni texnologiyaların, bərpa olunan texnologiyaların, “yaşıl energetika”nın yaradılması hesab edirəm ki, dünyada gedən ekoloji problemlərin həllinə də bizim töhfəmiz olacaqdır.
İnfrastruktur layihələri arasında qazlaşdırma prosesi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, əvvəlki dövrdə verdiyim tapşırıqlar yerinə yetiriləcək və bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 90 faizə çatacaqdır. Bu sahədə böyük investisiya layihələri icra edilir. Bütün bölgələrdə qazlaşdırma prosesi gedir. Biz rayonların əksəriyyətində qazlaşdırmanı 100 faizə çatdırmalıyıq və çatdıracağıq. Bəzi dağlıq rayonlarda isə təqribən ondan aşağı səviyyədə ola bilər. Ancaq yenə də bütün bölgələrdə, bütün kəndlərdə dayanıqlı enerji növləri ilə bağlı öz işimizi görəcəyik. Əhalini dayanıqlı enerji ilə, qazla təmin edəcəyik.
İnfrastruktur layihələri arasında içməli su və kanalizasiya layihələrinin icrası xüsusi yer tutur. Keçən il Dövlət İnvestisiya Proqramı çərçivəsində bu məqsədlərə böyük həcmdə vəsait qoyulmuşdur. Bu il də təxminən 800 milyon manata yaxın, bəlkə ondan da çox vəsait nəzərdə tutulur. Yenə də biz məqsədi maksimum şəkildə götürürük ki, bütün yaşayış məntəqələrində - Bakıda, bütün şəhərlərdə və kəndlərdə dayanıqlı, təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su layihələri icra edilsin.
Bu işlər bütün bölgələrdə geniş vüsət almışdır. Bütün dövrlərdə qarşımızda duran bu böyük problem əminəm ki, yaxın illərdə öz həllini tapacaqdır. Onu da qeyd etmək istəyirəm ki, biz bu layihələri əhalinin artımını nəzərə almaqla elə qururuq ki, ən azı 2035-ci ilə qədər öz səmərəsini təmin etsin. Beləliklə, bu məsələ həll ediləndən sonra demək olar ki, bütün bölgələrdə kommunal və infrastruktur layihələri icra olunacaqdır.
İnvestisiya Proqramında böyük yer tutan layihələrdən biri də meliorasiya layihələridir. Bu layihələr bilavasitə kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ölkəmizdə iki nəhəng, bəlkə də qeyri-neft sektoruna qoyulan ən böyük investisiya tutumlu layihə - Taxtakörpü və Şəmkirçay su anbarları layihələri icra edilir. Bayaq qeyd etdiyim kimi, Taxtakörpü su anbarı bu il, Şəmkirçay su anbarı isə yəqin ki, iki ildən sonra istifadəyə verilməlidir. Bu iki əvəzolunmaz layihənin icrası nəticəsində 10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə buraxılacaqdır. Giriş sözümdə dediyim kimi, bu, həm ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir, eyni zamanda, əlavə ixrac potensialı da yaradacaqdır. Bu layihələrin icrası nəticəsində dövriyyəyə buraxılacaq on minlərlə hektar torpaq sahələrində aqrotexniki tədbirlərin görülməsi üçün biz indidən öz planlarımızı tutmalıyıq. Əlavə texnika alınmalıdır. Biz bir neçə ildir ki, “Aqrolizinq” xətti ilə dövlət büdcəsindən ayrılan vəsaitlə texnikanın alınması ilə məşğuluq və texnika əhaliyə, fermerlərə icarə şərtləri ilə verilir. Yəqin ki, əlavə texnika, gübrələr alınmalı və digər tədbirlər görülməlidir ki, fermerlər dövriyyəyə buraxılacaq bu yeni torpaqlardan səmərəli şəkildə istifadə etsinlər.
