Elvin Nəsirovdan, Astara, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azad Qarabağımızda növbəti müasir otelin istifadəyə verilməsi xəbərini böyük sevinc, qürur və fəxarət hissi ilə qarşıladım. Vaxtilə düşmənin dağıntılara məruz qoyduğu, ağır döyüşlərin yaşandığı torpaqlarda bu gün həyatın yenidən canlanması, müasir yaşayış və turizm obyektlərinin tikilməsi hər bir azərbaycanlının qəlbini sevindirir.
Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri bütün dünyaya Azərbaycanın gücünü, iradəsini və öz torpaqlarına sahib çıxmaq əzmini nümayiş etdirir. Yeni yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin və hotellərin istifadəyə verilməsi Qarabağın dirçəlişinin parlaq nümunəsidir.
Mən Aprel döyüşləri və İkinci Vətən müharibəsinin iştirakçısı kimi bu inkişafı xüsusi qürur hissi ilə izləyirəm. Biz döyüş meydanında Vətənimizin azadlığı uğrunda xidmət etdik, bu gün isə həmin torpaqlarda quruculuq işlərinin aparılması, insanların doğma yurdlarına qayıtması və həyatın bərpa olunması ən böyük mənəvi sevincimizdir.
Cənab Prezident, Sizin xalqımıza bəxş etdiyiniz Zəfər bu gün inkişaf, rifah və quruculuq mərhələsi ilə davam edir. Qarabağın hər guşəsində aparılan işlər göstərir ki, Azərbaycan öz doğma torpaqlarını əvvəlkindən də gözəl və daha müasir şəkildə yenidən qurur. Bu, tariximizə qızıl hərflərlə yazılan böyük bir dövlətçilik nümunəsidir.
Sizə göstərdiyiniz misilsiz xidmətlərə, xalqımıza bəxş etdiyiniz Zəfərə və Qarabağın yenidən dirçəldilməsi istiqamətində həyata keçirdiyiniz əvəzsiz fəaliyyətə görə dərin minnətdarlığımı bildirirəm.
Uca Allah Sizi və ailənizi qorusun, Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz güc və qüvvət nəsib etsin. Qoy Azərbaycanın üçrəngli Dövlət Bayrağı Qarabağımızda və Şərqi Zəngəzurumuzda əbədi dalğalansın, dövlətimiz daim güclənsin və xalqımız firavan yaşasın.
Dərin hörmət və ehtiramla,
Nəsirov Elvin Eynulla oğlu, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi