13 iyul 2026, 18:30

Pərviz Məmişovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşünüz zamanı Azərbaycan mediası haqqında söylədiyiniz yüksək fikirlər hər bir jurnalist üçün böyük qürur və məsuliyyət hissi yaratdı. Mediamızın peşəkarlığına, beynəlxalq nüfuzuna və təsir imkanlarına verdiyiniz yüksək qiymət bizim üçün təkcə mənəvi dəstək deyil, həm də gələcək fəaliyyətimiz üçün mühüm motivasiya mənbəyidir.

Son illər Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün milli mətbuatımız daha peşəkar, daha operativ və daha strateji düşüncə ilə fəaliyyət göstərir. Azərbaycanla bağlı mühüm hadisələrin işıqlandırılmasında yerli media artıq beynəlxalq informasiya məkanının etibarlı istinad mənbələrindən birinə çevrilib. Bu uğur dövlətin media siyasətinin, yaradılmış sağlam mühitin və jurnalistlərin fədakar əməyinin məntiqi nəticəsidir.

Ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də media üçün yeni imkanlar açır. COP29, WUF13, "Caspian Agro Week", "InterFood Azerbaijan", Şuşa Qlobal Media Forumu və digər nüfuzlu tədbirlər jurnalistlərimizin beynəlxalq təcrübəsini zənginləşdirir, dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələri ilə peşəkar əlaqələrin genişlənməsinə şərait yaradır. Bunun nəticəsində Azərbaycan mediasının səsi qlobal informasiya məkanında daha aydın eşidilir.

Bu müraciət bir jurnalistin öz dövlətinə, xalqına və Sizin şəxsiyyətinizə bəslədiyi dərin ehtiramın səmimi ifadəsidir. Siz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu mediaya dövlət dəstəyi siyasətini müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirirsiniz. Media sahəsində həyata keçirilən ardıcıl islahatlar, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar və milli medianın inkişafına göstərilən diqqət bunun bariz nümunəsidir.

Möhtərəm Cənab Prezident, IV Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının ünvanına söylədiyiniz xoş sözlər jurnalist əməyinə verilən yüksək dəyərin ifadəsi idi. Həmin səmimi münasibətin yaratdığı qürur hissini yaşayarkən, jurnalistlərə göstərdiyiniz növbəti diqqət və qayğı da bizim üçün unudulmaz hədiyyəyə çevrildi.

Biz göstərilən bu etimadı hər zaman böyük məsuliyyət kimi qəbul edir, fəaliyyətimizlə dövlətimizin informasiya maraqlarını qorumağa, həqiqətlərin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasına və Azərbaycan mediasının nüfuzunun daha da yüksəlməsinə töhfə verməyə çalışırıq.

Tanrı Sizi və ailənizi qorusun.

 

Hörmətlə,

Məmişov Pərviz, jurnalist

Azərbaycan Respublikası, Sumqayıt şəhəri