Eyni zamanda, yeni suvarılacaq torpaqları su ilə və digər lazımi avadanlıqlarla təmin etmək üçün kompleks tədbirlər planı olmalıdır. Hesab edirəm ki, bu işlər indidən başlanmalıdır. Düzdür, müvafiq göstərişlər verilmişdir. Amma hesab edirəm ki, yaxın aylarda mənə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha konkret təkliflər verilməlidir. Yeni suvarılacaq torpaqların hüdudları meliorasiya şirkəti ilə bərabər müəyyən edilməlidir ki, biz artıq bütün yeni torpaqların becərilməsinə hazır olaq və beləliklə, vaxt itirməyək.
İri fermer təsərrüfatlarının yaradılması prosesi başlamışdır. Bildiyiniz kimi, mən bu tapşırığı bir neçə il bundan əvvəl vermişdim. Ancaq keçənildəki müşavirədə öz iradlarımı bildirmişdim ki, baxmayaraq, göstərişlər verilib, heç bir iş görülmür. İndi hesab edirəm ki, keçən il ərzində görülən işlər bu prosesə də təkan vermişdir. Artıq beş min hektara qədər torpaq sahələri ayrılıb, Ağcabədi və Beyləqan rayonlarında iri fermer-taxılçılıq təsərrüfatlarının yaradılması artıq təmin edilibdir. Biz əlbəttə, o sahələrdən bol məhsul gözləyirik. Hesab edirəm ki, orada məhsuldarlıq da yüksək olmalıdır. Bu layihələrin icrası nəticəsində biz taxılla özümüzü təmin etmək üçün çox ciddi addım atmış oluruq. Mən özümüzü təminetmə sahəsində gedən işlərə indi toxunacağam. Ancaq demək istəyirəm ki, verilən məlumata görə, ən azı 50 böyük fermer-taxılçılıq təsərrüfatları yaradılmalıdır ki, biz özümüzü taxılla tam şəkildə təmin edək. Özümüzü təmin etmək niyyətimiz bir neçə səbəbə söykənir. İlk növbədə, ərzaq təhlükəsizliyi məsələləri. Ərzaq təhlükəsizliyi məsələləri son illərdə artıq gündəliyə çıxan məsələlərdir. Daha əvvəl biz ən çox enerji, nəqliyyat təhlükəsizliyi məsələləri ilə məşğul idik və deyə bilərəm ki, bu məsələlərin həllində böyük uğurlar əldə etmişik.
Azərbaycan tərəfindən nəqliyyat və enerji sahələrində irəli sürülmüş təşəbbüslər və layihələr nəinki bizim maraqlarımızı və bölgə maraqlarını, qitə maraqlarını təmin edir və edəcəkdir. Azərbaycan artıq bu sahələr üzrə əvəzolunmaz tərəfdaşa çevrilibdir. Deyə bilərəm ki, Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Beləliklə, artıq biz neft resurslarımızla bəzi ölkələrin enerji təhlükəsizliyini təmin edirik. Bizim təşəbbüsümüzlə başlanan TANAP layihəsi isə Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcəkdir. Beləliklə, Azərbaycan qaz sahəsində də enerji təhlükəsizliyi məsələlərinin həlli işində əvəzolunmaz tərəfdaşa çevriləcəkdir. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatması nəticəsində biz yeni, daimi dəhliz yaradırıq. Bu dəhlizdən istifadə edəcək ölkələrin sayı artacaqdır. Artıq aparılan ikitərəfli danışıqlar əsnasında biz bir çox yerlərdən bu layihəyə marağı görürük. Onu da qeyd etmək istəyirəm ki, bu layihənin başlanması Azərbaycan dövlətinin iradəsinə söykənir.
Əlbəttə, biz bu layihənin təşəbbüskarı kimi üzərimizə böyük məsuliyyət götürmüşük. Çox şadam ki, bizimlə bərabər bu layihənin icrasında iştirak edən qonşu ölkələr də öz dəyərli səylərini, töhfələrini verirlər.
Ərzaq təhlükəsizliyi məsələləri isə nisbətən yeni bir anlayışdır. Yəni, bu, anlayış kimi yeni deyilsə də, amma problem kimi son illər ərzində yaranmışdır. Bunun bir neçə səbəbi vardır. Mən bu barədə çox danışmaq istəmirəm. Bəzi hallarda inhisarçılıq, bəzi hallarda quraqlıq, bəzi hallarda alternativ yanacağın istehsalı üçün bitkilərdən istifadə edilməsi və əkin sahələrinin istiqamətinin dəyişdirilməsi. Hər halda biz özümüz də bir neçə il bundan əvvəl bu problemlə üzləmişdik.
Yəqin, indi hamımızın yadındadır ki, bağlanmış kontraktların icrası da, yəni idxalla bağlı icrası da artıq sual altına düşmüşdü. Çünki bəzi istehsalçı ölkələrdə quraqlıq baş vermişdir. Onlar taxılla öz daxili tələbatlarını ödəyə bilmirdilər. Biz əlbəttə ki, bu vəziyyətdən də çıxdıq, çıxılmaz vəziyyət yoxdur. Ancaq bu, bizim üçün bir siqnal idi. Özünütəmin məsələlərinə bir daha baxdıqda gördük ki, burada inkişaf üçün çox böyük yer vardır.
Əlbəttə, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır, biz dünya iqtisadiyyatına çoxdan inteqrasiya etmişik və bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Ancaq eyni zamanda, hesab edirəm ki, hər bir ölkədə, xüsusilə təbii iqlim şəraiti imkan verdikdə əsas ərzaq məhsulları ilə özünütəmin məsələləri həll edilməlidir. Biz də son illər ərzində bu istiqamətdə böyük işlər görmüşük. Mən bu barədə bir qədər sonra bəzi rəqəmləri diqqətinizə çatdıracağam.
Mən kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki müşavirədə də demişdim, bu gün də təkrar etmək istəyirəm. Çünki hesab edirəm ki, bu sahədə hələ ki, çox ciddi işlər görülməmişdir.
Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir. Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını daha da çox istehsal etməliyik və bunu etmək üçün hansı əlavə tədbirlər görülməlidir. Çünki biz ümumi göstərişlər veririk. Məsələn, hər bir kənd təsərrüfatı məhsulunun Azərbaycanda istehsalı hesabına daxili tələbatı ödəmək, ixrac imkanlarını artırmaq üçün ümumi göstərişlər verilir. Amma bunlar bu rayonlar arasında necə bölünür, yəqin ki, bu məsələ ilə bağlı daha dəqiq təkliflər verilməlidir.
Hesab edirəm ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi üçün artıq vaxt yetişib. Bildiyiniz kimi, ümumiyyətlə, yeni texnologiyaların, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət almışdır. Biz bu sahədə bölgədə birinci yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik. Aqrar sahədə də İKT məsələlərinin həlli hesab edirəm ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat sisteminin yaradılması məsələsi dayanır. Bu layihə bir neçə məqsədi güdəcəkdir. Həm subsidiyaların səmərəsini artıracaq və həm də pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir. Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz müasir texnologiyaları kəndlərə də gətirməliyik. Artıq bu sahədə böyük layihə icra edilməyə başlayır. Biz bütün şəhərlərə genişzolaqlı internet xətləri çəkəcəyik. Bu, bir neçə milyon manat dəyərində olan layihədir. Əhəmiyyəti nəzərə alınaraq bu layihə Dövlət Neft Fondunun xətti ilə və Rabitə və İnformasiya Nazirliyinin nəzarəti altında birbaşa maliyyələşdirilir. Yəni, biz genişzolaqlı interneti hər kəndə gətirməliyik və gətirəcəyik. Bu, bizim niyyətimizdir. Paralel olaraq kənd təsərrüfatının inkişafında informasiya texnologiyalarından istifadə etməliyik. Elektron hökumət layihəmiz vardır. Hesab edirəm ki, kəndlərdə də bu məsələ öz həllini tapmalıdır.
