Çiçək Hüseynovadan, Qardabani, Gürcüstan
Hörmətli cənab Prezident,
2026-cı il iyunun 5-7-də Tbilisi şəhərində həyata keçirilmiş Səyyar ASAN xidmət layihəsinə görə səmimi təşəkkürümüzü çatdırırıq.
Azərbaycan Respublikasının vətəndaşları üçün təşkil edilmiş bu mühüm təşəbbüs xaricdə yaşayan vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, onların vaxtına və rahatlığına verilən dəyərin bariz göstəricisidir. Tbilisidə göstərilən xidmətlər sayəsində yüzlərlə Azərbaycan vətəndaşı müxtəlif sənədlərin dəyişdirilməsi ilə bağlı məsələlərini operativ və rahat şəkildə həll etmək imkanı əldə etmişdir.
Səyyar ASAN xidmət layihəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan öz vətəndaşlarının ehtiyaclarına həssaslıqla yanaşır, onların hüquq və mənafelərinin qorunmasını, dövlət xidmətlərindən maneəsiz yararlanmasını daim diqqət mərkəzində saxlayır. Bu cür təşəbbüslər vətəndaş məmnunluğunun artırılmasına, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə və Azərbaycanın müasir dövlət idarəçiliyi modelinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir.
İnanırıq ki, belə layihələrin gələcəkdə digər ölkələrdə də davam etdirilməsi xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət qurumları ilə əlaqələrinin daha da güclənməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayır, Azərbaycan Respublikasının inkişafı naminə həyata keçirdiyiniz mühüm işlərə görə ehtiramımızı ifadə edirik.
Hörmətlə,
Hüseynova Çiçək, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin direktoru
Gürcüstan, Qardabani şəhəri