Bayaq qeyd etdiyim kimi, biz keçən il iri fermer təsərrüfatlarının yaradılması ilə məşğul olmağa başlamışıq və artıq nəticələr vardır. Bu təşəbbüs sırf ərzaq təhlükəsizliyi məsələlərinin həllini nəzərdə tutur. Burada xüsusi dövlət dəstəyi verilmişdir. Bu da təbiidir, çünki ərzaq təhlükəsizliyi məsələləri ön planda dayanmalıdır. Ancaq biz bilməliyik ki, kənd təsərrüfatı istehsalının mütləq əksəriyyətini təmin edən xırda fermer təsərrüfatlarıdır. Əlbəttə, onlar da yaddan çıxmır və çıxmayacaqdır. Son doqquz il ərzində bölgələrdə, xüsusilə kənd təsərrüfatı və emal sahələrində aparılan işlər və verilən dəstək məhz xırda fermer təsərrüfatlarına verilən dəstək olmuşdur. Yəni, bu sahə daim diqqət mərkəzində olmalıdır.
Bildiyiniz kimi, biz kənd təsərrüfatını stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin etmək və bölgələrdə işsizliyin aradan qaldırılması üçün kompleks tədbirlər görürük. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı illərin ortalarından kəndlərdə köklü iqtisadi islahatlar başlamışdır. Fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilmişdir və bu gün də biz bu güzəştləri qüvvədə saxlayırıq. Baxmayaraq ki, artıq 20 ilə yaxın vaxt keçir və fermerlər də artıq ayağa durdular, böyük imkanlara malikdirlər. Azərbaycan da çox böyük inkişaf yolu keçmişdir. Ancaq biz bu güzəştləri qüvvədə saxlayırıq, hesab edirəm ki, bu, düzgün siyasətdir.
Hər bir dövlət fermerləri dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm də kreditlər çoxşaxəlidir. Mən qeyd etdim, 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir. Onlardan 83 faizi bölgələrin aqrar sektoruna ödənilmişdir. Texnikanın alınması, aqrolizinqin yaradılması bizim təşəbbüsümüz olmuşdur. Maldarlığın inkişafı. Dövlət xətti ilə damazlıq mal-qara gətirilir. Dünən növbəti Sərəncam imzalanmışdır. Dövlət, hökumət tərəfindən metodik tövsiyələr verilir. İqtisadi İnkişaf Nazirliyinin bu sahədə artıq gözəl təcrübəsi vardır. Fermerlərə hətta metodik qaydada göstərilir ki, nə qədər vəsaitlə hansı işləri görmək mümkün olacaqdır. Əlbəttə, subsidiyalar, yəni, maddi təminat. Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.
Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyibdir. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!
Özümüzü təminetmə ilə bağlı bir neçə rəqəmi səsləndirmək istəyirəm. Biz əsas ərzaq məhsulları üzrə aşağıdakı səviyyəyə çatmışıq. Ət və ət məhsulları ilə biz keçən il özümüzü 92 faiz səviyyəsində təmin etmişik, bu il 95 faiz səviyyəsində təmin edəcəyik. Quş əti - 88 faiz, bu ilin sonuna qədər olacaq 93 faiz. Yumurta 96 faiz, bu il verilən proqnoza görə 100 faiz olacaqdır. Bitki yağları 70 faiz, qalxacaqdır 75 faizə. Kərə yağı 50 faiz, bu il olacaq cəmi 52 faiz. Bu, çox aşağı göstəricidir. Bu barədə düşünmək lazımdır. Süd və süd məhsulları ilə özümüzü 73 faiz səviyyəsində təmin edirik. Bu ilin sonunadək 78 faiz olacaqdır. Taxıl 65 faiz, olacaqdır 70 faiz və dediyim kimi, 50 iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz 100 faizə çatacağıq. Üzüm 94 faiz, 96 faiz olacaqdır. Kartof istehsalı təxminən 100 faizdir. Bu səviyyədə də qalacaqdır. Bostan məhsulları 100 faiz. Artıq bu ildən böyük ixrac imkanları yaranacaqdır, faizin səviyyəsi 104 olacaqdır. Meyvə və giləmeyvə - 126 faiz, olacaq 130 faiz. Yəni, böyük ixrac imkanlarımız vardır. Tərəvəz 99 faiz, olacaq 108 faiz. Duz 71 faiz, olacaqdır 75 faiz. Şəkər və şəkərdən hazırlanan məhsullar. Burada biz bilməliyik ki, cəmi 12 faiz yerli xammal ilə təmin olunur. Ancaq idxal edilən digər xammallar ilə təmin olunan şəkər və məhsullar 180 faiz olacaqdır.
Bu cədvəl ilk növbədə, bu sahədə görülən işləri göstərir. Çünki misal üçün, əgər biz bəzi pozisiyalar üzrə 2009-cu illə müqayisə aparsaq görərik ki, quş əti o vaxt 66 faiz idi, bu il olacaq 93 faiz. Ət 84 faiz idi, olacaqdır 95 faiz. Bu da nəyin hesabına – Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərin hesabına. Çünki iki il bundan əvvəl biz görəndə ki, quşçuluq bizdə bir qədər az inkişaf edir, o istiqaməti götürdük və quş fabriklərinin yaradılması prosesi geniş vüsət almışdır.
Yəni, bu cədvəl onu göstərir ki, əslində, bəzi pozisiyalar istisna olmaq şərtilə biz ərzaq təhlükəsizliyi məsələlərini həll edə bildik. Bu da böyük və tarixi nailiyyətdir. Bundan sonrakı illərdə, harada ki, hələ biz özümüzü təmin edə bilmirik, o sahələrə xüsusi diqqət verilməlidir, İqtisadi İnkişaf Nazirliyi bunu bilir. O sahələrə verilən kreditlərin həcmi artmalıdır və elə etməliyik ki, yaxın illərdə Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etsin və bu, tarixi nailiyyət olacaqdır. Bayaq qeyd etdiyim kimi, biz ixrac imkanlarını da araşdırmalıyıq və xarici bazarlara ixrac məhsulları ilə çıxmalıyıq.
Heyvandarlıq, südçülük, bağçılıq, üzümçülük – bu sahələrin inkişafı üçün çox böyük imkanlar vardır, eyni zamanda, biz məhsuldarlığın artırılmasına da nail olacağıq. Son illər ərzində yaradılan, yaxud da ki, yaradılmaqda olan yeni müəssisələr məhz ona hesablanıbdır. Orada yeni texnologiyalar, bütün məsələlər kompleks şəkildə həll olunur. Yeni fermer təsərrüfatlarında məhsuldarlıq, məsələn, taxılda 40-50 sentnerə çatmalıdır. İndi bizdə orta hesabla hər hektardan 27 sentner məhsul əldə etmişik ki, bu da əvvəlki illərə nisbətən yaxşı göstəricidir. Ancaq inkişaf etmiş ölkələrdə hektardan 50, 60, bəzi yerlərdə 70 sentner götürülür. Biz də o səviyyəyə çatmalıyıq. Bizdə artıq həm təcrübə, həm imkanlar, həm iradə, həm də vəsait vardır. Onları yönəltməliyik ki, məhsuldarlığı biz böyük dərəcədə artıraq. Ona görə yeni əkin sahələrinin dövriyyəyə buraxılması prosesi gedəcəkdir. Meliorativ tədbirlər nəticəsində dediyim kimi, 10 minlərlə hektar əkin sahələri dövriyyəyə buraxılacaqdır. Amma biz bilməliyik ki, sərhədlərimizin hüdudları vardır. Biz daim əkin sahələrini artıra bilmərik. Ona görə, intensiv metod üstünlük təşkil etməlidir və dediyim kimi, ixrac imkanlarını da biz artırmalıyıq, yeni bazarlara çıxmalıyıq. Yəqin ki, bu sahədə də, yeni, bazarlara çıxmaq üçün, əlbəttə, ikitərəfli xarici əlaqələr öz rolunu oynayır və oynayacaqdır. Eyni zamanda, istehsal olunan məhsulların tədarükü ilə bağlı yeni sistem təşkil edilməlidir. Mən hesab edirəm ki, dövlət bu məsələ ilə bağlı yalnız öz dəstəyini verməlidir, öz istiqamətini göstərməlidir və tədarüklə məşğul olan qurumlar - özəl şirkətlər olmalıdır. Hesab edirəm ki, logistika və tədarük mərkəzlərinin yaradılması növbəti mərhələdə prioritet kimi qəbul edilməlidir, həm Azərbaycanda, həm də məhsul ixrac edəcəyimiz ölkələrdə Azərbaycanın investisiyalarının qoyuluşu nəticəsində o ölkələrdə logistika və tədarük bazaları tikilməlidir. Artıq müəyyən işlər görülür.
Hesab edirəm ki, bu il bu məsələ ilə bağlı müvafiq ölkələrlə, onların dövlət qurumları ilə ciddi danışıqlar aparılmalıdır ki, biz bu işləri də təşkil edək. Çünki məhsulların satışı ilə də bağlı problemlər var və bu problemlər öz həllini tapmalıdır. Əvvəlki illərdə istehsal aşağı səviyyədə olduğu üçün problem yox idi. İndi istehsal artır, məhsullar bəzi hallarda satılmır. Biz gərək fermerlərə kömək göstərək.
Kreditlərə gəldikdə, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 250 milyon manat kredit veriləcəkdir. Bu vəsaitin böyük hissəsi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına olacaqdır. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, kreditləri alan sahibkarlar bu məsələyə çox məsuliyyətlə yanaşırlar. Demək olar ki, verilmiş bütün kreditlər vaxtında qayıdır. Sahibkarlara dəstək üçün yerli icra orqanlarının daha da ciddi fəaliyyəti olmalıdır.
Mən bir daha demək istəyirəm ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.
Sahibkarların sosial məsuliyyəti məsələsi vardır. Keçən il də mən müşavirədə bu barədə danışmışam. Mən sahibkarların bu sosial məsuliyyət məsələlərinə olan diqqətini alqışlayıram. Bilirəm ki, bir çox yerlərdə sahibkarlar öz təşəbbüsü ilə sosial layihələri icra edirlər – məktəblər, bağçalar tikirlər. Bütün bunlar çox gözəl, təqdirəlayiq hallardır. Ancaq bütün bu işlər könüllü şəkildə öz həllini tapmalıdır. İcra başçıları sahibkarları məcbur etməməlidirlər. Belə hallar da vardır. Onlara abadlıq işləri gördürürlər, sonra pulunu vermirlər. Hər bir rayonun öz büdcəsi vardır. Hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır.
Sahibkarları bu işlərə cəlb etmək lazım deyildir. Kim istəyir kömək etsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır və buna son qoyulmalıdır.
Sahibkarların sosial məsuliyyəti onların könüllü təşəbbüsüdür. Mən bunu alqışlayıram, amma heç kimi məcbur etmək olmaz. Bunu hər kəs bilsin.
Bütövlükdə bölgələrdə işlər müsbət istiqamətdə gedir, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri öz vəzifə borcunu yerinə yetirirlər. Bölgələrdə gedən işlər dövlət siyasətinin təzahürüdür. Yerli icra orqanları səmərəli, fəal işləyirlər. Əksər hallarda sahibkarlarla yerli orqanlar arasında münasibətlər sağlam zəmində qurulur, ancaq dediyim kimi, elə hallar vardır ki, biz bu hallardan çox ciddi narahatlıq keçiririk. Çünki bəzi hallarda yerli icra orqanlarının hərəkətləri, addımları dövlət siyasətimizə tamamilə ziddir.
Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır.
İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Hər birinə, burada oturan bütün icra başçılarına. Hamısını mən təyin etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, bunlar aradan götürülməlidir.
Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır.
Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə, hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları.
Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, maşınların hamısının plyonkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən Prezidentəm, mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə nə olar? Əriyərlər onlar?! Nə olacaq?!
Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən əvvəl maraqlanırdım, daxili işlər naziri deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu, bəlkə də o qədər də böyük məsələ deyildir. Amma bu, bir göstəricidir. Bu, nə ayrı-seçkilikdir cəmiyyətdə?! Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işin ilə, öz əməlin ilə, ağlın ilə, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən deyirəm, - bu gün də daxili işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə hansı düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!
Mən hesab edirdim ki, bu barədə bir neçə dəfə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Hesab edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir. Ancaq əfsuslar olsun ki, bu mübarizə lazımi səviyyədə deyildir. Korrupsiya böyük bəladır. Biz doğrudan da, inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə korrupsiyanı aradan götürməliyik. Bunu etmək üçün bir neçə amil lazımdır və onların hamısı Azərbaycanda vardır. Güclü siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni öyrənirik, cəza tədbirləri, sistem xarakterli islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq, müəyyən işlər görülübdür. Ancaq demək istəyirəm ki, bu işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə yoluxmuş insanlar həbs edildikdə onların onlarla müdafiəçisi meydana çıxır. Müdafiə edirlər, komitələr yaradırlar, müraciətlər edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir və qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Ona görə bütün orqanlar, hüquq mühafizə orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli islahatlar da daha ciddi şəkildə aparılmalıdır. Onların arasında elektron xidmət, ASAN xidməti, elektron hökumət təşəbbüsü, bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət olacaqdır. ASAN xidmət proqramı artıq tətbiq edilir. İlin sonuna qədər ən azı Bakı, Bakının bütün rayonları, Gəncə, Sumqayıt şəhərləri tam şəkildə əhatə olunacaqdır. Ən azı! Ola bilər, başqa şəhərlər də ilin sonuna qədər bu sistemlə təmin ediləcəkdir. Növbəti illərdə ölkəmizin bütün şəhərlərində bu sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini görürük.
Bir neçə digər məsələ ilə bağlı fikirlərimi demək istəyirəm. Sənaye istehsalı ilə bağlı biz düzgün istiqamət seçmişik. Sənayeləşmə gedir. Keçən ilin göstəriciləri də bunu sübut edir. Qeyri-neft sektorunda sənaye istehsalı artmışdır, sənaye parkları tikilir. Yüksək texnologiyalar parkı, - xüsusilə nəzərə alsaq ki, bu il “İnformasiya-kommunikasiya texnologiyaları ili”dir, - İnformasiya Texnologiyaları Universiteti yaradılacaqdır. Orada hazırlanan kadrlar həmin yüksək texnologiyalar parkında işləyəcəklər. Digər sahələrdə də sənaye istehsalı daha da sürətlə getməlidir.
İnşaat materialları sahəsində. Biz inşaat materialları ilə özümüzü tam şəkildə təmin etməliyik. Ümid edirəm ki, yeni istifadəyə verilmiş sement zavodu və tikilməkdə olan digər sement zavodları bir neçə ildən sonra sementlə özümüzü təmin etmək üçün bizə imkan yaradacaqdır. Alüminium istehsalı artıq müasir əsaslarla başlamışdır. Qarşıda metallurgiya sənayesinin dirçəldilməsi məsələləri dayanır. Onları da biz həll etməliyik. Yəni, bizim bütövlükdə sənaye istehsalının artırılması ilə bağlı düşünülmüş proqramımız vardır. Texnoparklarda xüsusi maliyyə və vergi rejimləri tətbiq edilir və dövlət yenə də öz tərəfindən sənayenin inkişafının dərinləşməsi üçün töhfəsini verəcəkdir.
Texnoparklar artıq yaradılır. Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı artıq bir neçə ay bundan əvvəl müvafiq göstərişlər verilib, başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki, bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır.
Ölkəmizdə demoqrafik vəziyyət müsbətdir. Birinci Proqram qəbul olunandan bu günə qədər əhalimizin sayı 1 milyon 86 min nəfər artıbdır. 2003-cü ildə əhalimiz 8 milyon 270 min, 2012-ci ildə 9 milyon 356 min olmuşdur. Yəni, bu da çox müsbət göstəricidir. Ölkəmizin ümumi inkişafını göstərir və mən çox şadam ki, Azərbaycanda əhali artır, çox istərdim ki, daha da sürətlə artsın. Hər halda, görülən işlər, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, iqtisadi inkişaf, bölgələrin inkişafı - bu amillər bu müsbət meylləri daha da gücləndirəcəkdir.
Bölgələrdə gedən işlərlə bağlı, eyni zamanda, turizmin inkişafını da qeyd etmək istəyirəm. Nəinki Bakıda, bölgələrdə müasir turizm kompleksləri yaradılır. Əlbəttə, bu komplekslər bölgələrdə yeni iş yerlərinin açılmasını, yeni infrastrukturun yaradılmasını təmin edəcəkdir. Mən şadam ki, artıq bu istiqamətdə işlər yüksək səviyyədə aparılır və bölgələrdə yaradılan yeni turizm obyektləri dünya səviyyəsindədir, yəni, dünya səviyyəsindən aşağı deyildir.
İnvestisiya qoyuluşu. Bəlkə də bu, bilavasitə regionların inkişafı ilə bağlı olan məsələ deyildir. Ancaq onu da qeyd etmək istəyirəm ki, biz xaricə qoyulan investisiyaların coğrafiyasını genişləndiririk. Biz regiondan başlamışıq. Biz ən çox investisiyaları region ölkələrinin iqtisadiyyatına qoyuruq. Ondan sonra investisiyaların bir hissəsini artıq Avropa ölkələrinə qoymağa başlamışıq. Hazırda, hesab edirəm ki, investisiya qoyuluşu üçün perspektivli olan bölgə Asiya qitəsidir. Asiya ölkələri ilə bütövlükdə bizim münasibətlərimiz çox uğurla, çox müsbət inkişaf edir. Bu münasibətlər bütövlükdə qarşılıqlı hörmət, etimad, bir-birinin işinə qarışmamaq, bir-birinə dərs oxumamaq prinsipləri əsasında qurulubdur. Ona görə, bu güclü siyasi əlaqələri nəzərə alaraq, biz Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. İlk növbədə, o bölgə investisiya qoyuluşu baxımından çox cəlbedicidir və hesab edirəm ki, bizim üçün çox münasibdir. Eyni zamanda, Asiya ölkələrinin şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi üçün yeni imkanlar açılır və mən bunu alqışlayıram.
Biz bütün ölkələrlə səmərəli, işgüzar münasibətlərə malikik. Bizim yeganə istəyimiz ondan ibarətdir ki, hər bir ölkə Azərbaycan ilə öz münasibətlərini bərabərhüquqlu tərəfdaş kimi qursun. Biz bunu istəyirik, bunu tələb edirik və buna nail oluruq. Biz bütün ölkələrlə onların ölçüsündən asılı olmayaraq bərabərhüquqlu münasibətlər qururuq. Bundan kənarda heç bir münasibət ola bilməz. Heç bir ölkə qarşısında heç bir öhdəliyimiz yoxdur, ola da bilməz, heç kim bizə dərs deyə bilməz. Üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəlikləri yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatların haqqı yoxdur ki, bizə hansısa irad tutsun. Bunu hamı bir daha eşitsin, siz və kimə aiddir, onlar da. Yəni, investisiya portfelimizin şaxələndirilməsi işində hesab edirəm ki, Asiya, Latın Amerikası istiqamətləri hazırda cəlbedici görünür.
Gələcək planlarımızla bağlı deyim ki, artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir.
Azərbaycan düzgün yoldadır, bizim xarici siyasətimiz də çox müsbətdir. Biz dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüyük, rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik. Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir. Bu, dünya miqyasında çox yüksək göstəricidir. Yoxsulluq 6 faizə düşübdür, işsizlik aradan qaldırılır və biz gələcəyə baxırıq. Bir neçə gün bundan əvvəl birinci Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi hadisədir və Azərbaycanın ümumi inkişafını göstərir. Əminəm ki, bu inkişaf bundan sonra da uğurlu və dayanıqlı olacaqdır. Bu inkişafı təmin etmək üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və ölkənin inkişafı üçün daha da səmərəli işləməlidirlər.